Məhkəmə qərarları › İş №2-1(103)-3921/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3921/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3921/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X6 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3471/2025 saylı 10 iyul 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. Bakı şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Trestinin bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1968-ci il tarixli 16106 saylı müqaviləsi əsasında Ləhiş qəsəbəsində yerləşən 0,25 ha olan 872 saylı bağ sahəsi X5 icarəyə verilmişdir.

2. Bakı şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Trestinin bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1988-ci il tarixli 16106 saylı müqaviləsi əsasında Ləhiş qəsəbəsində yerləşən 872 saylı bağ sahəsi X5 icarəyə verilmişdir.

3. X7 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. (İV-ЖГ seriyalı 452733 nömrəli ölüm haqqında şəhadətnamə)

4. Ədliyyə Nazirliyinin ünvan ünvanlandığı xx.xx.2024-cü il tarixli 136 nömrəli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Digah qəsəbəsində xx.xx.1966-cı ildə anadan olmuş İddiaçı müraciətinə əsasən xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum X3 adına vərəsəlik işi açılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 872 nömrəli sahədə yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə dair arayışı (FORMA 37) sorğunu təqdim etmiş şəxs vasitəsilə Abşeron rayon 2 saylı notariat ofisinə göndərilməsi xahiş olunmuşdur.

5. İddiaçı nümayəndəsi vasitəsilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə hazırki tələbi ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina olunaraq bildirilmişdir ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 0.2265 ha təşkil edir. Bağ sahəsinin sərhədləri şərtidir. Vahid elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, sahə 1070 ilə başlayan bağların sırasındadır. Sahə daxilindən orta təzyiqli qaz xətti keçir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

6. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, X1 və İstismarı Birliyinin 06 sentyabr 1988-ci il tarixli, 16106 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 872 nömrəli 0,25 hektar torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair hüququn ölmüş şəxs X5 məxsus olmasına dair çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.

7. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Ləhiş bağ massivində yerləşən 872 saylı 0,2265 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququna dair hüququn ölmüş şəxs X5 məxsus olmasına dair çıxarışın (arayışın) verilməsi” kimi dəqiqləşdirilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 və İstismarı Birliyinin xx.xx.1988-ci il tarixli 16106 saylı Müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 872 saylı bağ sahəsi mərhum atası X5 ayrılmışdır. Qeyd edilən torpaq sahəsi 36 ildən artıq müddətdir ki, sahiblik və istifadələrindədir. Qanun üzrə atasının vərəsəsi o olduğundan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxs X5 məxsus olmasına dair çıxarışın (arayışın) ona İddiaçı verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Bu günədək cavabdeh tərəfindən müraciəti cavablandırılmamışdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət edir. Göründüyü kimi, cavabdehin müraciətin icrasından imtina edilməsinə əsaslandığı hal əsassızdır, torpaq sahəsinin istifadəsinə ayrılması barədə müqavilə mülkiyyət hüquqlarının qeydiyyatı üçün mötəbər qiymətləndirilməlidir. Göründüyü kimi cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərini yerinə yetirməmiş, qanunsuz və əsassız olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınmasını təmin etməmişdir.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz və etiraza əlavə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair hüququn ölmüş şəxsə X5 məxsus olmasına dair çıxarışın (arayışın) verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Bununla əlaqədar olaraq bildiririk ki, iddiaçı müvafiq iddia ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edirik.

10. İddiaçı cavabdehin etirazına dair yazılı münasibətini onunla əsaslandırılmışdır ki, cavabdeh orqan etirazını onunla əsaslandırır ki, bağ sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, mərhum X7 ilə bağlanılmış ilkin xx.xx.1968-ci il tarixli müqavilədə bağ sahəsinin nömrəsi “872” kimi, xx.xx.1972-ci il tarixli aktda və xx.xx.1972-ci il tarixdə tərtib edilmiş cizgidə bağ sahəsinin nömrəsi “872/798”, xx.xx.1988-ci il tarixli aktda isə “798” kimi göstərilmişdir. İmtinanın əsası sadəcə bundan ibarətdir. İlk öncə qeyd etmək istəyir ki, istər 1968-ci il tarixli müqavilə, istərsə ondan sonrakı aktlar hamısı 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcuddur. Bunu cavabdeh öz məktubunda qeyd etmişdir. Həmçinin iddiaçının mərhum atasının həmin torpaq sahəsini 1968-ci il tarixdən istifadə etməsi və artıq 50 ildən çoxdur ki, onların istifadəsində olması işin mübahisəsiz halıdır. İkinci olaraq qeyd etmək istəyir ki, bağ sahəsinin aktlarda olan nömrəsi “872/798”, sonradan isə “798” olaraq göstərilsə də, bu imtina üçün əsas ola bilməz. Çünki aktların hər birində həmin aktın “16106” nömrəli Müqaviləyə məxsus olması qeyd edilmişdir. Yəni bağ nömrəsi hətta fərqli göstərilsə də, müqavilə eyni “16106” nömrəli müqavilə olmuş və torpaq sahəsinin ərazisi və ölçüsü naturada dəyişdirilməmişdir. Həmçinin əlavə olaraq qeyd etmək istəyir ki, hazırkı mübahisələrə dair Azərbaycan Respublikası Ali Məhkəmənin də kifayət qədər analoji qərarları mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 2- 1(102)-815/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, belə ki, cavabdeh yenə də təkrarlayır ki, “iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi “2909” saylı bağın ərazisinə uyğundur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bağların bölgüsünə dair sxematik xəritənin tərtib edilməsi iddiaçının səlahiyyətinə aid olmayan məsələdir, bu cavabdehin və onun hüquqi sələflərinin vəzifəsidir və burada iddiaçını nədəsə günahlandırmaq tam əsassızdır. Digər tərəfdən, cavabdehin “torpaq sahəsi “2909” saylı bağın ərazisinə uyğundur” yazması da hər hansı hüquqi məna kəsb etmir. Belə ki, o zamanlar bağlar standart ölçüdə 0,25 hektar və şəkildə (formada) istifadəyə verilirdi ki, buna görə də bağların ərazilərin, məhz sxematik qaydada biribirinə uyğun gəlməsi təbiidir. Yuxarıda göstərilənlərə əsasən və cavabdeh tərəfindən verilmiş etiraza münasibət bildirərək bir daha qeyd etmək istəyir ki, cavabdeh orqanın hazırkı inzibati iş üzrə mövqeyi qanuni deyildir. Kifayət qədər əsaslandırılmadan və hüquqi məna kəsb etmədən tərtib edilmişdir. Bütün yuxarıda sadalananlara əsasən, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3471/2025 saylı 10 iyul 2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,2265 ha olan 872 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

12. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarənin arxiv əsaslarında mövcud olan təqdim edilmiş icarə müqaviləsinin arxiv nüsxəsində torpaq sahəsinin ölçüsü barədə məlumat qeyd olunmamışdır. Həmçinin idarənin arxiv əsaslarında mövcud olan sənədlər arasında torpaq sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, həmin müqavilədə, eləcə də mərhum X7 ilə bağlanılmış ilkin xx.xx.1968-ci il tarixli müqavilədə bağ sahəsinin nömrəsi “872” kimi, xx.xx.1972-ci il tarixli aktda və xx.xx.1972-ci il tarixdə tərtib edilmiş cizgidə bağ sahəsinin nömrəsi “872/798”, xx.xx.1988-ci il tarixli aktda isə “798” kimi göstərilmişdir. Bağ sahəsinin sərhədləri şərtidir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, sahə 1070 ilə başlayan bağların sırasındadır. Sahə daxilindən orta təzyiqli qaz xətti keçir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır.

Tərəflərin izahatları

15. xx.xx.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

16. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi sıradan çıxmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi onun hüquq varisi kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3- 1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra- DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Ona görə də həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, belə olan halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onun hüquqi varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur.

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

18. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadına əsasən X2 2-1(103)- 3921/2025 saylı inzibati işə 3-cü şəxs qismində cəlb olunmasına dair ərizəsi təmin olunmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 5.1. Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. 5.2. Bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; … 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10.Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

27. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

28. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

29. İşin mahiyyətinə gəldikdə isə hazırda İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,2265 ha olan 872 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

31. Hazırki işdə imtina məktublarının, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qurumun iddiaçının tələbinin təmin olunmasından imtinası aşağıdakı dəlillərlə bağlı olmuşdur: - vahid elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi. Belə ki, sahə 1070 ilə başlayan bağların sırasındadır; - sahə daxilindən orta təzyiqli qaz xətti keçməsi; - torpaq sahəsinin nömrəsində uyğunsuzluğun mövcudluğu. Belə ki, həmin müqavilədə, eləcə də mərhum X7 ilə bağlanılmış ilkin xx.xx.1968-ci il tarixli müqavilədə bağ sahəsinin nömrəsi “872" kimi, xx.xx.1972-ci il tarixli aktda və xx.xx.1972-ci il tarixdə tərtib edilmiş cizgidə bağ sahəsinin nömrəsi “872/798”, xx.xx.1988-ci il tarixli aktda isə “798" kimi göstərilmişdir. - İdarənin arxiv əsaslarında mövcud olan təqdim edilmiş icarə müqaviləsinin arxiv nüsxəsində torpaq sahəsinin ölçüsü barədə məlumatın qeyd olunması.

32. İşin faktiki hallarından aydın olur ki, xx.xx.1988-ci il tarixli 16106 saylı müqavilə əsasında Ləhiş bağlar massivində yerləşən 872 saylı bağ torpaq sahəsi X5 ayrılaraq onun istifadəsinə verilmişdir. X3 xx.xx.1995-ci il tarixdə vəfat etməsi ilə əlaqədar Abşeron rayonu 2 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquq müəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

34. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X7 mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İddiaçıda hazırda onun vərəsisidir.

35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2- ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

37. Məhkəmə kollegiyası cavabdehin “vahid elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi” dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.

38. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

39. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 4 may.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu bəndinə əsasən, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir.

40. Belə olan halda iddiaçının mərhum atasına məxsus olmasını tələb etdiyi bağ sahəsinin sxematik xəritəyə uyğun olmaması ilə bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu mövqe həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında da sərgilənmişdir (2-1(102)- 69/2023 saylı, xx.xx.2023 tarixli və 2-1(102)-2384/2025 saylı xx.xx.2025 tarixli qərarlar).

41. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin təqdim etdiyi sxematik xəritədə koordinat nöqtələri qeyd olunmamışdır. Bu da cavabdehin həmin hissədə dəllilərinin əsaslı olmadığını göstərir.

42. Məhkəmə kollegiyası cavabdehin “sahə daxilindən orta təzyiqli qaz xətti keçməsi” dəlilinə münasibətdə qeyd edir ki, inzibati işin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh tərəfindən xx.xx.2024-ci il tarixli məktuba əlavə olunmuş daşınmaz əmlakın texniki vəziyyətinin əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına qeyd edilmişdir ki, “Bakı şəhəri Ləhiş bağ massivi 872 saylı bağ sahəsinin sərhədləri şərtidir. Bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə üzrə ölçüsü 0.25 ha, faktiki ölçüsü 0,2265 ha təşkil edir. Sahədə köməkçi və həyət tikilisi var. Nümayəndə şifahi olaraq bildirdi ki, yeni tikilən kölgəliklər digər şəxs tərəfindən inşa edilib. 31.102.2024-cü il tarixdə təkrar yerli baxış zamanı məlum oldu ki, şərti olaraq göstərilən sahənin daxilindən keçən qaz xətti faktiki olaraq mövcud deyil, nümayəndə şifahi olaraq bildirdi ki, həmin qaz xətti sökülüb. Bağ sahəsinin naturada yerləşmədi sxematik xəritəyə uyğun gəlmir. Şərti olaraq göstərilən sahənin koordinatları əlavə olundu.

43. Beləliklə, cavabdeh inzibati orqanın özü tərəfindən də mübahisəli torpaq sahəsində orta təzyiqli qaz xəttinin mövcud olmaması etiraf olunmuşdur.

44. Həmin məktuba əlavə olunmuş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş torpaq sahəsinin planında da faktiki torpaq sahəsinin koordinatları nümayəndə tərəfindən aşağıdakı kimki göstərilmişdir: X Y 410323,7750 4491190,7420; 410417.0066 4491227.7032; 410424.0320 4491206.5200; 410331.3302 4491169.0183.

45. Həmin məktuba həmçinin torpaq sahəsinin ortofoto görüntüsü də əlavə olunmuşdur.

46. Məhkəmə kollegiyası cavabdehin “torpaq sahəsinin nömrəsində uyğunsuzluğun mövcudluğu- ilkin xx.xx.1968-ci il tarixli müqavilədə bağ sahəsinin nömrəsi “872" kimi, xx.xx.1972-ci il tarixli aktda və xx.xx.1972-ci il tarixdə tərtib edilmiş cizgidə bağ sahəsinin nömrəsi “872/798”, xx.xx.1988-ci il tarixli aktda isə “798" kimi göstərilməsi” dəlilinə münasibətdə qeyd edir ki, aktların hər birində həmin aktın 16106 nömrəli müqaviləyə məxsus olması qeyd edilmişdir. Bağ nömrəsində dəyişiklik edilsə də, eyni 16106 nömrəli müqavilə olmuş və torpaq sahəsinin ərazisi və ölçüsü naturada dəyişdirilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin digər bağ sahələri ilə üst-üstə düşməməsi müəyyən olunur.

47. Məhkəmə kollegiyası cavabdehin “İdarənin arxiv əsaslarında mövcud olan təqdim edilmiş icarə müqaviləsinin arxiv nüsxəsində torpaq sahəsinin ölçüsü barədə məlumatın qeyd olunmaması” dəlilinə münasibətdə qeyd edir ki, həm xx.xx.1968-ci il tarixli bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında müqavilənin 1-ci bəndində, həm iş materiallarında olan bağ sahəsinin vəziyyəti ilə bağlı tərtib olunmuş aktlarda, həm də xx.xx.1988-ci il tarixli müqavilənin 1-ci bəndində sözgedən bağ sahəsinin ölçüsünün 0.25 ha olduğu təsbit olunmuşdur. Hazırda iddiaçı da bağ sahəsinin faktiki ölçüsünə uyğun olaraq 0,2265 ha torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair arayış verilməsini tələb edir.

48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli bağ sahəsinə dair hüququn mərhum X5 məxsus olması barədə müvafiq arayışın verilməsindən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin tələblərinə zidd olmaqla qanunsuz olmuşdur.

49. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3471/2025 saylı 10 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

51. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3471/2025 saylı 10 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar