Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3920/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9997/2025 nömrəli, 11 iyul 2025ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 4 nəfər ailə tərkibində güzəştli növbəliliyi əsasında mənzillə təmin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək N saylı səhra postu hərbi hissəsinin tərkibində Əfqanıstan Demokratik Respublikasında hərbi qulluq keçərək beynəlmiləlçi borcunu yerinə yetirmiş, N saylı səhra postu hərbi hissəsinin tərkibində xx.xx.1987-ci il tarixdə gedən döyüşlərdə sol tərəf döş qəfəsindən çoxsaylı güllə yarası və kəllə-beyin travması almışdır. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 377 saylı Sərəncamına əsasən 1 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə 3-cü qrup Əfqanıstan müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüş və vətəndaşların 1-ci növbəlilik siyahısına daxil edilmişdir. Hazırda isə 4 nəfər ailə tərkibi var. 2012-ci ildən evlidir, hazırda himayəsində 2 azyaşlı övladı var, 1990-cı ildən indiyə kimi Bakı şəhərində kirayədə qalır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9997/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qərarı ilə (hakim S.Qənbərova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2022-ci ildə “baş beynin travmatik xəstəliyi. Posttravmatik ensefalopatiya, kəskin asteno-nevrotik sindromla. Kəllədaxili hipertenziya” diaqnozu üzrə 5 il müddətinə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik şəxsindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliklə əlaqədar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) aylıq 400 (dörd yüz) manat məbləğində Prezident təqaüdü alır. Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının 377 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə 3-cü qrup Əfqanıstan müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 216 nömrəli arayışda qeyd edilir ki, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək N saylı səhra poçtu hərbi hissəsinin tərkibində Əfqanıstan Demokratik Respublikasında hərbi qulluq keçmiş və beynəlmiləlçi borcunu yerinə yetirmişdir. N say səhra poçtu hərbi hissəsinin tərkibində xx.xx.1987-ci il tarixdə sol tərəf döş qəfəsinin çox saylı güllə yarası və kəllə-beyin travması almışdır. İddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlil olması və yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması nəzərə alınaraq mənzillə təmin olunması barədə cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-14/2-32/2025 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 2-ci dərəcəli əlildir və yaşayış yeri üzrə Nərimanov RİH-də xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüş, Qarabağ və Əfqanıstan müharibələri iştirakçısıdır. Əfqanıstan Demokratik Respublikasında Hərbi hissə tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən sol tərəf döş qəfəsindən çoxsaylı güllə yarası və kəllə-beyin travması almış, nitq qüsurludur. Himayəsində həyat yoldaşı və iki azyaşlı övladı vardır. İddiaçı Nərimanov Rayon Polis İdarəsinin inzibati binasında qedyiyyatdadır və Azərbaycan Respublikasında özünün və ailə üzvlərinin hər hansı yaşayış sahələri yoxdur. Məktubda İddiaçı və ailəsinin ağır mənzil şəraitində olduğu nəzərə alınaraq müstəsna hal kimi onun mənzil şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 43-cü maddəsinin İİ hissəsinə görə Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1-ci maddəsinə əsasən ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2-ci maddəsinə əsasən xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. İşin faktiki hallarından göründüyü kimi iddiaçıya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. İddiaçının güzəştli şərtlərlə mənzillə təmin edilməsi üçün hüququnun olubolmamasının müəyyən edilməsi üçün bununla bağlı qanunvericiliyin nəzərdə keçirilməsi zəruridir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsindən görünür ki, Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 3.1.16-cı bəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Həmin Fərmanın 2-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı Sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Fərmanın tələbindən müəyyən edildiyi kimi, aşağıdakı kateqoriyadan olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilmək hüququ vardır:
1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
2. şəhid ailələri;
3. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
4. xx.xx.2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslər;
5. xx.xx.2021-ci il tarixədək uçotda olan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları. İstinad olunan normalardan görünür ki, həmin kateqoriyaya aid olan uçota alınmış şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olmuş, qanunvericiliklə cavabdeh tərəfindən mənzillə təmin edilən şəxslər kateqoriyasına aid olmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş və apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin olunmasına əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə qərarında iddiaçının tələbinin hüquqi əsasının olmaması mövqeyini və dəyərləndirməsini əsaslı və qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Qərardan da göründüyü kimi, məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab etməklə, iş üçün əhəmiyyəti olan digər məsələləri tam aydınlaşdırmaqla, onlara tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verib. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6).
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9997/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Orxan İsmayılov