Məhkəmə qərarları › İş №2-1(103)-3923/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3923/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3923/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4231/2023 nömrəli 25 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 26 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 498850.30 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 511607.38 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4231/2023 nömrəli 25 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ünvanlayaraq, apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsinin mümkün hesab olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin -1(112)- 4231/2023 nömrəli 25 may 2023-cü il tarixli qərarı cavabdehin elektron kabinetinə xx.xx.2023-cü il tarixində yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş və cavabdehin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan buraxılmış prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəyə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, iddiaçının məhkəmə qərarından məlumatsız olduğunu, iş icraya yönəldikdən sonra məlumatının olmasını bildirərək apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası isə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsində qeyd edilənlər üzürlü hesab edilmədiyindən təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4231/2023 nömrəli 25 may 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalıdır. Həmçinin, Məhkəmə kollegiyası oxşar mövqe ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 2362/2022 saylı qərardadında qeyd edilmişdir ki,

11. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 7 (a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından hazırkı işdə prosessual müddətin axımı 23.05.22-ci il yəni məhkəmə qərarının cavabdehin elektron kabinetinə yüklənməsi tarixindən hesablandıqda kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət buraxılmış hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARAALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Cavabdeh MMC-nin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4231/2023 nömrəli 25 may 2023-cü il tarixli qərarından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar