Məhkəmə qərarları › İş №2-1(103)-3944/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3944/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3944/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9212/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş xx.xx.2022-ci il tarixli 3-cü dərəcəli əlillik qiymətləndirilməsi barədə Qərarın dəyişdirilərək ona həmin tarixdən 3-cü dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 24 iyun 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin edilmiş xx.xx.2022-ci il tarixli üçüncü dərəcəli əlillik qiymətləndirilməsi barədə Qərarın dəyişdirilərək, ona həmin tarixdən ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1989-cu ildə doğulmuş, xx.xx.2012-ci il tarixdən AR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İddiaçı ona əlillik təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş və iddiaçıya xx.xx.2017-ci il tarixdə 2-ci dərəcəli əllik təyin edilmişdir. Təyin edilmiş əlillik 5 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmişdir. Əlillik təyinatı zamanı əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilməklə iddiaçıya ’’Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Aprel dövüşlərində-(xx.xx.2016-cı ildə) düşmən mərmisinin partlaması nəticəsində sol çənə bucağına qədər keçən kor qəlpə yaralanması nəticəsində sol almacıq süyünün sol Haymor boşluğunun, sol infraorbital kənarın 8.5 sm sümük defektinə, əngin 3.5 sm sümük defektinə görə açıq üsulla repazisiya, plastinka ilə inernal fiksasiya əməliyyatından s/v. kəllədaxili travma, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Piramid çatışmazlıq və kəskin nəzərə çarpan vegetativ və hərəkikordinator funksiyanın mühüm pozulması ilə.” diaqnozu qoyulmuşdur. Daha sonra iddiaçı təkrar qiymətləndirmədən keçmiş və ona təyinat tarixi xx.xx.2022-ci il olmaqla müddətsiz olaraq əlillik səbəbi Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilmişdir. Qeyd edilən 3-cü dərəcəli əlillik təyin edilən zaman "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ bazu kələfinin posttravmatik pleksitinin qalıq əlamətləri, Traxeostomanın olması, Sümük defektinə görə aparılmış yaranın birincili cərrahiyyə (xx.xx.2016). traxesiomiyanın qoyulması (xx.xx.2016), açıq üsulla sınıqların repozisiyası, mini və dinamik rekonstruksion lövhələr ilə internal fıksasiya (xx.xx.2016), sağ qalça darağından götürülən sümük qrefti ilə rekonstruktiv bərpası və internal fiksasiyası (xx.xx.2016), sol tərəfli torakosentez, sol plevra boşluğunun drenajı, sol İV. Kəllə sümükləri və üz sümüklərinin çoxsaylı sınıqları, Üzün sol yarısının kor qəlpə yaralanması, Üz sinirinin zədələnməsi, Solda ümumi əzələlərin kobud pozulması, Üçlü sinirin nevrologiyası ilə, Üz sümüklərinin sınıqlarının skelet, yumşaq toxumalar və sümük köçürülməsindən sonrakı vəziyyət. Almacıq sümüyü və əngin sınığı. Sol almacıq sümüvünün. sol əng cibi divarlarının yerdəyişmiş sınıqları.” diaqnozu qoyulmuşdur. İddiaçı dəfələrlə (xx.xx.2023 və xx.xx.2024-cü il tarixdə) ərizə ilə cavabdehə orqana müraciət edərək onun əlillik vəziyyətinin qiymətləndirilməsi barədə verilmiş xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilməsini xahiş etmişdir. Həmin müraciətlər əsasında iddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədlər əsasında və ətraflı müayinə nəticəsində iddiaçının əlillik qiymətləndirilməsi barədə qəbul edilmiş qərarın qüvvədə saxlanılması qənaətinə gəlinmişdir. Bu barədə iddiaçıya 3-17-4/2-Ə-10745/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Cavabdeh orqanın qüvvədə olan əlillik qiymətləndirilməsi qərarının dəyişdirilməməsinə yönəlmiş hərəkətləri əsaslı olmamışdır. Belə ki, iddiaçıya ilkin olaraq təyin edilmiş 2-ci dərəcəli əlillikdə qeyd edilmiş diaqnozlarla hazırda mövcud əlillik qiymətləndirilməsindəki diaqnozlar ilə eynilik təşkil edir. Bundan başqa cavabdeh orqan tərəfindən qüvvədə olan əlillik qiymətləndirilməsinə nəzər yetirdikdə orqanizmin funksiyalarının itirilmə faizinin məhz 60 faiz olaraq qeyd edilməsi bu qərarı qəbul edərkən iddiaçıya münasibətdə qərəzin olmasına dəlalət edir. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 1.11-ci bəndinə əsasən Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9212/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia müddətinin tətbiqi ilə bağlı gəldiyi nəticə əsassızdır. Çünki sonuncu imtina əldə edildikdən 1 ay keçməmiş məhkəməyə iddiaçı tərəfindən müraciət edilmişdir. xx.xx.2024-cü il tarixli müraciətləri üzrə inzibati orqan tərəfindən inzibati icraat həyata keçirildiyindən və həmin inzibati icraatın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanıldığından cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Ə-10745/2024 saylı məktubu inzibati akt kimi qiymətləndirilməlidir. Buna görə də iddiaçının hazırkı iddia üzrə mümkünlük şərtlərinə tam şəkildə əməl etdiyi müəyyən olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkün sayılmaması ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddia tələbinin qanunla müəyyən edilmiş prosessual müddətlərə əməl edilməklə qaldırılmış olmasıdır. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx008 nömrəli qərarından görünür ki, həmin göndəriş əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş və ona xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsiilə əlaqədar” səbəbi ilə “13.6.2. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri Kəllənin və üz sümüklərinin sınığı => Kəllənin və üz sümüklərinin sınığı => Üzün (kəllə sümüyünün) mülayim və təzahür edən eybəcərləşməsi ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnmə strukturuna görə mülayim və təzahür edən çatışmazlıqları 6.1.1. Sinir sistemi xəstəlikləri => Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi => Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi => Ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyosı” meyarı ilə müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması ilə əlillik təyin edilmişdir. İşdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarından görünür ki, iddiaçı onun əlilliyinin qiymətləndirilməsi barədə verilmiş bu qərardan şikayət vermiş, həmin şikayətə baxılaraq müəyyən edilmişdir ki, “İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələr Baş Klinik Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1046 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması nəticəsində (xx.xx.2016) üzün sol yarısının kor qəlpə yaralanması, sol almacıq sümüyünün, sol əng cibi divarlarının, sol infraorbital kənarın, göz yuvasının aşağı divarının, çənənin sol cismi, bucağı və qalxan şaxəsinin qəlpəli açıq yerdəyişmiş sınıqları və soltərəfli subtotal geniş sümük toxuma defektinə 8,0 sm, çənənin 46, 47-ci dişlərinin tacının travmatik sınıqları, əngin sol infraorbital kənarın, göz yuvası aşağı divarının, əng cibinin ön divarını əhatə edən 3.0 sm-ə gədər geniş sümük defektinə görə aparılmış yaranın birincili cərrahi işlənməsi (xx.xx.2016), traxeostomanın qoyulması (xx.xx.2016), açıq üsulla sınıqların repozisiyası, mini və dinamik rekontruksion lövhələr ilə internal fiksasiyası (xx.xx.2016), sol çənə bucağından qalxan şaxəyə doğru 4,0*1,5 sm ölçüdə sümük defektinə görə, sağ qalça darağından götürülən sümük grefti ilə rekonstruktiv bərpası və internal fiksasiyası (xx.xx.2016) cərrahiyyə əməliyyatlarından sonra üz-çənə nahiyəsinin kontrakturası, çeynəmə funksiyasının mühüm dərəcədə pozulması ilə. Sol üz sinirinin yanaq şaxəsinin və üçlü sinirin çənə şaxəsinin zədələnməsinin qalıq əlamətləri, funksiyanın mühüm dərəcədə pozulması ilə. Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması (xx.xx.2016), sol tərəfli hemopnevmatoraksla, sol İV, V qabırğaların açıq qəlpəli sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsi (xx.xx.2016) yad cisimlərin çıxarılması (qəlpə), sol tərəfli torakosentez, sol plevra boşluğunun drenajı cərrahiyyə əməliyyatından (xx.xx.2016) sonrakı bərkimiş dəri çapıqları, xarici tənəffüs funksiyasının pozulmaması ilə, sol İV, V qabırğanın arxa qövsündə kafi bitişmiş sınıqlar, sağ tərəfdə İX, X sol tərəfdə Xİ, Xİİ qabırğa arası sahələrinin yumşaq toxumalarda yad cisimlər (metal qəlpə). Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Piramid çatışmazlıq və kəskin nəzərə çarpan vegetativ və hərəkikoordinator funksiyanın mühüm pozulması’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, əsəbilikdən, çənəsində hərəki məhdudiyyətdən, qida qəbulunun çətinləşməsindən şikayətlənmiş, sol döş qəfəsinin ön və arxa səthində, sol beldə, sol sağrı və sol budun yuxarı 1/3-də, sol yanaqda çapıqlar, sol tərəfli torakosintez, sol boyun, sol yanaqda, sağ qalçada əməliyyat çapıqları izlənilmiş, çənədə hərəki məhdudluq müəyyən edilmişdir. Obyektiv baxış zamanı nevroloji ocaqlı patologiya aşkar edilməmiş, auskultasiyada ağciyər payları üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saturasiya SpO2-99%, puls-108 vurğu, tənəffüs hərəkətlərinin sayı 17 olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışda diaqnoz "Alt çənə sol tərəf bucaqda cərrahiyə əməliyyatından sonrakı vəziyyət. Həmin nahiyədə sümük defekti, alt çənə sol gicgah-çənə oynağının artrozu, üzün sol tərəfdə cərrahiyyə əməliyyatından sonrakı çapıqlaşma, üzün assimmetriyası, çeynəmə funksiyasının pozulması. Keçirilmiş kəllə-beyin travmasından sonrakı ensefalopatiya. Üçlü sinirin nevralgiyası, sol mimik əzələnin pozulması" kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq оİa raq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir.” Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə təyin edilmiş orqanizmin funksiyalarının 60 faiz pozulması ilə əlilliyin təyin edilməsi barədə qərarı mübahisələndirmiş, cavabdeh iddiaçını əyani müayinə edərək xx.xx.2022-ci il tarixli qərarla həmin qərarı qüvvədə saxlamışdır. İddiaçının hazıkı iş üzrə tələbi isə xx.xx.2022-ci il tarixdə orqanizmin funksiyalarının 60 faiz pozulması ilə əlillik təyin edilməsi barədə qərarında orqanizmin funksiyalarının pozulmasının faizi hissəsində dəyişdirilməsi və həmin tarixdən ona ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlıdır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “.....cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən iddiaçı barəsində orqanizmin funksiyalarının 60 faiz pozulması ilə əlillik təyin edilməsi barədə qərardan şikayət verilmiş, bu şikayətə əsasən xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh tərəfindən əyani müayinə olunmuş, deməli, həmin tarixdən artıq iddiaçı onun barəsində qəbul edilmiş inzibati aktdan xəbərdar olmuşdur.” İş materialları ilə təsdiqlənir ki, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli inzibati aktını xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununlada məhkəmədə mübahisələndirmə haqqında iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. İddiaçının apelyasiya şikayətinin “imtina əldə edildikdən 1 ay keçməmiş məhkəməyə müraciət edilmişdir” dəlili ilə razılaşmayan Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən təkrar müraciət əsasında imtina alınaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş inzibati aktın illər sonra mübahisləndirilməsinə qanunvericilikdə nəzərdə tutulmuş yuxarda qeyd edilən iddia müddətləri baxımından yol verilmir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatının prinsiplərindən olan məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək iddiaçıya tələbinin dəqiqləşdirilməsi və ona ikinci dərəcə əlillik təyin edilməsindən sonuncu imtina mübahisələndirilməklə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə məcburetmə haqqında iddianın verilməsini təklif etsə də, iddiaçı tələbini həmin məzmunda dəyişdirməkdən imtina etmişdir. Sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddia tələbi irəli sürülərkən prosessual müddətlə bağlı qanun normalarına əməl edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçının apelyasiya şikayəti əsassız olmaqla, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9212/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar