Məhkəmə qərarları › İş №2-1(103)-3944/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3944/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3944/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8240/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən əmək pensiyasının yenidən hesablanması barədə 17 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, əmək pensiyasının 72109,19 manat sığorta kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavə məbləğ azaldılmamaqla yenidən hesablanmasını və 01 yanvar 2022-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin edilmiş əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, iddiaçı əmək pensiyaçı statusuna keçdikdən sonra işləmiş, lakin əmək pensiyası hesablanması zamanı bu hal nəzərə alınmamış, iddiaçının qulluq stajına görə əlavələr azaldılmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə əsasən uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi müəyyən olunmuş, eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği həmin artımlar qədər azaldılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8240/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia qismən təmin edilmiş, iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında **********5№-li, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, İddiaçı Şahi oğluna pensiya təyin edildikdən sonraki sonra 6 il və daha çox işləyərək toplanan 42850,78 manat sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması və 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsinə uyğun apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8240/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının qismən, yəni pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək toplanan 42850,78 manat sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması hissəsində ləğv olunması, ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək hesabında toplanmış məbləğin indeksasiya olunaraq yığılmış 72109,19 manat sığorta kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8240/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti imtina məktubunun, birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı özü tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin, ümumulikdə iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi ona təyin edilmiş əmək pensiyasının fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsasında sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından: -Hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). -Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: (4.1.1) yaşa görə əmək pensiyası; (4.1.2) əlilliyə görə əmək pensiyası; (4.1.3) ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 29.1-ci maddəsinin 12 iyul 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinin 01 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyasının (Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1362-VQD №-li Qanunu ilə) tələblərinə əsasən 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 29.2-ci maddəsinin 01 yanvar 2023-cü tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İşdən müəyyən olunur ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. xx.xx.1998-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra o, müxtəlif dövrlərdə işləmiş və 42850,78 manat pensiya kapitalı toplamışdır. Cavabdeh tərəfindən onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2ci maddəsinin tələblərinə əsasən qulluq stajına görə əlavəsinin məbləği həmin artımlar qədər azaldılıb. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında hesab etmişdir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmış, nəticədə indeksləşdirmə nəzərə alınmadığı halda 42850,78 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını pensiya kapitalı 42850,78 manat nəzərə alınmaq şərti ilə tələb etmək hüququ mövcuddur. İddiaçı apelyasiya şikayətində 72109,19 manat sığorta kapitalı nəzərə alınmaqla yenidən hesablama tələb edir. İşin faktiki hallarına əsasən iddiaçının əmək pensiyası təyin edildikdən sonra fərdi hesabın sığorta hissəsində 42850,78 manat pensiya kapitalı qeydə alınmış, əmək pensiyalarının sığorta hissəsi indeksləşdirililərək 72109,19 manat olmuşdur. Göründüyü kimi iddiaçı əmək pensiyasının yenidən hesablanmasını həm əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini həyata keçirilməsi nəticəsində yığılmış pensiya kapitalı, həm də həmin pensiya kapitalının indeksləşdirilmiş məbləği ilə hesablanmalı olması qənaətindədir. İddiaçının apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddaçının əmək pensiyasının yenidən hesablanmasının təmin əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etmir. Lakin, Qanunun 29.1-ci maddəsinin tələbi hissəsində cavabdehin imtinası qanuni və əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalını fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsait təşkil edir, hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;... Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Əsasnamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. İddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmış, nəticədə indeksləşdirmə nəzərə alınmadığı halda 42850,78 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Buna görə də iddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını pensiya kapitalı 42850,78 manat nəzərə alınmaq şərti ilə tələb etmək hüququ mövcuddur. Cavabdeh inzibati orqan apellyasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29, 37 və 45-ci maddələrinə istinad etməklə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddəyə edilmiş dəyişiklik qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək olan redaksiyası, eləcə də, 37.3.1 və 45-ci maddələrinin müddəalarına müvafiq olaraq pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanmalı idi. İddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respulikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1 və 45-ci maddələri rəhbər tutularaq, 1 yanvar 2019-cu il tarixədək onun pensiyasının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınaraq, onun əmək pensiyasının artırılmaqla yenidən hesablanmasına imkan verir. Həmin tarixdən 1 yanvar 2023-cü il tarixədək qüvvədə olan qanunvericilik normaları isə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmanı, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla nəzərdə tutur. Bütün qeyd olunanların məcmusunda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yaşa görə əmək pensiyası pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək toplanan 42850,78 manat sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla yenidən hesablanmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8240/2023 saylı, 28 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar