Məhkəmə qərarları › İş №2-1(103)-396/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-396/2021

27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-396/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Qədim Xalid oğlu Babayev və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-1(112)-1877/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində İdarəyə göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində X4 Xidməti tərəfindən göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01.10.2003-cü il tarixindən Müdafiə Nazirliyi tərəfindən ona pensiya təyin edilmişdir. Hərbi xidmətdən ehtiyata buraxılmağı ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim edilməsi” qaydalarına əsasən yeni ZE55598 məlumat vərəqini ona əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi ona ünvanladığı 03/89/02-183 nömrəli, 28.02.2018-ci il tarixli məktubu ilə Əmək Məcəlləsinin 32.1-ci və 37.1-ci maddəsinə istinad edərək yaşa görə əmək pensiyasının ömürlük təyin edildiyini əsas gətirərək pensiya təyinatının yenidən digər dövrün təminat xərcliyinə (“Məlumat vərəqinə”) əsasən hesablanmasının qanunvericiliyin tələblərinə zidd olduğunu qeyd edərək imtina etmişdir. Daha sonradan tərəfindən yenidən edilən müraciətə cavabdeh orqan tərəfindən verilən 03/89/02-532 saylı 05 iyul 2018-ci il tarixli cavab məktubunda eyni səpkili cavab verilməklə və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad edilməklə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı bildirilmişdir. Daha sonradan tərəfindən yenidən 04 sentyabr 2019-cu il tarixində İdarəyə əmək pensiyasının yenidən hesablanması üçün müraciət edilmişdir. Cavabdeh tərəfindən 07 oktyabr 2019-cu il tarixli, **********3 saylı pensiyanın yenidən hesablanması haqqında cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunduğu və əmək pensiyasının təyin edilməsi üçün İdarəyə təqdim edildiyi, sözügedən qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən idarəyə göndərildiyi, bu səbəbdən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumatın sonuncu xidmət keçilən orqandan idarəyə daxil oduqdan sonra baxıla biləcəyi qeyd olunmuşdur. Qeyd edilən cavab məktubu 14 oktyabr 2019-cu il tarixində alınmışdır. Hesab edir ki, bu imtina onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 32.1-ci və 37.3.1-ci maddəsinə istinad edərək Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş yeni “Məlumat vərəqi” əsasında onun xidmət illərini nəzərə almamış, bu məlumat vərəqi əsasında ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh burada əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci yarımbəndinə istinad edərək məsələ ilə bağlı hüquqi mövqeyini əsaslandırmağa çalışmışdır. Lakin həmin norma 01.07.2017-ci il tarixdə qüvvəyə minmişdir. O isə həmin tarixdən əvvəl ehtiyata buraxılmış və barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş ZE55598 nömrəli məlumat vərəqi 2003-cü ildə hazırlanmışdır. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 27.28.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra İdarə) göndərilən İddiaçı aid ZE-55598 saylı məlumat vərəqinə əsasən sonuncuya tutduğu vəzifəyə uyğun olaraq yaşa görə əmək pensiyası pensiya təyin edilmişdir. Lakin iddiaçı 20.02.2018-ci il və 12.02.2018ci ildə müxtəlif orqanlar tərəfindən tərtib edilmiş iki müxtəlif məzmunlu məlumat vərəqələrini İdarəyə təqdim etmişdir. 19.02.2018-ci il tarixdə iddiaçı yenidən yaşa görə təqaüd almaq məqsədi ilə ərizə ilə İdarəyə müraciət etmişdir. Qeyd edilən məlumat vərəqələrinin tərtib edilmə tarixlərindən (20.02.2018-ci il və 12.02.2018-ci il) göründüyü kimi, iddiaçı İdarəyə məhz Dövlət Sərhəd Xidmətindən daxil olmuş məlumat vərəqəsindən sonra qeyd edilən məzmunlu ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar 14.02.2018-ci il tarixdə İdarənin əmək pensiyasının təyin edən komissiyası tərəfindən iddiaçının Müdafiə Nazirliyinin xətti ilə pensiya aldığı səbəbi ilə onun yeni ərizəsində olan tələbinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd etdiyi kimi İddiaçıun öz adına olan, tərtib edilmə müddəti arasında cəmi 8 gün fərq olan iki müxtəlif dövlət orqanları tərəfindən tərtib edilmiş məlumat vərəqələrinə cəlb etmək istəyir. Belə ki, hər iki məlumat vərəqəsinə baxdıqda müəyyən edilmişdir ki, onların hər ikisi xx.xx.1973-cü il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş, Müdafiə Nazriliyi tərəfindən 20.02.2018-ci il tarixdə tərtib edilmiş məlumat vərəqəsində onun rütbəsi kapitan, Dövlət Sərhəd Xidməti tərəfindən 12.02.2018ci il tarixli məlumat vərəgəsində isə onun rütbəsi mayor olaraq qeyd edilmişdir. Dövlət Sərhəd Xidməti tərəfindən qeyd edilmiş məlumat vərəqəsindən göründüyü kimi İddiaçı 20.09.2017-ci ildə öz arzusu ilə dövlət sərhəd xidmətindən ehtiyata buraxılmış, onun təqvimi xidməti illəri 22 il 09 ay 17 gündür. Beləliklə, DSX-dən göndərilmiş həmin məlumat vərəqəsindən göründüyü kimi İddiaçı 03 yanvar 1995-ci ildə o DSX-də xidmətə başlamışdır. Lakin Müdafiə Nazirliyindən göndərilmiş məlumat vərəqəsinə əsasən iddiaçı 29.09.2003-cü ildə Müdafiə Nazirliyindən kapitan rütbəsində xidmət müddətini başa vurduğundan tərxis olunmuş, bu zaman onun təqvimi xidmət illəri il 11 il 9 ay 13 gün olmuşdur. Müdafiə Nazirliyinin həmin məlumat vərəqəsindən göründüyü kimi iddiaçı 16 yanvar 1992-ci ildən Müdafiə Nazirliyinin tərkibində xidmət etmiş və 29.09.2003-cü ildə ordudan tərxis edilmişdir. Beləliklə DSX-ti və Müdafiə Nazirliyi tərəfindən eyni şəxs olan İddiaçı barəsində tərtib edərək göndərdikləri məlumat vərəqəsinə baxdıqda belə nəticəyə gəlmək olar ki, şəxs eyni zamanda müxtəlif qurumlarda hərbi qulluqçu kimi xidmət etmişdir. Lakin belə bir hal mümkün olmadığından, qeyd edilən məlumat vərəqələrinin mötəbər olmaları şübhəlidir. İddiaçının adına 20.02.2018-ci il tarixdə yenidən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yenidən tərtib edilmiş məlumat vərəqi idarəyə daxil olmuş və iddiaçı tərəfindən ərizə verilərək pensiyasının yenidən sonuncu məlumat vərəqinə əsasən hesablanıb ödənilməsi xahiş edilmişdir. Tərəflərindən 2018-ci il tarixli qərar ilə iddiaçının ərizəsi “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-1(112)-1877/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər cavabdeh orqan, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin təmin edilməməsinin əsası kimi əmək pensiyası təyin edildikdən sonra iddiaçının hərbi xidmətini davam etdirməsi və bu səbəbdən iddiaçının pensiyasının sonuncu təminat xərcliyinə görə hesablanmamalı olmasına dair qanunvericiliyə edilən dəyişiklik olmuşdur. İddiaçı bu dəyişiklik qüvvəyə minməmişdən əvvəl yəni 2017-ci ilin iyun ayında Silahlı Qüvvələrin konkret olaraq Dövlət Sərhəd Xidmətinin sıralarından təxris olunmaqla pensiyaya çıxmaq barədə ərizə ilə müraciət etmişdir. Hər nə qədər birinci instansiya məhkəməsinin qərarında cavabdeh orqan tərəfindən iddiaçının 20 sentyabr 2017-ci il tarixində Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxıldığı bildirilsə də, hər kəsə məlumdur ki, hərbi qulluqçuların ehtiyata buraxılması bir neçə gün ərzində baş verməməkdədir. Yəni iddiaçı daha bu dəyişiklik qüvvəyə minməmişdən əvvəl öz arzusu ilə hərbi qulluqçu kimi ehtiyata buraxılmaq barədə ərizə ilə müraciət etmişdir. Bu isə onu deməyə əsas veririr ki, iddiaçının hərbi qulluqçu kimi öz arzusu əsasında pensiyaya çıxması barədə tələbi olduğundan bu qanuna edilmiş dəyişiklik qüvvəyə minməmişdi və bu səbəbdən hal-hazırda qüvvədə olan Əmək Pensiyaları haqqında Qanunun 9.6-cı maddəsinin tələbləri ona şamil edilə bilməzdi. Belə ki, iddiaçı hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılmaq barədə müraciət edərkən onun pensiyasının yenidən hesablanması ilə bağlı tələb irəli sürmək hüququ var idi. Əmək pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ tərəfin Silahlı Qüvvələrdən ehtiyata buraxılmaq barədə ərizə verdiyi dövrdə qüvvədə olduğu halda bu hüququnun iddiaçının ehtiyata buraxıldığı 20 sentyabr 2017-ci il tarixində mövcud olmaması həmin hüququn olmadığı, əmək pensiyaçısının yenidən əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilməyəcəyi kimi tövsif edilməməli idi. Belə çıxır ki, bu dəyişiklik qüvvəyə minməmişdən əvvəlki tarixdə iddiaçı ehtiyata buraxılsa idi, o zaman bu iddianın təmin edilməməsi üçün heç bir maneə qalmamaqda idi. Həmçinin, ümumi xarakterli olaraq Azərbaycan Respublikası Milli Məclisi Aparat rəhbərinin 17 avqust 2017-ci il tarixli 02-1-174 saylı məktubu əsasında da AR ƏƏSMN tərəfindən DSMF-yə göndərilən məktubda rəhbərlik və icra üçün “Əmək Pensiyaları haqqında Qanunda dəyişikliklər edilməsi barədə” AR-nın 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun qüvvəyə mindiyi 2017-ci il iyul ayının 1-dək əmək pensiyası hüququ əldə etdmiş, lakin pensiya təyinatı üçün bu tarixdən sonra müraciət etmiş şəxslərə Əmək Pensiyaları haqqında Qanunun cari ilin 1 iyul tarixinədək qüvvədə olmuş normalarının şamil edilməli olduğu bildirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-1(112)-1877/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Hərbi Komisarlığının 31.10.2003-cü il tarixli, 001971 saylı vəsiqəsindən görünür ki, İddiaçı 01.11.2003-cü il tarixdən etibarən 3756.89 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı aid Dövlət Sərhəd Xidməti tərəfindən 001611 saylı, 12.02.2018-ci il tarixli məlumat vərəqəsi, Müdafiə Nazirliyi tərəfindən ZE-55598 saylı, 20.02.2018-ci il tarixli məlumat vərəqəsi, Müdafiə Nazirliyi tərəfindən ZE-55598 saylı, 27.08.2007-ci il tarixli məlumat vərəqəsi mövcuddur. İdarənin əmək pensiyası təyin edən komissiyasının 19.02.2018-ci il tarixli, 18/531 saylı qərarı ilə Müdafiə Nazirliyinnin xətti ilə pensiya aldığı üçün İddiaçı ərizəsi təmin edilməmişdir. İdarənin iddiaçıya cavab olaraq verdiyi 05.07.2018-ci il tarixli, 03/8e/02-532 nömrəli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6 maddəsinə uyğun olaraq hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövrü deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçilarının pensiyası sonuncu təminat xərcliyınə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. İdarənin iddiaçının 02.09.2019-cu il və 04.09.2019-cu il tarixli ərizələrinə cavab olaraq verdiyi 07.10.2019-cu il tarixli, **********3 nömrəli məktubdan görünür ki, iddiaçıya 1 oktyabr 2003-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Müdafiə Nazirliyi tərəfindən iddiaçıya dair təqdim olunmuş ZE-55598 nömrəli 27 avqust 2007-ci il tarixli məlumat vərəqəsində qeyd olunan 25 il 9 ay 3 gün(təqvimi xidmət illəri 11 il 9 ay 13 gün, güzəştli xidmət illəri 13 il 11 ay 20 gün) xidmət müddətinə görə təminat xəcliyi 65 faizi miqdarında əmək pensiyasının ödənişi idarə tərəfindən aparılmışdır. 23 fevral 2018-ci il tarixində sözügedən orqan tərəfindən daxil olmuş yeni məlumat vərəqəsində xidmət illəri 27 il 4 ay 16 gün (təqvimi xidmət illəri 11 il 9 ay 26 gün, güzəştli xidmət illəri 15 il 6 ay 20 gün) göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 470,00 manat, rütbə maaşı 127,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavəsi - 89,55 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 750,55 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada 27 il 4 ay 16 gün xidmət müddətinə görə təminat xərcliyinin 71 faizi - 532,89 manat məbləğində pensiya qanunvericiliyə uyğun olaraq müvafiq kart hesabına köçürülür. Əmək pensiyasını məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan İdarəyə daxil olduqdan sonra baxıla bilər. İdarənin iddiaçının 30.10.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 21.11.2019cu il tarixli, **********0 nömrəli məktubundan görünür ki, iddiaçıya 1 oktyabr 2003-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xidməti illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasnın təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Ona əmək pensiyası təyin edildikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmətə cəlb olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, 20 sentyabr 2017-ci il tarixində xidmətdən təxris olunmağı ilə əlaqədar Dövlət Sərhəd Xidməti tərəfindən İdarəyə daxil olmuş 12 fevral 2018-ci il tarixli, 001611 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşin hallarından görünür ki, iddiaçıya 01.10.2003-cü ildən əmək pensiyası təyin edilmiş, 2007-ci ildən pensiyanın hesablanması və ödənilməsi İdarə tərəfindən həyata keçirilir. İddiaçı pensiyaya çıxdıqdan sonra Dövlət Sərhəd Xidmətində xidmətə başlamış və 20.09.2017-ci il tarixdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı sonuncu xidmət yerindən verilmiş məlumat vərəqəsindəki təminat xərcliyinə görə pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır və qeyd edir ki, cavabdehin imtinası əsaslı olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 37.3, 37.3.1.-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına pensiya təyin olunan gündəlik qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Hərbi qulluqçu kimi yaşa göra əmək pensiyasının hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunduğuna dair müddəa aşkar olaraq pensiyaya çıxmış hərbi qulluqçunun hərbi xidmətini başa vurduğunu ehtiva edir. Pensiyaya çıxdıqdan sonrakı əmək fəaliyyətini davam etdirən pensiyaçılara (işləyən əmək pensiyaçılarına) münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Başqa sözlə, işləyən əmək pensiyaçısı pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər. Həmin normanın tələbi (2017-ci il 1 iyul tarixədək qüvədə olan redaksiyada) iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı hərbi xidmətdən tərxis olunduqdan (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən) sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. «Əmək pensiyaları haqqında” Azərbaycan Respubikasının Qanununda dəyişiklər edilməsi barədə 10.03.2017-ci il tarixli 543-VQD №-li Qanununla (2017-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə edilmiş əlavələrə gəldikdə, onlar zaman qüvvəsinə görə hazırkı mübahisəyə tətbiq olunmasalar belə, həmin əlavələr əslində yuxarıda istinad edilən normaların mahiyyətini və məqsədlərini dəyişməmiş, əksinə qanunverici normaların əhatə etdiyi münasibətləri daha aşkar tənzimləmişdir. Kollegiya qeyd edir ki, hərbi qulluqçu olan iddiaçıya hərbi xidmətdən buraxıldıqdan sonra əmək pensiyası təyin edildiyindən və o bundan sonra hərbi xidmətini davam etdirdiyindən ona sonuncu təminat xərcliyinə görə pensiyasının yenidən hesablanması qanunvericiliyin yuxarıda göstərilən tələblərinə zidd olduğundan cavabdehin imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-1(112)-1877/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar