Məhkəmə qərarları › İş №2-1(103)-3975/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3975/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3975/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “bağ sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X8 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1345/2025 saylı 25 iyun 2025ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. Azərbaycan SSR Dövlət aqrar-sənaye komitəsi Abşeron rayon Aqrar-sənaye kombinatı 3 nömrəli X9 70 nömrəli, 25 sentyabr 1991-ci il tarixli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin XDS İK-nın 11 aprel 1991-ci il tarixli, 64 nömrəli qərarı ilə 3 nömrəli zeytun sovxozu həmkarlar İttifaqı və ƏKŞ-nin 25 iyun 1991-ci il 3 nömrəli protokoluna və 25 sentyabr 1991-ci il 4 nömrəli protokoluna əsasən sovxoz rəhbərləyindən adları protokolda qeyd olunan işçilərə 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Yuxarıdakıları nəzərə alaraq iddiaçıya 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır.

2. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim etdiyi 70 nömrəli, 25 sentyabr 1991-ci il tarixli Abşeron rayon 3 nömrəli Zeytun sovxoz üzrə əmrindən çıxarışa əsasən Abşeron rayonu XDS İK-nın 11 aprel 1991-ci il 64 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 11,6 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır.

3. 3 nömrəli Zeytun sovxozu həmkarlar ittifaqı və ƏKŞ-nin 25 iyun 1991-ci il 3 nömrəli və 25 sentyabr 1991-ci il 4 nömrəli protokoluna əsasən sovxoz rəhbərliyindən adları protokolda qeyd olunan işçilərə 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılması üçün əmr verilmişdir.

4. Qala qəsəbəsində iddiaçıya ayrılan torpaq sahəsinin Xəzər RİHB-nin Qala qəsəbəsində nümayəndəsi tərəfindən təsdiq edilmiş sxemi və xəritədən çıxarışı iş materiallarına əlavə edilmişdir.

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə ona ayrılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması tələbi ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbi təmin olunmamışdır. Məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

6. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayon XDS İK-nın 11 aprel 1991-ci il tarixli, 64 nömrəli qərarına əsasən Bakı şəhəri Qala 3 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 0,10 hektar bağ sahəsinin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin bağ sahəsinə dair hazırkı vəziyyətdə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İK-nın 11 aprel 1991-ci il tarixli, 64 nömrəli qərarına əsasən Qala 3 nömrəli Zeytun sovxozunun ərazisində 0,10 hektar bağ sahəsi iddiaçının istifadəsinə ayrılmışdır. Qeyd edilən bağ sahəsi artıq uzun müddətdir ki, onun istifadəsindədir. İstifadəsində olan Qala 3 nömrəli Zeytun sovxozunda yerləşən 0,10 ha torpaq sahəsindən ibarət bağ sahəsinin adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi məqsədi ilə cavabdehə bağ sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Bu günədək cavabdeh tərəfindən müraciəti cavablandırılmamışdır. Bu səbəbdən də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024cü il tarixli, **********87 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Bundan başqa, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1345/2025 saylı 25 iyun 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək Abşeron rayon XDS İK-nın 11 aprel 1991-ci il tarixlil, 64 nömrəli qərarına əsasən Bakı şəhəri Qala 3 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 0,10 hektar bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin bağ sahəsinə dair hazırkı vəziyyətdə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayətini cavabdeh qurum onunla əsaslandırır ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə keçmiş Qala 3-nömrəli Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən və perimetrik ölçülərdə fərq mövcud olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa sahəyə digər şəxslərin-X4 və X1 müraciətləri daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

Tərəflərin izahatları

12. xx.xx.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh qurum məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmənin icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

13. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi sıradan çıxmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi onun hüquq varisi kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3- 1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra- DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Ona görə də həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, belə olan halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onun hüquqi varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin iddiaçının “İddiaçı Abşeron rayon XDS İK-nın 11 aprel 1991-ci il tarixlil, 64 nömrəli qərarına əsasən Bakı şəhəri Qala qəsəbəsi 3 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 0,10 hektar bağ sahəsinə hazırki vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsinin təmin edilməsi” məzmununda olan iddia tələbinin dəqiqləşməsi barədə ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini inzibati məhkəmə icraatına qəbul etmiş və bununla bağlı qərardad qəbul etmişdir.

15. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.8-ci maddəsində qeyd olunmuşdu ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10.1. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 10.4. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

18. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər… 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

24. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

25. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. Həmin məktubun iddiaçıya nə vaxt təqdim olunması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

26. İşin mahiyyətinə gəldikdə isə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı tələbi inzibati işin birinci instansiya məhkəməsində icraatı zamanı “Abşeron rayon XDS İK-nın 11 aprel 1991-ci il tarixlil, 64 nömrəli qərarına əsasən Bakı şəhəri Qala 3 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 0,10 hektar bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin bağ sahəsinə dair hazırkı vəziyyətdə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması” barədə olmuşdur. Apellyasiya baxışı zamanı iddia tələbi dəqiqləşdirilmiş və iddia tələbi məhkəmə kollegiyası tərəfindən “İddiaçı Abşeron rayon XDS İK-nın 11 aprel 1991-ci il tarixlil, 64 nömrəli qərarına əsasən Bakı şəhəri Qala qəsəbəsi 3 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 0,10 hektar bağ sahəsinə dair hazırki vəziyyətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun” məzmununda icraata qəbul edilmişdir.

27. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

29. Cavabdeh orqanın imtina məktubunun, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qurum hazırki tələbi təmin etməkdən imtinasını aşağıdakı dəlillərlə əsaslandırır: - torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənədin (yerləşmə cizgisinin) təqdim edilməməsi; - müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması; - vahid elektron kadastr baza məlumatlarına əsasən sahə keçmiş Qala 3-nömrəli Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsi; - təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən və perimetrik ölçülərdə fərq mövcud olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirməyin mümkün olmaması; - sahəyə digər şəxslərin-X4 və X1 müraciətlərinin daxil olması.

30. İddiaçının tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi çıxış edir. Həmin maddənin 8.0.8-ci bəndinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

31. Eyni norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

33. İş materiallarından görünür ki, Azərbaycan SSR Dövlət aqrar-sənaye komitəsi Abşeron rayon Aqrar-sənaye kombinatı 3 nömrəli X9 70 nömrəli, 25 sentyabr 1991-ci il tarixli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin XDS İK-nın 11 aprel 1991-ci il tarixli, 64 nömrəli qərarı ilə 3 nömrəli zeytun sovxozu həmkarlar İttifaqı və ƏKŞ-nin 25 iyun 1991-ci il 3 nömrəli protokoluna və 25 sentyabr 1991-ci il 4 nömrəli protokoluna əsasən sovxoz rəhbərləyindən adları protokolda qeyd olunan işçilərə 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Yuxarıdakıları nəzərə alaraq iddiaçıya 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim etdiyi 70 nömrəli, 25 sentyabr 1991-ci il tarixli Abşeron rayon 3 nömrəli Zeytun sovxoz üzrə əmrindən çıxarışa əsasən Abşeron rayonu XDS İK-nın 11 aprel 1991-ci il 64 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 11,6 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. Qala qəsəbəsində iddiaçıya ayrılan torpaq sahəsinin Xəzər RİHB-nin Qala qəsəbəsində nümayəndəsi tərəfindən təsdiq edilmiş sxemi və xəritədən çıxarışı iş materiallarına əlavə edilmişdir.Göründüyü kimi iddia olunan torpaq sahəsi iddiaçıya qanuni əsaslarla, həmin dövrdə səlahiyyətli olan sovxozun əmri ilə ayrılmışdır. Əmr hal-hazırda qüvvədədir və ləğv edilməmişdir.

34. Məhkəmə kollegiyası cavabdehin “torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənədin (yerləşmə cizgisinin) təqdim edilməməsi, təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən və perimetrik ölçülərdə fərq mövcud olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirməyin mümkün olmaması” dəlilinə mümasibətdə qeyd edir ki, bununla bağlı həm işin birinci instansiya məhkəməsində icraatı zamanı, həm də apellyasiya baxışı zamanı ətraflı araşdırılma aparılmışdır.

35. Belə ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdehin mütəxəssisləri tərəfindən mübahisə edilən torpaq sahəsinə baxış keçirilmişdir. Cavabdehin təqdim etdiyi 15 may 2025-ci il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1000 kv.m olsa da, faktiki olaraq hasardaxili 1140.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə keçmiş Qala 3 nömrəli Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən və perimetrik ölçülərdə fərq mövcud olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa sahəyə digər şəxs tərəfindən müraciətlər olmuşdur.

36. Məhkəmə kollegiyasının sorğusuna Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 2 yanvar 2026-cı il tarixli 5-12/2-290/2026 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə Yaranmış zərurətlə əlaqədar, müraciətinizdə qeyd olunan məsələ Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən araşdırılmış və araşdırma zamanı məlum olmuşdur ki, məhkəmə sorğusunda adı keçən İddiaçı ayrılan torpaq sahəsinə dair təqdim olunan yerləşmə sxemi və xəritədən çıxarışında torpaq sahəsinin yerləşdiyi dəqiq ünvanı qeyd olunmadığından iddiaçıya ayrılan torpaq sahəsinin yerinin işarələnməsi tərəfimizdən mümkün olmamışdır. Əlavə olaraq qeyd edirik ki, bu barədə qəsəbə nümyəndəliyində hər hansı bir məlumat yoxdur.

37. İşin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən sözügedən torpaq sahəsinin ortofoto görüntüsü və koordinatları məhkəməyə təqdim olunmuşdur.

1. 430627,620 4477971,323

2. 430610,340 4477954,210

3. 430576,456 4477988,557

4. 430592,603 4478004,936

38. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələri kimi müəyyən olunmuşdur.

39. Məhkəmə kolegiyası cavabdehin “sahəyə digər şəxslərin-X4 və X1 müraciətlərinin daxil olması” dəlilinə münasibətədə qeyd edir ki, işin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, - X10 xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehdən Xəzər rayonu, Qala qəsəbəsində sahəsi 0,10 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş Abşeron rayon 3 nömrəli Zeytun sovxoz üzrə əmrindən çıxarışa əsasən Abşeron rayonu XDS İK-nın 11 aprel 1991-ci il 64 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 11,6 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılanların işçərisində 44-cü sırada X4 adı da qeyd olunmuşdur. - Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 73 nömrəli 08 fevral 1996-cı il tarixli Sərəncamına əsasən X2 Qala qəsəbəsində 135-nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Qala qəsəbəsində X2 ayrılmış 135 saylı sahənin cizgisi və xəritədən çıxarışında torpaq sahəsinin koordinatları X 430604.04, Y********.53 kimi qeyd olunmuşdur.

40. Məhkəmə kollegiyası hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmənin 2-1(103)-3975/2025 saylı 09 dekabr 2025-ci il tarixli qərardadı ilə X10 və X3 iş üzrə adi cəlbetmə qaydasında 3-cü şəxs qismində işə cəlb olunmuş, lakin məhkəmə araşdırması zamanı mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarının onların qanunla qorunan hüquq və maraqlarına toxunmadığına görə məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə onların 3-cü şəxs statususna xitam verilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, həqiqətən X10 və X3 ayrı-ayrı vaxtlarda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi ilə müraciət etsə də cavabdeh onların tələbinin təmin olunmasından imtina etmişdir. Onu da qeyd etmək lazımdır ki, digər şəxslərin sözügedən torpaq sahəsinə müraciətlərinin olması Abşeron rayon XDS İK-nın 11 aprel 1991-ci il tarixlil, 64 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri Qala qəsəbəsi 3 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 0,10 hektar bağ sahəsin iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina üçün əsas hesab oluna bilməz.

41. Eyni zamanda qeyd olunmalıdır ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı iddiaçının tələbi “Abşeron rayon XDS İK-nın 11 aprel 1991-ci il tarixli, 64 nömrəli qərarına əsasən Bakı şəhəri Qala 3 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 0,10 hektar bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin bağ sahəsinə dair hazırkı vəziyyətdə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə olmuşdur.

42. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin müddəalarına əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5).

43. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin "İnventar nömrəsi" və "Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin "Mərtəbə" və "Yeraltı mərtəbə" qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, "Mərtəbə" qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin "Mərtəbələr üzrə plandakı nömrələr" qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir (23.4).

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir.

45. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir.

46. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir.

47. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq xidməti vəzifəsindən irəli gələrək iddiaçıya hüquqi yardım göstərmiş və iddia tələbini dəqiqləşdirməyi təklif etmiş və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı Abşeron rayon XDS İK-nın 11 aprel 1991-ci il tarixlil, 64 nömrəli qərarına əsasən Bakı şəhəri Qala qəsəbəsi 3 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 0,10 hektar bağ sahəsinə hazırki vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmə kollegiyasının qərardadı ilə icraata qəbul olunmuşdur.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

49. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qərarı dəyişdirilməli və iddia tələbi dəqiqləşmiş məzmunda təmin olunaraq, İddiaçı Abşeron rayon XDS İK-nın 11 aprel 1991-ci il tarixlil, 64 nömrəli qərarına əsasən Bakı şəhəri Qala qəsəbəsi 3 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 0,10 hektar bağ sahəsinə dair hazırki vəziyyətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

50. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1345/2025 saylı 25 iyun 2025-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı Abşeron rayon XDS İK-nın 11 aprel 1991-ci il tarixlil, 64 nömrəli qərarına əsasən Bakı şəhəri Qala qəsəbəsi 3 nömrəli Zeytun sovxozunun ərazisində yerləşən 0,10 hektar bağ sahəsinə dair hazırki vəziyyətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar