Məhkəmə qərarları › İş №2-1(103)-3938/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3938/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3938/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, 3-cü şəxs X3 nümayəndəsi Nümayəndə iştirakları ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı (üçüncü şəxs: X6) “zirzəmiyə aid divarın bərpa edilməsi və s.″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək binanın 2 otaqlı mənzillər tərəfindən yerləşən və qanunsuz dağıdılan zirzəmiyə aid divarın ilkin layihədəki vəziyyətinə bərpa olunmasının təmin edilməsini, binanın monolit beton tökmə divarını saxlayan 28 mm diametrində “kəmər” adlanan armaturun bərpa olunmasını, zirzəmidə yerləri dəyişdirilən su və kanalizasiya xətlərinin ilkin layihədəki vəziyyətə gətirilməsini, xoşagəlməz hadisələrin qarşısını qabaqcadan almaq məqsədilə qanunsuz açılmış qapı boşluğunun ləğv olunmasını və divarın ilkin layihə şəklində bərpa edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1985-ci ildə dövlət tərefinden insa edilerek istismara verilmis ve tərəfindən insa edilərək istismara verilmiş və dövlət əmlakı kimi tanınan Bakı səhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsində yərləşən 12 mərtəbəli, 1 bloklu, 36 mənzilli 3A sayli bina Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfati İdarəsinin balansındadır. Dövlət tərəfindən təsdiqlənmiş layihəyə əsasən, binanin zirzəmisinə giriş yalnız kiçik texniki qapı vasitəsilə nəzərdə tutulmuşdur. Bu qapı 1 otaqli mənzillərin yərləşdiyi hissədən, yalnız texniki xidmət məqsədilə istifadə üçün nəzərdə tutulmuşdur. Hazırda onlar məhz həmin layihədə nəzərdə tutulan kiçik qapıdan istifadə ədərək zirzəmiyə daxil olurlar. Zirzəminin 75.5 m2 qeyri-yasayış sahəsində, 1 və 2 otaqli mənzillərlə əlaqəli olaraq layihə üzrə kanalizasiya sistemi, su boruları və istilik xəttləri yərləşdirilmisdir. Bu sahə ümumi istifadədə olan texniki zona kimi müəyyən edilmisdir və fərdi mülkiyyətə verilməsi və ya konstruktiv dəyişikliklərə məruz qalması qanunsuzdur. 2010-cu ildə, Binəqədi Mənzil Kommunal Təsərrüfat İdarəsinin (BMKTİ) balansınnda olan binanın 25 illik istismarından sonra, tikinti sahəsində pəsəkar bilikləri olmayan BMKTİ -nin bir vəzifəli səxsi tərəfindən dövlət layihəsində nəzərdə tutulmayan və heç bir rəsmi dövlət orqanından icazə alınmadan, özbaşına olaraq 2 otaqli mənzillərin tərəfindən binanin zirzəmisinə giriş məqsədilə "darvaza boyda" qapı boşluğu açılmısdir (foto-faktlarla təsdiq olunan səkil var). Bu müdaxilə zamani 12 mərtəbəli binanin təxminən 15-18 min ton çəkini daşıyan, monolit tökmə betonlu (38-40 sm qalinliginda) divarina və onun daşıyici ələməti olan 28 mm diametrli "kəmər" adlanan polad armatura zərər vurulmus, nəticədə binanin divarlarında iri çatlar əmələ gəlmisdir. Bu, tikilinin konstruktiv bütövlüyünə və təhlükəsizliyinə ciddi təhdiddir və Azərbaycan Rəspublikasi Cinayət Məcəlləsinin 222-ci maddəsində nəzərdə tutulan "tikinti va istismar zamani təhlükəsizlik qaydalarının pozulmasi" əlamətlərini özündə əhtiva ədir. Bu faktlarla bağlı dəfələrlə Azərbaycan Rəspublikasinin Prezidenti, Baş Prokurorluq, Binəqədi Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarına müraciətlər va məktublar ünvanlanmışdir. Lakin BMKTİ tərəfindən vərilən cavablarda bildirilib ki, "zirzəmi özəldir", "zirzəmidə həç bir dəyişiklik yoxdur" və s. Bu cavablar reallığı əks etdirmir və mövcud qanunsuzlugun örtbasdir edilməsinə xidmət edir. Bununla yanaşı, məsələnin araşdırlması zamanı bir sıra şübhəli və hüquqi cəhətdən qeyri-müəyyən faktlar üzə çıxmısdır: xx.xx.2009-cu il tarixli, rəyəstr kitabi №10, qeydiyyat tarixi ilə 004413 nömrəli Səhadətnamə əsasında Baki səhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsində yərləsən 12 mərtəbəli, 1 bloklu binanin zirzəmisindəki 75.5 m2 qeyri-yasayış sahəsi bilinməyən səbəblərlə X4 adina rəsmiləşdirilmişdir. Halbuki bu sahədə layihəyə uyğun olaraq kanalizasiya, su və istilik sistemləri yərləşir və həmin sahəyə müstəqil giriş, ümumiyyətlə, nəzərdə tutulmamışdır. Bu halda, ümumi istifadədə olan texniki zonanın fiziki səxsə səhadətnamə ilə verilməsi və fərdi mülkiyyət kimi taninmasi qanunvericiliyə nə dərəcədə uygundur? Layihədə ayrıca giriş nəzərdə tutulmayan və ümumi istifadadə olan 75.5 mü sahəyə əvvəlcə şəhadatnamə verilməsi, daha sonra isə qanunsuz şəkildə qapı boşlugu açılaraq həmin sahəyə giriş təmin edilməsi və nəticə etibarilə dövlət qurumlarına səhv va ya yanliş məlumat verilməsi əsasında xx.xx.2012-ci il tarixli RX seriyali ******* nömrəli Çıxarışın əldə olunması da ciddi hüquqi sübhələr yaradır. Sözügədən hallarda cinayət tərkibi əlamatlərinin olmasi ehtimali çox yüksəkdir və hüquqi qiymatləndirilməyə ehtiyac vardır. Bu kimi hallar həm ciddi hüquq pozuntusudur, həm də insanların həyat və sağlamliği üçün birbaşa təhlükə yaradır. Odur ki, məhkəmədən xahişi aşağıdakı kimidir: - Zirzəminin monolit beton divarında qanunsuz şəkildə açılmış qapı boşlugu ləğv edilməli, divar ilkin layihədə nəzərdə tutuldugu kimi betonla bərpa olunmalıdır. - Daşıyıcı konstruksiyaya dəstək olan 28 mm diametrli "kəmər armatur" yerində bərpa olunmalı və tikilinin dayaniqlılığı təmin edilməlidir. - Zirzəmidə qanunsuz səkildə dəyişdirilmiş kanalizasiya, su və istilik sistəmləri layihəyə uyğun şəkildə əvvəlki vəziyyətinə qaytarılmalıdır. - Qanunsuz çıxarış va qeydiyyat sənədlərinin hüquqi əsasi araşdırılmalı və zəruri hallarda ləğv edilməsi təmin edilməlidir. Bu tədbirlərin görülməsi, həm yaşayış binasının təhlükəsizliyinin bərpası, həm də vətəndaşların hüquqlarının müdafiəsi baxımından zəruridir. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1662/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki: “32. Belə ki, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, sədrlik edən sadəcə mübahisənin mülki və ya inzibati münasibətlərdən irəli gələn mübahisə olub-olmaması məsələsini aydınlaşdırmış, mübahisənin mülki hüquq münasibətlərindən irəli gələn mübahisə olduğunu düşündükləri təqdirdə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməli olduqlarını bildirmişdir. 33. Protokolda qeyd edilənlərdən müəyyən olunur ki, iddiaçıya yuxarıda göstərilmiş qaydada hüquqi yardım göstərilməmiş, mübahisənin mülki hüquqdan irəli gələn məsələ olduğu iddiaçı tərəfindən zənn edildiyi halda mülki məhkəmədə iddia qaldırılması bildirilmişdir ki, həmin protokolda qeyd edilənlər də iddiaçıya lazımı qaydada hüquqi yardım edilmədiyini göstərir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsinin qəbulundan imtina edilmiş və iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasın cavabdehin nümayəndəsi olmadan keçirilməsini mümükn hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı ″ zirzəmiyə aid divarın bərpa edilməsi və s.″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Hazırki işin hallarından görünür ki, qeyd edilən qapı boşluğu 2010-cu ildən açılmışdır və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,5 kv.m. olan zirzəmi sahəsindəki qeyri-yaşayış sahəsi xx.xx.2012-ci il tarixdən X3 xüsusi mülkiyyətindədir. İddiaçı isə hazırda həmin sahənin ümumi istifadədə olmasını əsas gətirərək, orada qapı boşluğunun açılmasını mübahisələndirmişdir. İşin apellyasiya baxışı zamanı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Rayon İcra Hakimiyyətinin cari arxivində ünvan 2 ünvanında yerləşən 12 mərtəbəli, 1 bloklu, 36 mənzilli binaya münasibətdə giriş qapısının açılmasına hər hansı icazənin verilib-verilməməsi ilə bağlı məlumat aşkar etmək mümkün olmamışdır. Eyni zamanda DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli ƏMDK göndərilmiş sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ƏMDK tərəfindən ünvan 3 ünvanında yerləşən 75.5 kv.m qeyri-yaşayış sahəsinə dair dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 10-li reyester kitabında 004413 nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2009-cu il tarixli Şəhadətnamə, 003079 seriya nömrəli 27 fevral 2009-cu il tarixli Texniki pasport verilmiş, həmin sənədlərin əsasında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli X1 adına mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Kollegiya qeyd edir ki, 2010-cu ildə açılmış qapı boşluğunun iddiaçı tərəfindən 15 ildən sonra mübahisələndirilməsinə dair qanunvericiliklə yol verilmiş müddətlər ötürülmüşdür. Belə ki, qeyd edilən məsələ (qapı boşluğunun açılımasının qanuniliyi) İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Göründüyü kimi iddiaçının qeyd etdiyi məsələ 2010-cu ildə baş vermişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. Kollegiya qeyd edir ki, hazırkı işdən iddiaçının qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianı mümkün saymamışdır. Eyni zamanda kollegiya onu da qeyd edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,5 kv.m. olan zirzəmi sahəsindəki qeyri-yaşayış sahəsi xx.xx.2012-ci il tarixdən X3 xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsinə cavabdehin hər hansı müdaxiləni həyata keçirməsi və qapı boşluğunun əvvəlki vəziyyətinə qaytarması səlahiyyəti yoxdur. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar