Məhkəmə qərarları › İş №2-1(103)-3964/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3964/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3964/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və X2 ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 55/4-4 nömrəli qərarı ilə, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 1200 kv.m. torpaq sahəsi İddiaçı bağ evinin tikintisi üçün satılmışdır.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə iddia olunan torpaq sahəsinin qonşuluğunda qeydiyyata alınmış sahələrin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6128 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Eyni zamanda göstərilən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilmədiyindən torpaq sahəsinin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsinə X3 müraciəti olmuşdur. Bundan əlavə sahədən 44-55-63 metr məsafədə ləğv edilmiş, 86 metr məsafədə işlək neft quyusu mövcuddur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Buzovna bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 55/4-4 saylı qərarına əsasən Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 1200 kv.m. torpaq sahəsi İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. Həmin torpaq sahəsinin alqı-satqısına dair müəyyən olunmuş dövlət rüsumu da ödənilmişdir. Ödənişin həyata keçirilməsi 06 oktyabr 2005-ci il tarixli, 708875 nömrəli kassa mədaxil orderinin qəbzi ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə, Buzovna bələdiyyəsi ilə Buzovna qəsəbəsi, Buzovna-Maştağa ərazisindəki 1200 kv.m. torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur.

6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Eyni zamanda göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilmədiyindən torpaq sahəsinin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsinə X3 müraciəti daxil olmuşdur. Bundan əlavə elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsindən 44-55-63 metr məsafədə ləğv edilmiş, 86 metr məsafədə işlək neft quyusu mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1172 kv.m. təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12023/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, vəsatət qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahdirilən ərazi Dövlət Neft Şirkətinin daimi isitifadəsində olan, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, vahid elektron baza məlumatlarına əsasən, göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla, AR Dövlət Neft Şirkətinin ərazisidir. Sözügedən torpaq sahəsinin 44, 55, 63 metrliyində ləğv edilmiş, 86 metr məsafəsində isə işlək neft-qaz quyuları yerləşir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

12. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Sözü gedən normaya əsasən, məhkəmə hazırki mülki iş üzrə icraatı tam, hərtərəfli, obyektiv araşdıraraq yekun akt qəbul etməli idi. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığı məhkəmə tərəfindən yoxlanılması qanunauyğundur. Lakin məhkəmə işi tam araşdırmamışdır. Əgər araşdırılma birtəfəli qaydada həyata keçirilməsəydi, sözü gedən mənə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfndə 1200 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qanuni yekun akt qəbul edilmiş olardı. Lakin məhkəmə işə qərəzli yanaşaraq əsassız yerə qərar qəbul etmiş, iddiaçının prosessual hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki,tərəfimdən təqdim olunmuş sənədlər arasında həm ödəniş qəbzləri, həm bələdiyyə tərəfindən tərtib olunmuş BuzovnaBələdiyyəsinin torpaqların alqı-satqısına dair 24 sentyabr 2005-ci il tarixli qərarı, həm də Buzovna qəsəbəsi ərazisindəki 1200 kv.m. torpaq sahəsinə dair torpaqların alqısatqısı barədə akt mövcuddur. Məhkəmə təqdim etdiyim sübutları nəzərə almamış, qanuni və əsaslı qərar çıxarmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 317/2025 saylı qərarında mənə aid torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olduğu, torpaq sahəsindən 44-55-63 metr məsafədə ləğv edilmiş, 86 metr məsafədə işlək neft quyusunun mövcud olduğu qeyd edilmişdir. Lakin mən məhkəmə iclasında da bildirmişdim ki, sözügedən quyunun mənim torpaq sahəmə heç bir aidiyyəti yoxdur. Mənim torpaq sahəmdən quyuya qədər neçə-neçə evlər var və həmin evlərin çıxarışı da mövcudddur. Bu məsələ ilə bağlı məhkəmə dəqiq, hərtərəfli və obyektiv araşdırma aparmadı. Məhkəmədən yerli baxış keçirilməsini xahiş etdik ki, hakim baxsın quyu harda yerləşir, evlər harada yerləşir, həmin evlərdə yaşayış var, ya yoxdur. Məhkəmə məsələyə biganə yanaşaraq vəsatətimizi də təmin etmədi. Həmçininməhkəmə qərarını AR ƏN Məhkəmə Ekspertiza Məhkəməsinin xx.xx.2024-cü iltarixli 3-16- 16/2-10/6128 №-li rəyi ilə əsaslandırmış və sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olduğunu bildirmişdir. Lakin məhkəmə işi obyektiv, dəqiq və hərtərəfli araşdırsa idi, sözügedən torpaq sahəsinin mənim istifadəmə verildikdən sonra ARDNŞ-in mülkiyyətinəverildiyini müəyyən edə bilərdi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):

4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir..

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı:

Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər..

20. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):

7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayətləri vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

30. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi Bakı şəhəri, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsindən ibarətdir.

31. İddiaçının tələbinin faktiki əsası kimi, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 55/4-4 nömrəli qərarı ilə, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 1200 kv.m. torpaq sahəsi İddiaçı bağ evinin tikintisi üçün satılmışdır.

32. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 55/4-4 nömrəli qərarı ilə, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 1200 kv.m. torpaq sahəsi İddiaçı bağ evinin tikintisi üçün satılması qərara alınmışdır.

33. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə iddia olunan torpaq sahəsinin qonşuluğunda qeydiyyata alınmış sahələrin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6128 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Eyni zamanda göstərilən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilmədiyindən torpaq sahəsinin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsinə X3 müraciəti olmuşdur. Bundan əlavə sahədən 44-55-63 metr məsafədə ləğv edilmiş, 86 metr məsafədə işlək neft quyusu mövcuddur.

35. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər cavabdeh quruma təqdim edilməmişdir. Belə sənədlər məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən təqdim edilməmişdir.

36. Cavabdeh inzibati orqan imtina məktubunda haqlı olaraq qeyd etmişdir ki, təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Eyni zamanda göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilmədiyindən torpaq sahəsinin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsinə X3 müraciəti daxil olmuşdur. Bundan əlavə elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsindən 44-55-63 metr məsafədə ləğv edilmiş, 86 metr məsafədə işlək neft quyusu mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1172 kv.m. təşkil edir.

37. Mübahisələndirilən halların və ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6128 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Eyni zamanda göstərilən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilmədiyindən torpaq sahəsinin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsinə X3 müraciəti olmuşdur. Bundan əlavə sahədən 44-55-63 metr məsafədə ləğv edilmiş, 86 metr məsafədə işlək neft quyusu mövcuddur.

39. Kollegiya qeyd edir ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.

40. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar.

41. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir.

42. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

43. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir.

44. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.

45. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir.

46. Belə olan halda aydındır ki, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Çünki qanun birbaşa təsbit etmişdir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

47. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1).

48. Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2).

49. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. Beləliklə, mübahisəli torpaq sahəsinin Buzovna bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun iddiaçı tərəfindən göstərilən torpağa dair müvafiq səlahiyyəti olmamışdır.

50. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə iddia olunan torpaq sahəsinin qonşuluğunda qeydiyyata alınmış sahələrin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, torpaq sahələrinin ilkin qeydiyyatına əsas yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsinin ayrılmasına dair sərəncamları olmuşdur. Buradan görünür ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ümumi ərazi olaraq dövlət mülkiyyətindədir.

51. Beləliklə, iş materiallarından göründüyü kimi, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə bələdiyyənin qərarı mövcud olsa da həmin torpaq sahəsinin yerləşmə yerini müəyyən edən sənəd qəbul edilmədiyindən qanunvericilikdə nəzərdə tutulmuş torpaqayırma prosesi tam başa çatdırılmamışdır.

52. Belə olan halda, kollegiya qeyd edir ki, iddiaçının Bakı şəhəri, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın aparılmasından cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

53. Əlavə olaraq Kollegiya qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə qərara müvafiq olaraq həmin torpaq sahəsinin yerləşmə yerini müəyyən edən sənədin movcud olduğu halda iddianın yeni əsasla iddia qaldırmaq hüququ istisna olunmur.

54. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinası əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmuş, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

55. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq qeyd edilən qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. 56.Həmçinin, Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olduğundan, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi yerli icra hakimiyyəti orqanları tərəfindən ayrıldığından, iddiaçının naturada göstərdiyi torpaq sahəsi üzrə bələdiyyə tərəfindən torpağın ayrılıması müəyyən olunmadığından iddia tələbi əsassızdır.

57. Beləliklə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının həmin mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni olmuşdur.

58. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

59. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 61.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar