Məhkəmə qərarları › İş №2-1(103)-3962/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3962/2025

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3962/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs üçüncü şəxs4 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı üçüncü şəxs4, üçüncü şəxs3, X2 və X1 üçüncü şəxs qismində cəlb edilməklə “ayrıca çıxarışın verilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının ayrılması, bölgü sxemin tərtib olunması və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ilə bağlı cavabdeh orqana müraciət edərək reyestr ünvanın ayrılması və bölgü sxemi tərtib olunaraq çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh orqan müraciətinə ##.##.2023-cü il tarixində imtina məktubu vermişdir. Qeyd olunan imtina məktubunda bildirilmişdir ki, sözügedən mənzildə bölgüsü nəzərdə tutulan hissəsinin arxiv texniki pasportuna əsasən ayrıca giriş-çıxışı və kommunal şəraiti olmadığından bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Cavabdeh orqanın qeyd etdiyi faktlar reallığı əks etdirmir. Faktiki olaraq ünvan 2 ünvanında yerləşən mənzilin ayrıca giriş-çıxışı və hər bir mənzilin ayrıca kommunal şəraitinin olmasına baxmayaraq əvvəllər 1996-cı il tarixli texniki pasportu əsas götürərək tək giriş-çıxışın olduğu və ona görə paylı mülkiyyətçi kimi qeydiyyata alınmışdır. Halhazırda mənzildə bütün evlərin ayrıca giriş-çıxışı və kommunal şəraiti var. Cavabdehin imtina məktubunda göstərdiyi vəziyyət artıq dəyişilib. Hər mənzilin öz ayrıca giriş-çıxışı və kommunal şəraiti var. Buna görə də bu, imtina üçün əsas deyildir. Bundan əlavə olaraq cavabdeh orqan imtinasını yalnız 1996-cı il tarixində tərtib edilmiş texniki paporta əsaslanır, evin və mənzillərin real vəziyətini qiymətləndirmir. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən mənzil paylı mülkiyyətdə olduğundan və bölgüsü nəzərdə tutulan hissəsinin arxiv texniki pasportuna əsasən ayrıca giriş-çıxışı və kommunal şəraiti olmadığından bölgü sxemin tərtib olunması mümkün olmamışdır. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs4, üçüncü şəxs3, üçüncü şəxs2 və X1 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırkı işdə “Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması” ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması müəyyən edilmir. Bununla bağlı iddiaçı tərəfindən nə cavabdeh inzibati orqana, nə də məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Bundan əlavə, ekspert rəyi ilə də, mənzilin paylara uyğun bölgüsünün mümkün olmaması müəyyən edilmişdir Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, əmlakın hal-hazırkı vəziyyəti qiymətləndirilməmişdir. Daşınmaz əmlakın hal- hazırkı vəziyyətində hər bir mənzilə ayrıca giriş-çıxış və ayrıca komunal xəttləri mövcuddur. Qeyd edilir ki, hər bir payçının ayrıca mənzillərinə giriş-çıxışı vardır və hər bir mənzilin ayrıca qaz, işıq və su sayğacı vardır. Cavabdeh orqan qeyd olunan faktları nəzərə almamışdır. Cavabdehin imtinası ona əsaslanırdı ki, arxiv texniki pasportuna uyğun olaraq ayrıca giriş-çıxışı və komunal xəttlərin mövcud olmamışdır. Qeyd olunan faktları məhkəmə ekspertiza təyin edərək araşdırmamışdır, faktiki olaraq ekspert qarşısında mənzilə ayrıca giriş-çıxış olub-olmaması və ayrıca komunal xətlərin olub-olmaması barədə suallar verilməmişdir. Eyni zamanda hal-hazırda mövcud olan vəziyyəti əks etdirilməsi ilə bağlı ekspertin qarşısında suallar qoyulmamışdır. Ekspert hakimin suallarına cavab verərək qeyd edir ki, texniki pasportunda qeyd olunan ölçülərlə və hal-hazırda olan vəziyyətlə bağlı ölçülərdə fərqlik vardır. Bildirilir ki, 1996-cı il tarixli və hal-hazırda olan sahələrdə fərqlilik olduğuna görə inzibati orqana müraciət edilir və yeni bölgü sxemin tərtib edilməsi xahiş olunur. Ekspert rəyində qeyd edir ki, işin materiallarında olan cizgi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan həmin mənzilin paylara uyğun bölgüsü mümkün deyil. Eyni zamanda ekspert açıqlama vermir ki, həmin uyğunsuzluq nə ilə bağlıdır və hansı hissələrdədir. Göründüyü kimi, hesab edir ki, ekspert hakimin suallarına tam və dolğun cavab verməmişdir eyni zamanda hakim tərəfindən ekspert qarşısında qoyulan suallar işin tam və obyektiv baxılmasına yönəlməmişdir. Faktiki olaraq ekspert mövcud hal-hazırda faktiki vəziyyətə uyğun olaraq qiymətləndirməni aparmamışdır, ekspert yalnız 1996-cı il tarixində tərtib edilmiş texniki pasportla hal-hazırkı vəziyyətlə uyğunsuzluğu müəyyən etməyə çalışmışdır, lakin imtinanın əsas səbəbi ayrıca giriş-çıxışın və kommunal şəraiti ilə bağlı olmuşdur. Imtinanın əsas səbəbi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə qərarında qeyd edir ki, “Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması” ilə bağlı qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunması müəyyən edilmir. Bununla bağlı qeyd edilir ki, onun tərəfindən cavabdeh orqana müraciət edilərək bütün sənədlər təqdim edilmişdir və müraciəti cavabdeh orqan tərəfindən icraata qəbul etmişdir. Cavabdehin imtinasında qeyd olunan səbəblər məhkəmə icraatında araşdırılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia tələbinin “mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və texniki sənədlərinə uyğun şəkildə göstərilən pay üzrə daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi və həmin mənzilə yeni ünvan təyin edilməsi barədə öhdəliyin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilməsini xahiş edərək və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, mövcud çıxarışa əsasən 25,66 kvm sahədən ibarət 2 otaq onun mülkiyyətindədir, 25,84 kvm sahədən ibarət 1 otaq isə 3-cü şəxslərin mülkiyyətindədir. Həmin otaqların qarşısında artırmalar olsa da tələbi məhz çıxarışda göstərilən və texniki sənədlərdə olan sahə üzrə ayrıca çıxarışın verilməsi ilə bağlıdır. Iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edildi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs digər 3-cü şəxslərin də onun ailə üzvləri olduğunu qeyd edərək, apellyasiya şikayəti ilə razı olduqlarını bildirərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, biricin instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı subyektiv hüquqa malikdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. - 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli **** saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun 2.1-ci bənddə qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il ## ###### tarixli ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: - 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. - 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. - 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: ... 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; ... - 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. - 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. - 3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət:

Işin faktiki hallarından görünür ki, iddiaçının paylı mülkiyyətində olan mənzil faktiki olaraq naturada bölünmüşdür, hər bir payın isə ayrıca giriş-çıxış və kommunal xətləri mövcuddur. Çıxarışda mənzil qeyd edilsə də, faktiki olaraq təyinatı üzrə sözügedən daşınmaz əmlak fərdi yaşayış evidir. Iddiaçı bunlara istinad edərək hazırda onun mülkiyyətində olan daşınmaz əmlaka dair ayrıca çıxarışın verilməsi, ayrıca ünvanın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında , etirazında o hallara istinad etmişdir ki: - Arxiv texniki pasportuna əsasən ayrıca giriş-çıxışı və kommunal şəraiti olmadığından bölgü sxemin tərtib olunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi bağlı gəldiyi nəticədə habelə qeyd etmişdir ki, mövcud paylar qarşısında əlavələr inşa edilmiş, bu zaman “Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması” ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmaması və mənzilin paylara uyğun bölgüsünün mümkün olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Bununla bağlı kollegiya iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 001011001079-05101-****** reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, H/şəhərcik, ev 1, * nömrəli mənzil İddiaçı (2 otaq-y/s 25,66 kv.m), üçüncü şəxs4 (1 otaq-y/s 25,84 kv.mdən ¼ hissə), üçüncü şəxs3 (1 otaq-y/s 25,84 kv.m-dən ¼ hissə), üçüncü şəxs2 (1 otaq-y/s 25,84 kv.m-dən ¼ hissə) və X1 (1 otaq-y/s 25,84 kv.m-dən ¼ hissə) paylı mülkiyyətindədir. - Cavabdeh inzibati orqanın iddiaçıya ünvanlanan ## ###### 2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, sözügedən mənzildə bölgüsü nəzərdə tutulan hissəsinin arxiv texniki pasportuna əsasən ayrıca giriş-çıxışı və kommunal şəraiti olmadığından bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. - Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, arxiv cizgisinə əsasən faktiki olaraq mənzilin konfiqurasiyasında, otaqların sayında və sahələrdə fərqlər mövcuddur. Həmçinin mənzilə bitişik (binanın kapital divarından kənarda) əlavə sahələr (ümumi sahəsi 57.4 kv.m, yaşayış sahəsi 2 otaq 30.7 kv.m olan) inşa edilmişdir, (eskizdə ştrixlənmiş hissələr). Bundan əlavə təqribən 20.0 kv.m boş torpaq sahəsi istifadə edilir. Faktiki vəziyyətə uyğun eskiz rəyə əlavə olunur. Arxiv cizgisinə əsasən faktiki olaraq mənzilin koonfiqurasiyasında, otaqların sayında və sahələrdə fərqlər mövcuddur. Həmçinin binanın kapital divarından kənarda yerləşən mənzilə bitişik əlavə sahələr inşa edilmişdir. Bu səbəbdən sahələr və paylar uyğun gəlmir. Arxiv cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan, arxiv cizgisində mənzilin vahid giriş-çıxışı qeyd olunduğundan, (faktiki olaraq payçıların ayrı giriş-çıxışları var), həmçinin sahələr, konfiqurasiya və ölçü fərqləri olduğundan cizgiyə əsaslanan bölgü sxeminin tərtib edilməsi mümkün deyildir. Sözügedən otaqların faktiki vəziyyəti arxiv cizgisindəki sahələrə uyğun deyil (sahə və perimetrik ölçülərdə fərq var). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı İddiaçı faktiki istifadəsində olan tikilidə sahələri 11,4 m2, 14,3 m2 və 23,1 m2 olan üç yaşayış otağı, sahəsi 9,6 m2 olan mətbəx otağı, sahəsi 1,2 m2 olan dəhliz otağı və həyətyanı sahədən sahəsi 2,6 m2 sanitar qovşaq olmaqla tikilinin ümumi sahəsi 62,2 m2 təşkil edir. ünvan 2 ünvanında yerləşən mənzilin paylı mülkiyyətçilərinin faktiki istifadəsində olan hissələrin onların həmin mənzildəki paylarına uyğun olmadığı müəyyən olundu. Belə ki, iş materiallarında olan cizgi ilə faktiki vəziyyət müqayisə olunan zaman, otaqların sayında, perimetrik ölçülərdə, sahələrdə fərqlərin olduğu müəyyən edildi. Iş materiallarında olan cizgi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan həmin mənzilin paylara uyğun bölgüsü mümkün deyildir. Həmçinin qeyd olunur ki, faktiki vəziyyət üzrə tikili iki təcrid hissəyə ayrılmış, hər bir hissənin daxilində yaşayış və yardımçı sahələr mövcuddur. ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı aid 2 otağının faktiki vəziyyətinin iş materiallarında olan texniki pasporta uyğun olmadığı, sahə və perimetrik fərqlərin olduğu müəyyən olundur. Məhkəmə kollegiyası ilkin olaraq onu nəzərə çatdırır ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasının qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi ilə tənzimlənir. Həmin müddəalara əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Cavabdehin imtina və etirazının dəlilinə münasibətdə kollegiya qeyd edir ki, hazırkı inzibati işin materiallarından göründüyü kimi iddiaçı paylı mülkiyyətində olan mənzili digər paylı mülkiyyətçilərlə razılaşmaya əsasən (aralarında heç bir mübahisə mövcud deyildir) naturada ayırmış və ona ayrıca çıxarışın və ünvanın verilməsini tələb etmişdir. Işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı naturada ayrılmış paylı mülkiyyətində olan daşınmaz əmlaka yeni ünvan alınmaqla, ayrıca çıxarışın verilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağına uyğun iş üzrə hərtərəfli araşdırmanı həyata keçirməmişdir. Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2026-cı il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından qeyd edilmişdir ki, “vətəndaş tərəfindən göstərilmiş mənzilə baxış keçirildi. Faktiki vəziyyətə dair eskiz tərtib olundu. Eskizdə göstərilən 1,2,3,4,5,6,* saylı yerləşgələr İddiaçı məxsusdur, 8,9,10,** saylı yerləşgələr isə üçüncü şəxs4 məxsusdur. Mənzillərə giriş-çıxış sonradan inşa olunmuş yerləşgələrdəndir. 001011100I079-0S101-0933007 reyestr nömrəli çıxarışa əsasən İddiaçı (4, 5) 2 otaq 25.6m2, Abasova Əsməf (8) 1 otaq 23.*m* saylı yerləşgələr qeydiyyatdan keçmişdir. Digər yerləşgələr isə sonradan, binanın konturundan kənar inşa olunmuşdur. Arxiv cizgidə ölçülər olmadığından münasibət bildirmək tərəfimizdən mümkün olmadı.” Apellyasiya baxışı zamanı məhkəmə tərkibi tərəfindən sözügedən ünvanda yerində keçirilmiş müayinədən müəyyən olundu ki, mənzilin ayrıca giriş-çıxışı və kommunal şəraiti vardır. Iddiaçı ilə digər paylı mülkiyyətçilər arasında mənzilə dair hər hansı bir mübahisə yoxdur. Mənzilin hər bir payına baxış zamanı İddiaçı faktiki istifadəsində olan hissədə texniki pasportla göstərilmiş ümumi sahəsi 25,66 m2 olan 2 otağın hazırda da eyni ölçüdə mövcud olduğu müəyyən edildi. Hətta 3-cü şəxslərin mülkiyyətində və faktiki istifadəsində olan paya da baxış keçirilmiş orada da 25,84 m2 dən ibarət olan 1 otağın mövcud olması müəyyən edilmişdir. O da müəyyən edildi ki, sözügedən otaqların qarşısında hər bir paylı mülkiyyətçi əlavə tikililər inşa etmişdir. Eyni zamanda məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli **/**** nömrəli ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki: “Qeyd olunan tarixdə tədqiqat obyektinə keçirilən baxış zamanı təqdim olunan tikilinin bir-birindən təcrid şəkildə ayrılmaqla ayrıca giriş-çıxışı olan, hər bir tikilinin daxilində yaşayış və köməkçi tikililər olan sahələr olduğu müəyyən olundu.” Həmçinin ekspert rəyində o da qeyd edilmişdir ki, iddiaçı İddiaçı faktiki istifadəsində olan tikilidə sahələri 11,4 m2, 14,3 m2 və 23,1 m2 olan üç yaşayış otağı vardır. Buradan da aydın olur ki, 11,4 m2 və 14,3 m2 sahədən ibarət otaqlar hazırda da iddiaçının mülkiyyətində olmaqla mövcuddur. Bundan əlavə müayinə aktında da həm iddiaçının, həm də 3-cü şəxslərin mülkiyyətində olan otaqların mövcudluğu müəyyən edilmişdir. Sadəcə həm ekspert rəyində, hən də müayinə aktında həmin otaqların qarşısında əlavə tikililərin inşa edildiyi qeyd edilmişdir. Iddiaçı isə apellyasiya araşdırması zamanı tələbinin yalnız mövcud qeydiyyatdan keçmiş paya münasibətdə olduğunu və 2 otaqdan ibarət 25,66 m2 sahə barədə ayrıca çıxarış və ünvanın verilməsini tələb etdiyini bir daha diqqətə çatdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə araşdırmalar zamanı təqdim edilmiş fotoşəkillərdən, həmçinin ekspert rəyinin təsviri hissəsindən və bundan əlavə məhkəmə tərkibi tərəfindən yerində keçirilmiş müayinədən müəyyən olundu ki, iddiaçı ilə digər paylı mülkiyyətçilərin mülkiyyətində olan mənzillər – tikililər bir-birindən təcrid olunmuş şəkildə ayrıca giriş-çıxışı olmaqla kommunal şəraitə malikdirlər. Odur ki, məhkəmə kollegiyası hazırkı iddianı əsaslı və qanuni hesab edir. Belə ki, iddiaçı ayrıca ünvan almaqla ona məxsus daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ayrıca çıxarışın verilməsini tələb etməkdə haqlıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Iş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 100 manat təşkil etmişdir. Iddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 100 manat cavabdehin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyətçisi kimi iddiaçı İddiaçı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və texniki sənədlərinə uyğun şəkildə göstərilən pay üzrə daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi və həmin mənzilə yeni ünvan təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: 1700326621 Hesab AZ34CTRE**********0002088501) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar