Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-396/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müraciətlərə cavab verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(112)-9359/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planın” ekoloji, iqtisadi, sosial və hüquq mahiyyətini izah etmək və onun icrasının gecikməsinə aydınlıq gətirmək; bu proqramın icrasında hökümətin, yəni Nazirlər Kabinetinin hüquqi və iqtisadi rolunun izah edilməsi; 262 saylı sərancamın verilməsinə səbəb olan hüquqi əsasın əmələ gəlməsi, onun təsir dairəsi və müddətinə açıqlıq gətirilməsi; 213 saylı sərəncamın verilməsinə səbəb olan hüquqi əsasın əmələ gəlməsi, onun təsir dairəsi və müddətinə açıqlıq gətirilməsi; ADEC AİŞ-nin 262 saylı sərancamdan irəli gələn öhdəliklərinin, daha dəqiq sözügedən ərazidən əhalinin köçürülməsində iştirak etməməsinin səbəbini izah etmək; sözügedən ərazidə yerləşən əhalinin vaxtında köçürülməməsinin səbəbinin izahını; sözügedən ərazidə yaşayan vətəndaşlara göstərilən çoxşaxəli şiddətin səbəbinin izah edilməsi; 3000 civarında mülk sahiblərinin və 15 000 civarında vətəndaşın “Ağ Şəhər”də mülk sahibi olmaq və orada “yaşamamaq istəyinin” olmamasının səbəbini izah edilməsi; mülk sahiblərinin mülklərinin zorla dəyər-dəyməzinə əllərindən alınmasının iqtisadi əsaslarının izah edilməsi; bu prosesin icrasında saxta sənədlərin (saxta mülklər, şişirdilmiş ölçüdə mülklər, saxta alıcılar, müqavilələr, çirkli və təyinati dəyişilmiş pullar, notariat əməliyyatları, bank əməliyyatları və s.) tərtib edilməsinin izah edilməsi; Bakı ŞİH, ADEC AİŞ və Xətai RİH-nin bu proqramın icrası zamanı sözügedən ərazidə vətəndaşların sağlamlıq, mülkiyyət, yaşayış yerinin seçilməsi və s. insani hüquqlarının qarşılanması uçun kompleks tədbirlər barəsində gördükləri işlərə izahat verilməsi; sözügedən ərazidə yerləşən mülk sahiblərinə məxsus torpaqların sonda kimə satılması barədə izahat verilməsi öhdəliyinin Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1967 saylı sərancamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində Bakı ŞİH Başçısının xx.xx.2007-ci il, 262 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllərdə və Nobel prospekti ilə Xəzər dənizi arasında (bundan sonra sözügedən ərazi) yerləşən yeni yaşayış binalarının, sosial-ictimai obyektlərin, dəniz kənarı zolağın işlənməsi ADEC Azərbaycan İnkişaf Şirkətinə həvalə edilib. Daha dəqiq 2006-2010-cu illəri əhatə edən 5 illik dövlət planında təbii ki, əhali sözügedən ərazidən köçürülməli və sözügedən ərazinin - “Qara Şəhər”in qara torpağı (neft tullantıları ilə çirklənmiş) ya yerində təmizlənib, ya da ki, daşınıb aparılmalı idi. Bundan sonra 2011-ci il tarixdən “Ağ Şəhər” lahiyyəsinin icrasına başlanmalı idi. Təəssüflər olsun ki, dövlətin bu planı bu günə qədər də, yerinə yetirilməyib. Bu dövlət proqramının və “Ağ Şəhər” lahiyyəsinin icrası zamanı baş verən qeyri-adekvat hərəkətlər: - sözügedən dövlət proqramının icrasının gecikməsi (2006-2010); - sözügedən ərazidə yaşayan əhalinin mülklərinin sökülməsi, əhalinin köçürülməsi və kompensasiyanın ödənilməsi vəzifəsini Bakı ŞİH xx.xx.2007-ci il tarixli, 262 saylı sərancamı ilə ADEC AİŞnə, xx.xx.2013-cü il tarixli, 225 saylı sərancamı ilə isə Xətai RİH-nə tapşırılması; - Azərbaycan Respublikası Maliyyə Nazirliyi sözügedən ərazidə yerləşən mülklərin alınması zamanı “Torpaqların dövlət ehtiyaclar üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun şamil edilməməsini qeyd etməsi, Xətai RİH-nin öz vəzifə səlahiyyətini aşaraq Azərbaycan Respublikasında qüvvədə olan mülkiyyət haqqında qanunlara kobudcasına sayğısızlıq etməsi, həm də hüquq-mühafizə orqanları və aidiyatı dövlət qurumlarının da Xətai RİH-nin bu qeyri-qanuni hərəkətinə haqq qazandırmaları; Xətai RİH gözügedən ərazidə aparılan işlərin icrasında məsuliyyət hissini itirərək kobud saxtakarlığa geniş meydan açması, və sair hallar belə təəssürat yaradır ki, sözügedən dövlət proqramı və “Ağ Şəhər” lahiyyəsi Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin aşağı salınmasına xidmət edir. Yuxarıda qeyd etdiyi dövlət proqramı və “Ağ Şəhər” lahiyyəsi mifi 2007-ci ildən ortalığa çıxandan sonra, çoxsaylı vətəndaşlar kimi o və ailəsi də Bakı ŞİH-nin təşkil edib, rəhbərlik etdiyi qurumların qanunsuz hərəkətlərinin təsirinə məruz qalmışlar və hal-hazırda da qalırlar: 2007-ci ildən Xətai RİH-nin psiixoloji travmaya səbəb olan basqıları-“evinizdə təmizlik işi aparmayın, evinizi sökəcəyik”. 2013-cü ildən Xətai RİH-nin qrup şəkilində (50- 60 nəfər) mülkünə basqılar təşkil etməsi. Evin telefon xəttini dayandırması, qaz, işıq, su təhcizatını intensiv olaraq fasilələrlə dayandırması, mülkünə fiziki zədə vurması, mülkündə çox saylı oğurluqlar təşkil etməsi, Xətai RİH 2017-ci ilin sentyabr ayından onu və ailəsini öz şəxsi mülkündən didərgin saldılar ki, ”o burada yaşamır” kimi çirkin “dəlil” əldə etsinlər. Xətai RİH 2017-ci ildə Xətai RİH-nin qeyri-insani hərəkətləri nəticəsində ağır xəstəliyə məruz qalmış həyat yoldaşını xarici ölkəyə müalicə üçün aparmağından istifadə edib, ünvan 3 ünvanında yerləşən 2 mərtəbə evini əşyaları qarışıq məhv edib. Bu gün Xətai RİH törətdiyi cinayəti inkar edir, daha dəqiq deyir ki, onun evini sökməyiblər, evi yerindədir. Xətai RİH 2017-ci ildə öyrədilmiş şəxslər tərəfindən onu və 9 nəfər ailə üzvünü ünvan 5 ünvanında yerləşən şəxsi mülkündən mərhum etmək üçün məhkəmə davası açdırdı (İş № 2(011)-4898/17). Onun ünvan 5 ünvanında yerləşən şəxsi mülkünü Xətai RİH-nin hücumlarından mühafizə etmək üçün, o Xətai RİH tərəfindən ədalətsiz olaraq 2017-2019cu illərdə məhkəmələrdə “süründürüldü”. 2020-ci ildə Xətai RİH və ADEC AİŞ onun ünvan 7 ünvanının əvəzləyicisi) ünvanında yerləşən mülkünü ağır texnikalarla məhv etmək istədilər. Heç bir məhkəmə qərarı və bildiriş olmadan xx.xx.2021-ci il tarixdə Xətai RİH başçısının müavini Etibar Əhmədovun rəhbərlik etdiyi 70 nəfərə yaxın dəstə onun Xətai rayonu, Turşu küçəsi 23V ünvanında yerləşən xüsusi mülkünə hücum etdilər. Hücumun qarşısı evdə uçuntular altında qalan 2 azyaşlı qız uşağını ölümdən azad etmək üçün qonşular tərəfindən alındı. Onun xüsusi mülkünə külli miqdarda ziyan dəydi və ən faciəlisi isə o oldu ki, 2 azyaşlı qız uşaqları ağır psixoloji travma aldılar. Hüquq-mühafizə orqanlarının, aidiyyatı dövlət qurumlarının və ədalət məhkəmələrinin ədalətsiz münasibətindən “şücaətlənən” Xətai RİH-nin insani hisləri bloklanmış dəstəsi xx.xx.2021-ci il tarixdə heç bir məhkəmə qərarı və bildiriş olmadan 80-ə yaxın canlı qüvvə, o cümlədən 30-a yaxın çinli polis məmuru və ağır texnika ilə onun xüsusi mülkünə basqı edib, orada yaşayanları küçəyə atdılar, evin əşyalarını talan etdilər və evi viranə qoydulur, yəni xüsusi mülkü olan evini yerlə bir etdilər. Qonşuların, ailə üzvülərinin və onu tanıyanların gözü önündə onun şərəf və ləyaqətini alçaltdılar. Hüquq-mühafizə orqanları, aidiyyatı dövlət qurumları, xüsusi ilə də ədalət məhkəmələri Bakı ŞİH-nin komandirlik etdiyi Xətai RİH-nin qanunsuz və “qan donduran” qeyri-insani və qeyri-bəşəri hərəkətini ədalətli hesab etdilər. Onun və ailəsinin heç bir mülkiyyət, mənzil toxunulmazlığı, sağlam mühitdə yaşamaq, istədiyi yerdə yaşamaq, aidiyyatı informasiya almaq, ictimai ayrı seçkiliyə məruz qalmamaq və sairə hüqüqları yoxdur. Məhkəmələrin onun və 9 nəfər ailə üzvünün hüquqlarının nümayişkarə formada müdafiə etməməsi: mülkünün məhv edilməməsi üçün tədbir görməməsi, azyaşlı qız uşaqlarının ölümünə cəhd təşəbüsünə (yəqin ki, bu hakimlərin uşaqları yoxdur, ya da ki, başqalarının uşaqlarını uşaq saymırlar) adekvat reaksiya verməməsi, məhkəmə iclaslarında özlərini tərəf kimi və cavabdehin vəkili kimi aparmaları, məhkəmə icraatında çəkişmə prinsiplərinə əməl etməməsi, saxta sənədləri “ədalətlə” qəbul etmələri, fakt və sübutları məkrli surətdə təhrif etmələri, “bezdirmə” sindromundan istifadə etmələri, öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, şəxsi maraqlarını müqəddəs peşə amallarına qurban vermələri, şəxsən onda şaşqınlıq yaradır. Peşəkar hakimin “zorlanan vətəndaşa mənbəyi qeyri-müəyyən, çirkli pulun məkrli məqsədlə ödənilməsi” cinayət əməliyyatına ədalətlidir deməsi, insanlığın mənəvi deqradasiyasıdır. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(112)-9359/2022 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır. Əlavə olaraq, qeyd edilmişdir ki, hakim Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi tövsiyyə etsə də, Bakı ŞİH belə bir vəziyyətdə bugünə qədər onun çoxsaylı müraciətlərinə nə cavab verib ki, bu gündən sonra nə cavab verəcək?! Buna görə də məhkəmədən qaranlıq məqamlara aydınlıq gətirməsi üçün hüquqi yardım edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini, təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq iddia tələbi üzrə “Ağ şəhər” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər üzrə müraciətlərinin cavablandırılmasını xahiş etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, inzibati orqanlara dəfələrlə müxtəlif müraciətləri olmuşdur. Sədrlik edənin sualına cavab olaraq həmçinin, qeyd etdi ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş, iddia tələbini müdafiə etmiş, lakin məhkəmə iclas protokolu ilə tanış olmamış və protokola qeyd verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən cavabdeh tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçı mülkiyyət hüquqlarının pozulduğunu bildirərək, Bakı şəhər İcra Hakimiyyətinə qarşı müraciətlərə cavab verilməsini xahiş edir. İş materiallarından görünür ki, iddiaçının hazırki cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə müxtəlif müraciətləri olmuş, lakin onların məzmunu hazırki iddia tələbində cavab verilməsini xahiş etdiyi müraciətlərdən fərqli olmuşdur. Belə ki, iş materiallarının 7- 18-ci səhifələrində olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilmiş cavab məktublarından görünür ki, iddiaçının müraciətlərinin məzmunu aşağıdakı məzmunlarda olmuşdur: - Mənzil və mülkiyyət hüquqlarının pozulması, - “Bakı Ağ şəhər layihəsi” çərçivəsində mülkiyyətdə olan tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi, - “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində 2013-cü ildən başılanılan sakinlərin köçürülməsi işlərinin tam şəkildə başa çatdırılmaması səbəbindən hazırda həmin ərazidə yaşayan sakinlərin həyat və sağlamlığı üçün müəyyən problemlərin yaranması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi, - Xətai rayonu, “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində həyata keçirilən inşaat və torpaqqazma işləri zamanı radioaktiv maddələrin ətrafa yayılması, ekoloji vəziyyətin bərbad vəziyyətə düşməsi, kommunal xidmətlərin təchizatında mütəmadi olaraq problemlərin olması, eləcə də bu günə qədər mənzil şəraitinin yaxşılaşdırılmaması ilə bağlı müvafiq tədbirlərin görülməsi, - “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi zərurəti yarandığından Xətai Rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə yerləşən yaşayış sahələrinin hər kvm sahəsinin orta bazar qiymətlərinin müəyyənləşdirilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı cavabdehə iddia tələbində qeyd edilən cavab verilməsini tələb etdiyi müraciətlər üzrə müvafiq ərizə ilə müraciət etmədiyindən, müraciətindən imtina olunması barədə yazılı imtinanı almadığından və ya cavabdeh inzibati orqan tərəfindən belə bir müraciətlər olduğu halda hər hansı bir hərəkətsizlik edilmədiyindən, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsi tələblərindən çıxış edilərək iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış, iddiaçı tərəfindən həmin məktub qəbul edilmiş, həmçinin, məhkəmə iclasında iştirak etmiş, Sədrlik edənin suallarına cavab olaraq məhkəmə tərəfindən ona ünvanlanmış suallara cavablardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqana çoxsaylı müraciətlərinin olduğunu, iddia tələbinə uyğun eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı həmçinin, məhkəmə kolelgiyasının suallarına cavab olaraq bildirdi ki, birinci instansiya məhkəməsində keçirilmiş iclaslarda iştirak etmiş, lakin protokolla tanış olmamamış, məhkəmə iclas protokoluna hər hansı qeydlər verməmişdir. Beləliklə, Məhkəmə kollegiyası tərəfindən araşdırma nəticəsində müəyyən olunur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqan tərəfindən müraciəti ilə bağlı imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu halda isə, hazırki iddiada cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının əsaslandırılması müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası həmçinin, iddiaçıya hüquqi yardım göstərərək izah edir ki, iddia tələbinin mahiyyətindən belə aydın olur ki, müvafiq inzibati orqanlar tərəfindən iddiaçının xüsusi mülkiyyətinə, mənzil hüquqularına qəsd edilmişdir. Belə olduğu halda iddiaçıya izah edilir ki, müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(112)-9359/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-396/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-396/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver