Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3968/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər Nizami Bələdiyyəsi, X12 və X16 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2986/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilməklə, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 810 kv. metr torpaq sahəsinə dair icarə hüququ əsasinda dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 oktyabr 2007 ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Nizami rayon şərq küçəsi 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 810 kv. m torpaq sahəsi 2000-ci il tarixdən bu günə qədər onun istifadəsindədir. 20 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət edərək, istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 810 kv. m. torpaq sahəsini icarə hüququ əsasında Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata götürülməsinə və icarə hüququ əsasında torpaq sahəsinə çıxarışın verilməsinə münasibət bildirməsini xahiş etmişdir. 27 aprel 2021- ci il tarixdə Bakı şəhəri Nizami Bələdiyyəsi onun müraciətinə məktubla cavab olaraq bildirmişdir ki, istifadəsində olan torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 26 sentyabr 2000-ci il tarixli 91 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədi daxilindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına və Bakı şəhər İcra Hakimiyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələlərinin sərhədləri müəyyən edilmiş və onun istifadəsində olan torpaq sahəsi bələdiyyəyə ayrılan torpaq sahəsinə aiddir. Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 aprel 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqinda Azərbaycan Respublikasi Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarinin səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər. Bu səbəbə görə də istifadəsində olan torpaq sahəsinə icarə hüququ əsasında çıxarışın alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunması tövsiyyə edilmişdir. Onun istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair Bələdiyyənin qərarını, torpaq sahəsinin icarə müqaviləsini və torpaq sahəsinin plan və ölçünü dövlət reyestrindən icarə hüqüqu əsasında çıxarışın verilməsi üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Lakin cavabdeh orqan ona heç bir əsas gətirmədən sənədlərinin qəbul etməsindən imtina etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır və şərti göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X12) adına qeydiyyatdan keçmiş sahə daxilində yerləşir. Həmçinin, torpaq sahəsinə digər fiziki şəxs (X17) tərəfindən müraciət olmuşdur. xx.xx.2021-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 810 kv. m. göstərilsə də, faktiki ölçüsü 785 kv. m. təşkil edir “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması,yerli şərait,əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə-0,04 hektaradək, 5-8-ci zonalar üzrə-0,05 hektaradək, 9-12-ci zonalar üzrə 0.06 hektaradək hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Baki İnzibati Məhkəməsinin 2-1(112)-14983/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-14983/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 və X16 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2986/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə razı deyil, belə ki, üçüncü şəxs X5 mülkiyyətində olan torpaq sahəsi Suraxanı rayonu ərazisində yerləşir və həmin hal üçüncü şəxsin çıxarışında da qeyd edilmişdir. Bununla bağlı məhkəmə araşdırma aparmamışdır, həmin torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənədlər əsasında üçüncü şəxsə keçməsi tam və hərtərəfli araşdırılmamışdır. Daha sonra birinci instansiya məhkəməsi qərarda ekspert rəyinə münasibət bildirməmiş, sadəcə rəyi iş materialları sırasında nəzərdən keçirmişdir. Həmin ekspert rəyinə əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarına əlavə edilmiş, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin eskizində göstərilən planlı yerləşmə və ölçüləri baxış zamanı təqdim edilən torpaq sahəsi ilə müqayisə etdikdə iddia olunan torpaq sahəsinin ümumi planlı yerləşməsinin və hasarlanmış hissələrinin ölçülərinin Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarına əlavə edilmiş eskizə uyğun olduğu müəyyən edilmişdir. “kadastrportali. az” elektron kadastr portalında qeyd olunanlara əsasən, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı ayrılmış və eskizi tərtib olunmuş ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Bakı şəhəri Nizami Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh publik hüquqi şəxs cavabdehlik daşıyan orqandır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətinə imtina məktubu almışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3-cü maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4-cü maddəsinə əsasən Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: -qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək (4.0.1); -müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək (4.0.2); -yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək (4.0.3); -bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq (4.0.4); -ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq (4.0.5); -bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək (4.0.6); -hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək (4.0.7); -bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq (4.0.8); -bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək (4.0.9); -bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək (4.0.10); -öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək (4.0.11); -Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək (4.0.12). 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir) 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1 xx.xx.2008-ci il tarixədək olan redaksiyası). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası iş materiallarında olan aşağıdakı sübutları tədqiq edir: -Bakı şəhər Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il 10 saylı iclasının protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Nizami Bələdiyyəsinin ümumi iclasında Nizami rayonu Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 810 (səkkiz yüz on) kv. m olan ərazini yaşıllıq və abadlıq məqsədi ilə 49 illiyə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. -Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, “İcarəyəverən” Bakı şəhəri Nizami Bələdiyyəsi ilə “İcarəçi” İddiaçı Lentoş qızı arasında Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı əsasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında Nizami rayon Şərq küçəsi 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 810 kv.m olan gələcəkdə “Sahə” adlanan ərazini “İcarəçi”yə uzun müddətli 49 (qırx doqquz) il müddətinə istifadəyə vermiş, “İcarəçi” isə onu qəbul etmişdir. -Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 02/526 №-li, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, onunla Nizami bələdiyyəsi arasında xx.xx.2007-ci ildə bağlanmış torpaq icarə müqaviləsində qeyd olunan və istifadəsində olan ünvan 1də yerləşən ümumi sahəsi 810 kv. m. torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən təsdiq edilmiş Bakı şəhər Nizami bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılır. Nizami Bələdiyyəsi ünvan 1də yerləşən ümumi sahəsi 810 kv.m olan bələdiyyə mülkiyyətinin icarə hüququ əsasında onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etmir. -Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış Q-111- 032 №-li, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə Nizami rayonu Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 810 kv. m. torpaq sahəsinin icarə hüququ əsasında dövlət qeydiyyatına götürülməsinə dair münasibət bildirilməsi ilə bağlı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bununla əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlakın Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: -Bakı şəhəri Nizami Bələdiyyəsinin 03/180-4 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda Nizami Bələdiyyəsinin 2000-2016-cı illərin iclas protokolları və qərarlarının əlavələri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi qeyd olunmuşdur. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F1/2-07828/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi boş torpaq sahəsinin icarəyə verilməsi haqqında” 10 №-li xx.xx.2007-ci il tarixli qərarından müəyyən olunur ki, qeyd olunan qərarla Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 810 kv. m. faktiki istifadədə olan torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə yaşıllıq və abadlıq məqsədi ilə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. -Bakı şəhər Nizami Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi,4085-ci məhəllədə yerləşən torpaq sahəsinin eskizi tərtib və təsdiq olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 3-16-9/2- 50336-3-248/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Ədliyyə Nazirliyində qeydə alınmış Nizami rayonu Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclas protokolun surətindən müəyyən olunur ki, iclasın gündəliyində mövcud qarajların rəsmiləşdirilməsi, hüquqi və fiziki şəxslərlə bağlanacaq icarə müqavilələrinin təsdiqi, maliyyə vəsaitinin ayrılmasına münasibət bildirilməsi olmuşdur. Lakin iclasın gündəliyində hazırki iddiaçı ilə icarə müqaviləsinin bağlanması ilə bağlı hər hansı bir məlumat mövcud olmamışdır. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3-35-1/2-3105/2023 saylı xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 810 kv. m. torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi TikintiPlanlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin: -**********71 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə aktının surətində qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsi Nizami rayonu, Q.Qarayev prospekti ünvanında yerləşir. Torpaq sahəsi hər tərəfdən şərti olaraq göstərilmişdir. Torpaq sahəsində tikililər yoxdur. Hüquqmüəyyənedici sənəd üzrə sahəsi 125,0 kv. m., faktiki sahəsi 125,0 kv.m. təşkil edir. Torpaq sahəsi yaşayış binasından 26,0 metr aralı məsafədə yol kənarında, yaşıllıq ağacları olan ərazidə yerləşir. Torpaq sahəsinin faktiki koordinatları müayinə aktına əlavə olunmuşdur. **********63 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş: -Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 2928H №-li, 00600066 KOD nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhər sakini X6, X8, X9, X13 Suraxanı rayonu İHB-nın xx.xx.1999-cu il tarixli 1477 saylı, xx.xx.2000-ci il tarixli 1650 saylı sərəncamları ilə 0,12 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətlərinə verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 4429 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X10 adına qeydə alınmışdır. -Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 2270D №-li, ********* kod nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri 34 saylı Dövlət Notariat kontorunun 21 aprel 2004-cü il tarixli 4-ə-7/138 saylı alqı-satqı müqavilə ilə satılmış 0,15 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 mülkiyyətinə verilmişdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan (surəti) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində yerləşən ümumi sahəsi 0,1455 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 579 nömrəli reyestr kitabının 54766 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydə alınmışdır. AN-İ seriyalı ******* №-li xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən (surəti) müəyyən olunur ki, X12 Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,1455 ha olan torpaq sahəsini X1 almışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan (surəti) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində yerləşən ümumi sahəsi 0,1455 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 579 nömrəli reyestr kitabının 54766 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydə alınmışdır. -X10 müraciətinə **********94 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatlarının təqdim olunması ilə bağlı müraciətinə baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən faktiki torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlkın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşdüyündən döngə nöqtələrinin koordinatlarının təqdim olunması tərəflərindən mümkün olmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin: -**********18 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 40/85-ci məhəllədə yerləşən torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. , elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş sahə daxilində yerləşir. Həmçinin, torpaq sahəsinə dəfələrlə digər fiziki şəxslər tərəfindən müraciətlər olmuşdur. Bundan başqa, torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyi əlavə edilməmişdir. Əlavə olaraq, texniki baxış keçirilən zaman torpaq sahəsinin ölçüsü sənəd üzrə 810 kv.m göstərilsə də faktiki ölçüsünün 785 kv.m olduğu aşkar olunmuşdur. -**********76 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 40/85-ci məhəllədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair təkrar müraciətinə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müraciətinə **********18 nömrəli xx.xx.2021-ci il tarixli məktubda cavab verilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/3297 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: - Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarına əlavə edilmiş, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin eskizində göstərilən planlı yerləşmə və ölçüləri baxış zamanı təqdim edilən torpaq sahəsi ilə müqayisə etdikdə iddia olunan torpaq sahəsinin ümumi planlı yerləşməsinin və hasarlanmış hissələrinin ölçülərinin Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarına əlavə edilmiş eskizə uyğun olduğu müəyyən edilmişdir. - “kadastrportali.az” elektron kadastr portalında qeyd olunanlara əsasən, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı ayrılmış və eskizi tərtib olunmuş ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Bakı şəhəri Nizami Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. - İddiaçı tərəfindən faktiki iddia olunan torpaq sahəsinin faktiki ölçüsü 810 kv. metr olduğu və həmin torpaq sahəsinin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakı Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışla X5 adına qeydə alınmış 0,1455 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit edilmiş hüquq müəyyənedici sənədə - bələdiyyə qərarına istinad etmişdir. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1- ci maddəsinə istinadla təqdim edilmiş bələdiyyə qərarı əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının icarə hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsi üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadığı halda, mübahisəli torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi qərara alınmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən faktiki iddia olunan 810 kv. metr torpaq sahəsinin koordinatları Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakı Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışla X5 adına qeydə alınmış 0,1455 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, iddia olunan 810 kv. metr torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakı Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışa əsasən X5 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2986/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3968/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3968/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver