Məhkəmə qərarları › İş №2-1(103)-394/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-394/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-394/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçıların nümayəndəsi X2, iddiaçıların nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə və evin altındakı torpaq sahəsinə hüquqların qeydiyyata alınması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5685/2020 saylı, 23.10.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə hüquqların qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən 21 aprel 2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçıların hər birinin 1/2 hissədə payı müəyyən olunmaqla Xətai rayonu, H.Aslanov qəsəbəsi, 7-ci Dairəvi küçəsi, ev 24 ünvanında yerləşən mənzilə onların hüquqları qeydiyyata alınmışdır. Sonradan həmin mənzil köhnə tikili olduğundan, onun yenidən qurulmasına zərurət yaranmışdır. İddiaçılar təqdim olunmuş layihə üzrə tikinti işlərinin aparılmasına dair Bakı şəhəri Xətai RİH-ə müraciət etmişlər, RİH-in 269 saylı 25 avqust 2016-cı il tarixli sərəncamı ilə onlara müvafiq layihə üzrə tikinti üçün icazə verilmişdir. Həmin sərəncam əsasında tikintisinə icazə verilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 60, 71, 72, 80, 147-ci maddələrinə, İPM-in 2.2, 12, 13, 35.1, 45-ci maddələrinə əsaslanaraq, iddiaçıların Xətai RİH-in 269 saylı 25 avqust 2016-cı il tarixli sərəncamına əsasən tikintisinə icazə verilmiş fərdi yaşayış evinə 1/2 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 269 saylı, 25.08.2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 794.4 kv.m torpaq sahəsinə 1/2 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasın xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5685/2020 saylı qərarı ilə (hakim: R.Kərimli) iddia təmin edilərək, iddiaçıların hər birinin 1/2 hissə payı müəyyən edilməklə Bakı şəhəri Xətai RİH-in 269 nömrəli 25 avqust 2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun altındakı 794.4 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçıların iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-928/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5685/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, iddiaçıların hər birinin ½ hissədə payı müəyyən edilməklə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 269 nömrəli 25 avqust 2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçılar və cavabdeh kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1172/2021 nömrəli, 14.09.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətlər qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-928/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərarı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayətləri qalan hissədə təmin edilməmişdir. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi və cavabdeh iddiaçıların torpaq üzəridə mülkiyyət hüquqlarının olmamasını bildirirlər. İddiaçılar isə torpaq üzərində mülkiyyət hüquqlarının əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29.09.2000-ci il tarixdə verilmiş “Fiziki şəxslərin mülkiyyətində olan tikililərin qiymət cədvəli”nə istinad edirlər. Həmin sənəddə iddiaçıların atasına məxsus yaşayış evinin yerləşdiyi torpaq sahəsinin planı əks olunmuş və torpaq sahəsinin faktiki olaraq 794.4 kv.m olması qeyd edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi həmin sənədi hüquqmüəyyənedici sənəd kimi qəbul etməmiş, iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olmamasını qeyd etməklə İPM-nin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, işə baxan apellyasiya məhkəməsi ilk növbədə həmin sənədlə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə sorğu ilə müraciət etməli və sənədin arxivdə olan nüsxəsini tələb etməli idi. Bundan sonra (sənədin həqiqiliyi öz təsdiqini tapdıqdan sonra), həmin sənədin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulub-tutulmamasına, xüsusilə “Fiziki şəxslərin mülkiyyətində olan tikililərin qiymət cədvəli”n üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportu (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əvəz edib-etməməsinə qiymət verilməli idi. Torpaq sahəsinin iddiaçıların istifadəsində (ilk əvvəl isə onların atalarının) qanuni əsaslarla olması təsdiq edildiyi halda iddiaçıların torpaq sahəsinə münasibətdə iddia tələbləri təmin oluna bilər. Bundan əlavə, iddiaçıların yeni inşa etdiyi fərdi yaşayış evinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlillərindən belə məlum olur ki, iddiaçılar sözügedən torpaq sahəsində 1 ədəd 2 mərtəbəli, mansardlı, yarımzirzəmili yaşayış evi (ümumi sahəsi – 441.3 kv.m) və 3 ədəd 1 mərtəbəli tikililər inşa etmişdir. Belə olan halda, işə baxan apellyasiya məhkəməsi mütəxəssis cəlb etməklə fərdi yaşayış evinin faktiki vəziyyətini öyrənməli, bundan sonra həmin fərdi yaşayış evinin Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına əsasən tikintisinə icazə tələb olunan tikinti obyekti və yaxud məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olmasını müəyyən etməli, daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq fərdi yaşayış evinin tikintisinin həyata keçirilib-keçirilməməsi, müvafiq olaraq (tikintisinə icazə tələb olunan tikinti obyekti və yaxud məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olmasından asılı olaraq) fərdi yaşayış evinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına riayət edilib-edilməməsinə qiymət verilməlidir. Başqa sözlə, daşınmaz əmlak üzərində hüquqların qeydə alınması zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulan və təqdim edilməsi zəruri olan hüquq müəyyənedici sənədlərin mövcudluğuna qiymət verilməli və yalnız müvafiq mötəbər sənədlərin mövcudluğu halında iddia tələbi təmin edilməlidir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5685/2020 saylı, 23.10.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5685/2020 saylı, 23.10.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5685/2020 saylı, 23.10.2020-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıların atası X3 ünvan 1 ünvanında yerləşən mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən texniki pasport verilmişdir. Həmin texniki pasporta əsasən, Nəsib Səmədova məxsus mənzilin ümumi sahəsi 52 kv.m, o cümlədən yaşayış sahəsi 34 kv.m müəyyən edilmişdir. Daha sonra, qeyd edilən (34 kv.m) mənzilə mülkiyyət hüququ hər birinə ½ pay müəyyən edilməklə paylı mülkiyyət hüququ ilə iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı, ******* nömrəli və ******* nömrəli, 21.04.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmış hüquqların dövlət reyestrindən çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən, 3 otaqdan ibarət və yaşayış sahəsi 34 kv.m olan mənzil iddiaçılara məxsusdur. Xətai Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2016-cı il tarixli 269 nömrəli Sərəncamı ilə İddiaçı2 xüsusi mülkiyyətində olan Dairəvi-7 küçəsi, ev 24 ünvanında köhnə tikilinin sökülüb yerində təqdim edilmiş layihəyə uyğun olaraq yeni fərdi yaşayış evinin tikintisinə icazə verilməsi, yaşayış evinin tikintisinin və layihə sənədlərinin tərtib edilməsinin vətəndaşın hesabına yerinə yetirilməsi, evin layihə sənədlərinin rayon memarı ilə razılaşdırılması, tikintisi başa çatdırılmış yaşayış evinin istismara qəbul edilməsi məsələsinə baxılmasının “Evlərin hüquqi qeydiyyata alınması komissiyası”na həvalə edilməsi qərara alınmışdır. İddiaçılar cavabdehə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 7-ci Dairəvi küçəsi ünvanında yerləşən mənzilə və torpaq sahəsinə dair vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişlər. Cavabdeh **********62 saylı, 11 iyun 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, qeyd edilən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmiş və həmin mənzil sökülmüşdür. Yeni inşa edilmiş fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Həmçinin, istifadədə olan torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən tikili iş materiallarında olan texniki pasporta və AR NK yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi tərəfindən verilmiş qiymətləndirmə cədvəlinə əsasən “fərdi yaşayış evi”dir, “mənzil” deyil. Lakin DƏDRX tərəfindən hazırkı iddiaçılara tikiliyə dair verilmiş əvvəlki reyestrdən çıxarışda onun növü “mənzil” kimi göstərilmişdir. Odur ki, tikiliyə münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarının tətbiqi yolverilən deyil və reyestrdəki qeydiyyatda əmlakın növü ilə bağlı düzəliş olunması zəruridir. Qeyd olunmalıdır ki, tikili fərdi yaşayış evi olduğu halda, onun texniki sənədlərdə əks olunan 794.4 kv.m ölçüdə həyətyanı torpaq sahəsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəalarına əsasən iddiaçıların mülkiyyətinə keçmiş olur və onların həmin torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Tikilinin fərdi yaşayış evi olduğu halda isə, onun yeni layihəsi üzrə dəyişdirilməsinin, yəni yenidən tikilməsinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74, 79, 80-cı maddələrinə müvafiq olaraq, “tikintiyə icazə” almadan “məlumatlandırma icraatı” tətbiq edilməklə (yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən artıq olması və s. halların mövcudluğu məhkəmə icraatında bildirilməmişdir) həyata keçirilməsi mümkündür. Hansı ki, iddiaçı tərəf yeni layihə üzrə evin tikintisinə dair müraciət etmiş və ona müvafiq icazə verilmişdir. İddiaçıların fərdi yaşayış evinin yeni layihəsi üzrə tikintisinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas mövcuddur. Ona görə də, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müvafiq sorğu ünvanlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən БТИ-nin 014134 nömrəli, 11.05.1996cı il tarixli qeydiyyat vəsiqəsi əsasında X3 verilmiş H.Aslanov qəs., 7-ci dairə, ev 24 ünvanında yerləşən yaşayış evinin qiymət cədvəlinin əslinin (torpaq sahəsinin və tikilinin planı əlavə olunmaqla) məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, qeyd olunan mənzil ilə bağlı arxiv qovluğunda qiymət cədvəli və torpaq sahəsinin planına dair məlumat (sənəd) aşkar edilməmişdir. Sözügedən mənzil ilə əlaqədar arxiv qovluğunda mövcud olan həmin mənzilə dair planın əsli cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış evi "xxxx" MMC tərəfindən tərtib olunmuş, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş fərdi yaşayış evinin eskiz layihəsinə uyğun tikilmişdir?

2. Evin faktiki ölçüləri layihədə göstərilən ölçülərlə üst-üstə düşürmü?

3. Evin yerləşdiyi torpaq sahəsində başqa tikililər varmı? Onlar hansılardır? 30.12.2021-ci il tarixli, 103 nömrəli ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir:

1. ünvan 1 ünvanında yerləşən yaşayış evi "xxxx" MMC tərəfindən tərtib olunmuş, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş fərdi yaşayış evinin eskiz layihəsinə uyğun tikilmişdir.

2. Tədqiq olunan evin faktiki ölçüləri layihədə göstərilən ölçülərlə üst-üstə düşür.

3. Tədqiq olunan evin yerləşdiyi torpaq sahəsində 1 ədəd layihəyə uyğun inşa edilmiş yeni fərdi yaşayış evi və 3 ədəd birmərtəbəli yaşayış evləri mövcuddur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Torpaq islahatı haqqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasənm tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə görə 2006cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair aşağıdakı sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: -tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (8.0.10.1); -məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (8.0.10.2). Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda nəzərdə tutulmuş səınədlər sırasına aşağıdakılar da aiddir: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – (1.11) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 1 yanvar 2001ci il tarixədək tərtib olunmuş texniki pasport (texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, tikili fərdi yaşayış evi olduğu halda, onun texniki sənədlərdə əks olunan 794,4 kv.m ölçüdə həyətyanı torpaq sahəsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəalarına əsasən iddiaçıların mülkiyyətinə keçmiş olur və onların həmin torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Tikilinin fərdi yaşayış evi olduğu halda isə, onun yeni layihəsi üzrə dəyişdirilməsinin, yəni yenidən tikilməsinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74, 79, 80-cı maddələrinə müvafiq olaraq, “tikintiyə icazə” almadan “məlumatlandırma icraatı” tətbiq edilməklə (yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən artıq olması və s. halların mövcudluğu məhkəmə icraatında bildirilməmişdir) həyata keçirilməsi mümkündür. Hansı ki, iddiaçı tərəf yeni layihə üzrə evin tikintisinə dair müraciət etmiş və ona müvafiq icazə verilmişdir. Belə olan halda, iddiaçıların fərdi yaşayış evinin yeni layihəsi üzrə tikintisinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas mövcuddur. Ona görə də, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5685/2020 saylı, 23.10.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar