Məhkəmə qərarları › İş №2-1(103)-3925/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3925/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3925/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3, Apelyantın nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “yaşayış sahəsinə pasport qeydiyyatına alınma” tələbinə dair inzibati iş üzrə ərizəçi “X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatətinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11428/2023 saylı 26 avqust 2023-cü il tarixli qərardadından apelyant “X13” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X7 və X4 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 3 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11428/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11428/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdehə göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi məhkəməyə xx.xx.2024-cü il tarixli məktub göndərərək bildirmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X7 və X9 xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Daha sonra “X13” şirkətinin Azərbaycan Respublikasındakı filialı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11428/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, “X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və işə Şirkətin nümayəndəsinin iştirakı ilə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11428/2023 saylı 26 avqust 2023-cü il tarixli qərardadı ilə “X13” şirkətinin Azərbaycan Respublikasındakı filialının “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatətinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi “X13” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi xahiş edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11428/2023 saylı 26 avqust 2023-cü il tarixli qərardadı ərizəçiyə poçt vasitəsilə xx.xx.2024cü il tarixli məktubla göndərilmiş, qərardad ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə sifarişli poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “Zülfüqarlı” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Lakin apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması xx.xx.2024cü il tarixə təyin edilmişdir. Ərizəçiyə həmin tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11428/2023 saylı 26 avqust 2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən həmin müddətin üzürlü səbəblərdən ötürülməsi faktı varsa, bu barədə prosessual müddətin bərpasına dair ərizə vermək hüququnun olduğu izah olunmuşdur. Ərizəçinin nümayəndəsi X8 məhkəmə iclasında mübahisələndirilən məhkəmə qərardadından gec məlumatlı olduqlarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11428/2023 saylı 26 avqust 2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin onlar tərəfindən ötürüldüyünü etiraf etmiş və həmin müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bununla bağlı 26 avqust 2023-cü il tarixli məhkəmə qərardadından apellyasiya şikayəti verilməsi üçün ərizəçiyə münasibətdə son müddət onun poçt vasitəsilə qərardadı rəsmi aldığı tarixdən 10 gün müddətində olmaqla, xx.xx.2024-cü il tarix hesab olunduğu halda, ərizəçinin nümayəndəsi tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə prosessual müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, ərizəçi tərəfindən mübahisələndirdiyi 26 avqust 2023-cü il tarixli qərardaddan apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyü üçün onun bərpası barədə mötəbər sübutların təqdim olunmadığı, bu barədə müddətin bərpası ilə bağlı ərizə verilmədiyini, əksinə, işdəki sübutlarla ərizəçi tərəfindən prosessual müddətin üzrsüz səbəblərdən ötürüldüyünün təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11428/2023 saylı 26 avqust 2023-cü il tarixli qərardadından ərizəçi “X13” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar