Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3935/2025 13.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "iddiaçıya müddətsiz olaraq təyin edilmiş İİİ qrup əlilliyin etibarsız hesab edildiyi tarixdən, yəni 2019cu ilin sonlarından İİ qrup əlilliyin təyin edildiyi xx.xx.2024-cü il tarixədək əlillik altsistemində bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7471/2025 nömrəli 29 iyul 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müddətsiz olaraq təyin edilmiş İİİ qrup əlilliyin etibarsız hesab edildiyi tarixdən, yəni 2019-cu ilin sonlarından İİ qrup əlilliyin təyin edildiyi xx.xx.2024-cü il tarixədək əlillik altsistemində bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, ona ilk dəfə xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən müddətsiz 3-cü dərəcəli əlillik təyin olunmuşdur. Əlillik təyinatı zamanı diaqnoz bölməsində ‘‘Onurğa sütununun döş fəqərələrinin İİİ-İV dərəcəli kifoskoliozu, kəskin funksiya pozğunluğu ilə. Tənəffüs çatmamazlığı İİ dərəcə. Qamətin pozulması. Qabarıq asteno-nevrotik sindrom. Miokardiodistrofıya" qeyd olunmuşdur. Sonradan, yəni 2019-cu ilin sonlarında iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. Sonradan iddiaçının xəstəliyi ağırlaşmış və 2024-cü ildə o, təkrar müayindən keçirilmiş və ona ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü ildə təyin edilmiş əlilliyin müddəti xx.xx.2026-cı ilədək müəyyən edilmişdir. Ona müddətsiz olaraq təyin edilmiş 3-cü qrup əlilliyin etibarsız hesab edildiyi tarixdən, yəni iyun 2019-cu ilin sonlarından 2-ci dərəcəli əlillik təyin olunan xx.xx.2024-cü ilə qədər əlillik altsistemində bərpa edilməsi zəruridir. Cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. O, yuxarıda qeyd edilən xüsusatlarla bağlı cavabdehə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. İnzibati orqan tərəfindən "İnzibati icraat haqqında" Qanunun müddəaları pozulmuşdur. Eyni zamanda, əlillik meyarlarının müəyyən olunması AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li qərarı ilə təsdiq edilmişdir. Həmin qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamışdır. Xidmət tərəfindən iddiaçının hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Hazırkı mübahisə üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud praktikası vardır. Həmin praktika bu mübahisələrin vətəndaşların xeyrinə həll olunmasını özündə ehtiva edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7471/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubundan daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və növbəti prosessual hərəkətlərin aparılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə hazırkı iddianı məcburetmə haqqında iddia kimi qəbul etsə də, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. AR İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda bununla bağlı mövqe bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-943/2023 nömrəli, 2-1(102) 2692/2023 nömrəli, 2-1(102)- 2442/2023 nömrəli, 2-1(102)-1353/2023 nömrəli və 2-1(102)-2134/2022 nömrəli işlər üzrə qərarları. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qərara gəldi ki, apellyasiya şikayəti əsaslı deyil. Kollegiya ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)". Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Bununla bağlı məhkəmə kollegiyası həmçinin Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar kateqoriya işlər üzrə icmal məktubuna istinadən qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yol veriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericilikdə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Əlilliyin müəyyən edilməsinə dair iddialar da məcburetmə növündə iddia olmaqla iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir. (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən müddətsiz 3-cü dərəcəli əlillik təyin olunmuşdur. 2019-cu ilin sonlarında iddiaçıya təyin edilmiş əlillik əlillik alt sistemində etibarsız hesab edilmişdir. Sonradan xx.xx.2024-cü ildə o, təkrar müayindən keçirilmiş və ona ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin edilərək əlilliyin müddəti xx.xx.2026-cı ilədək müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubundan daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı tərəfindən nə 30 günlük, nə də ki, "İnzibati icraat haqqında" Qanunda göstərilmiş 6 aylıq müddətə riayət edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7471/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azər oğlunun verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7471/2025 nömrəli xx.xx.2025-ci il qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3935/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3935/2025
13.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver