Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3971/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9156/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı N6-cı ildə keçmiş Kirov rayonu (indiki Binəqədi rayonu) Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, xidmətini Moskva şəhərində yerləşən N sayı hərbi hissədə davam etdirmişdir. N8-ci ildə təxris olub, vətəninə qayıtmışdır. 1991-ci ildən Daxili İşlər Nazirliyinin nəzdində olan Nəqliyyat Polisində işə başlamışdır. 2015-ci ildə oradan təqaüdə buraxılmışdır. 2016cı il tarixdən X12 Avtobazasında indiyə kimi sürücü vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdən vətən müharibəsi başlanan gündən Avtobaza tərəfindən cəbhə bölgəsinə ezam olunmuşdur. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə Şəhid və yararlıların döyüş mövqeyindən təxliyyə olunmasında yaxından iştirak etmişdir. 2020-ci il sentyabrın 27-si tarixində getmiş, xx.xx.2020-ci il tarixdə qayıtmışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya məktub ünvanlamışdır. Lakin, haqqında müsbət qərar verilməmişdir. Halbuki, onlarla təxliyədə iştirak edənlər Təcili yardım maşınlarında vurulmuş, şəhid statusu almışlar. Onlar birmənalı olaraq ön cəbhədən döyüş mövqeyindən yaralı və Şəhidləri təxliyə edirdilər. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin” verilməsi üzrə komissiyasının xx.xx.2025-ci il tarixli, 3-25-14/2-M-3636- 20/2025 saylı məktubuna əsasən iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarının tələbləri əsas tutularaq, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müsəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razıladırılması məqsədilə sənədlərinin Azərbaycn Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"-nin tələbinə əsasən şəxsə müharibə vetranı adı verilməsi üçün şəxs aktiv döyüş əməliyyatlarında bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli, həmçinin, döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı, bu hallar isə öz növbəsində hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Lakin, hazırkı iş materiallarında iddiaçıya münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Əsasnamədə sadalanan hallar mövcud deyildir. İddiaçının döyüş zonasında aktiv döyüş əməliyyatlarına iştirakı və ya döyüş tapşırığı ilə əlaqədar hallar hər hansı sübutla təsdiq edilmir. Belə ki, iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar əks edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-437/2025 saylı qərarına əsasən şəxsin döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması barədə hərbi biletində olan qeyd onun hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, müharibə veteranı adı verilməsi üçün əsas ola bilər. Lakin, hazırkı işdə isə iddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması barədə hərbi biletində olan qeyd onun hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməmişdir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Lakin, yuxarıda da, qeyd edildiyi kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı konkret heç bir sübutla təsdiq edilmir. Beləliklə, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilməməsi qanunsuz deyildir. Bakı İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2-1(112)-9156/2025 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci intansiya məhkəməsi tərəfindən həm prosessual, həm də maddi hüquq normaları düzgün tətbiq edilməyərək əsassız qərar qəbul edilmişdir. Məhkəmə qərar qəbul edərkən “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022ci il tarixli, 3144 saylı Sərəncamının icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 127s saylı Sərəncamını, “Müharibə veteram” adının verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamını, iddiaçıya “Müharibə veteranı” adının verilib-verilməməsini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən asılı olduğunu nəzərə almamışdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə (zəruri cəlbetməyə görə) zidd olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) inzibati işə cəlb etmədən birtərəfli qərar qəbul etmişdir. Məhkəmə TƏBİB-in hazırkı işdə olan səlahiyyətlərini araşdırmadan Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoymuşdur. Bu, o deməkdir ki, iddiaçının sənədlərinin göndərilməsi TƏBİB-dən asılı olduğu halda, iddiaçının iddia tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönələ bilməzdi. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların həmin işçilərin ezam olunduqları qurumlardan (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı Qərarında adları göstərilmişdir) asılı olaraq (məsələn: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Komissiyasına, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) və ya regionlar üzrə ezam olunmuş şəxslərin hansı güc strukturunun istiqaməti üzrə xəstə, yaralı, həlak olanları daşımaq məqsədi ilə ezam şəxslərin siyahıların göndərilməsi əks olunmuşdur. İşin faktiki hallarında görmək olar ki, iddiaçıya aid olan tələbə inzibati orqanların qarşılıqlı şəkildə baxmalı olduqlarını məhkəmə nəzərə almamışdır. Belə ki, TƏBİB iddiaçının sənədlərini Komissiyaya təqdim etmədiyi halda, beləliklə də həmin şəxsin təsdiqedici sənədləri Müdafiə Nazirliyində olmadığından (çünki Müdafiə Nazirliyində xidmət etməyib, işləməyib, ezam olunmayıb) müsbət qərar qəbul edilməsi qeyri-mümkün olmuşdur. İddiaçının sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi TƏBİB-in vəsatətindən asılı olduğundan həmin mərhələni ötürərək birbaşa (Veteran adlarının verilməsi üzrə Komissiyası mövcud olan) hansısa dövlət orqanının üzərinə vəzifə qoyulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 127s saylı Sərəncamına ziddir. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçı İkinci Qarabağ müharibəsi dövründə Müdafə Nazirliyinin tabeliyində olan hərbi və mülki işçi kimi xidmət etməmiş və yaxud da hər hansı hərbi hissəyə ezam edilməmişdir. O sürücü olaraq həmin dövrdə Ağdam rayonu X1 ezam olunmuşdur. Müdafiə Nazirliyi iddiaçıya müharibə veteranı adının verilməsinə məsul olan şəxs kimi hesab edilə bilməz. Artıq bu işlərlə bağlı məhkəmə təcrübələri dəyişib. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli, 127S nömrəli sərəncamında əgər TƏBİB qeyd olunsaydı, elə ora müraciət edərdi. TƏBİBin bu məsələyə heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayəti formal xarakter daşıyır. Onun kimi işləyən digər şəxslərə münasibətdə məsələ müsbət həll edilib. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, № 3-25-14/2- M-36xx-xx/2025 imtina məktubunda göstərilmişdir ki, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarını əsas tutaraq ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - НЗ seriyalı, ******* saylı hərbi biletin 24 və 25-ci səhifələrində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi cəbhə bölgəsi olan X7 Mərkəzinin sərəncamına ezam olunaraq yaralı və şəhid hərbiçilərin təxliyyəsi ilə məşğul olmuşdur. Əsas: X5 19 saylı, xx.xx.2021-ci il tarixli arayışı. Geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbçiləri və şəhidləri Füzuli rayon Diaqnostika Mərkəzinə təxliyəsində nümunəvi xidmət göstərmişdir. Əsas: Füzuli RMX-nın xx.xx.2022-ci il tarixli, 69/20 saylı arayışı. - “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş 12 mart 2022-ci il tarixli, 69/20 saylı arayışa əsasən TTTY şöbəsində sürücü işləyən İddiaçı geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbiçiləri və şəhidləri Füzuli rayon Diaqnostika Mərkəzinə təxliyəsində nümunəvi xidmət göstərmişdir. Qeyd: xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi X7 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir. - Tibb Ərazi Bölmələrinin X8 Diaqnostika Mərkəzi X13 tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, ŞSM-542 saylı arayışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixə kimi cəbhə bölgələrindən X7 Mərkəzinə yaralı və şəhid hərbiçilərin təxliyəsi ilə məşğul olmuşdur. - 10 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası uğrunda 2-ci Qarabağ müharibəsində aparılan əməliyyatlar zmaanı yaralı əsgər və zabitlərin döyüş bölgəsindən çıxarılması və təxliyə olunmasında göstədiyi xidmətə görə X9 PHŞ işçisi İddiaçı Fəxri Fərmanla təltif olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-25-14/2-3570/2025 saylı məktubla bildirilmişdir ki, vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə komissiyanın xx.xx.2022-ci il tarixli iclasında baxılmış, barəsində müsbət qərar qəbul edilməmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq döyüş əməliyyatları aparılan dövrdə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən 7 may 2025-ci il tarixli, 18-1- 36/2-540/2025 saylı məktubla bildirilmişdir ki, İddiaçı 44 günlük vətən müharibəsi dövründə X7 Mərkəzinə yararlıların təxliyə üçün ezam olunmuşdur. İşğaldan azad olunmuş ərazilərdən yaralı və şəhid hərbiçiləri Füzuli MDM və digər xəstəxanalara təxliyə edilməsində iştirak etmişdir. Ezamiyyə və digər sənədlər mövcud olmadığı üçün həmin sənədləri təqdim edə bilmirlər. - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Respublika Təcili və X6 Mərkəzi” X13 tərəfindən 22 may 2025-ci il tarixli, 18-1-88/2-1751/2025 saylı məktubla bildirilmişdir ki, İddiaçı 14.10-xx.xx.2020-ci il və 11.11-xx.xx.2020-ci il tarixlərinə kimi X7 Mərkəzi PHŞnin sərəncamına əsasən ezam olunaraq ön cəbhə bölgələri olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərdən yaralı və şəhid hərbiçilərin təxliyəsində iştirak edib. Əmrlərin surətləri məhkəməyə təqdim edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. İddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etmədiyinə, Müdafiə Nazirliyində işləmədiyinə və hərbi hissəyə ezam olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuş, apellyasiya şikayətinin dəlilləri də bu kontekstədir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi araşdırması zamanı müvafiq qurumlara sorğular verilmiş və həmin sorğulara əsasən, iddiaçı 44 günlük Vətən müharibəsi zamanı X9 PHŞ-nin sürücü kimi Füzuli, Ağdam və X3 sərəncamına ezam olunmuş, o, Füzuli. Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut ərazilərində yaralı hərbiçilərin X7 Mərkəzinə təxliyyə edilməsində iştirak etmişdir. Bu hal, “Respublika Təcili və X6 Mərkəzi” PHŞ tərəfindən verilmiş cavab məktubu və həmin məktuba əlavə edilmiş ezamiyyə barədə əmrlər ilə də, öz təsdiqini tapmışdır. Belə ki, sözügedən əmrlərdən müəyyən edilmişdir ki, İddiaçı 14.10- xx.xx.2020-ci il və 11.11-xx.xx.2020-ci il tarixlərinə kimi X7 Mərkəzi PHŞ-nin sərəncamlarına əsasən ezam olunaraq ön cəbhə bölgələri olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrus ərazilərində yaralı və şəhid hərbiçilərin təxliyəsində iştirak etmişdir. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı hərbiçilər döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə də müəyyən olunur ki, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı adı verilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-3069/2023 saylı analoji iş üzrə qərarından müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə baxılan məsələ üzrə mövcud məhkəmə təcrübəsinə uyğundur. Belə ki, qərarda məhkəmə tərəfindən aşağıdakı qənaətə gəlinmişdir: “ ... 43. Cavabdehin kassasiya şikayətindəki dəlilinə əsasən qeyd edilmişdir ki, işdə olan ezamiyyə vərəqələrindən və “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13n əmrlərindən çıxarışlardan iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrə (bölmələrinə) və orqanlarına ezam olunması müəyyən edilmir. İddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etmədiyinə, Müdafiə Nazirliyində işləmədiyinə və hərbi hissəyə ezam olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.
44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sorğular verilmiş və həmin sorğulara əsasən, iddiaçı 44 günlük Vətən müharibəsi zamanı Şəki rayon Mərkəzi Xəstəxanasından ezam olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut əraziləri uğrunda gedən döyüşlər zamanı yaralı hərbiçiləri Füzuli Mərkəzi rayon Xəstəxanasına (keçmiş X7 Mərkəzinə) təxliyyə edilməsində iştirak etmiş, Fizuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən 2288 nömrəli ezamiyyə vərəqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam edilmiş və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən 2243 nömrəli ezamiyyə vərəqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam edilmişdir.
45. Belə ki, mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" X13n Texniki dəstək bölməsinin sürücüsü işləyir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" X13n direktorunun xx.xx.2020-ci il tarixli, 2243 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına - Ağdərə şəhərinə ezam olunmuş, daha sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdur. Bundan əlavə, X7 Mərkəzi" X13nin xx.xx.2021-ci il tarixli, 176 nömrəli arayışında da qeyd olunur ki, iddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X7 Mərkəzinə daşınmasında iştirak etmişdir. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərlərin və şəhidlərin döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 33-cü bəndində qeyd edilən Əsasnaməyə əsasən, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı verilir.
47. Göründüyü kimi iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan hazırkı qərarın 33-cü bəndində göstərilən şəxslərin dairəsinə aiddir". Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, cavabdehin şəxsə tələbindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2-1(112)-9156/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2-1(112)-9156/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov