Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-394/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6241/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçası üzrə xx.xx.1993cü ildən xx.xx.1999-cu ilə kimi “Azərkəndsutəchizat” X2 işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində əmək kitabçası 03 dekabr 1980ci ildə hələ SSRİ vaxtında açılmışdır. İddiaçı əmək fəaliyyətinə xx.xx.1980-ci ildə başlamışdır. xx.xx.1993-cü ildə “Azərkəndsutəchizat” X8 ekonomist vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1999-cu ildə isə öz ərizəsi ilə işdən azad edilmişdir. Bu barədə əmək kitabçasında da qeydlər aparılmışdır. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, “təqdim edilən sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 18 il 6 ay 26 gün təşkil edir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 1 ay 26 gün sığorta stajına uyğun olaraq 15888,78 manat xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək (1 il 5 ay sığorta satjına uyğun) 1279,68 manat olmaqla ümumilikdə 17168,46 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu (işdən azad edilmə qeydləri səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmədiyindən) həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmin idarənin əməkdaşı şifahi olaraq isə bildirmişdir ki, əmək kitabçasında xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə kimi “Azərkəndsutəchizat” X8 işlədiyi dövrə aid işdən çıxma ilə bağlı qeyddə vəzifəli şəxsin soyadı göstərilməmiş, həmçinin əmək kitabçasında qeydin mətni kirill qrafikası ilə yazıldığı halda müəssisənin möhürünün içində adı latın qrafikası ilə yazılmışdır. 1998-ci ildə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin Sənaye Kombinatının inzibati binasını zəbt etdikdən sonra konsernin fəaliyyəti mümkün olmamışdır. Məcburi köçkünlər qanunsuz olaraq müəssisəsinin inzibati binasına daxil olaraq mühasibat otağı, arxiv və digər otaqları zəbt edərək müəssisəyə məxsus inventarları, sənədlərin saxlandığı papka və şkafları əksəriyyətini məhv etmişlər. Bu barədə xx.xx.1998-ci il tarixdə akt tərtib edilmiş, həmin aktda kombinata məxsus əsas vəsaitlərin və inventarların sındırılması idarənin arxivdə olan sənədlərinin dağıdılaraq faktiki olaraq məhv edildiyi qeyd olunmuşdur. xx.xx.1998-ci i tarixdə eyni məzmunlu məktubla Binəqədi Rayon Prokurorluğuna da müraciət edilmişdir. Hətta “Azərkəndsutəchizat” Konserni Sənaye X1 və digərlərinə qarşı iddia ərizəsi əsasında Binəqədi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi əsasında həmin şəxslərin ailə üzvləri ilə birlikdə Xırdalan qəsəbəsi, Dostluq küçəsində yerləşən “Azərkəndsutəchizat” X5 məxsus inzibati binasından çıxarılması qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş və bununla bağlı icra sənədi verilmişdir. İddiaçı belə bir qarışıqlıq səbəbindən xx.xx.1999-cu ildə işdən çıxmalı olmuşdur. Daha sonra iri dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi ilə əlaqədar direktor tərəfindən əsas vəsaitlər yeni təyin edilmiş A.Orucova akt əsasında təhvil verilmiş, möhürlərin puç edilməsi ilə bağlı xx.xx.1999-cu il tarixdə digər bir akt tərtib edilmişdir. Həmin dövrdə Sənaye Kombinatının direktoru X4, direktor müavini isə Cəlilov Ruflan olmuşdur. Hazırkı iş üzrə Sənaye Konserninin direktoru direktoru X4 iddiaçının həmin dövrdə “Azərkəndsutəchizat” X13 rəsmi işçisi olduğunu və xx.xx.1999- cu il tarixdə işdən azad edildiyini təsdiq edə bilər. Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda “Azərkəndsutəchizat” X3 (“X15”) arxiv sənədlərinin mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə, Dövlət Arxivinin Bakı Filialına və Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur. Lakin pensiya təyin edən qurum tərəfindən iddiaçının əmək kitabçasında “Azərkəndsutəchizat” X6 əmək fəaliyyəti ilə bağlı qeydlərin düzgün yazılmamasını, başqa sözlə əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyi bəhanə edilərək həmin dövrün sosial sığorta stajına daxil edilməməsi tamamilə qanunsuz və əsassızdır. Əgər həmin dövr də nəzərə alınsa, iddiaçının 25 illik stajı tamamlanmış olur və nəticədə yaşa görə pensiya hüququ yaranır. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı və qanuni hesab oluna bilməz. Mənim yaşa görə pensiya hüququ pozulmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, hazırkı iş üzrə iddia tələbi əsassız və qanunsuz olduğu üçün iddianın təmin edilməməsinə dair qərar qəbul edilməlidir. İddiaçı ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən onun sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 18 il 6 ay 26 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 1 ay 26 gün sığorta stajına uyğun olaraq 15888,78 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (1 il 5 ay sığorta stajına uyğun) 1279,68 manat olmaqla, ümumilikdə 17168,46 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1999cu il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu (işdən azad edilmə qeydləri səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmədiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6241/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasına baxdıqda, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərə dair qeydlərdə doldurulma qaydası pozulduğu (işdən azad edilmə qeydləri səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməmişdir) aydın görünür. Göründüyü kimi qanunvericliyin normalarına əsasən İddiaçı tələb olunan ümumi (25 il) eyni zamanda tələb olunan pensiya kapitalına malik olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığ olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Beləliklə, Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına (61 yaş 6 ay) çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İddiaçının 61 yaş 6 ayı xx.xx.2020-ci ildə tamam olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı iddiaçının 25 il sığorta stajına malik olmaması ilə bağlıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən sığorta stajı 18 il 6 ay 26 gündür. İddiaçının cavabdeh tərəfindən hazırda mübahisə edilən staj dövrü xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrləri əhatə edir. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarət olmuşdur ki, həmin dövrün doldurulma qaydası pozulduğundan, yəni işdən azad edilmə qeydlərinin səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmədiyindən, beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına uyğun tərtib edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən imtina dəlilini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Mədətov Məmməd-Hüseyn Mədət oğlu bildirmişdir ki, 1991-ci ildən 1999-cü il tarixədək “Azərkəndsutəchizat” X2 müdir vəzifəsində işləmişdir, İddiaçı isə 1993-1999-cu il tarixlərində həmin kombinatda iqtisadçı vəzifəsində işləmişdir. Eyni zamanda qeyd etdi ki, kombinatda işçilərin (iddiaçı da daxil olmaqla) əmək kitabçaları müavin vəzifəsində işləyən Cəlilov Ruflan tərəfindən imzalanır, daha sonra isə müdir (Mədətov Məmməd-Hüseyn Mədət oğlu) tərəfindən möhürlə təsdiq edilirdi, işçilərin işdən azadolma əmri isə müdirin özü tərəfindən imzalanırdı. 1999-cu ildə X21 Cəmiyyətinə çevrilməsi ilə əlaqədar bir sıra işçilər (iddiaçı da daxil olmaqla) öz xahişi ilə işdən azad edilmiş, işləməyə davam etmək istəyən şəxslərin siyahısı isə akt üzrə təhvil verilmişdir. İzahatına əlavə etdi ki, həmin dövrdə bir sıra qaçqın ailələrin kombinata məxsus inzibati binanı qanunsuz zəbt etməsi ilə əlaqədar olaraq həmin dövrə aid bir sıra sənədlər məhv olmuşdur. İş materiallarında olan xx.xx.1998-ci il tarixdə tərtib edilmiş Akta əsasən 29 sentyabr 1998-ci il tarixində təxminən saat 16:00-17:00 aralığında Kəlbəcər rayonundan qaçqın olan bir qrup adamlar Kombinatın inzibati binasına birinci mərtəbənin divarlarını sökərək binaya daxil olub onu zəbt etmişdirlər. X15 tərəfindən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna ünvanlanan xx.xx.1998ci il tarixli məktubda qeyd edilmişdir ki, 29 sentyabr 1998-ci il tarixdə Kəlbəcər rayonundan olan bir qrup qaçınlar kombinatın inzibai binasının 1-ci mərtəbəsinin divarlarını söküb binaya daxil olmuşlar. Sonradan 1-ci və 2-ci mərtəbədəki bütün otaqların, binanın giriş dəmir qapısının açarlarını sındırıb otaqları zəbt ediblər. İdarənin arxivində, mühasibətdə, kadrlar şöbəsində olan sənədlər hesabat edilib, çoxu məhv edilmişdir. Otaqlarda olan əsas vəsait və inventarlar sındırılmış, bəziləri isə yoxa çıxmışdır. Binəqədi qəsəbəsi 6 saylı polis bölməsinin sahə müvəkkili polis komutanı Mahmud İbrahimov və Binəqədi rayon Xırdalan sanəye kombinaının direktoru M.Mədətov tərəfindən tərib olunmuş 16 noyabr 1998-ci il tarixli Akta əsasən 29 sentyabr 1998-ci il tarixdə 29 nəfər məcburi köçkün kombinaın inzibati binasını qeyri-qanuni zəbt edərək məskunlaşmışdırlar. Həmin 4 ilə Kəlbəcər rayonundan, 3 ailə isə Cəbrayıl rayonundan olan köçkünlərdir. Heç bir ailə Binəqədi rayon İcra Hakimiyyətindən köçkün qeydiyyatdan keçməmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-342/1999 nömrəli Qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X17, X19, X20, X14, X24, X7 və X11 digər ailə üzvləri birlikdə Bakı, 370099, Xırdalan qəsəbəsi, Dostluq küçəsində yerəşən “Azərkəndsutəchizat” X5 məxsus inzibati binadan çıxarılmışdırlar. xx.xx.1999-cu tarixli Aktlara əsasən A.X22 sədr vəzifəsinin icrası Dövlət Əmlak Komitəsinin 28 sentyabr 998-ci il tarixli 573 RK saylı əmri ilə həvalə ediliyinə görə direktor M.M.Mədətovun hesabında olan X15nın xx.xx.1998- ci il tarixinə olan əsas vəsaitlər və əməkçilərin siyahısı yeni təyin edilmiş A.İ.Orucova təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş aktlardan da aydın olur ki, Ruflan Cəlilov direktor müavini vəzifəsində çalışmışdır. Apellyasiya baxışı zamanı həmin şəxsin şahid qismində çağırılıb dindirilməsi məsələsi müzakirə edilmiş, lakin iddiaçının nümayəndəsi və vəkili həmin şəxsin vəfat etdiyini bildirmişdir. Bundan əlavə “Azərkəndsutəchizat” X2 müdir vəzifəsində işləmiş Mədətov Məmməd-Hüseyn Mədət oğlunun yenidən çağrılıb dindirilməsi barədə bildiriş göndərilsə də həmin şəxsin də vəfat etməsi barədə məlumat daxil olmuşdur. Odur ki, məhkəmə kollegiyası əmək kitabçasındakı və iş materiallarına əlavə olunmuş aktlardakı imzaları nəzərdə keçirdərək müəyyən edir ki, imzaların eyniliyinə şübhə doğuran hər hansı hal yoxdur. İddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış, həmin dövrdə iddiaçının işlədiyi müəssisədə (“Azərkəndsutəchizat” X2) müdir vəzifəsində işləmiş Mədətov Məmməd-Hüseyn Mədət oğlunun izahatı ilə təsdiqlənmişdir və həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 61 yaş 6 ayının tamam olduğu tarixə 25 ildən çox ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçıya məxsus əmək kitabçasının əslinə baxış keçirilmişdir, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməmiş, iddiaçıya pensiya təyin edilməsindən imtina edərkən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrdəki stajını əmək kitabçasında dövrün doldurulma qaydasının pozulmasına istinad edərək qəbul etməmişdir. İşin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi iş stajı əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. Məhkəmə kollegiyası xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlə bağlı əmək kitabçasının doldurulma qaydasının pozulması dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1 -ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Cavabdehin istinad etdiyi eyni faktla bağlı qeyd olunmalıdır ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə yəni, əmək kitabçasında onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər işçinin (hazırda iddiaçının) deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq müəssisə tərəfindən əmək kitabçasının doldurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olaraq tərtib edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın iş üzrə əsas gətirdiyi hal formal tələblərə əsaslanır və bu isə özlüyündə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edildiyi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, iddiaçının tələbində ötən dövrlər üzrə ödənilməli olan pensiya məbləğinin ödənişi ilə bağlı tələb əks olunmasa da, icra zamanı qeyri-müəyyənliyin mövcud olmaması üçün nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6241/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-394/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-394/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver