Məhkəmə qərarları › İş №2-1(103)-3942/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3942/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3942/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3801/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xidmət illəri üçün müvafiq təminat xərcləri 01 iyul 2017-ci il tarixə kimi 3 faizi miqdarında, 01 iyul 2017-ci ildən 07 iyul 2023-cü il tarixə kimi təminat xərclərin 2 faiz miqdarında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, 2002-2003-cü illərdə hərbi xidmətdə olmuşdur. 27 dekabr 2003-cü il tarixdən 07 iyul 2023-cü il tarixə kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xidmət etmişdir. 07 iyul 2023-cü il tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısına” əsasən güzəştli şərtlərlə pensiyaya çıxmışdır. xx.xx.2023-cü il tarixə kimi qulluq müddəti güzəştli pensiya ilə hesablanmaqla 27 il 06 ay 10 gün təşkil edir. Hazırda ona güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin pensiya təyin edilərkən düzgün hesablanmamışdır. Ona 2003-cü ildən 2017-ci ilə kimi xidməti həmin vaxt qüvvədə olan “Əmək pensiyaları” haqqında qanunun müdəaları tətbiq edilməli, müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, 01 iyul 2017-ci il tarixdən sonrakı dövr üçün isə təminat xərcləri 2 faizlə hesanlanmalıdır. İşə daxil olarkən pensiyasına əlavə 3 faiz nəzərdə tutulurdu. Sonradan həmin məbləğin 2 faizə endirilməsi ona təyin edilmiş pensiyaya təsir etməməlidir. Xüsusi X2 xidmət keçdiyi bütün illəri 2 faizlə hesablaması əsassızdır. Qanunun dəyişməsinə baxmayaraq ona pensiya tam olaraq 3 faizlə hesablanmalı idi. Əgər Qanuna dəyişiklik xx.xx.2017-ci ildə olmuşdursa, o halda həmin ilə qədər 3 faizlə hesablanmalıdır. Belə ki, cavabdeh təşkilatın imtina məktubunda göstərdiyi maddi hüquq normaları onun vəziyyətini ağırlaşdırır, ağırlaşdırıcı hallarda isə qanunun geriyə qüvvəsi şamil oluna bilməz…” Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-256101/2023 nömrəli imtina məktubunda imtinanın əsası kimi bildirmişdir ki, xidmət etdiyi orqandan 7 iyul 2023-cü il tarixdə tərxis olunması ilə əlaqədar, Mərkəzi Filiala iddiaçı ilə bağlı təqdim olunmuş məlumat vərəqində cəmi xidmət müddəti ümumilikdə 27 il 6 ay 10 gün (təqvimi xidmət illəri 21 il 7 gün (1 iyul 2017-ci il tarixinədək 15 il 1 gün. 1 iyul 2017-ci ildən sonra 6 il ö gün), güzəştli xidmət illəri 6 il 6 ay 3 gün) vəzifə maaşı 358,00 manat, rütbə maaşı 127,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə 194,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 89,50 manat, vəzifə maaşının 20 faizi miqdarında əlavə 71,60 manat, vəzifə maaşının 25 peşəkarlıq, fərqlənməyə görə əlavə 89,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1083,10 manat göstərilmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya 8 iyul 2023-cü il tarixindən Qanunun 20.14.1-ci maddəsinə əsasən müvafiq təminat xərcliyinin (1083,10 manat) 65 faizi-704,02 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1249,06 manat fərq məbləğinin cari ilin oktyabr və noyabr aylarında hissə-hissə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutuluşdur. İddia ərizəsinə dair etirazında cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının Əmək pensiyaları haqqında Qanunun 9.5- ci maddəsinin tələblərinə əsasən hərbi qulluqçu kimi əmək pensiyası hüququnu müəyyən edən 20 təqvim ili xidmət müddəti 1 iyul 2017-ci il tarixədək mövcud olmadığından, həmin Qanunun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş müddəalarına uyğun olaraq 20 ildən artıq hər xidmət ili üçün təminat xərcliyinin 3 faizinin iddiaçının əmək pensiyasının hesablanması üçün tətbiqi mümkün hesab edilmir…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3801/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar əsassızdır. Məhkəmənin gəldiyi nəticə ilə işin faktiki halları arasında heç bir əlaqə yoxdur. Belə ki, məhkəmə inzibati orqan tərəfindən yol verilmiş aşkar qanunsuzluqların aradan qaldırılmasını təmin etmək əvəzinə onun hüquqlarını pozmuş və əsassız olaraq iddia tələbi təmin edilməmişdir. 2002-2003-cü il tarixlər hərbi xidmətdə olmuş, 27 dekabr 2003-cü il tarixdən 07 iyul 2023-cü il tarixə kimi, Ədliyyə Nazirliyində xidmət etmiş, 07 iyul 2023-cü il tarixdə ehtiyata buraxılmış, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısına” əsasən güzəştli şərtlərlə pensiyaya çıxmışdır. xx.xx.2023-cü il tarixə kimi onun qulluq müddəti güzəştli pensiya ilə hessablanmaqla 27 il 06 ay 10 gün təşkil edir. Hazırda güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin pensiya təyin edilərkən düzgün hesablanmamışdır. O, pensiyasının düzgün hesablanmadığına görə Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filiala müraciət edib. Cavabdeh təşkilat cavabında bildirmişdir ki, hərbi qulluqçu kimi əmək pensiyası hüququnu müəyyən edən 20 təqvim ili xidmət müddəti 1 iyul 2017-ci il tarixədək mövcud olmadığından həmin Qanunun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş müddəalarına uyğun olaraq 20 ildən artıq hər xidmət ili üçün təminat xərcliyinin 3 faizinin əmək pensiyasının hesablanması üçün tətbiqi mümkün hesab edilməmiş və tələbinin təmin edilməsindən imtina edilmişdir. Ona görə də ona 3 faizlə deyil, 2 faizlə hesablanmışdır. 2003-cü ildən 2017-ci ilə kimi, ona həmin vaxt qüvvədə olan “Əmək pensiyaları” haqqında qanunun müdəaları tətbiq edilməli, müvafiq təminat xərcliyinin 3 faizi miqdarında 01 iyul 2017-ci il tarixdən sonrakı dövr üçün isə təminat xərcləri 2 faizlə hesanlanmalıdır. O, işə daxil olarkən pensiyasına əlavə 3 faiz nəzərdə tutulurdu. Sonradan həmin məbləğin 2 faizə endirilməsi ona təyin edilmiş pensiyaya təsir etməməlidir. Xüsusi X1 xidmət keçdiyi bütün illəri 2 faizlə hesablaması əsassızdır. Qanunun dəyişməsinə baxmayaraq pensiya tam olaraq 3 faizlə hesablanmalı idi. Əgər Qanuna dəyişiklik xx.xx.2017-ci ildə olmuşdursa, o halda həmin ilə qədər 3 faizlə hesablanmalıdır. Belə ki, cavabdeh təşkilatın imtina məktubunda göstərdiyi maddi hüquq normaları onun vəziyyətini ağırlaşdırır, ağırlaşdırıçı hallarda isə qanunun geriyə qüvvəsi şamil oluna bilməz. 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi. 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xəreliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında müəyyən edilməklə hesablanır. Həmin Qanun 01 iyul 2017-ci ildən qüvvəyə minmişdir və ağırlaşdırıçı hallarda Qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Pensiyaya çıxarkən onun iş stajı yuxarıda qeyd olunan dəyişikliyə uyğun olaraq 15 ildən artıq olmuşdur. Buna görə də ona pensiya 3 faizlə hesablanmalı idi…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının 1 iyul 2017-ci il tarixdək 20 il hərbi xidməti mövcud olmadığından, həmin tarixədək Əmək pensiyaları haqqında Qanunun 20.14.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən 3 faiz əlavəni almaq hüququna malik olmadığını, pensiya hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən isə ona 20 ildən artıq hər xidmət ilinə görə 2 faiz əlavə nəzərə alınmaqla, pennsiyasının hesablandığını bildirərək, birinci instansiya məhəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının xx.xx.2017ci il tarixədək 20 il deyil, 19 il 6 ay 2 gün xidmət müddəti olmuş, bununla da o, 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə hesablanması hüququna malik olmamış, ərizəsindən ağırlaşdırıcı hallarda qanunun geriyə qüvvəsinin olmadığını bildirsə də, xx.xx.2017-ci il tarixədək qüvvədə olan müddəa iddiaçıya o halda tətbiq edilə bilərdi ki, onun həmin tarixə artıq 20 il xidmət müddəti tamam olsun və onun həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hüququ yaransın. Nə qədər ki, iddiaçının belə bir hüququ yaranmamış, ona əmək pensiyası xx.xx.2023-cü il tarixdə təyin edilmişdir, deməli, cavabdeh həmin tarixdə qüvvədə olan qanunvericiliyi iddiaçıya tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, işin hallarından görünür ki, iddiaçının xitmət etdiyi AR ƏN Penitensiar Xidmətiin məlumat vərəqinə əsasən xx.xx.2017-ci il tarixinə qədər onun 15 il 7 gün (güzəştli 4 il 5 ay 1 gün), xx.xx.2017-ci il tarixindən sonra 6 il 6 gün (güzəştli 2 il 2 gün) olmaqla, təqvim üzrə cəmi 21 il 7 gün, ümumilikdə isə 27 il 6 ay 10 gün xidmət etdiyi, xx.xx.2023-cü il tarixdə onun ehtiyata buraxıldığı, beləliklə də xx.xx.2017-ci il tarixə cəmi xidmət müddəti 19 il 6 ay 2 gün, xx.xx.2017-ci il tarixdən sonra 8 il 8 gün təşkil etdiyi və təminat xərcliyinin cəmi məbləği 1083.10 manat hesablandığı işin mübahisələndirilməyən halıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq, iddiaçıya 27 il 6 ay 10 gün xidmət müddəti üçün təminat xərcliyinin (1083,10 manat) 65 faizi (20 ilə görə 50 faizi, 7 ilə görə 14 (7x2) faiz və 6 aya görə 1 faiz əlavə nəzərə alınmaqla - 704,02 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Konkret halda, iddiaçı həmin hesablama ilə razılaşmayaraq mübahisələndirir ki, onun pensiyasına əlavə 20 ildən artıq olan hər xidmət ilinə görə Qanunun sözügedən maddəsinin 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olan redaksiyası tətbiq olunmaqla, ona 01 iyul 2017-ci il tarixə kimi təminat xərcliyinin 3 faizi, 01 iyul 2017-ci il tarixdən sonra isə 07 iyul 2023-cü il tarixə kimi isə həmin xərcliyin 2 faizi miqdarında hesablanmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanununun 20.14-cü maddəsinin: - xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin –50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin –3 faizi miqdarında əlavə olunmaqla. - xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən isə bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin –50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Qanununun qeyd olunan imperativ normalarından göründüyü kimi, 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı hərbi qulluqçuların əmək pensiyasına əlavələr 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün 2 faizi miqdarında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.10-cu bəndi də məhz onu nəzərədə tutur ki, Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1- ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 20 ildən və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. «Qaydalardan da göründüyü kimi, mübahisəlndrilən əlavələr 0107.2017-ci ilədək və bundan sonrakı illərə münasibətdə, 20 ildən artıq olan hər xidmət ilinə görə həmin vaxtlar qüvvədə olmuş normalara müvafiq olaraq hesablanma qaydası müəyyən edilmişdir. Beləliklə də xx.xx.2017-ci il tarixədək, iddiaçının xidmətinin 20 ili tamam olmamış,cəmi, 19 il 6 ay 2 gün xidmət ilə mövcud olmuş, belə olan halda da, 2017-ci il iyulun 1-dək olan dövrə görə xidmətinin hər ili üçün onun təminat xərcliyinin 3 faizi miqdarında əlavə almaq hüququna malik olması istisna edilir. Başqa sözlə,cavabdeh tərəfindən iddiaçıya 08 iyul 2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 20 ilə görə 50 faizi, 7 ilə görə 14 (7x2) faizi, 6 aya görə 1 faiz miqdarında əlavə hesablanması qanuni və əsaslıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də göstərilənlərə əsasən məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılamır və və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3801/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3801/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar