Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3925/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdeh2 qarşı aksiz markası olmayan malların müsadirə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-11674/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh2 məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 58.30 manat olan 51 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 1(122)-838/2025 saylı qərardadı ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdeh2 qarşı "Cavabdeh2 məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 58.30 manat olan 51 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbi”nə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, **********5259 saylı “X2nin həyata keçirilməsi haqqında” Qərarına əsasən, fərdi sahibkar Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Köşk Tural” adlı obyektdə X2 tədbiri həyata keçirilmişdir. X2 tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 58,30 manat olan 51 qutu tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş X2nin nəticəsinə dair” xx.xx.2025-ci il tarixli, DVX seriyalı, 102076 saylı Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2025-ci il tarixli, DVX seriyalı, 002902 saylı Protokol tərtib edilərək götürülmüşdür. Vergi ödəyicisi Cavabdeh2 X2 tədbiri zamanı tərtib olunmuş akt, siyahı, protokollarla tanış olmaqdan, imzalamaqdan və bir nüsxəsini təhvil almaqdan imtina etmişdir. Tərtib edilmiş akt əsasında vergi orqanı tərəfindən xx.xx.2025-ci il tarixli, **********8789 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 58.30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh X1 qarşı “aksiz markası olmayan malların müsadirə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(119)- 1883/2022 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilmişdir. Məhkəmə qərardadında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli qərarına istinad edərək bildirmişdir ki, hazırkı iddia ərizəsi üzrə iddiaçı inzibati orqan olduğundan və “aksiz markası olmayan malların müsadirə edilməsi” barədə iddia tələbi onun ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti ilə bağlı tələb olduğundan - bu mübahisə subyekt tərkibi və mübahisənin irəli gəldiyi hüquq münasibətinin xarakterinə görə inzibati mübahisədir. ... tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır. Bakı İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(112)-11674/2025 saylı saylı qərardadı ilə (hakim G.A.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(112)-11674/2025 saylı qərardadından iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticədən fərqli olaraq aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi qaydası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənmir. Başqa sözlə cavabdehin yol verdiyi pozuntu İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta hesab edilmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 450-ci maddəsində dəyəri 500 manatdan aşağı olan aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması əməli inzibati xəta kimi təsbit edilmişdi. Lakin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli,1357-VQD saylı Qanun ilə 450-ci maddə ləğv edilmişdir. Bununla da qeyd edilən pozuntu inzibati xəta kimi qanunvericilikdən çıxarılmışdır. Həmçinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli, 1356-VQD saylı Qanun ilə Vergi Məcəlləsinə dəyişiklik edilmiş və həmin hal vergi hüquq pozuntusu hesab edilmişdir. Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə həmin Məcəllənin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmçinin həmin Məcəllənin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 449-1-ci maddəsinə əsasən pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədləri üçün nağd qaydada alınması az miqdarda törədildikdə və həmin Məcəllənin 508-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Başqa sözlə desək, cavabdehin yol verdiyi hüquq pozuntusunda İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətaların tərkib əlamətləri yoxdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Belə olan halda məhkəmənin cavabdeh tərəfindən törədilən əmələ inzibati xəta kimi yanaşması, o cümlədən aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi qaydasının inzibati xətalara dair icraat qaydasında baxılmalı olması barədə gəldiyi nəticə tamamilə yanlışdır. Yuxarıda da qeyd etdiyimiz kimi cavabdehin əməli inzibati xəta hesab olunmadığından onun barəsində inzibati məsuliyyət tədbiri kimi inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi olan inzibati tənbeh də tətbiq edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə olan sənədləri tədqiq edib belə nəticəyə gəlir ki, şikayət əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, “X2nin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********5259 saylı Qərara əsasən Cavabdeh2 (VÖEN: **********) məxsus olan obyektdə nağd pul hesablaşmalrının aparılması qaydalarına riayət olunmaması; aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi hallarının müəyyən edilməsi məsələsi(ləri) üzrə xx.xx.2025 il tarixdən xx.xx.2025 il tarixədək (xx.xx.2025 tarixi daxil olmaqla) X2 İş materiallarında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********8789 saylı Qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 58,30 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2025 tarixədək 58,30 manat məbləğin büdcəyə ödənillməsinin təmin edilməsi qərara alınmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 05 saylı Qərarına əsasən, “ ... Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. ... İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. ... Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. ... İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər”. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı vergi ödəyicisinə məxsus aksiz markası ilə markalanmalı olan lakin aksiz markası ilə markalanmamış malların müsadirə edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə əsasən, məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsinə görə, vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələridir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-ci maddəsinə görə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növüdür. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 26.4-cü maddəsinə görə, müsadirənin tətbiqi qaydası bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə müvafiq olaraq, 99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99- 1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə inzibati icraat çərçivəsində “əmlakın müsadirə edilməsi” instutu (proseduru) müəyyən olunmamışdır. Belə ki, qanunvericilik normalarının məzmunundan göründüyü kimi müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması olduğundan “əmlakın müsadirə edilməsi” proseduru (instutu) inzibati xətalar və cinayət qanunvericiliyi ilə tənzimlənir və bu zaman inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlərin, cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın müsadirə edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası ilk növbədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 10 mart 2022-ci il tarixli, 2(102)-2010/2022 saylı qərarındakı hüquqi mövqeyi xatırlatmağı zəruri hesab edir: “Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Müsadirənin anlayışı isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmişdir. Həmin normaya əsasən, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi, əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MPM-lə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi, MPM-nin 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-nin müddəalarına uyğunlaşdırıldığı halda mülki prosesə tətbiq oluna bilər. Digər tərəfdən isə, müsadirə anlayışına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmiş anlayış bu cür iddialara mülki məhkəmə icraatı qaydasında baxılmasını birmənalı istisna edir”. Kollegiya göstərilən hüquqi mövqeyi nəzərə almaqla qeyd edir ki, digər qanunlarda nəzərdə tutulan prosessual hüquq normaları məhkəmə icraatının aparılması qaydalarını və həmin icraat nəticəsində qəbul edilməsi mümkün olan qərarlarla bağlı məsələləri tənzimləyən prosessual qanunvericilik aktlarına daxil edildikdən sonra tətbiq oluna bilər. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatının aparılması qaydaları Vergi Məcəlləsi ilə deyil, İnzibati Prosessual Məcəllə və İnzibati Prosessual Məcəllədə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda isə Mülki Prosessual Məcəllə ilə tənzimlənir. Bu mənada, Vergi Məcəlləsində müəyyən edilmiş qayda, prosessual qanunvericilik aktlarına (İPM və MPM-ə) daxil edilməklə uyğunlaşdırılmadığından, malların müsadirə edilməsi ilə bağlı iddialara mövcud vəziyyətdə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Buna görə də yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı əsasında müsadirə formasında əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması yolveriləndir. Beləliklə, Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində nəzərdə tutulmuş norma hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müvafiq və yetərli əsas qismində təfsir oluna bilməz. Bu zaman müsadirə institutunun yuxarıda istinad olunan normalarda təsbit olunmuş anlamda tətbiqi üçün şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı əməldə təqsirli sayılması və bunun üzərindən həmin əmlakın müsadirəsi üçün tələb olunan digər şərtlərin də yerinə yetirilməsi tələb olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdehə məxsus aksiz markası ilə markalanmalı olan, lakin aksiz markası ilə markalanmamış malların müsadirə edilməsinə nail olmaqdan ibarətdir. İstinad edilən qanunvericilik normalara əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmçinin istinad olunan normalarda inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh tədbiri qismində nəzərdə tutulmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(112)-11674/2025 saylı qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(112)-11674/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3925/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3925/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver