Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3919/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10609/2023 saylı 23 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Suraxanı Rayon İcra hakimiyyəti Başçısının “5 nəfərə fərdi yaşayış evinin tikilməsi üçün Hövsan yolu üstə torpaq sahəsinin ayrılması barədə” xx.xx.1999-cu il tarixli 844 nömrəli Sərəncamından görünür ki, vətəndaş X7, X8, X12, X3, X2 rayon icra hakimiyyətinə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdirlər. Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onlara Hövsan qəsəbəsinə gedən yolun sağ tərəfindəki yarımstansiyaya çatmamış sahədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmış və tikinti sahiblərinə ayrılmış sahədə 185-000-İİİC nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. JN-24789D KOD 00600036 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 844 saylı Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi Bakı şəhər sakini X4 (iddiaçının anasının) mülkiyyətinə verilib. Həmin torpaq sahəsinin yerləşdiyi yerin sxemi də tərtib edilmişdir. İddiaçının X1 xx.xx.2018-ci ildə vəfat etmişdir. İddiaçı1 anasına ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına tikilidə yaşadığından və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün o, bu vaxtadək Suraxanı Rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatında olmuşdur. Lakin sonradan cavabdeh inzibati orqan tərəfindən həmin idarənin inzibati binasından qeydiyyatdan çıxarılmışdır. Bundan sonra İddiaçı1 anasına verilmiş torpaq sahəsində inşa edilmiş evə və yaxud da cavabdeh qurumun inzibati binasına yenidən qeydiyyata alınmaqla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən idddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Sizin Suraxanı rayon polis İdarəsinə ünvanladığınız ərizəyə İdarənin Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Sizin yaşayış yeriniz müəyyən olunduğundan, lakin yaşadığınız evin hüquqi sənədi olmadığından aidıyyətı üzrə məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. Sizin Suraxanı RPİ-nin İnzibati binasına (Balandın 42) pasport qeydiyatına alınmağınız məqsədəmüvafiq hesab edilməmişdir.” Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı1 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, özünün və qardaşı İddiaçı2 yaşadıqları ünvana (Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi №-siz ev) və ya Suraxanı Rayon Polis İdarəsinin inzibati binsına (ünvan 6) qeydiyyata alınmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbində dəqiqləşdirmə apararaq, tələbinin “İddiaçı1 Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin inzibati binasına yəni, ünvan 6 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi nəzərə alınmasını xahiş etmişdir. Həmin ərizə icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o və qardaşı İ qrup əlil İddiaçı2 (şəxsiyyət vəsiqəsi, seriya AZE, № ********) 2000-ci ildən Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində №-siz evdə qeydiyyatsız yaşayırlar. O və qardaşı 2023-cü ilin yanvar ayına kimi Suraxanı Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmuşlar. Yaşadıqları torpaq sahəsində ev Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının “5 (beş) nəfərə fərdi yaşayış evi tikmək üçün Hövsan yolu üstə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli 844 saylı Sərəncamı əsasında tikilib. Sərəncam mərhum anası X5 adına verilib. X1 xx.xx.2018-ci ildə vəfat edib. İnzibati binadan qeydiyyatdan çıxarıldıqları üçün xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-yə yazılı müraciət edərək yaşadığı evin sənədləşmə işləri yekunlaşana qədər onu qeydiyyatsız yaşadığı ünvana və ya inzibati binaya qeydiyyata götürülməsi xahişi ilə müraciət etmişdir. Yaşadığı ünvana və ya Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmaqları ilə bağlı müraciətinə cavab olaraq həmin orqan tərəfindən ona göndərilən xx.xx.2023-cü il tarixli cavab məktubunda onun məhkəməyə müraciət etməli olduğu bildirmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10609/2023 saylı 23 avqust 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına, yəni Bakı şəhəri, Suraxanı rayonu, Baladdin 42 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında“ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana , ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının faktiki yaşayış yeri olduğu halda Suraxanı Rayon Polis idarəsinin üzərinə yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyi qoyula bilməz. Tərəflərin izahatları: xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı1 və cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı tələbi “İddiaçı1 Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin inzibati binasına yəni, ünvan 6 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin üzərinə qoyulması” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət edilmiş, lakin sonuncu tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından irəli gəlir. Həmin qərarda qeyd edilir ki: ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Sözügedən qərarda ifadə edilən hüquqi mövqeyə görə şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Cavabdeh orqan iddiaçını faktiki yaşadığı ünvan üzrə (hüquqmüəyyənedici sənədləri olmadığından) qeydiyyata almaqdan imtina etdiyi təqdirdə inzibati binaya qeydiyyata alınmasını təmin etməlidir. İddiaçı əvvəllər də polisin inzibati binasında qeydiyyatda olub, daha sonra qeydiyyatdan çıxarılıb. Belə ki, şəxsiyyət vəsiqəsi deaktiv statusda olduğu təqdirdə onun qeyd edilən vəzifələrinin icra edilməsi imkanı mümkünsüz olur. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, adları qeyd olunmuş şəxs haqqında Suraxanı RPİ-nin QMB-də heçbir məlumat aşkar edilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində nömrəsiz evdə qardaşı ilə birlikdə qeydiyyatsız yaşayır. İddiaçı 2023cü ilin yanvar ayına kimi Suraxanı Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmuşdur. İnzibati binadan qeydiyyatdan çıxarıldığı üçün xx.xx.2023-cü il tarixdə iddiaçı Suraxanı RPİ-nə yazılı müraciət edərək yaşadığı evin sənədləşmə işləri yekunlaşana qədər onları (onu və qardaşını) qeydiyyatsız yaşadıqları ünvana və ya inzibati binaya qeydiyyata götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən idddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Sizin yaşayış yeriniz müəyyən olunduğundan lakin yaşadığınız evin hüquqi sənədi olmadığından aidıyyətı üzrə məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. Sizin Suraxanı RPİ-nin İnzibati binasına (Balandın 42) pasport qeydiyatına alınmağınız məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamında qeyd edilir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 iddiasının təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, işə birinci instansiya qaydasında baxılarkən İddiaçı1 iddia tələbini dəqiqləşdirərək, tələbinin “yalnız onun Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin inzibati binasına yəni, ünvan 6 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin üzərinə qoyulması” kimi nəzərə alınmasını xahiş etmiş və onun bu barədə ərizəsi məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qəbul etdiyi 2-1(112)-10609/2023 saylı 23 avqust 2023-cü il tarixli yekun qərarında iddianın təmin edilməsi qənaətinə gələrkən artıq həmin tarixli qərardadla iddiaçı qismində yalnız İddiaçı1 iştirak etdiyini nəzərdən qaçırmış və qərarın nəticəvi hissəsində nəinki İddiaçı1, həm də qardaşı (əvvəlki iddiaçı) İddiaçı2 Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması öhdəliyini cavabdeh Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, göstərilən hal texniki səhv kimi qiymətləndirilir və kobud pozuntu olmadığı üçün qanuni və əsaslı olan məhkəmə qərarının məhz bu səbəbdən ləğvi üçün də əsas yaratmır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzbati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10609/2023 saylı 23 avqust 2023-cü il tarixli qərarı “İddiaçı2” sözləri istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10609/2023 saylı 23 avqust 2023-cü il tarixli qərarı qərarı “İddiaçı2” sözləri istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3919/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3919/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver