Məhkəmə qərarları › İş №2-1(103)-3916/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3916/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3916/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X15 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1941/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2025-ci il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciət, hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 nömrəli BŞİ MTK-nın 29 nömrəli evin sakinlərinin 24 noyabr 1991-ci il tarixli 38 nömrəli protokolu ilə X1 Tair Abgül oğlunun xahişi təmin edilmiş və 55 nömrəli mənzilin adı və 4 nəfər paydan ibarət ailə üzvü tərkibi ilə onun adına dəyişdirilərək 13 nömrəli BŞİ MTK-nın üzvlüyünə qəbul edilmişdir. İddiaçı ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhəri, Atatürk prospekti, 29 saylı evin 55 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Mənzilin ümumi sahəsinin ölçüsü 76,3 kv.m təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1941/2025 saylı 28 iyul 2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir, məhkəmə iş üzrə əsaslı və qanuni iddia tələbini təmin etmək əvəzinə formal mülahizələrlə əsaslı iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. (Apellyasiya şikayətinin əsas məzmunu birinci instansiya məhkəməsinin qərarının təkrarından ibarətdir.) Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir, lakin məhkəmə bildirişinə cavab olaraq iddiaçının nümayəndəsi və vəkili elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan iş baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, maddəsində nəzərdə tutulan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsindən görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 5 gün ərzində qüvvəsinin olduğu qeyd edilən xx.xx.1974-cü il tarixli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nərimanov Rayon Soveti İcraiyyə Komitəsinin 42 nömrəli 5 noyabr 1974-cü il tarixli qərarı əsasında 5 nəfər ailə üzvü nəzərə alınmaqla X12 Bakı şəhəri, Gənclər dosluğu küçəsi, ev 29, 55 saylı mənzil ayrılmışdır; Digər nüsxəsində Nərimanov Rayon Soveti İcraiyyə Komitəsinin qərarının tarixində düzəliş edilmişdir. (iş/v 104) xx.xx.1991-ci il tarixli, 38 nömrəli protokoldan çıxarışda qeyd edilir ki, İddiaçı müraciəti təmin edilmiş, 4 nəfər ailə üzvü nəzərə alınmaqla adıçəkilən mənzil onun adına keçirilmişdir; 60 08 272576 nörməli pasportun surətindən görünür ki, Əliyev X19 Federasiyası vətəndaşıdır; X13, X14, X2 və X16 tərəfindən verilmiş ərizələrdən görünür ki mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz edilmir; Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, orderdə istinad edilən 05 noyabr 1974-cü il tarixli 5 nömrəli qərarlarda vətəndaş X9 adı qeyd edilməmişdir; Müvəqqəti orderdə qeyd edilir ki, BQİ-13 adından iddiaçının atası A.Əliyevə order verilmişdir; 24 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, MTK-13ə məxsus olan Ataturk prospekti 29-da 1996-cı ildən yaşayan və 2017-ci il tarixdən kooperativin sədri olan Sərdar Zamanov adlı şəxs mənzil 55-ə aid heç bir sənədin onda olmadığını və həmin sahədə 1995-ci il tarixdən yaşayış olmadığını bildirmişdir; Həmin binada yerləşən mənzillərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arxiv qovluğunda olan sənədlərdən görünür ki, mənzillərə dair ilkin hüquqmüəyyənedici sənədlərin içərisində olan orderlər Nərimanov Rayon İcraiyyə Komitəsi və ya Bakı Şəhər İcraiyyə Komitəsi tərəfindən verilmiş orderlərdir. Onların tərtibatına əsas olmuş qərarlardan arxiv çıxarışları təqdim edilmişdir; Dövlət Arxivinin Bakı Filialının növbəti xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, Nərimanov rayon XDS İK arxiv fondu üzrə xx.xx.1974-cü il tarixli, 39 və xx.xx.1974-cü il tarixli 42 saylı qərarları Bakı Filialında mövcuddur. Lakin həmin qərarlarda X17, X10, X11, X18, X8 barələrində heç bir məlumat yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnunu:

2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.

9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mübahisə predmeti mənzilin onun atasına (ailə üzvləri də nəzərə alınmaqla) ayrılmasına dair order verilmişdir ki, göstərilən order hüquqmüəyyənedici sənəd kimi çıxış edə bilməz. Belə ki, 5 gün ərzində öz qüvvəsini saxladığı istinad edilən orderin notariat təsdiqi mövcud olsa da, həmin orderdə səlahiyyətli şəxslərin təsdiqi əksini tapan imza və möhür mövcud olmamış, imza və möhür notariak nüsxəsinin olması ilə əlaqədar olmuşdur ki, bu da hər hansı sənədin notarial nüsxəsinin olması, nə qədər ki, hər hansı hüquq yaratmır hər hansı əhəmiyyətinin mövcudluğundan söhbət gedə bilməz. Digər tərəfdən adıçəkilən orderdə 42 saylı 5 noyabr 1974-cü il tarixli Nərimanov Rayon Soveti İcraiyyə Komitəsinin qərarına istinad edilmiş, hazırkı orderin məhz adıçəkilən qərar əsasında verildiyi qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təkcə orderin özünün yox, eləcə də göstərilən qərarın və qərarda şəxslərin adının mövcud olmasına dair sorğu ünvanlanmış, məlum olmuşdur ki, göstərilən order ümumiyyətlə mövcud olmamış, 5 noyabr 1974-cü il tarixli qərarlar mövcud olsa da, mənzilin ayrılmasına istinad edilən qərarda nə Əliyev Abgül, nə iddiaçı, nə də orderdə istinad edilən digər şəxslərin adı qeyd edilməmişdir. Göründüyü kimi səlahiyyətli qurum tərəfindən təsdiq edilməmiş orderdə istinad edilən qərarın özündə iddiaçı və onun ailə üzvlərinə mənzilin ayrılmasına dair hər hansı qeyd mövcud olmamışdır. İddiaçı eyni zamanda, mənzilin addan-ada keçirilməsinə dair kooperativin protokolundan çıxarış təqdim etmişdir ki, məhkəmə kollegiyas bununla əlaqədar qeyd edir ki, hər hansı mənzilin bir addan digər ada keçirilməsi üçün hüququ ötürülən şəxsin hüququnun mövcudluğu mütləqdir. Hazırkı halda isə nə qədər ki, orderdə istinad edilən A.Əliyev və iddiaçı istisna olmaqla digər şəxslərə aid order hüquqmüəyyənedici sənəd xarakteri daşımadığından, kooperativin tərtib etdiyi və müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilməmiş, yığıncağın sədri və katibi tərəfindən tərtib edilmiş protokolun hüquqmüəyyənedici xüsusiyyətindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dək qüvvədə olan): 109-cü maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar mənzil-tikinti kooperativinə daxil olmaq və orada mənzil almaq ixtiyarına malikdirlər; 110-cu maddəsinə əsasən, ... Mənzil-tikinti kooperativinə daxil olmaq istəyən vətəndaşlar onların yaşayış yerində yerli xalq-deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə yaxud iş yerində yanında kooperativ təşkil olunan müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittİfaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər...; 112-ci maddəsinə əsasən, ... təşkil edilən mənzil-tikinti kooperativinə daxil olan şəxslərin xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunmuş siyahısına daxil edilmiş vətəndaşlar nizamnamənin qeydə alındığı vaxtdan həmin kooperativin üzvü sayılırlar. Mövcud mənzil-tikinti kooperativinə qəbul olunmuş vətəndaşlar ümumi yığıncağın qərarını müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiq etdiyi vaxtdan onun üzvü sayılırlar.... Normaların tələbindən də göründüyü kimi kooperativə hazırkı protokolun tərtib edildiyi vaxtda üzvlük müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiq etdiyi vaxtdan yaranır. Hazırda təqdim edilən sənəd isə təkcə Kooperativin özü tərəfindən tərtib edilmiş, qərar müvafiq qurum tərəfindən ümumiyyətlə təsdiq edilməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi oxşar hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilib-edilməməsi barədə sorğu ünvanlamış, sorğuya cavab məktubları ilə həmin binada mənzilin özəlləşdirilməsinin həyata keçirilməsinə əsas olmuş sənədlərlə iddiaçıda mövcud olan sənədlərin müqayisəsi də aparılmışdır ki, məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərin xüsusiyyətləri, tərtib edilmə cəhətləri, təsdiq edilmə xüsusiyyətləri və s. iddia olunan sahə ilə bağlı iddiaçı tərəfindən təqdim edilən sənədlərin mötəbərliyini şübhə altına alır. Qeyd olunmalıdır ki, sonradan fərqli formatda təkcə möhürü olan, hər hansı imza ilə təsdiq edilməmiş order və BQİ-13 tərəfindən verilmiş digər formatda order də təqdim edilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlər də iddianın təmin edilməsini zəruri edən sənəd hesab edilməməklə, ümumiyyətlə həmin mənzillərə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair qovluqda olan istər aidiyyəti icra qurumu, istər kooperativin özünün praktikasında tərtib edilən sənədlərlə uyğunsuzluq təşkil edir. Təqdim edilən arxiv nüsxəsi olan sənədlərdə olan mənzillərə dair orderdən, nömrə ardıcıllığından, tərtib edilmə xüsusiyyətlərindən görünür ki, mənzil şəxslərə hansı formada ayrılmış, orderin verilməsinə əsas olan qərar hansı olmuş, eləcə də həmin qərarlarda aidiyyəti şəxslər barəsində məlumat da olmuşdur. Göstərilən müqayisə ilə bağlı qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi protokoldan çıxarış və orderin tarixi üzrə qovluqda olan sənədlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 1991-ci il tarixdə protokoldan çıxarışın təkcə kooperativ tərəfindən tərtib edildiyi həmin tarixdə digər şəxs tərəfindən mötəbərliyi üçün hər hansı şübhə olmayan 034675 nömrəli Nərimanov Rayon İcraiyyə Komitəsi tərəfindən order verilmişdir. 1974-cü il tarixləri üzrə müqayisə zamanı isə notarial nüsxəsi təqdim edilən orderə üst hissədə 5 günlük qüvvəsinin olması, Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin adı qeyd edilmiş, aşağıda isə Nərimanov Rayon Sovet İcraiyyə Komitəsinin adı çəkilmiş, lakin imza və möhürlə təsdiq edilməmişdir, order nömrəsi 6 noyabr 1974-cü il tarixi üçün 10993 olmuşdur. Eyni dövrə aid qovluqda mövcud olan mötəbərliyi şübhə doğurmayan orderdən isə görünür ki, order aidiyyəti şəxs tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir, 25 oktyabr 1974-cü il tarixli orderin nömrəsi isə 110956 olmuşdur. Aydın məsələdir ki, oktyabr ayında 110956 nömrələmə ardıcıllığı olduğu bir vəziyyətdə, bir aydan sonra nömrələmənin 10993 formasında olması sənədin mötəbərliyinin əsaslı şühbə altına almaqdadır. İş materiallarında göstərilən orderlə, iddiaçı tərəfindən təqdim edilən order arasında fərq inzibati orqanın order tərtib etmə praktikası baxımından aşkardır və nömrələmədə göstərilən formada ciddi uyğunsuzluq iddianın təminini istisna edir. Eləcə də, digər bir orderdə də 24 oktyabr 1974-cü il tarixli order nömrəsi 110919-dur. Həmin dövrə aid qərarda da şəxsin adı vardır. Hazırda istinad edilən orderdə isə, nə iddiaçının və digər ailə üzvlərinin orderin verilməsinə əsas kimi göstərilmiş qərarda adı çıxır, orderin nömrələnməsi ciddi uyğunsuzluq xarakteri daşıyır, tərtib edilmə xüsusiyyətləri inzibati orqanın həmin dövr order tərtib edilmə praktikasına uyğun deyil, müvafiq qurum tərəfindən imzalanmaqla təsdiq edilməmişdir. Odur ki, mənzilin addan-ada dəyişdirilməsinə dair protokoldan çıxarış hər bir halda hər hansı hüquqmüəyyənedici xarakter daşımır. Həmçinin həmin sənədin özünün də mülkiyyət hüququ yaratma əlamətindən söhbət gedə bilməz. Belə ki, qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələblərinə əsasən müvafiq qurum tərəfindən təsdiq edilməmişdir. Kooperativin özündə də həmin sənədlə bağlı heç bir məlumat yoxdur. Kooperativ tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, ümumiyyətlə həmin mənzildə yaşayış yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1941/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1941/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar