Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3970/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və ikinci cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının cavabdehlər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binəqədi Rayon İcra şöbəsi və Səbail Rayon İcra şöbəsinə qarşı “icra vərəqəsi üzrə icra işinin görülməsi tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12401/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlərə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -cavabdehlər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin, 2 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binəqədi və Səbail Rayon İcra şöbəsinin vəzifəli şəxslərinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı xx.xx.2011-cı il tarixli qətnaməsini icra etməməklə hərəkətsizlikdə ehtiva olunan əməllərinin qanunsuz hesab edilməsi, cinayət faktları aşkar edildiyi halqa müvafiq hüquq mühafizə orqanına xüsusi qərardad göndərilməsi; -cavabdehlərdən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı firmasına 9.606.499 manat məbləğində ziyanın 11 il ödənilməməsinə görə hər ilə azı 5 faiz olmaqla, 5.283.574,45 manat vaxtında ödənilməyən pul vəsaitinə görə faizin və və 2012-ci ildən ödənilməmiş həmin pul vəsaiti dəyərinə müvafiq olaraq 21 fevral 2015-ci il tarixli devolvasiya üçün 3.266.209,66 manat, 21 dekabr 2015-ci il tarixli devolvasiya üçün 4.803.249,50 manat olmaqla, cəmi, 13.353.033,60 (on üç milyon üç yüz əlli üç min otuz üç manat altmış qəpik) manat indeksasiya fərqinin tutularaq iddiaçıya ödənilməsi - barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyindən və "xxxx" ASC-dən müştərək qaydada maddi ziyana görə ümumilikdə 9.606.499 manat tutulub İddiaçı firmasına ödənilməlidir. Lakin 11 ildən artıq müddətdir ki, dövlətin adından qəbul edilərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmamışdır. İddiaçı tərəfindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qətnamənin icrası barədə 15 noyabr 2022-ci il tarixli 0264811-UVB-108 nömrəli və 11 yanvar 2023-cü il tarixli 0264811-UVB-23 nömrəli şikayət məktubları ilə müraciət olunmuş və cavab olaraq ********* nömrəli 30 dekabr 2022-ci il tarixli və 06 fevral 2023-cü il tarixli 11-1/2-9xx-xx/2023 nömrəli cavab məktubları ilə bildirilmişdir ki, müvafiq icra hakimiyyəti orqanından vəsait ayrılmasını gözləyirlər. Əsas təsisçisi dövlət olan publik hüquqi şəxs kimi hazırda fəaliyyət göstərən həmin cavabdehin müraciətə belə cavab verməsi və bunu bəhanə edərək məhkəmə qərarını icra etməməsi qanunsuz hesab edilməlidir. Vəsaitin çatışmazlığı bəhanəsi borcun ödənməməsinə əsas ola bilməz, hətta vəsait arilması üçün Maliyyə Nazirliyinə guya müraciət etməsi də əsassızdır. Belə ki, AR Maliyyə Nazirliyinə ünvanladığı 15 noyabr 2022-ci il tarixli şikayətə cavab olaraq Maliyyə Nazirliyinin 29 noyabr 2022-ci il tarixli cavab məktubunda “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi “Avtomobil yolları” X4 sərəncamçısı olması və həmin fondun Azərbaycan Respublikasının Prezidentinin 01 avqust 2022-ci il tarixli 3399 nömrə Sərəncamı ilə avtomobil yollarının çəkilməsi məqsədilə fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı kompensasiyaların tam ödənilməsi məqsədini daşıması göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12401/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddianın mümkün sayılaraq icraata qəbul edilməsi və mahiyyəti üzrə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Qərardadda tətbiq edilən hüquq normaları və məhkəmənin mövqeyi ziddiyətlidir. Birinci instansiya məhkəməsi qeyd edir ki Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 383/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra məmurunun hərəkətlərindən şikayətə aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Əvvəla şikayət icra məmurunun hərəkətlərdən deyil, cavabdeh dövlət orqanlarının və onların məsul vəzifəli şəxslərinin, o cümlədən də icra məmurlarının hərəkətsizlikləri ilə bağlıdır. Hətta şikayət yalnız icra məmurlarının hərəkətsizlikləri ilə bağlı olmuş olsa belə, məhkəmə iddiaya baxıb yekun məhkəmə aktı qəbul etməli idi. Belə ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Lakin məhkəmə qanunvericiliyin bu müddəasını da görməzdən gələrək, sırf icra məmurunun icraata xitam verilməsi haqqında qərarından şikayət verilməsi ilə bağlı məsələləri tənzimləyən Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad etmiş, bu isə hakimin səhv hüquqi yanaşmasının və hüquq normalarını düzgün tətbiq etməməsinin göstəricisidir. Sadalanan Konstitusiya Məhkəməsinin qərarları İcra məmurunun icraata qanunsuz xitam verilməsi barədə qərar qəbul etdikdən sonra yaranan hüquq münasiətlərinin tənzimləyir. Həmçinin, məhkəmə qərardadda, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun xx.xx.2012-ci il tarixli qərarına istinad etməsinə, həmin qərardad “Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir” müddəasını qeyd etsə də, sonra səhv hüquqi nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, icra edilməli olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 383/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi həmin məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən qəbul edilmiş, sonradan aparılmış hüquqi islahatlar nəticəsində inzibati və kommersiya məhkəmələri, habelə yuxarı instansiya məhkəmələrində inzibati və kommersiya kollegiyaları yaradılmışdır. İcra edilməyən qətnamənin mahiyyəti üzrə kommersiya mübahisəsi olmadığını nəzərə alsaq, həmin qətnamənin İnzibati kollegiya tərəfindən qəbul edilməsi işin mübahisəsiz halıdır. Bununla yanaşı, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Lakin məhkəmə qərardad qəbul edərkən iddianın mümkün sayılmamasını əsaslandırmamış, aidiyyəti olmayan hüquq normalarını qərardadda yazmaqla kifayətlənmiş, başqa sözlə, iddiaya səthi yanaşmışdır. Sözgedən iddia ərizəsi bundan əvvəl eyni qaydada “elektron məhkəmə” platforması üzərindən Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş, iddia icraata qəbul edilmədən, həmin məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemində “iddia mümkünsüzdür” qeydi yazmaqla sənədlər geri qaytarılmışdır. Bu hal isə, ümumiyyətlə, Bakı İnzibati Məhkəməsinin iddialara qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmadığını, xüsusilə külli miqdarda kompensasiya tələbinə dair iddianın taleyinin məhkəmənin hansısa texniki işçisinin sadə bir qeydi ilə qaytarıldığını göstərir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi N.İsmayılova izahatında bildirmişdir ki, nazirlik dövlət büdcəsindən maliyyələşən orqandır, büdcədən kənar fondları və vəsaitləri yoxdur. Maliyyə Nazirliyinə müraciət edilib, onlara büdcədən vəsait ayrılan kimi pul ödəniləcək. Hazırda Maliyyə Nazirliyindən cavab gölənilir. Məhkəmə iclası barədə xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia –subyektiv hüququ olan şəxs tərəfindən qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmaqla, iddiaçı tərəfindən hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, iddiasının inzibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə,iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri öz təsdiqini tapmır. Konkret halda, iddiaçının cavabdehlərə qarşı tələbləri üç tələbi müəyyən olunur: Belə ki, İPM-in 37-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
1. cavabdehlərin hərəkətsizliyin qanunsuz hesab edilməsi;
2. Cinayət faktları aşkar edildiyi halda xüsusi qərardad çıxarılmaqla müvafiq mühafizə orqanına göndərilməsi;
3. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı firmasına 9.606.499 manat məbləğində ziyanın 11 il ödənilməməsinə görə hər ilə azı 5 faiz olmaqla, 5.283.574,45 manat vaxtında ödənilməyən pul vəsaitinə görə faizin, 2012-ci ildən ödənilməmiş həmin pul vəsaiti dəyərinə müvafiq olaraq 21 fevral 2015-ci il tarixli devolvasiya üçün 3.266.209,66 manat, 21 dekabr 2015-ci il tarixli devolvasiya üçün 4.803.249,50 manat olmaqla, cəmi, 13.353.033,60 (on üç milyon üç yüz əlli üç min otuz üç manat altmış qəpik) manat - indeksasiya fərqinin tutularaq iddiaçıya ödənilməsi. İddiaçının cavabdehlərə qarşı qeyd olunan iddia tələbləri prosessual qanunvericiliyə uyğun irəli sürülməmişdir. Belə ki, iddiaçının ikinci tələbi üzrə xüsusi qərardad çıxarılması məhkəmənin vəzifəsi deyil, ona məxsus olan subyektiv hüququdur. Məsələ ilə əlaqədar müvafiq ərizə ilə təhqiqat və ya istintaq orqanına müraciət etməkdə iddiaçı sərbəst hüquqa malikdir. Digər tərəfdən, onun indeksasiya tələbinin hər üç cavabdehə yönəlməsi də mümkün deyildir. Ümumiyyətlə, iddiaçının tələbləri Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-383/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinin icrası ilə bağlı olduğu halda onun inzibati icraat qaydasında baxılması mümkünsüzdür. Belə ki, işə əlavə olunmuş həmin qətnamədən görünür ki, iddiaçı "xxxx" firmasının cavabdehlər Maliyyə Nazirliyi, Nəqliyyat Naziryi və Azəryolservis ASC-yə qarşı əmlakın dağıdılmasına görə pul tələbinə dair iddiasına iqtisadi mübahisə kimi baxılmışdır. İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, inzibati icraat qaydasında qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranmasını tələb edir. Konkret halda isə prosessual qanunvericiliyin bu şərti ödənilmədiyinə görə hazırkı iddia tələblərinin inzibati məhkəmə icraatında baxılması istisna edilir. Ümumiyyətlə, mülki, kommersiya (iqtisad) icraatı qaydasında baxılan işlər üzrə verilmiş icra sənədinə əsasən başlanılmış icra işinin iştirakçılarının narazı qaldıqları istənilən məsələyə həmin icraat çərçivəsində də, məhz, baxılması davam etdirilməlidir. Çünki, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən məhz, həm də onu nəzərdə tutur ki, tərəflər icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Digər tərəfdən «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də məhz, qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Göründüyü kimi, qanunvericiliyə görə icra sənədinin icra edilməsinə nəzarəti həmin icra sənədini icra edən icra qurumunun rəhbəri və bir də həmin icra sənədini vermiş məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Yəni, «icra sənədi üzrə icraatın iştirakçıları (tələbkar və borclu) icra məmurunun qaununsuz hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn istənilən məsələ işə baxan birinci instansiya məhkəməsi vasitəsilə mübahisələndirilə bilər. Konkret halda isə qanuni qüvvəsini almış qətnamə əsasında verilmiş icra sənədi üzrə tələbkar kimi çıxış edən iddiaçı, iddia tələbində göstərdiyi məsələnin həllinə, həmin iqtisad işinin davamı olaraq da, həmin icraat çərçivəsində nail olmaq əvəzinə, bundan kənar qaydada, yəni, inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun yerinə yetirməli olduğu icra hərəkətləri və ya hərəkətsizliyi məsələlərinin həlli, inzibati hüquq sahəsinə aid olan publik (ümumi) xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası zamanı ortaya çıxan bütün narazılıqların həlli, o cümlədən, məcburi icra hərəkətlərinin yerinə yetirilməsi ilə bağlı icra məmuru tərəfindən yerinə yetirilməli olan məsələlər elə həmin icraat çərçivəsində məhkəmə müdafiəsinin tərkib hissəsini təşkil edir və həmin işin davamı kimi qəbul olunur. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, hazırkı iddianın İPM-in 35.1-ci maddəsinə uyğun əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Başqa sözlə, iddianın inzibati məhkəmə icraatı mümkünsüzdür. Belə olan halda da Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərarda çıxarılır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması nəticə etibarı ilə işin hallarına və prosessual hüquq normalarına uyğundur. Bu baxımdan da, iddiaçının apellyasiya şikayətinin işə səthi yanaşıldığını və qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12401/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12401/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.