Məhkəmə qərarları › İş №2-1(103)-395/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-395/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-395/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi İsgəndərova Samirə Mİrzə qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)- 436/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1983-cü il tarixindən xx.xx.2003-cü il tarixinə kimi keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də Sürüdülmə sexində 2-ci dərəcəli sürüməçi, tökməçi və müxtəlif vəzifəsində işlədiyi nəzərə alınaraq ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə cavabdehə əmək pensiyası hüququnun təminatı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2020-ci il tarixdə məktubla onun ərizəsinə imtina cavabı gəlmişdir. Onun əmək stajı, fəaliyyəti və yaşı güzəştli şərtlərlə pensiya təminatına imkan verir. O, xx.xx.1983-cü il tarixindən xx.xx.2003-cü il tarixinə kimi keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də Sürüdülmə sexində 2-ci dərəcəli sürüməçi, tökməçi və müxtəlif vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifə güzəştli şərtlərlə pensiyaya çıxmağa imkan verir. Keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də xx.xx.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T12 kartoçkaları da yanmışdır. Bu şəbədən də zavod ona əlavə sənədlər təqdim edə bilmir. Cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19544,90 manat təşkil edir. Nəticə etibarilə xx.xx.2017ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)-436/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz, ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi gəldiy nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)-436/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Bakı Alüminium Yayma Zavodu rəngli metallardan naqillərin sürülməsi sexinə 2-ci (ikinci) dərəcə ilə yandıran işinə qəbul edilmiş, xx.xx.1984-cü ildə ixtisas komissiyasının qərarına əsasən 3-cü tarif dərəcəsi ilə rəngli metalların yandırıcısı peşəsi verilmiş, xx.xx.1986-cı ildə Azəbaycan SSR Nazirlər Sovetinin xx.xx.1986-cı il tarixli 205p saylı Qətnaməsinə əsasən Bakı yüngül metalları emalı zavodu və BAYZ-u birləşdirilmiş və onların bazasında “Azrəngmet” İdarəsinin Bakı rəngli metal ərintilərinin emalı zavodu yaradılmışdır, xx.xx.1990-cı ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1990-cı ildə TEMP Kooperativinə hazır məhsul anbarına fəhlə işinə qəbul edilmiş, xx.xx.1990-cı ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1990-cı ildə Bakı Alüminium Yayma Zavoduna təchizat şöbəsinə tərəzi nəzarətçisi qəbul edilmiş, xx.xx.1992-ci ildə zərərli əmək şəraiti ilə 3 saylı tökmə-yayma sexinə 4-cü dərəcə üzrə rəngli metalların yandırıcısı keçirilmiş, xx.xx.2000-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirlyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır, xx.xx.2003-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2003-cü ildə AMEA Mərdəkan Dendrarisinə bağban vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü ildə tutduğu vəzifədən azad edilərək usta vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə tutduğu vəzifədən azad edilərək texnik vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə Landşaft memarlığı laboratoriyasının ştat cədvəlinə əsasən baş laborant vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə tutduğu vəzifədən azad edilərək usta vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Şəhərciyinə xadimə işinə qəbul edilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 09 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1983-cü ildən, xx.xx.1990-cı il tarixə kimi keçmiş Bakı Alüminum Yayma zavodunda, yəni indiki "xxxx"ASC-də soba yandırıcı işində çalışmışdır. xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinə kimi satış şöbəsində nəzarətçi işində çalışmışdır. İddiaçı xx.xx.1992-ci il tarixindəın xx.xx.2003-cü il tarixinə kimi yenidən soba yandırıcı işində çalışmışdır. xx.xx.2013-cü ildə zavodun arxiv sənədləri saxlanan otağında yanğın baş verdiyindən işçilərin əmək haqqları və T-2 kartaları da yanmışdır. Bu baradə müvafiq sənədlər tərtib olunmuşdur. İddiaçı sənədləri yanmışdır. Zavod İddiaçı heç bir sənəd verə bilmir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 10 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1983-cü ildən, xx.xx.1990-cı il tarixə kimi 1 nömrəli Məftilçəkən sexində əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəfizəsinin adı əlvan metal yandırıcısı, Siyahı İ, bölmə Vİİ, kod 1072104a-16360. xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinə kimi satış şöbəsində tərəzidə nəzarətçi vəzifəsində işləmişdir. Vəzifəsinin adı nəzarətçi, Siyahı İİ, Bölmə Vİİİ, kod 2092300a13041. xx.xx.1992-ci il tarixindəın xx.xx.2003-cü il tarixinə kimi əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəfizəsinin adı əlvan metal yandırıcısı, Siyahı İ, bölmə Vİİ, kod 1072104a-16360. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış İT-İ, ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 11 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən, xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Arayış İT-İ, ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. Azərbaycan Kağız və X1 xx.xx.2020-ci il tarixli 26/A saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 13K nömrəli, xx.xx.2009-cu il tarixli əmrə əsasən xx.xx.2009-cu il tarixdən X3 MMC-nin İstehsalat sahəsinə qablaşdırma operatoru vəzifəsinə qəbul edilmiş, 15K nömrəli, xx.xx.2009-cu il tarixli əmrə əsasən xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə tərtib edilmiş yanğın haqqında ilkin aktın surətindən görünür ki, "xxxx" ASC-də xx.xx.2013-cü il tarixdə saat 18:37-də arxiv materialları saxlanılan otaqda yanığın baş vermişdir. Yanğın nəticəsində arxiv materialları yanıb məhv olmuşdur. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 03 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 1) xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixə kimi 1 nömrəli sexdə əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəzifəsinin adı əlvan metal yandırıcısı siyahı İ bölmə Vİİ kod 1072102a-16360. 2) xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi isti işlərdə və zərərli əmək şəraitində əlvan metal nəzarətçisi vəzifəsində işləmişdir. Vəzifəsinin adı nəzarətçi siyahı İİ bölmə Vİİİ kod 2092304a-13041. 3) xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi 3 nömrəli metal əridici sexində əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəzifəsinin adı əlvan metal yandırıcısı siyahı İ bölmə Vİİ kod 1072102a-16360. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış İT-İ, ******* əmək kitabçasındakı əmrlər əsasında verilib. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 04 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Arayış İT-İ, ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 06 saylı arayışında qeyd olunmuşdur ki, fevral 2022-ci il tarixdə İddiaçı adına verilmiş 5 nömrəli arayışa əlavə xx.xx.2000-ci il tarixdən Azərbaycan Respubliası Prezidentinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə “Metalurgiya” DK Bakı alüminium yayma zavodu da daxıl olmaqla ləğv olunaraq Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 222 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı Alüminium Yayma zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. xx.xx.2003-cü il tarixdə Səhmdar Cəmiyyətini idarə heyətinin sədri təyin olunmuş və səhmdar cəmiyət müstəqil müəssisə kimi fəaliyyətə başlamışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 05 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixə kimi keçmiş Bakı Alüminum yayma zavodunda, yəni indiki "xxxx"ASC-də işləmişdir. İddiaçı xx.xx.1983-cü il tarixində xx.xx.1990-cı il tarixinə kimi əlvan metal yandırıcısı işində işləmişdir. xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinə kimi zavodun isti işlərdə və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metalogiya məhsulunun nəzarətçisi işində çalışıb.xx.xx.1992-ci il tarixində xx.xx.2003-cü il tarixinə kimi yenidən əlvan metal yandırıcısı işində işləmişdir. xx.xx.2013-cü il tarixində zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T2 kartoçkaları yanmışdır. İddiaçıda sənədləri yandığı üçün zavod ona heç bir sənəd verə bilmir. Arayış İT-İ №- ******* əmək kitabındakı əmrlər əsasında verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı Alüminium Yayma Zavodunun qeydiyyatı barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində hüquqi ünvanı AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə D3127 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən Cəmiyyət "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma Zavodunun hüquqi varisidir. Həmçinin, sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən Cəmiyyətin fəaliyyətinin xx.xx.2021-ci ildən dayandırılması barədə uçot məlumat bazasında qeyd aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Məhkəmə işinin araşdırılması ilə əlaqədar İddiaçı adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) əmək kollektivinin siyahısında olub-olmaması ilə bağlı məlumat verilməsi barədə sorğunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş əmək kollektivinin siyahısında İddiaçı adı aşkar edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1. İddiaçının 52 yaşının tamam olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Lakin, qeyd olunan şərtlərdən iş stajı (ümumi və güzəştli) ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilədək və xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək Bakı Alüminium Yayma Zavodunda (indiki "xxxx" ASC-də) işlədiyi qeyd olunmuşdur. Lakin "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışlardan görünür ki, xx.xx.2013-cü ildə zavodun arxiv sənədləri saxlanan otağında yanğın baş verdiyindən İddiaçı sənədləri yanmışdır, ona görə də İddiaçı heç bir sənəd verə bilmir. İşəgötürən tərəfindən təqdim edilmiş arayışlar isə hər hansı arxiv sənədlərinə (əmrlər və s.) əsaslanmamış, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma Zavodunun hüquqi varisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan isə görünür ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş əmək kollektivinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Göründüyü kimi, həmin dövrlərdə iddiaçının qeyd olunan müəssisədə işləməsi məhkəmə tərəfindən araşdırılan sübutlarla öz təsdiqi tapmır. Bu səbəbdən, qeyd olunan dövrlər iddiaçının sığorta stajına daxil edilə bilməz. Göründüyü kimi, iddiaçı 25 ildən az ümumi sığorta stajına malikdir. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 52 yaşının tamam olduğu tarixdən – xx.xx.2018-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasının əsaslarından biri fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir. Lakin məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə 48000,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 19544,90 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. İddiaçı xx.xx.2018-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir, qeyd olunan norma isə “Əmək pensiyaları haqqında” Qanuna 10 mart 2017-ci il tarixdə əlavə edilmişdir və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu). Ona görə də məhkəmə hesab edir ki, həmin şərt iddiaçıya münasibətdə tətbiq edilməlidir. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********85 saylı məktubundan görünür ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirilmə planında əmək kollektivinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında İddiaçı adının qeyd edilməməsi və beləliklə də iddiaçının həmin müəssisənin əməkdaşı olmadığı faktı öz təsdiqini tapmışdır. Kolegiya qeyd edir ki, İddiaçı "xxxx" ASC-də xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixə kimi işləməsi işdə olan sübutlarla öz təsdiqini tapmadığından, həmin dövrlərin ümumi, o cümlədən güzəştli iş stajına daxil edilməsi mümkün deyil. Məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, onun, 20 il ümumi iş stajı, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı olmadığından, iddiaçıya həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)-436/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar