Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-394/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Dövlət Yol Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4905/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Dövlət Yol Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bakı şəhəri Dövlət Yol Polis İdarəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 6000 (altı min) manat mənəvi ziyan, 200 (iki yüz) manat maddi ziyan (110 manat vəkilə ödənilmiş hüquqi xidmət haqqı və 50 manat texniki baxış cəriməsi və 40 manat poçt xidməti xərcləri), cəmi 6200 (altı min iki yüz) manat ziyan tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4905/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və inzibati orqanlara verdiyi iddia ərizəsi inzibati məhkəməyə aid olduğundan həmin məhkəmə tərəfindən icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni iddia ilə ilk dəfə xx.xx.2019-cu ildə 1 saylı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş və iddia icraata qəbul edilərək işə mahiyyəti baxılıb xx.xx.2019-cu il tarixdə iddianın rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan tərəfindən apellyasiya şikayəti verilmiş və vurulmuş ziyanın konkret məbləği ilə bağlı inzibati orqana qarşı pretenziya qaydasında müraciəti olmadığından apellyasiya şikayəti qismən təmin edilib Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, apellyasiya qeyri-mümkün hesab edilərək pretenziya qaydasına riayət edildikdən sonra yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra tərəfindən Bakı şəhəri DYPİ-nə pretenziya məktubu göndərilərək ona vurulmuş ziyanın məbləği qeyd edilib ödənilməsi xahiş edilmişdir. Lakin, Bakı şəhəri DYPİ-dən alınmış cavab məktubunda məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi göstərilmişdir. xx.xx.2020-ci il tarixdə pretenziya məktubu və digər sənədlərlə birlikdə yenidən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdim. Lakin məhkəmə, yuxarıda qeyd etdiyi kimi iddianın ümumi məhkəmədə baxılmalı olduğu səbəbindən inzibati məhkəmədə baxılmasını mümkün saymamışdır. Hazırkı iddiaya əvvəllər nə inzibati məhkəmə tərəfindən baxılıb qərar qəbul edilərkən, nə də apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsində bu iddianın ümumi məhkəməyə aid olub-olmaması ilə bağlı fikir ayrılığı (mübahisə) yaranmamışdır. Yəni, hər iki məhkəmə instansiyası həm iddianı, həm də apellyasiya şikayətini icraata qəbul edərkən bu məsələ müzakirəyə səbəb olmamışdır. Məhkəmələr düzgün olaraq əvvəlki eyni məzmunlu iddianı icraata qəbul etməklə onun inzibati məhkəməyə aid olduğunu təsdiq etmişlər. Ona görə də, iddia tələbindən asılı olmayaraq iddia inzibati orqana qarşı verildiyindən düzgün olaraq aidiyyəti üzrə inzibati məhkəmə tərəfindən icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. Cavabdeh Bakı şəhəri Dövlət Yol Polis İdarəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 7.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinin və hazırki Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı baxımından belə nəticə hasil olunur ki, birinci instansiya məhkəməsi düzgün olaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4905/2020 nömrəli qərardadı ilə İddiaçı tərəfindən qaldırılmış iddia ərizəsini qeyri-mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşdən göründüyü kimi iddia tələbi – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun və onun əsasında açılmış inzibat xəta haqqında işin əsasında dəymiş maddi və mənəvi ziyanın tutulması ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən,fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin, ictimai və dövlət mənafelərinin pozulması hallarının vaxtında aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması məqsədilə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunvericiliyin eyni cür və dürüst icrası dövlət tərəfindən qanunla nəzərdə tutulmuş qaydada təmin edilir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 3-cü abzasında göstərilənlərə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamənin 4.1.2-ci maddəsinə əsasən, Daxili İşlər Nazirliyi əməliyyat-axtarış, təhqiqat, ibtidai istintaq və kriminalistik tədqiqat fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqları həyata keçirir. Göründüyü kimi, inzibati xəta haqqında işə xitam verildikdə, fiziki şəxsin təhqiqat orqanı tərəfindən vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ yaranır. Həmin növ mübahisələrə baxılması isə mülki qanunvericiliyin tələbləri əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi inzibati orqan olmaqdan savayı, həmçinin inzibati xəta haqqında işdə təhqiqat orqanıdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təhqiqat orqan kimi qəbul edildiyindən və hazırki iddianın əsasında duran inzibati xəta haqqında işə xitam verildiyindən, iddiaçıya vurulmuş zərərin dövlət tərəfindən ödənilməsinə baxılması müvafiq olaraq qanunvericiliyin tələbləri baxımından ümumi məhkəmənin səlahiyyətlərinə aiddir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın məhkəmə, ərazi və predmet aidiyyəti və s.) cavab verməlidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı tələblə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ilə aidiyyəti üzrə müvafiq olaraq ümumi məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4905/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-394/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-394/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver