Məhkəmə qərarları › İş №2-1(103)-3919/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3919/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3919/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2- 1(112)-1448/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixdə 3-17-1/2-R-99784/2024 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (bundan sonra “Siyahı”) yeyinti bölməsinin (27) asetonbutil (27.13) bölməsinin fəhələlər yarımbəndində (a) mayanı fermentləşdirən aparatçılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “Taleh-Çörək” ATSCnin ona dair 23 fevral 2024-cü il tarixli 01 nömrəli arayışında xx.xx.1981-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər ərzində Bakı Kökə- Maya kombinatında Maya zavodunda maya yetişdirilməsi operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan asetonbutil istehsalı sahəsinə uyğun deyil, həmçinin işlədiyi maya yetişdirilməsi operatoru vəzifəsi isə həmin Siyahının yeyinti sənayesi bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 1978-ci ildən 2009-cu ilədək müxtəlif müəssisələrdən müxtəlif vəzifələrdə ümumilikdə 25 ildən çox iş stajına sahib olması işin mübahisəsiz halıdır. “Taleh-Çörək” ATSC tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 1 nömrəli Güzəştli arayışdan aydın olur ki, iddiaçı xx.xx.1981- xx.xx.1993-cü illər ərzində Bakı Kökə-Maya kombinatında Maya zavodunda maya yetişdirilməsi operatoru peşəsində zərərli əmək şəraitində işləmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3- 27/2-R- 1529/1-1/2024/1726 qeydiyyat nömrəli Arxiv Arayışına əsasən, İddiaçı xx.xx.2002xx.xx.2004-cü illər ərzində X7 4-cü, 5- ci və 6-cı dərəcəli kabel lehmləyicisi vəzifələrində çalışmışdır. Belə ki, qeyd olunanları nəzərə alaraq İddiaçının 12 il 6 aydan çox əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi aydındır. İddiaçı Maya zavodunda çalışdığı dövr ərzində maya yetişdirilməsi operatoru vəzifəsində çalışmışdır. Cavabdeh əsassız şəkildə sözügedən peşənin Siyahıda qeyd olunmadığını və İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, Cavabdeh normaya tekstual olaraq nəzər yetirmiş, Qanunun kontekstual mahiyyətini düzgün təsfir etməmişdir. Fermentləşdirmə və yetişdirilmə işlərini görən, aparatçı və operator mahiyyət etibarilə eyni vəzifə funksiyalarını həyata keçirən şəxslərdir. Belə ki, azərbaycan dilinin izahlı lüğətinə nəzər yetirdikdə fermentləşdirmə dedikdə, yaratma, yetişdirmə mənasını görmək mümkündür. Həmçinin operator - mürəkkəb mexanizmlərin işini idarə edən və ya müəyyən istehsal prosesinin icrasına cavabdeh olan fəhlə, aparatçı aparatda işləyən, aparatı idarə edən fəhlə. Beləliklə hüququn aliliyi konsepsiyasını nəzərə alaraq, hüquq normasının təfsiri zamanı təfsirçi qanunverici tərəfindən onun məzmununda nəzərdə tutulmuş fikri əsas götürülməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. Həmçinin iddiaçı iddia tələbində də ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən) göstərilmiş üç şərt ödənilməlidir: 1) ümumi iş stajının 25 il olması; 2) güzəştli iş stajının 12 il 6 ay olması; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Taleh-Çörək" ATSC-nin 23 fevral 2024-ci il tarixli 01 nömrəli arayışında xx.xx.1981xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər ərzində Bakı Kökə-Maya kombinatında Maya zavodunda onun maya yetişdirilməsi operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan asetonbutil istehsalı sahəsinə uyğun deyil, həmçinin işlədiyi maya yetişdirilməsi operatoru vəzifəsi isə həmin Siyahının yeyinti sənayesi bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş staji yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2-1(112)-1448/2025 nömrəli qərarı ilə (hakim S.İ.Qənbərova) iddia tələbi qismən təmin edilərək, İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2- 1(112)-1448/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. X5 təqdim etdiyi “Taleh-Çörək” ATSC-nin 23 fevral 2024-ci il tarixli 01 nömrəli arayışında xx.xx.1981-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər ərzində Bakı Kökə-Maya kombinatında Maya zavodunda onun maya yetişdirilməsi operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan asetonbutil istehsalı sahəsinə uyqun deyil, həmçinin işlədiyiniz maya yetişdirilməsi operatoru vəzifəsi isə həmin Siyahının yeyinti sənayesi bölməsində nəzərdə tutulmayıb. Bu səbəbdən də onun güzəştli iş staji yoxdur. Həmçinin iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-20280/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 231 nömrəli sərəncamı ilə X8 Şirkətinin Bakı X2 zavodunun bazasında yaradılmış "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixində və X8 Şirkətinin Bakı X3 kombinatının bazasında yaradılmış "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixində səhmlərinin özəlləşdirilməsi prosesi yekunlaşmış və müstəqil təsərrüfat subyektinə çevrilmişdirlər. Hər iki səhmdar cəmiyyətin özəlləşdirilmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan bu hala məhkəmə qərarında aydınlıq gətirməmiş, yalnız iddiaçının lehinə şərh olunan sübutlara hüquqi qiymət verməklə kifayətlənmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının güzəştli iş stajı mövcud olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2-1(112)- 1448/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2- 1(112)-1448/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının hüqunun yarandığı vaxt qüvvədə olan redaksiyada) Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” -23100000 XXİX. Rabitə 23100000—12624-qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər — lehimləyicilər; -22400000 XXİİ. Yeyinti sənayesi - 22413000 13. Asetonbutil istehsalı 2241300a - a) fəhlələr 2241300a—11055 - mayanı fermentləşdirən aparatçılar güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı: - 27. Yeyinti sənayesi - 27.13. Asetonbutil istehsalı - a) fəhlələr: mayanı fermentləşdirən aparatçılar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin sırasına daxil edilmişdir. - 30. Rabitə - qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavə – Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı (13 may 2022-ci il tarixli, **********1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə ləğv edilmişdir) 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1981-xx.xx.1993-cü illərdə X8 Şirkətinin Bakı X2 zavodunda işləməsi və maya yetişdirilməsi operatoru olması iş materiaları ilə tam təsdiq olunur. Belə ki, işəgötürənin də verdiyi arayışdan görünür ki, “maya yetişdirilməsi operatoru” və “mayanı fermentləşdirən aparatçı” vəzifə adları fərqli olsa da, icra olunan əməyin funksional məzmunu eynidir. Çünki asetonbutil istehsalı zamanı fermentasiya tələb olunur ki, bu fermantasiya bakteriyaların, xüsusən də Clostridium cinsinə aid olanların aseton, n-butanol və etanol istehsal etmək üçün istifadə edildiyi bir prosesdir. Cavabdeh iddiaçının təqdim etdiyi həmin arayışları qəbul etməsə də, bununla bağlı əsaslı bir dəlil təqdim etməmiş, yalnız formal mülahizələrə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş arayışlarda iddiaçının işlədiyi vəzifəni əks etdirən konkret koda istinad edilməsini, həmin arayışların müvafiq sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən verilməsini nəzərə alaraq hesab edir ki, həmin arayışlar mötəbər qəbul edilməlidir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “... iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan asetonbutil istehsalı sahəsinə uyğun deyil, həmçinin işlədiyi maya yetişdirilməsi operatoru vəzifəsi isə həmin Siyahının yeyinti sənayesi bölməsində nəzərdə tutulmayıb.”. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi “maya yetişdirilməsi operatoru” vəzifəsinin Siyahıda nəzərdə tutulan “mayanı fermentləşdirən aparatçı” vəzifəsi ilə üstüstə düşmədiyi barədə formal yanaşma nümayiş etdirmişdir. Başqa sözlə, həmin vəzəifələrə hərfi (tekstual) yanaşmış, onların məzmununu təhlil etməmişdir. Nəzərə almaq lazımdır ki, maya yetişdirilməsi prosesi elmi və texnoloji baxımdan məhz fermentasiya (qıcqırma) prosesidir. "Aparatçı" və "operator" anlayışları müasir texnoloji avadanlıqları idarə edən eyni kateqoriyalı işçi qüvvəsini ifadə edir. Qeyd olunmalıdır ki, "Taleh-Çörək" ATSC tərəfindən verilmiş rəsmi arayışda bu vəzifələrin mahiyyət etibarilə eyniliyi və iddiaçının məhz asetonbutil istehsalı ilə əlaqədar zərərli şəraitdə çalışması faktı təsdiq edilmişdir. Özəlləşdirmə planındakı siyahı müəssisənin özəlləşdirildiyi tarixdə (2004-2006-cı illər) orada çalışan və ya müəyyən mülkiyyət hüququ olan şəxsləri əhatə edir. İddiaçının mübahisəli dövrü isə 1981-1993-cü illəri əhatə edir. Şəxsin özəlləşdirmədən 10-15 il əvvəl həmin müəssisədə çalışması və sonradan işdən çıxması onun adının emissiya prospektində olmamasını tam izah edir. Adın mülkiyyət siyahısında olmaması şəxsin keçmişdə orada əmək müqaviləsi əsasında işləməsi faktını təkzib etmir. Əksinə, iddiaçının əmək kitabçasında olan qeydlər onun qeyd olunan tarixlərdə həmin müəssisədə çalışdığının göstəricisidir. İddiaçının X7kı "kabel lehimləyicisi" (Siyahı №2, bölmə XXİX) dövrü ilə Maya zavodundakı dövrü cəmləndikdə, Qanunun 9.1-ci maddəsində tələb olunan 12 il 6 aylıq güzəştli staj şərti tam ödənilir. Başqa sözlə, iddiaçının güzəştli iş stajı ümumilikdə 12 il 6 aydan artıq, yəni 13 il 8 ay 6 gündür. 25 illik ümumi staj və 60 yaş həddi barədə isə mübahisə yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 24392,82 manat təşkil edirdi. Bu isə o nəticəyə gəlmək üçün əsasdır ki, iddiaçı ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri şərti ödəmir. Lakin o da qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD saylı Qanuna əsasən “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilmiş, Qanundan 9.1-ci maddə üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi çıxarılmış və Qanunun 2-ci maddəsində keçid müddəalarda nəzərdə tutulmuşdur ki, həmin Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qanunvericiliyin bu tələbini nəzərə alan məhkəmə tərkibi hesab edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tam şərtlər ödənilməsə də, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş normaya əsasən o, həmin hüququ əldə etmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən deyil, pensiya kapitalı ilə bağlı tələbin aradan qalxdığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli e-2-1(112)-1448/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar