Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3950/2025 08.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və qeyrisi) qarşı “rütbənin tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3, 3-cü şəxsin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1523/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon Ərazi İdarəsinin 08 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud qanunvericilikdə və beynəlxalq hüquq normalarında xarici dövlətlərdə zabit rütbəsi almış şəxslərin ehtiyata keçirilməsi barədə müddəaların olmamasını nəzərə alaraq iddiaçının çağırışçı kimi qeydiyata alınması məqsədəuyğun hesab edilmişdir.
2. Moskva Dövlət Universitetinin 17 yanvar 2024-cü il tarixli arayışlarında qeyd edilmişdir ki, iddiaçı həmin Universitetdə hüquqşunaslıq istiqaməti üzrə əyani formada bakalavr təhsili, daha sonra magistr təhsili almışdır.
3. Rusiya Federasiyasının Müdafiə nazirinin əmrindən görünür ki, iddiaçıya zabit birinci hərbi rütbəsi və şəxsi nömrə verilməklə ehtiyata buraxılması qərara alınmışdır.
4. Müdafiə Nazirliyinin 13 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, əvvəllər tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali təhsil müəssisələrinin məzunlarına bilavasitə bu təhsil müəssisəsini bitirdikdə hərbi kafedranın attestasiyası əsasında müdafiə nazirinin əmri ilə ilkin zabit hərbi rütbəsi verilmiş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 1999-cu il tarixli 26 nömrəli Qərarı ilə ali təhsil müəssisələrində hərbi kafedralar ləğv olunduğu üçün ali təhsil müəssisələrinin məzunlarına ilkin zabit hərbi rütbəsi artıq verilmir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon Ərazi İdarəsinə qarşı müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Məhkəmənin qərardadları ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Müdafiə Nazirliyi üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.
7. İddiada qeyd edilmişdir ki, iddiaçı təhsil aldığı müddətdə könüllü olaraq hərbi xidmət keçmiş Rusiya Federasiyası Müdafiə Nazirinin əmri ilə zabit-birinci hərbi rütbəsi və şəxsi nömrə verilməklə ehtiyata buraxılmışdır. Rusiya Federasiyasında könüllü hərbi xidmət keçməsi olsa da, çağırışçı kimi qeydiyyata alınmışdır. Cavabdeh qeyd edir ki, mövcud qanunvericilikdə və beynəlxalq hüquqda xarici dövlətlərdə zabit rütbəsi almış şəxslərin ehtiyata keçirilməsi barədə müddəaların olmaması nəzərə alınaraq onun çağırışçı kimi qeydiyyata alınması məqsədəuyğun hesab edilmir. İddiaçı hesab edir ki, onun çağırışçı kimi qeydiyyata alınması əsassızdır, o, Rusiya Federasiyasının vətəndaşıdır, həmin dövlətdə silahlı qüvvələrdə xidmət etmişdir. İddiaçı qeyd edir ki, vətəndaşlığın itirilməsi üçün əsaslar mövcud olduğundan və o, xarici ölkədə hərbi xidmət keçdiyindən, onun hərbi xidmətdən azad edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
8. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının ədliyyə leytenantı ilkin zabit hərbi rütbəsinin tanınmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı təhsil alarkən hərbi kafedrada ehtiyatda olan zabitlər üçün hərbi hazırlıq kursu keçərək hərbi hazırlıq proqramını müvəffəqiyyətlə başa vurduğuna görə, ona Rusiya Federasiyası Müdafiə nazirinin əmri ilə ədliyyə leytenantı ilkin zabit hərbi rütbəsi verilmişdir. Həmin rütbənin tanınması öhdəliyi qanunvericiliyin tələblərinə əsasən cavabdehə həvalə edilməlidir.
10. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək leytenant ilkin zabit hərbi rütbəsinin verilməsinin Müdafiə Nazirliyinə də həvalə edilməsini, Müdafiə Nazirliyinin əlavə cavabdeh qismində tanınması xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir.
11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etirazı onunla əsaslandırılmışdır ki, leytenant hərbi rütbəsinin verilməsi əsasları müvafiq Əsasnamənin 58-ci maddəsinin a,v,e,ə və z bəndlərində konkret müəyyən edilmiş, sadalanan əsaslardan hər hansı biri iddiaçıya münasibətdə mövcud olmamışdır. Qanunvericiliyin tələblərindən görünür ki, Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələri ilə analoji olan xarici ölkənin ali təhsil müəssisəsini bitirmiş Azərbaycan Respublikası vətəndaşına ilk zabit rütbəsi verilməsi məsələsinə baxıla bilər. İddiaçı xüsusi təyinatlı ali təhsil müəssisəsində təhsil almamış, hərbi hazırlıqla bağlı qısa müddətli kurs keçmişdir. İddiaçıya leytenant yox, ədliyyə leytenantı ilk zabit rütbəsi verilmişdir. Ölkəmizdə mülki ali tədris müəssisələrində hərbi kafedralar ləğv edilmişdir. Ehtiyat zabit hazırlıq kursuna qanunvericiliyin tələbinə əsasən Silahlı Qüvvələrində ən azı 9 ay müddətli həqiqi hərbi xidmət keçmiş, 35 yaşınadək ali təhsilli əsgərlər, matroslar və çavuşlar qəbul olunur və bu kursu bitirən məzunlara ehtiyatda olan leytenant hərbi rütbəsi verilməklə ordu sıralarından ehtiyata buraxılırlar.
12. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin Müdafiə Nazirliyi saxlanılmasını digər cavabdehin cavabdeh qismindən çıxarılmasını və üçüncü şəxs qismində cəlb edilməsini və ehtiyyatda olan leytenant hərbi rütbəsinin verilməsi üçün tədbirlərin görülməsinin cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
13. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Rusiya Federasiyasının Müdafiə Nazirliyinin əmri ilə verilmiş leytenant rütbəsinin Azərbaycan Respublikasında tanınmasının cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
14. Həmin dəqiqləşmədən sonra cavabeh mülahizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı Rusiya Federasiyasında mülki tədris müəssisəsində təhsil almasında, orada hərbi hazırkıq kursu keçməsində Müdafiə Nazirliyinin hər hansı formada iştirakı olmamışdır. Bu növ iddia o zaman mümkün ola bilər ki, Müdafiə Nazirliyi ilə xarici ölkənin aidiyyəti qurumu arasında bağlanılmış müqavilə əsasında hərbi kadr hazırlığı məqsədi ilə Müdafiə Nazirliyi tərəfindən müvafiq xarici ölkənin hərbi təhsil müəssisəsinə göndərilmiş olsun. Ölkədə mülki ali təhsil müəssisələrində hərbi kafedralar ləğv edilmişdir. Bundan əlavə, istinad edilən Minks Konvensiyası hərbi xarakterli sənədlərlə, bu sahə ilə hər hansı əlaqəsi mövcud olmamış, Azərbaycan Respublikasında qüvvəyə minməsi və ya imzalanma göstərilməmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1523/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
19. Məhkəmədə iddiaçı və onunun vəkili apellyasiya şikayətinin təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1523/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi qeyd olunan iddia tələbi üzrə Müdafiə Nazirliyinin cavabdeh ola bilməməsi səbəbindən onlara qarşı iddianın mümkünsüz hesab edilməsini, 3-cü şəxsin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
21. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
58. “Leytenant” hərbi rütbəsi verilir: q) tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali tədris müəssisələrinin məzunlarına və müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası əsasında “ehtiyatda olan leytenant” hərbi rütbəsi verilir;
60. İlk zabit rütbəsi verilməsinə təqdim edilən hərbi qulluqçulara bu Əsasnamənin 57-ci maddəsinin “a”, “d”, “e” bəndlərinə, 58-ci maddəsinin “a”, “v”, “q”, “ə”, “z” bəndlərinə müvafiq olaraq bu Əsasnamənin 89-cu və 94-cü maddələrində nəzərdə tutulmuş qaydada attestasiya tərtib edilir və ilk zabit rütbəsi verilməsi üçün komanda üzrə göndərilir.
61. Bu Əsasnamənin 57-ci maddəsinin “v”, “q”, “d” bəndlərinə (dinc dövrdə), “j” bəndinə (müharibə dövründə) və 58-ci maddəsinin “a” bəndinə (hərbi təhsil müəssisəsini bitirməklə bilavasitə ehtiyata buraxılarkən), “q”, “d”, “e”, “ə”, “j” bəndlərinə müvafiq olaraq ehtiyatda olan ilk zabit rütbəsi verilir. “Ehtiyatda olan zabit proqramı” üzrə hərbi hazırlıq keçmiş mülki ali tədris müəssisəsinin məzunları ali təhsil haqqında diplom aldıqdan sonra 60 günlük toplanışa çağırılır və toplanışın sonunda hərbi hazırlıq üzrə imtahan verirlər. Həmin şəxslər toplanışın keçirildiyi hərbi hissə (gəmi) komandirləri tərəfindən “ehtiyatda olan leytenant” hərbi rütbəsi almaq üçün attestasiyadan keçirilirlər.
62. İlk zabit rütbəsi zabit vəzifələrinə təyin edilmiş və bu vəzifələri müvəffəqiyyətlə icra edən dinc dövrdə əsasən ali hərbi təhsil müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş, yaxud hərbi ixtisas hazırlığı profilinə yaxın mülki ali təhsil almış və ya hərbi ixtisas hazırlığı profilinə yaxın olmayan ali təhsil almış, lakin ali hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, bir qayda olaraq, yaşı 35-dən çox olmayan və belə ixtisaslı zabitlərə ehtiyac olduqda gizirlərə və miçmanlara verilir (bu Əsasnamənin 57- ci maddəsinin “d” və “e” bəndləri, 58-ci maddəsinin “ə” bəndi).
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-22-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
27. Belə ki, iddiaçı Rusiya Federasiyasında təhsil aldığını, ikili vətəndaşlığı olduğundan Azərbaycan Respublikasında da hərbi xidmətə cəlb edilməsi zəruri hesab edildiyini, təhsil aldığı mülki ali təhsil müəssisəsində hərbi hazırlıq kursunu keçirmiş şəxs kimi leytenant rütbəsi aldığını bildirərək, həmin rütbəsinin ölkə ərazisində də tanınması və hərbi xidmətinin zabit kimi həyata keçirilməsini tələb edir.
28. Cavabdeh orqan isə imtinasını onunla əsaslandırır ki, iddiaçı Rusiya Federasiyasında mülki tədris müəssisəsində təhsil almasında, orada hərbi hazırkıq kursu keçməsində Müdafiə Nazirliyinin hər hansı formada iştirakı olmamışdır, eyni zamanda Müdafiə Nazirliyi ilə xarici ölkənin aidiyyəti qurumu arasında bağlanılmış müqavilə olmadığından iddia təmin edilə bilməz.
29. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşır.
30. Belə ki, qanunvericiliyin tələbinə əsasən iki ölkə arasında əldə edilmiş razılaşmanın tələbinə görə müvafiq xarici ölkənin hərbi təhsil müəssisəsini bitirmiş şəxsin rütbəsinin verilməsindən söhbət gedə bilər ki, iddiaçının rütbəsinin verilməsində Müdafiə Nazirliyinin hər hansı iştirakı olmamış, təhsil alınan müəssisə hərbi təhsil müəssisəsi də olmamışdır.
31. Odur ki, göstərilən halda Müdafiə Nazirliyi verilmiş hər hansı rütbənin tanınması öhdəliyi daşımamaqdadır.
32. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xarici ölkələrdə hərbi rütbə almış vətəndaşların Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həmin rütbənin ekvivalentliyinin tanınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müdafiə Nazirliyində xarici ölkələrlə müqavilə əsasında təhsil alan şəxslərə təhsili müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ilkin hərbi rütbə verilir və müvafiq vəzifələrə təyin olunurlar.
33. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iki ölkə arasında razılaşma çərçivəsində hərbi təhsil müəssisəsini bitirmiş şəxslər istisna olmaqla digər təhsil müəssisini bitirmiş şəxsin istər leytenant, istər digər rütbəsinin tanınmalı olması qaydası müəyyən edilmədiyindən, Rusiya Federasiyası və ya digər bir ölkədə rütbə almış şəxsin həmin rütbəsinin ölkə ərazisində tanınması mümkün deyildir.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlı deyildir. Belə ki, iddiaçının rütbəsinin ölkə ərazisində tanınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması düzgün olmuşdur.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslı deyildir. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırılmış, onlara düzgün hüquqi qiymət verilmiş, əsaslı olaraq iddia təmin edilməmişdir.
37. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1523/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1523/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.