Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3956/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı müvafiq koda uyğun gömrük rəsmiləşdirilməsinin aparılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4274/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İnvoyslardan görünür ki, iddiaçı tərəfindən idxal edilən mal ******* kodu üzrədir.
2. X9 İdarəsinin ekspert rəyində qeyd edilir ki, avadanlıq karton qutuya qablaşdırılmış dondurma istehsal edən avadanlıqdır, təsnifat kodu **********9 koduna uyğundur, iddiaçı tərəfindən XİF MN kodu düzgün göstərilməmişdir. Avadanlıq soyuducu ilə təchiz edilmişdir.
3. X2 ekspert rəyində qeyd edilir ki, XİF MN üzrə ********** koduna nəzər yetirdikdə aydın olur ki, bu koda soyuducular, dondurucular və ya başqa tipli soyuducu və dondurucu avadanlıqlar aiddir. XİF MN üzrə ********** koduna nəzər yetirdikdə aydın olur ki, bu koda bu qrupun başqa yerində adı çəkilməyən yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıqlar aiddir. Bəyan edilən avadanlıq ********** koduna uyğundur. Avadanlıq istehsal edən şirkət tərəfindən bütün ölkələrə də məhz həmin kodla ixrac edilir.
4. Qısa idxal bəyannaməsindən görünür ki, “Termoplan Azərbaycan MMC tərəfindən dondurma hazırlamaq üçün avadanlıq (istehsalçı: Caprgiani) idxal olunmuş, malın kodu kimi 84380 9800 müəyyən olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı müvafiq koda uyğun gömrük rəsmiləşdirilməsinin aparılması və s barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ddiaçı dondurma istehsal edən avadanlıq idxal prosesi zamanı cavabdeh tərəfindən XİFMN 843880/9800 kodu altında idxal olunmasına razılıq verilməmiş, soyuducuya aid XİFMN altında rəsmiləşdirilməli olması bildirilmişdir. Halbuki, mənşə sənədində, istehsalçının invoys və bəyannamələrində malın kodu dondurma istehsalı üçün aparat və həmin aparat üçün altlıq şkaf dair kod üzrə göstərilir. Lakin, gömrük orqanı tərəfindən soyuducya aid kodun heç bir əsaslı səbəb olmadan olması göstərilir. Buna dair gömrük orqanı tərəfindən hər hansı mötəbər sənəd, sübut təqdim edilməmiş, sahibkarlıq fəaliyyətinə əngəl yaradılmışdır. İddiaçı hesab edir ki, idxal etdiyi məhsul üzrə kod 0 gömrük rüsumuna düşür, gömrük orqanı isə kodun dəyişdirərək böyük məbləğdə rüsum fərqinin yaranmasına səbəbiyyət verir.
7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 19 sentyabr 2024-cü il tarixli invoys sənədi əsasında idxal olunmuş malların ********** koduna uyğun hesab edilməklə gömrük rəsmiləşdirilməsinin başa çatdırılmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirir ki, X7 İdarəsinə rəyinə malın XİF MN üzrə təsnifat kodu bəyan edilmiş təsnifat kodundan fərqli olduğu müəyyən edilmiş, gömrük bəyannaməsi müvafiq düzəlişlərin edilməsi məqsədi ilə bəyannaməçiyə göndərilmişdir. Hazırkı tarixədək sözügedən bəyannamə brokerdə statusunda olub rəsmiləşdirmə üçün göndərilməmişdir. Ödənilməli əlavə gömrük odənişi ümumilikdə 21941,12 manat təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4274/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı MMC tərəfindən 19 sentyabr 2024-cü il tarixli invoys sənədi əsasında idxal olunmuş malların ********** koduna uyğun hesab edilməklə gömrük rəsmiləşdirilməsinin başa çatdırılması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, "dondurma istehsal edən avadanlıq” yükünün kodunun hansı səbəbdən məhz 8418 69 mal qrupuna dəyişdirilməli olmasını əsaslandırmaq məqsədi ilə rəsmi və mötəbər sübut qismində beynəlxalq qanunvericilik normalarına da istinad verilmişdir. Belə ki, bütün dünya dövlətlərinin daxili qanunvericiliklərində XİF MN kodları üzrə normayaratma üçün baza rolunu oynayan X4 rəsmi internet səhifəsində hamı üçün açıq olan “General Rules for the İnterpretation of the Harmonized System", yəni Harmonikləşmiş Sistemin şərh edilməsi üçün ümumi qaydalar” adlı izahnaməsi tərəfimizdən məhkəməyə sübut qismində təqdim edilmişdir. Həmin İzahnamənin 16-cı bölməsinin. 8418 qrupuna aid olan 2-cı bəndinin izahnamə qeydində açıq şəkildə “dondurma avadanlıqları” yükünün bu qrupda sinifləşdirilməsi qeyd edilmişdir. Lakin məhkəmənin yekun qərarında təqdim edilmiş sübuta qiymət verilməmiş, hansı səbəbdən beynəlxalq hüququn alılıyının nəzərə alınmadığı əsaslandırılmamışdır. Həmçinin. Dövlət Gömrük Komitəsi tərəfindən rəsmi internet saytı vasitəsi ilə malların nomenklatura kodlarının sahibkarların özləri tərəfindən əvvəlcədən müəyyənləşdirməyə imkan yaradacaq axtarış paneli aktiv edilmişdir. 'XİF MN tövsiyə sistemi" olmaqla süni intellekt əsaslı axtarış modulunun fəaliyyəti son iki ildə gömrüyə bəyan edilən malların təsvirləri əsasında aparılır. Sözügedən modulda "Carpigıanı ıce cream machine” açar sözləri ilə axtarış edildikdə müntəzəm olaraq ölkəyə idxal edilmiş "dondurma hazırlayan avadanlıq” yüklərinin 8418 69 mal mövqeyi ilə gətirildiyi müəyyənləşir. Lakin məhkəmə qərarında isə təsdıqedıcı sübutlar əsasında deyil, yalnız mülahizə şəklində bütün dünya dövlətlərinə dondurma hazırlayan avadanlıq yükünün 8438 80 XİF MN kodu ilə ixrac edildiyi qeyd edilmişdir. Belə ki, 11 oktyabr 2024cü ıl tarixli **********6211 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal edilmiş malların XİF MN kodunun " 8418 69 000 9 kodu altında sinifləşdirilməsi əsaslı və qanuni olduğundan sözügedən yüklər müvafiq XİF MN kodu altında rəsmiləşdirilmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.25. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görür; 218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 218.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 319.1. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.3. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X4 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X8 Edilmiş Sisteminə və X5 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. 319.5. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi;
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
21. Belə ki, iddiaçı 19 sentyabr 2024-cü il tarixli invoys sənədi əsasında idxal olunmuş malların ********** koduna uyğun hesab edilməklə gömrük rəsmiləşdirilməsinin başa çatdırılmasını tələb edir.
22. Cavabdeh orqan isə həmin kod üzrə rəsmiləşdirilmənin aparılmasından imtinanı onunla əsaslandırır ki, soyuducu ilə təchiz edilmiş həmin avadanlıqlar ekspert rəyindən də görünür ki, 8418 kodu üzrə rəsmiləşdirilməli və göstərilən səbəbdən əlavə ödəniş edilməlidir.
23. İş faktiki hallarından göründüyü kimi hazırkı inzibati mübahisə 19 sentyabr 2024-cü il tarixli invoys sənədi əsasında Carpigianı Group adında şirkət tərəfindən ixrac edilmiş avadanlıqların iddiaçı tərəfindən ölkəyə idxalı zamanı müvafiq gömrük ödənişlərinin müəyyən edilməsi baxımından gömrük rəsmiləşdirilməsinin hansı xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası üzrə aparılmalı olması ilə əlaqədardır.
24. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya əsasən təqdim edilmiş “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynalxalq Konvensiyadan, həmçinin onun tərkib hissəsi olan “İzahnamə”dən (azərbaycan dilinə tərcümə edilmiş) görünür ki, soyuducular və soyuducu avadanlıqları mayeləşdirilmiş qazların dövriyyəsi nəticəsində suyun gizli buxarlanma istiliyini udaraq aktiv soyutma elementində aşağı temperaturun davamlı şəkildə saxlanması üçün nəzədə tutulmuş avadanlıqlar və qurğulardır. Soyuducuların kompressiya və absorbsiya növləri var. Kompressiya tipli soyuducular genişlənmiş qazın təzyiqi altında kompressor vasitəsi ilə aktiv soyuducu elementi olan buxarlandırıcıdır. Absorbsiya tipli soyuducular isə suda həll olunmuş ammonyakın qazla,neftlə və ya elektrik elementli qızdırıcı ilə işləyən avadanlıqdır.
25. Məhkəmənin sorğusuna əsasən iddiaçı tərəfindən təqdim edilmiş Caprigiani avadanlığının texniki göstəricilərini əks etdirən kitabçaya nəzərə saldıqda (1.2.1-ci bənd) məlum olur ki, mübahisə predmeti olan avadanlıq səthüstü (masaüstü) tipli olmaqla yanaşı, bir çeşiddə yumşaq dondurmanın dərhal istehsalı və ya paylanması üçün nəzərədə tutulmuşdur. Qeyd olunan avadalığın (1.2.2-ci bənd) quruluş sisteminə nəzər saldıqda bölünməz əşya olması müəyyən olunur.
26. Qeyd olunan sənədlər (24-25 bəndlər) tədqiq edildikdən sonra məlum olur ki, iddiaçı tərəfindən idxal edilmiş avadanlığın əsas misissiyası dondurmanın hazırlanmasıdır. Lakin digər gida məhsullarından fərqli olaraq dondurmaların yalnız aşağı temperaturda saxlanmalı olması nəzərə alınaraq həmin avadanlıq soyuducu rəflərlə təchiz edilmişdir. Bu isə iddiaçının idxal etdiyi avadanlığı soyuducudan fərqləndirən cəhətlərdən biridir.
27. Belə ki, işdə olan rəydən də görünür ki, idxal edilən avadanlıq soyuducu yox, dondurma istehsal edən avadanlıqdır. Rəydə qeyd edilir ki, XİF MN üzrə ********** koduna nəzər yetirdikdə aydın olur ki, bu koda soyuducular, dondurucular və ya başqa tipli soyuducu və dondurucu avadanlıqlar aiddir. XİF MN üzrə ********** koduna nəzər yetirdikdə aydın olur ki, bu koda bu qrupun başqa yerində adı çəkilməyən yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıqlar aiddir. Bəyan edilən avadanlıq ********** koduna uyğundur. Avadanlıq istehsal edən şirkət tərəfindən bütün ölkələrə də məhz həmin kodla ixrac edilir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 19 sentyabr 2024-cü il tarixli invoys sənədi əsasında idxal olunmuş mallar məhz ********** koduna uyğundur və həmin kod üzrə başlanılmış rəsmiləşdirmənin başa çatdırılması üçün öhdəliyin cavabdeh orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin qərarı əsaslı olmuşdur.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4274/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4274/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.