Məhkəmə qərarları › İş №2-1(103)-392/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-392/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-392/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(112)-1360/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 250 kv.m olan torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 31 yanvar 2006-cı il tarixli 01 saylı qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsinin 03 fevral 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 250 kv.m torpaq sahəsi 2000-ci il tarixdən bu günə qədər onun istifadəsindədir. Qeyd edir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir ki, istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 250 kv.m torpaq sahəsini icarə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata götürülməsinə və icarə hüququ əsasında torpaq sahəsinə çıxarışın verilməsinə münasibət bildirməsini xahiş etmişdir. Belə ki, 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nizami Bələdiyyəsi onun müraciətinə məktubla cavab olaraq bildirmişdir ki, istifadəsində olan torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədi daxilindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına və Bakı şəhər İcra Hakimiyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələlərinin sərhədləri müəyyən edilmiş və onun istifadəsində olan torpaq sahəsi bələdiyyəyə ayrılan torpaq sahəsinə aiddir. Həmçinin, Bakı şəhəri Nizami Bələdiyyəsinin 12 aprel 2021-ci il məktubunda göstərilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasi Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının sələhiyyətlərini keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon (şəhər) icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər. Həmçinin, həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada Bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin Bələdiyyələrin səlahiyyətinə aid olduğu göstərilmişdir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüquqlarını təsdiq edən sənədlər Bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüquqlarının Dövlət qeydiyyatı torpaq sahələri üzrərində hüquqlarını təsdiq edən Bələdiyyə qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestirində qeydiyyata alınmalıdır. Bu səbəbə görə də, istifadəsində olan torpaq sahəsinə icarə hüququ əsasında çıxarışın alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunması tövsiyyə edilmişdir. Onun istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair Bələdiyyənin qərarını, torpaq sahəsinin icarə müqaviləsini və torpaq sahəsinin plan və ölçünü dövlət reyestrindən icarə hüququ əsasında çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Lakin, cavabdeh orqan ona heç bir əsas gətirmədən sənədlərinin qəbul etməsindən imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı torpaq sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli protokoldan çıxarışın qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan başqa, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi yol kənarı yaşayış binalarının qarşısında ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşir. Eyni zamanda, torpaq sahəsinə dair yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin, texniki baxış keçirilən zaman torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı məlum olmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********70 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(112)-1360/2024 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Nizami Bələdiyyəsinin 31 yanvar 2006-cı il tarixli 01 nömrəli qərarına əsasən Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən İddiaçı icarəsinə ayrılmış 250 kv.m torpaq sahəsinə dair onun icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazın məzmunu ilə eyni məzmunda tərtib edilmiş apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -Bakı şəhəri Nizami Bələdiyyəsinin 01 nömrəli 31 yanvar 2006-cı il tarixli qərarına əsasən Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 250 kv.m faktiki istifadədə olan torpaq sahəsi 49 (qırx doqquz) il müddətinə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilmişdir. -“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 03 fevral 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 250 kv.m olan torpaq sahəsi 49 (qırx doqquz) il müddətinə İddiaçı istifadəsinə verilmişdir. -Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. -Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2021-ci il tarixli **********72 nömrəli məktubla imtina edilmişdir. -Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 31 iyul 2023-cü il tarixli 3-48-2F/2-05331/2023 nömrəli məktubla İddiaçı barəsində Dövlət Arxivinin Bakı Filialında saxlanılan Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli 01 saylı iclas protokolundan təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Həmçinin bildirilmişdir ki, vətəndaşlar ilə Bələdiyyələr arasında bağlanmış icarə müqavilələri fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023cü il tarixli 3-21-3-30/2-30316/2023 **********16 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. - Birinci instansiya məhkəməsinin 2-1(112)-10773/2023 saylı xx.xx.2023-cü il tarixli “məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə” qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 3-16-16/2-10/8979 nömrəli 31 yanvar 2024-cü il tarixli rəy təqdim edilmişdir. Təqdim edilmiş rəyə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsnin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini, Nizami Bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, o cümlədən Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarını (kadastrportalı.az) nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan 250 kv.m torpaq sahəsi, həmin torpaq sahəsi ayrılan zaman Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə Nizami Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 01 nömrəli 31 yanvar 2006-cı il tarixli qərarı ilə vətəndaş İddiaçı icarəsinə Nizami rayonu, Q.Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 250 kv.m sahəsi, 49 (qırx doqquz) il müddətinə ticarət və iaşə məqsədi ilə istifadə etməsi üçün ayrılmışdır. Eyni zamanda, mülki iş materiallarının 11-ci səhifəsində Nizami rayon Bələdiyyəsinin hüdudlarında yerləşən, hal-hazırda İddiaçı icarəsinə verilmiş 250 kv.m torpaq sahəsinə dair Ərazinin Plan-Sxemi əlavə edilmişdir. Plan-sxemə əsasən həmin torpaq sahəsinin bir tərəfdən küçə ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə əhatə olunduğu, torpaq sahəsinin uzunluğu 25.0 metr, eni 10,0 metr təşkil etdiyi göstərilmişdir. Təqdim olunan torpaq sahəsinə baxış zamanı əldə olunan texniki parametrləri ilə Bələdiyyə tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, həmin torpaq sahəsinin cizgiyə uyğun olaraq 250 kv.m torpaq sahəsi olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Beləliklə işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 250 kv.m olan torpaq sahəsinə icarə hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli protokoldan çıxarışın qanunvericiliyin tələblərinə uyğun olmadığı, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmaması, iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin yol kənarı yaşayış binalarının qarşısında ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşməsi, torpaq sahəsinə dair yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olması, həmçinin texniki baxış keçirilən zaman torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmadığının məlum olmasına istinad edilməklə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, torpaq sahəsi iddiaçının icarəsinə Bakı şəhəri Nizami Bələdiyyəsinin 01 nömrəli 31 yanvar 2006cı il tarixli qərarı ilə ayrılmış, cavabdehin istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişiklik isə xx.xx.2007-ci il tarixdə edilmişdir. Belə olan təqdirdə, qanunvericiliyə edilmiş həmin dəyişiklik konstitusion normalara əsasən iddiaçıya münasibətdə şamil edilə bilməz. Həmçinin, təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının icrası ilə əlaqədar olaraq verilmiş 3-16-16/2-10/8979 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya ayrılan zaman torpaq sahəsi Nizami Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşmişdir. Torpaq sahəsi ticarət və iaşə məqsədi ilə istifadə etməsi üçün ayrılmışdır. Eyni zamanda, torpaq sahəsinin cizgiyə uyğun olaraq 250 kv.m torpaq sahəsi olduğu müəyyən edilmiş, torpaq sahəsinin koodinatları müəyyən edilmiş, torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu baxımdan aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən apelyasiya şikayətinin dəlilləri əsassızdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslarla iddiaçının torpağa dair icarə hüququ Reyestrdə qeydiyyatdan keçirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Cavabdeh tərəfindən qərarın və müqavilənin həqiqətəuyğun olmadığı sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(112)-1360/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar