Məhkəmə qərarları › İş №2-1(103)-392/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-392/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-392/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiаçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(112)-3685/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1956-cı il tarixində doğulmuş, 18 noyabr 1974-cü il tarixdən 05 may 1975-ci il tarixədək Bakı Qazan-Mexaniki Zavodunun inşaat qrupunda rəngsaz vəzifəsində, 18 may 1975-ci il tarixdən 14 iyun 1977ci il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 25 iyul 1977-ci il tarixdən 26 mart 1990-ci il tarixinədək Bakı Qazan-Mexaniki Zavodunda metal təmizləyən (drobestruyşik) vəzifəsində (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:12100000-19568), 01 mart 1990-ci il tarixdən 04 may 1992-ci il tarixədək “Azadlıq” Kooperativində asfalt-betonçu (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2290000a-11140) vəzifəsində, 04 may 1992-ci il tarixdən 14 yanvar 2000-ci il tarixədək “Enerjiquraşdırma” İB-nin Tikinti-Quraşdırma İdarəsində qəlibləyici vəzifəsində, 01 iyun 2006-cı il tarixdən 28 dekabr 2014-cü il tarixinədək Azərbaycan Dövlət Neft-İnşaat trestində mülki-müdafiə üzrə mühəndis vəzifəsində işləmiş, 01 dekabr 2014-cü il tarixdən bu günə kimi “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işləmişdir. Göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinədək iddiaçının 25 il 27 gün (20 ildən artıq) iş stajına malik olmuş və həmin staj illərinin 12 il 8 ay 1 günü (10 ildən artıq) sözügedən Qanunda nəzərdə tutulmuş Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı ilə müəyyən edilmiş işlərdə çalışmışdır. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(112)-3685/2020 saylı qərarı ilə İddiaçı oğlunun iddiasının təmin edilməsi, İddiaçı oğluna pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 19.11.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın mümkünlüyü ilə bağlı hala qiymət verməyib. Filial məlum məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etməyib, sadəcə qanunvericiliyin tələbinə uyğun olaraq zəruri sənədləri tələb edib. Bir sözlə, qanunvericiliyə əsasən cavabdeh Filialın iddiaçıdan sözügedən sənədlərin əsllərini tələb etmək hüququ olmuş, iddiaçı isə həmin sənədlərin əsllərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdeh Filiala ünvanladığı ərizənin icrası mümkün olmamışdır. İş materiallarında güzəştli arayış mövcud deyildir. İddiaçı “Bakı Qazan Mexaniki” ATSC-nin 16 fevral 2008-ci il tarixli arayışına istinad edərək çalışdığı peşənin güzəştli olduğunu iddia edir. Həmin arayışda iddiaçının 1 nömrəli Siyahıda nəzərdə tutulmuş peşədə (kod: 12100000—19568; “metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri”) çalışdığı qeyd edilib. Halbuki, məhkəmə baxışında iddiaçı həmin peşədə deyil 2 nömrəli Siyahıda 2150100a—19568 kodu (“metal, metal hissələrin və məmulatların qırma və parçalanmış (metal qumu) qırma ilə təmizlənməsində məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri”) altında nəzərdə tutulmuş peşədə çalışdığını bildirmiş və buna görə də 57 yaşının tamam olduğu tarixdən pensiya təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi, arayışın məzmunu ilə iddiaçının izahatı arasında ziddiyyət vardır. Məhz bu səbəbdəndir ki, məhkəmə qeyd edilən arayışa istinad etməmişdir. Fərz edək ki, iddiaçının 57 yaşdan pensiya hüququ yaranmışdır. İddiaçı 30 iyul 2019-cu il tarixdə ona pensiya təyin edilməsi ilə bağlı müraciət edib. Məhkəmə yalnız 30 iyul 2016-cı il tarixdən pensiyanın ödənilməsini nəzərə ala bilərdi. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli, №3/2020 qərardadının birinci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - “19.11.2013-cü il tarixdən pensiyanın təyin edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, pensiyanın təyin edilməsinin əvvəli 21.05.2016-cı il tarixdən hesablanmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuş, 18 may 1975-ci ildən 17 iyun 1977-ci ilə qədər həqiqi hərbi xidmət keçmiş, 18.11.1974-cü il tarixdən 05.05.1975-ci il tarixədək “X6” Trestinin Bakı X2 qrupuna 2-ci dərəcə üzrə rəngsaz vəzifəsində; 25.07.1977-ci il tarixdən “X6” Trestinin Bakı Qazan Mexaniki Zavodunda qeyri-standart avadanlıqlar sexinə 1-ci dərəcəli qırmaaxını ilə təmizləyici dərəcəsi verilmiş, 24.10.1977-ci il tarixdə həmin sexdə 2-ci dərəcəli qırmaaxını ilə təmizləyici dərəcəsi, 01.08.1984-ci ildə həmin sexdə 3-cü dərəcəli qırmaaxını ilə təmizləyici dərəcəsi verilmiş, 01.01.1988-ci il tarixdə yeni əmək haqqı tariflərin tətbiqi ilə əlaqədar qeyri-standart avadanlıqlar sexinə 3-cü dərəcəli metal təmizləyicisi təyin edilmiş və 26.03.1990-ci ildə öz xahişi ilə işdən azad edilmiş; 01.03.1990-cı il tarixdən “Abadlıq” Kooperativində müvvəqəti olaraq 4-cü dərəcəli asfalt yayan təyin edilmiş, 11.03.1990-cı il tarixdə daimi əsaslarla keçirilmiş və 02.12.1991-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 02.01.1992-ci il tarixdən “QafqazEnerqoMontaj” tresti yanında “Energetik” KDM-ə 3 №-li tikinti sahəsinə 3-cü dərəcəli qəlibçi kimi qəbul edilmiş, 04.05.1992-ci il tarixdə “Enerqomotaj” TMİ 3 №-li sahədən keçirilməklə 8-ci dərəcəli qəlibçi qəbul edilmiş, 01.10.1996-cı il tarixdə 4-cü dərəcəli qəlibçi dərəcəsi verilmiş, 19.12.1997-ci il tarixdə 5-ci dərəcəli qəlibçi dərəcəsi verilmiş, 05.11.1988-ci il tarixdə “İstilikEnerjiAvadanlığı” trestinin Bakı X3 Oktyabr inqilabının 70 illiyi münasibəti ilə kommunist əməyi “Zərbiçi”si nişanı ilə təltif edilmiş, 14.01.2000-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 01.06.2006-cı il tarixdə “Az DN 1” tresti 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında mühəndis vəzifəsində, 16.04.2007-ci il tarixdə həmin müəssisədə hərbi səfərbərlik üzrə mühəndis vəzifəsinə keçirilmiş və 28.11.2014-cü il tarixdə əmək müqaviləsi ləğv olunmuş, 01.12.2014-cü il tarixdən “Neftqaztikinti” tresti 4 saylı Tiklinti Quraşdırma İdarəsində polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə qəbul edilmiş; 19.05.2015-ci il tarixdən 2 saylı TQS-dən 4 saylı tikinti quraşdırma sahəsinə keçirilmiş və 31.08.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş; 01.09.2015-ci il tarixdə SOCARın “Neftqaztikinti” tresti 7 saylı Tikinti Quraşdırma bölməsinin 4 saylı tikinti quraşdırma sahəsinə ƏOD -4 (dörd) olmaqla polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və hazırki günədək həmin sahədə işəyir. Azərbaycan Respublikası “Bakı Qazan Mexaniki” ATSC tərəfindən verilmiş 16 fevral 2008-cu il tarixli arayışdan görünür ki, İddiaçı 25.07.1977-ci il tarixdən (Əmr №82/k 25.07.77) 26.03.1990-cı il tarixə kimi (Əmr №25/u 26.03.90) Bakı QazanMexaniki Zavodunda metal təmizləyən (drobestruyşik) peşəsində işləmişdir. İddiaçıƏ metal təmizləyən peşəsində işlədiyi müddət metalın və metal hissələrinin quru kvars qumu ilə təmizlənməsi işlərini yerinə yetirirdi. Metal təmizləyən peşəsində işləyənlər güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə ünvanlanmış 21 may 2019-cu il tarixli məktubun surətindən görünür ki, həmin müraciət ilə İddiaçı 57 yaşı tamam olduğu 19 noyabr 2013-cü il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 29 avqust 2019-cu il tarixli, **********1 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X4 bildirilmişdir ki, onun hüquqlarını müdafiə etdiyi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərinin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, (01.07.2017-ci il tarixədək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanan normalarının tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, vətəndaşa güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdaki əsaslar birgə mövcud olmalıdır: 1) şəxs pensiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddini çatmalı; 2) qanunvericilikdə nəzərdə tutulmuş ümumi sığorta stajına malik olmalı; 3) işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqan tərəfindən təsdiq olunmuş siyahısında təsbit olunmalı 4) həmin peşə qanunvericilikdə nəzərdə tutulmuş xüsusi sığorta stajına və 5) işlədiyi dövrlərə uyğun məcburi sosial sığorta haqlarının ödənilməsinə malik olmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş NZ-3259478 nömrəli hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 18 may 1975-ci ildən 17 iyun 1977-ci ilə qədər hərbi xidmət keçmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq 2 il 01 ay təşkil edən hərbi xidmət dövrünü iddiaçının sosial sığorta stajına aid etmişdir. İddiaçının əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək hərbi xidmət illəri daxil edilməklə, ümumilikdə 24 il 02 ay 01 gün ümumi iş stajı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İddiaçı tərəfindən təqdim olunmuş notarial qaydada təsdiq olunmuş əmək kitabçasından görünür ki, iddiaçı 01.06.2006-cı il tarixdən pensiya hüququ yarandığı tarixədək, yəni 19 noyabr 2013-cü il tarixədək “Az DN 1” tresti 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında, ARDNŞ-nın “Neftqaztikinti” trestində müvafiq vəzifələrdə işləmişdir. Həmçinin, sosial arayışdan məlum olur ki, iddiaçının 2006-cı il tarixdən 2013-cü il tarixədək əldə edilən gəlirdən məcburi sosial sığorta haqları hər il üçün müvafiq olaraq ödənilmiş, və hazırda onun kapitalı 33.672,34 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının ümumi sığorta stajı 01.01.2006-cı il tarixədək tamamlanmasa belə, iddiaçının pensiya hüququ yarandığı tarixədək ümumi sığorta stajı tamamlanmış və hərbi illər nəzərə alınmaqla, 32 il 05 ay 19 gün təşkil etmişdir. İddiaçının ümumi iş stajı tamamlanaraq, 01.06.2006-cı il tarixdən işlədiyi illər üçün məcburi sosial sığorta haqları ödənilmiş və iddiaçının pensiya kapitalı minimum məbləğdən çox təşkil etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqularının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının («Metal emalının digər peşələri ilə bağlı») 11.14-cü qrafasının fəhlələr (a) bölməsindən görünür ki, metal, metal hissələrinin və məmulatların qırma və parçalanmış (metal qumu) qırma ilə təmizlənməsində məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan siyahıda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 01.01.2006-cı il tarixədək ümumilikdə 12 il 08 ay 01 gün iş stajına malik olmuşdur. Hərbi illəri (2 il 01 ay) sosial sığorta stajına daxil edilərək müəyyən olunur ki, iddiaçının pensiya hüququ yarandığı tarixədək, yəni 19 noyabr 2013-cü il tarixədək ümumilikdə 32 il 05 ay 19 günu sığorta stajı mövcud olmuş və işlədiyi dövrlərdə hər il üçün müvafiq olaraq məcburi sosial sığorta haqları ödənilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasında aşkar olaraq göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Beləliklə də, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddiaçıya pensiyanın edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olması barədə düzgün nəticəyə gəlmişdir. Lakin iddiaçıya pensiyanın 19.03.2013-cü il tarixdən ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tələbinə uyğun deyildir. Bu məsələyə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəsinin müddəaları işığında qiymət verilməlidir. Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə ünvanlanmış müraciət ərizəsindən görünür ki, ilə İddiaçı 57 yaşı tamam olduğu 19 noyabr 2013-cü il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 21.05.2019-cu il tarixdə müraciət etmişdir. Bu halda iddiaçıya pensiya 21.05.2019-cu il tarixdən əvvəlki üç ilə görə, yəni 21.05.2016-cı ildən ödənilə bilərdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən- “19.11.2013-cü il tarixdən pensiyanın təyin edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, pensiyanın təyin edilməsinin əvvəli 21.05.2016cı il tarixdən hesablanmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(112)-3685/2020 saylı qərarı qismən “19.11.2013-cü il tarixdən pensiyanın təyin edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Pensiyanın təyin edilməsinin əvvəli 21.05.2016-cı il tarixdən hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vidadi Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar