Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-395/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hərbi xidmət keçməyinin döyüş tapşırığının yerinə yetirilməsi hesab olunması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2410/2019 nömrəli iş üzrə 22 noyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 03.04.2006-cı il tarixdən 30.06.2012-ci il tarixədək N saylı hərbi hissənin tərkibində zabit kimi hərbi xidmət keçməsinin döyüş tapşırığını yerinə yetirməsi kimi hesab olunması və 16.08.2008-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.11.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ehtiyatda olan mayor hərbi rütbəli zabitdir. Xidmətinin axırıncı 7 ilini düşmənlə təmas şəraitində olan Qazax rayonunun Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. 2013-cü ilin may ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13.08.2015-ci il tarixli 822 nömrəli qərarına əsasən 16.08.2008-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən taborun müdafiə rayonunda yerləşən döyüş postlarını yoxlayarkən travma almış, bunun nəticəsində ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu təyin edilmişdir. 2-ci qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlildir. İddia tələbi ondan ibarətdir ki, 03.04.2006-cı il tarixdən 30.06.2012-ci il tarixədək N nömrəli hərbi hissənin cəbhədə döyüş tapşırığını yerinə yetirən taborunun tərkibində zabit kimi hərbi xidmət keçməyi və 16.08.2008-cı il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən taborun müdafiə rayonunda travma almağı döyüş tapşırığını yerinə yetirərkən alınmışdır kimi hesab edilməlidir. Xidmət etdiyi hərbi hissə komandirinin 30.08.2013-cü il və 07.10.2018-ci il tarixli arayışlarına əsasən o, 03.04.2006-cı il tarixdən 30.05.2012-ci il tarixədək N hərbi hissənin düşmənlə təmas şəraitində olan bölmələrdə (ön xətdə yerləşən, döyüş tapşırığını yerinə yetirən və müdafiənin dayanıqlılığını təmin edən) tabor komandirinin müavini-qərargah rəisi vəzifəsində xidmət etmişdir. Xəstəlik haqqında 822 nömrəli 13.08.2015-ci il tarixli qərarda təsbit olunduğu kimi o, 16.08.2008-ci il tarixdə taborun ərazisində bilavasitə xidməti vəzifələrini yerinə yetirərkən travma almışdır, 2-ci eşalona dislokasiya olunmuş ehtiyat hərbi hissənin taborunun deyil, ön xətdə, bilavasitə düşmənlə təmasda olan 1-ci eşalon taborun müdafiə rayonunda xəsarət almışdır. Hazırda xidmət etmiş olduğu N nömrəli hərbi hissənin taboru Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ordu hissələrinin yerləşdiyi xətdə, yəni cəbhədə yerləşir. Belə olan halda o, travmanı həmin taborda, yəni cəbhədə olduğu dövrdə döyüş tapşırığını yerinə yetirərkən almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin a) bəndinə əsassən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: - əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20.05.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu baxımdam məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İddia ərizəsindən, apellyasiya şikayətindən və digər iş materiallarından məlum olur ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdən əsl məqsədi 16.08.2008-ci il tarixdə aldığı qapalı kəllə-beyin travmasının cavabdehin Mərkəzi Hərbi Həkim Komissiyasının 13.08.2015-ci il tarixli 822 nömrəli qərarında hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqələndirilməsinin qanunsuzluğu ilə bağlı olsa da, o, Mərkəzi Hərbi Həkim Komissiyasının 13.08.2015-ci il tarixli 822 nömrəli qərarının qanunsuzluğunu mübahisə etmir. Bu mənada, “... hərbi xidmət keçməsinin döyüş tapşırığını yerinə yetirməsi kimi hesab olunması və ... döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi İPM-in 2.2-ci maddəsi anlamında qüsurlu olduğu kimi, ifadə baxımından da anlaşılmazdır. Cavabdeh də birinci instansiya məhkəməsinə təqdim etdiyi 26.07.2019-cu il tarixli 11/3742 nömrəli iddiaya münasibətində göstərmişdir ki, “İddiaçının əsl məqsədi 16.08.2008-ci ildə aldığı “Qapalı kəllə-beyin travmasının, baş beyin silkələnməsinin” hərbi həkim komissiyası tərəfindən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi tanınmasına və belə bir qərarın verilməsinə nail olmaqdır. Onun həmin iddiasına baxılmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.11.2018-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır.” Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddiası prosessual hüquqi cəhətdən mümkünsüz sayılmalıdır. Əvvəlcə, əgər iddiaçı 16.08.2008-ci il tarixdə aldığı qapalı kəllə-beyin travmasının Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması barədə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsini istəyirsə, onun bu tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə kollegiyası bildirir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması barədə aidiyyət qaydası MPM-lə müəyyən edildiyindən, hüquqi əhəmiyyəti olan fakt inzibati məhkəmə tərəfindən müəyyən edilə bilməz. Başqa sözlə, inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sairlə bağlı yaranan münasibətlərdən irəli gələn mübahisələrdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1, 15.2 və 15.3-cü bəndləri ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (15.2). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (15.3). İkincisi, əgər iddiaçı İPM-in 36-cı maddəsində nəzərdə tutulan müəyyən etmə haqqında iddia qaldırmaq fikrində olmuşdursa, o halda onun bu iddiası da mümkünlük şərtlərinə cavab vermir. Belə ki, müəyyən etmə haqqında iddia hər hansı bir qeyrimüəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik aydınlaşdırılmasına xidmət edir. İPM-də müəyyən etmə haqqında iddianın üç növü təsbit edilmişdir: 1) hər hansı bir hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1-ci maddəsinin 1-ci yarımcümləsi); 2) hər hansı bir inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3) artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (bax: İPM-in 36.2-ci maddəsi). Müəyyən etmə haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya hər hansı bir inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hər hansı bir hüquqi vəziyyətin aydınlaşdırılması məqsədilə bu və ya digər hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. Odur ki, iddiaçının Mərkəzi Hərbi Həkim Komissiyasının 13.08.2015-ci il tarixli 822 nömrəli qərarının qanunsuz sayılaraq, ləğv edilməsi (dəyişdirilməsi) tələbi üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək niyyəti ilə qaldırdığı bu iddia sözügedən iddialara münasibətdə subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Lakin, şikayət verilən qərardan görünür ki, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, prosessual hüquq normalarını pozmaqla, yekunda səhv qərar qəbul etmişdir. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə, mübahisənin bilavasitə mahiyyəti ilə bağlı olan konkret faktiki dəlillərinin müzakirəsinə lüzum görmədən, prosessual hüquqi baxımdan yalnız qərarın ləğvi hissədə qismən razılaşır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli (İPM-87.6), iddia mümkün sayılmamalı (İPM-35.1), apellyasiya şikayəti qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2410/2019 nömrəli iş üzrə 22 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 03.04.2006-cı il tarixdən 30.06.2012-ci il tarixədək N saylı hərbi hissənin tərkibində zabit kimi hərbi xidmət keçməsinin döyüş tapşırığını yerinə yetirməsi kimi hesab olunması və 16.08.2008-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-395/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-395/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver