Məhkəmə qərarları › İş №2-1(103)-3930/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3930/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3930/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarlarının ləğv edilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6331/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, həyat yoldaşı A.Əhməd-zadəyə sabiq dövlət qulluqçusu kimi 25 iyul 2016-cı il tarixdə əmək pensiyası təyin edilmiş, onun vəfatından sonra iddiaçı öz əmək pensiyasından imtina edərək 01 sentyabr 2022-ci il tarixədək həmin pensiya məbləğini almış, pensiya ödənişi 01 sentyabr 2022-ci il tarixindən dayandırılmış, sonradan bərpa edilmiş və ona yeni pensiya təyin edilmiş, aldığı məbləğdən əvvəlki illərdə ödənişlər tutulmağa başlanılmışdır. İddiaçı hesab edir ki, cavabdehin həmin hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, əvvəlki pensiyası bərpa edilməlidir. Sonradan dəqiqləşmə əsasında qəbul edilmiş məhkəmə qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üçüncü şəxs kimi iştirakçılığına xitam verilmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə cavabdeh qismində məhkəmə icraatının iştirakçısı tanınmış, İddia tələbi “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının yaşa görə əmək pensiyası təyinatı haqqında qərarının ləğv edilməsini, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və dövlət qulluqçusu ailə üzvü kimi pensiyanın xx.xx.2022-ci il tarixdən bərpa edilməsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filiala həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. İddia tələbinə sonradan verilmiş dəqiqləşmə əsasında qəbul edilmiş məhkəmə qərardadı ilə İddia tələbi “cavabdeh XŞTM-nin xx.xx.2022-ci il tarixli, cavabdeh SÖTMFnin xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, dövlət qulluqçusunun ailə üzvü kimi pensiyanın xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsinin cavabdehlərə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdeh etirazda göstərmişdir ki, dövlət qulluğu stajı olmadığı halda əmək pensiyası ödənişi həyata keçirilmiş, həmin pensiya 01 sentyabr 2022-ci il tarixdən dayandırılmış adi qaydada əmək pensiyası təyinatı üçün sənədlər aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala göndərilmişdir. Həmin Filial tərəfindən 28 sentyabr 2022-ci il tarixli qərarla 25 iyul 2016-cı il tarixdən 201,67 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6331/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı X1 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının dayandırılması haqqında” qərar ləğv edilsin. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı X1 barəsində qəbul edilmiş xx.xx.2022 və xx.xx.2023- cü il tarixli ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması barədə qərarlar ləğv edilmiş və iddiaçının dövlət qulluqçusunun ailə üzvü kimi pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsi cavabdehlər Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6331/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Cavabdehin 16 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət qulluğu stajı olmadığı halda əmək pensiyası ödənilmiş, sonradan pensiya 01 sentyabr 2022-ci il tarixdən dayandırılmış adi qaydada əmək pensiyası təyinatı üçün sənədlər aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala göndərilmişdir. -Cavabdehin 28 iyul 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya 25 iyul 2016cı il tarixdən 201,67 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının hüququ olmadığı halda əmək pensiyası təyin edilmiş 31 avqust 2022-ci il tarixinədək ödəniş edilmişdir. Həmçinin artıq ödəmə müəyyən edilmişdir. -Cavabdehin 13 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya 29 sentyabr 2022-ci il tarixli sərəncam əsasında 2694,98 manat artıq ödəmə müəyyən edilmişdir. Hesablanmış artıq ödəmədən 262,68 manat ailə başçısını itirməyə görə aldığı pensiyadan tutulmuş, 2432,30 manat isə onun razılığı ilə 01 fevral 2023-cü il tarixindən 31 mart 2029-cu il tarixinədək hər ay 33,32 manat tutulacaqdır. -Əmək pensiyasının ümumi əsaslarla yenidən hesablanması haqqında 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iddiaçının əmək pensiyası ümumi əsaslarla yenidən hesablanmış, 311,51 manat əmək pensiyası məbləği müəyyən edilmişdir. -Əmək pensiyasının ümumi əsaslarla yenidən hesablanması haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, iddiaçının əmək pensiyası ümumi əsaslarla yenidən hesablanmış, 376,41 manat əmək pensiyası məbləği müəyyən edilmişdir. -X4 06 iyul 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X2 1975-1987-ci illərdə 26 Bakı Komissarları adına rayonun İcraiyyə Komitəsinin Layihə-Smeta bürosunun rəisi vəzifəsində iş müddətinin dövlət qulluğuna aid olub-olmaması araşdırılmışdır. Buna dair aidiyyəti qurumlara rəy bildirilməsi üçün Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinə sorğular göndərilmiş, 1975-1987-ci illərdə adıçəkilən İcraiyyə Komitəsinin strukturunu və Komitənin Layihə- Smeta Bürosunun hüququ statusunu müəyyən edən sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Həmin sənədlər təqdim edilmədiyindən adıçəkilən illərin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınıb-alınmaması ilə bağlı rəy verilməsi mümkün olmamışdır. -Əmək kitabçasının tərcümə edilmiş hissəsindən görünür ki, iddiaçı 1975-1987-ci illərdə 26 Bakı Komissarları adına rayonun İcraiyyə Komitəsinin Layihə-Smeta bürosunun rəisi vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırda iddiaçı əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlıdır ki, həmin hüquqi nəticələr, həmçinin də digər cavabdeh tərəfindən qəbul edilmiş qərarların da qüvvədən salınmasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh əmək pensiyasının dayandırılmasından öncə, inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun: 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının dayandırılması barədə qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki bu səbəbdən Məhkəmə hesab edir ki, əmək pensiyasının dayandırılması haqqında qərar prosessual baxımından əsassız olduğundan, ləğv olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinə görə, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın:

6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Qeyd olunur ki, 1991-ci il oktyabr 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahı”na əsasən aparılır. Göründüyü kimi iddiaçının mərhum həyat yoldaşının dövlət qullu vəzifələrində stajı olmuşdur ki, həmin staj nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyin edilməsi üçün yetərlidir. Bu zaman dövlət qulluğu stajının istər qüvvədən düşmüş qanunvericilik, istərsə də hazırda qüvvədə olan qanunvericilik baxımından fərqləndirilməsi zərurəti də mövcud deyildir. Belə ki, iddiaçı nəinki 5 il, hətta 15 ildən artıq dövlət qulluğu stajında nəzərdə tutulan vəzifələrdə çalışmışdır. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun -5.1.müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005- ci il tarixdən sonra dəyişiklik) 5.1.Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır. 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -12. Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) -23.1.Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. -23.2.Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya): -7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. -20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr -20.11.1-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. -20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının mərhum həyat yoldaşının 1975-1987-ci illərdə 26 Bakı Komissarları adına rayonun İcraiyyə Komitəsinin Layihə- Smeta bürosunun rəisi vəzifəsində iş müddətinin dövlət qulluğuna aid olub-olmaması ilə əlaqədardır. Cavabdeh həmin dövrü dövlət qulluğu stajına aid etməsə də, nəzərə almamışdır ki, həmin illərin dövlət qulluğuna aid olmaması müəyyən edilməmişdir. Belə ki, X4 məktubundan da göründüyü kimi həmin qurum tərəfindən Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinə sorğular göndərilmiş, 1975-1987-ci illərdə adıçəkilən İcraiyyə Komitəsinin strukturunu və Komitənin Layihə-Smeta Bürosunun hüququ statusunu müəyyən edən sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Həmin sənədlər təqdim edilmədiyindən adıçəkilən illərin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınıb-alınmaması ilə bağlı rəy verilməsi mümkün olmamışdır. Göründüyü kimi dövlət qulluğuna aid olub-olmama barədə rəy verilməsinin mümkün olmaması X6 tərəfindən qeyd edilmişdir ki, həmin hal iddiaçının mərhum həyat yoldaşının dövlət qulluqçusu kimi fəaliyyətini istisna edən hal kimi müəyyən edilməməli AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın xeyrinə şərh edilməlidir. Əks yanaşma, bir tərəfi inzibati orqanlar olan sənədləşmə ilə bağlı məlumatların mövcud olmamasına istinadla digər tərəf kimi sıravi vətəndaşın mülkiyyət hüququna müdaxilə xarakteri daşıyar ki, məhkəmə hesab edir ki, göstərilən hal nəzərə alınmaqla cavabdeh əmək pensiyasını dayandırmaq əvəzinə göstərilən məlumatların mövcud olmamasını iddiaçının xeyrinə şərh etməlidir. Nə qədər ki, inzibati orqan kimi cavabdeh X6 və aidiyyəti qurumlardan iddiaçının mərhum həyat yoldaşının dövlət qulluqçusu olmaması barədə mötəbər sübutları əldə etməmişdir, ehtimala əsaslanmaqla əmək pensiyasının dayandırılması məhkəmə hesab edir ki, qanunsuz və əsassız sayılmalıdır. Həmçinin o da qeyd edilməlidir ki, yuxarıda göstərilən qiymətləndirmə və məhkəmənin hüquqi mövqeyi digər cavabdehin ümumi əsaslarla pensiya təyinatı və yenidən hesablamaları barədə qərarların ləğvi üçün də əsasdır. Nə qədər ki, əmək pensiyasının dayandırılması barədə qərar ləğv edilmişdir, deməli ümumi əsaslarla pensiya təyinatının da düzgünlüyündən söhbət gedə bilməz. BU səbəbdən də əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilərək şəxsin dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyasının bərpası onun hüquqi marağına xidmət etdiyindən, sonradan ümumi əsaslarla aparılmış pensiya təyinatı da qanunsuz və əsassız hesab edilməli, qərarlar ləğv edilməlidir. Məhkəmə kollegiyası tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsinin cavabdehlərə həvalə edilməli olmasına da münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, iddiaçının həmin tələbi İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aid iddia üzrə hüquqi nəticələrin aradan qaldırılması ilə əlaqədardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən tələb mübahisələndirilən qərarların ləğvindən yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına da xidmət edir. Eyni zamanda qeyd edilməlidir ki,cavabdeh tərəfindən əmək pensiyasının dayandırılması 16 sentyabr 2022- ci il tarixli olmuş, pensiya isə 01 sentyabr 2022-ci il tarixdən dayandırılmışdır. Göründüyü kimi dayandırma faktiki olaraq inzibati akt olmadan həyata keçirilmiş, qərar isə sonradan qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6331/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6331/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar