Məhkəmə qərarları › İş №2-1(103)-3943/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3943/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3943/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Səbail rayonu Səbail bələdiyyəsi və Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyi) “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3436/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.035118 ha torpaq sahəsinin ümumi sahəsi 125.11 kv.metr təşkil edən fərdi yaşayış evinə onun xüsusi xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsində qeyd edilmişdir ki, ünvan 1 ünvanda 0.035118 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,11 m2 təşkil edən fərdi yaşayış evi ona məxsusdur. Fərdi yaşayış evinə dair X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 aprel 1992-ci il tarixli qeydiyyat Şəhadətnaməsi verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iş materiallarına və işin faktiki hallarına görə Bakı şəhəri, Səbail rayonu, 1-ci Buxta küsəsi 27 saylı fərdi yaşayış evinə dair X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 aprel 1992-ci il tarixli qeydiyyat Şəhadətnaməsi verilmiş və ümumi sahəsi 125,11 m2 təşkil edən əmlak onun xüsusi mülkiyyətindədir. Fərdi evin yerləşdiyi 0.035118 ha torpaq sahəsi isə 1992-ci ildən İddiaçı qanuni istifadəsindədir və onu özəlləşdirmək hüququ vardır. Qeyd edilənlər mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı ərizəsində 351 kv.m torpaq sahəsinə iddia etsə də, təqdim edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsü 97 kv.m, Səbail Bələdiyyəsinin 334 saylı, xx.xx.2006-cı il Qərarında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü 70 kv.m qeyd edilmiş, yerdə qalan 184 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş texniki pasportun baş planında göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daxilində Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin 39 saylı yaşayış binasının 2-ci hissəsinin 00007403 registr nömrəli dövlət əmlakı kimi baza məlumatı mövcuddur. Həmçinin tikilinin bir hissəsi texniki pasportun baş planında göstərilən torpaq sahəsindən kənarda yerləşir. Bundan başqa texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyasında fərq mövcuddur. Həmçinin iddiaçının 70 kv.m torpaq sahəsinə dair təqdim etdiyi “Torpaqların alqı-satqısına dair akt” əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün olmamışdır və torpaq sahəsinin bələdiyyə mülkiyyəti torpağı olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Təqdim edilmiş texniki pasportda qeyd olunan fərdi yaşayış evinə əlavə sahələr artırılmışdır. İdarənin arxiv məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi ümumi ərazidə digər fiziki şəxslərin adına qeydiyyata alınmış və sonradan sökülmüş 25 və 29 saylı mənzillər mövcud olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3436/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən 97,17 kv.m torpaq sahəsi və 57,78 kv.metr təşkil edən fərdi yaşayış evinə xüsusi xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3436/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 aprel 1992-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən 1-ci Buxta küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. - Bakı Şəhər Səbail bələdiyyəsinin 334 №-li, 29 dekabr 2006-cı il tarixli qərarına əsasən Səbail rayonu, Buxta küçəsində yerləşən 70 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X3 adına sənədləşdirilməsi qərara alınmışdır. - cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “...təqdim edilmiş texniki pasportun baş planında göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daxilində Səbail Mənzil Kommunaıl Təsərrüfatı Birliyinin 39 saylı yaşayış binasının 2-ci hissəsinin dövlət əmlakı kimi baza məlumatı mövcuddur. Həmçinin tikilinin bir hissəsi texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyasında fərq mövcuddur”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Hazırkı işin hallarından görünür ki, X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 aprel 1992-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən 1-ci Buxta küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən iddiaçının adına qeydə alınmışdır. Bakı Şəhər Səbail bələdiyyəsinin 334 №-li, 29 dekabr 2006-cı il tarixli qərarına əsasən Səbail rayonu, Buxta küçəsində yerləşən 70 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır İddiaçı ünvan 1 ünvanında yerləşən 0.035118 ha torpaq sahəsinin ümumi sahəsi 125.11 kv.metr təşkil edən fərdi yaşayış evinə onun xüsusi xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini xahiş edir. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsasını aşağıdakılar təşkil edir: 1) Təqdim edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsü 97 kv.m, Səbail Bələdiyyəsinin 334 saylı, xx.xx.2006-cı il Qərarında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü 70 kv.m qeyd edilmiş, yerdə qalan 184 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir; 2) Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş texniki pasportun baş planında göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daxilində Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin 39 saylı yaşayış binasının 2-ci hissəsinin 00007403 registr nömrəli dövlət əmlakı kimi baza məlumatı mövcuddur; 3) Tikilinin bir hissəsi texniki pasportun baş planında göstərilən torpaq sahəsindən kənarda yerləşir; 4) Texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyasında fərq mövcuddur; 5) İddiaçının 70 kv.m torpaq sahəsinə dair təqdim etdiyi “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir; 6) Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır və torpaq sahəsinin bələdiyyə mülkiyyəti torpağı olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir; 7) Təqdim edilmiş texniki pasportda qeyd olunan fərdi yaşayış evinə əlavə sahələr artırılmışdır. 8) İdarənin arxiv məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi ümumi ərazidə digər fiziki şəxslərin adına qeydiyyata alınmış və sonradan sökülmüş 25 və 29 saylı mənzillər mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, imtina əsassızdır. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə dair təqdim etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəddir. Təqdim edilən texniki pasporta əsasən torpaq sahəsinin ölçüsü 97.7 kv.m, yaşayış sahəsi isə 57.78 kv.m göstərilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin 97.7 kv.m torpaq sahəsinə və 57.78 kv.metr yaşayış sahəsinə münasibətdə əsaslı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin 184 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməməsi barədə dəlilləri ilə razılaşır. Belə ki, iş materiallarından göründüyü kimi, arxiv məlumatlarına əsasən həmin sahələr digər vətəndaşlara məxsus olmuş, lakin sökülmüşdür. İddiaçı faktiki olaraq həmin sahələrdən də istifadə etsə də, qeyd edilən sahələrə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Həmçinin iddiaçının bu barədə müvafiq qurumlara müraciəti də müsbət həllini tapmamışdır. Kollegiya həmçinin iddiaçının istinad etdiyi 70 kv.m torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olmaması barədə cavabehin dəlili ilə razılaşır. Belə ki, cavabdeh bu barədə elektron kadastr baza məlumatlarına istinad edir. Ona görə də, məhkəmə həmin dəlili mötəbər hesab edir və bu barədə əlavə araşdırmağa zərurət görmür. Texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyasında fərq mövcud olması ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Göstərilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd verəcəyi təqdirdə həmin fərqi (uyğunsuzluğu) aradan qaldırmaq, torpaq sahəsinin hüquqmüəyyəndici və texniki sənədlərini torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırmaq cavabdeh İdarənin vəzifəsidir. Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş texniki pasportun baş planında göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daxilində Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin 39 saylı yaşayış binasının 2-ci hissəsinin 00007403 registr nömrəli dövlət əmlakı kimi baza məlumatı mövcuddur olması ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyi məhkəməyə gönədrdiyi ərizəsində bu halı təkzib edərək göstərilən ərazidinin Birliyin balansında olmadığını qeyd etmişdir. Digər tərəfdən cavabdeh bu halla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir (sahiblik, istifadə, mülkiyyət hüququna dair sənəd və s.). Eyni zamanda iddiaçı 97.7 kv.m torpaq sahəsinə və 57.78 kv.m yaşayış sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədə malikdir və həmn hissələrdə hüququnun qeydə alınmasını tələb etməkdə haqlıdır. Həmçinin sahəsi göstərilməsə də, iddiaçının X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 aprel 1992-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən 1-ci Buxta küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ortofotodan görfündüyü kimi, mübahisəli ünvanda iddiaçının fərdi yaşayış evi mövcuddur, göstərilən ərazidə hər hansı yaşayış binası yoxdur. Göründüyü kimi, cavabdehin imtinası dəqiq olmayan, təsdiqlənməmiş və faktiki vəziyyətə uyğun olmayan məlumatlara əsaslanır. Təqdim edilmiş texniki pasportda qeyd olunan fərdi yaşayış evinə əlavə sahələr artırılması ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmənin iddianı qismən təmin etməkdə hüquqi mövqeyi arxiv texniki pasportda göstərilən ölçüdə iddiaçının mülkiyyət hüququnu qeydə almaqdır. Əlavə sahələr ilə bağlı iddiaçı hər hansı bir sənəd təqdim etmədiyindən məhkəmə o hissələrdə cavabdehin imtinasını əsaslı hesab edir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3436/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3436/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar