Məhkəmə qərarları › İş №2-1(103)-3976/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3976/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3976/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri” İdarəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı X3 məhkəmə icraatına zəruri olaraq cəlb edilməklə "sərəncamın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9095/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri” İdarəsi cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək faktiki olaraq, iş üzrə üçüncü şəxs X1 istifadəsində olan və fərdi evin tikintisi üçün 600 kv. metr torpaq sahəsinin iş üzrə mərhum X4 adına sənədləşdirilməsinə dair cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 15 fevral 1995-ci il tarixli 78 nömrəli sərəncamının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 15 fevral 1995-ci il tarixli 78 nömrəli “T.N.Kərimova Biləcəri qəsəbəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Sərəncamı ilə fərdi evin tikintisi üçün 600 kv.m. torpaq sahəsi X4 adına sənədləşdirilməsi qərara alınmışdır. Torpaq sahəsi faktiki olaraq SOCAR-ın İddiaçı istismarında olan neft boru kəmərinin mühafizə zonası daxilində yerləşdiyindən həmin sərəncam bu günədək icra edilməmiş, üçüncü şəxs X3 və ya mərhum X4 adına sənədləşdirilməmişdir. Cözügedən torpaq sahəsi dövlət mülkiyyətində olan sənaye tayinatlı torpaq sahələrinə aid olduğu üçün, mərhum X5 ayrılması qanunsuzdur və bu səbəbdən, torpaq sahəsinin ayrılması barədə sərəncam etibarsız sayılmalıdır. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, qeyri-mümkün hesab olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, mərhum T.Kərimovun adına 600 m2 torpaq sahəsinin sənədləşdirilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1995-ci il tarixdə sərəncam verilərkən qeyd olunan torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmamış və birbaşa sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilməmişdir. Həmin sərəncam qanunauyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxsə ayrılmışdır. İddia əsassızdır. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və bu halın mövcudluğu əsaslandırılmamışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X3 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9095/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsi SOCAR-ın İddiaçı istismarında olan neft boru kəmərinin mühafizə zonası daxilində yerləşməsi səbəbindən 1 saylı Bakı Ərazi İdarəsi qeydiyyatdan imtina etmişdir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olan sənaye tayinatlı torpaq sahələrinə aid olduğu üçün, məhrum T.Kərimova ayrılması qanunsuzdur. Sərəncamın icrası mümkün olmadığına, mülkiyyət hüququ qeydiyyata alınmadığına görə iddia, müəyyən etmə və ya tanınma haqqında iddia növündə qaldırılmışdır. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə, və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması, və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə, və ya tanınma haqqında iddia vasitəsi ilə Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin başçısının 15 fevral 1995-ci il tarixli 78 nömrəli sərəncamının etibarsız hesab edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının mübahisə açdığı sərəncam 1995-ci ildə qəbul edilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarların ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür, iddianın mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia, subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri ödənilmir. Birincisi ona görə ki, 1 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsi nəzərdə tuturdu ki, hüququ pozulmuş iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə 1 il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Qeyd olunmalıdır ki, 28 dekabr 1999-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsi ilə də nəzərədə tutulurdu ki, 243-5-ci maddəsi nəzərdə tuturdu ki, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. 1 sentyabr 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin isə 19-cu maddəsi nəzərdə isə tutur ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 373.1-ci maddəsinin tələbi onu da nəzərdə tutur ki, ümumi iddia müddəti on il təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. İşin faktiki hallarından isə göründüyü kimi, iddiaçı həm qüvvədən düşmüş, həm də qüvvədə olan qanunvericiliklə müəyyən olunan bütün iddia müddətlərini ötürmüş, 35 il keçdikdən sonra yalnız, cavabdeh yerli icra hakimiyətinin üçüncü şəxs barəsində olan əlverişli inzibati aktının - 15 fevral 1995-ci il tarixli sərəncamının qanunsuz olduğunu mübahisələndirərək etibarsızlığının tanınmasını, hüquqi müəyyənlik prinsipinə zidd olaraq məhkəmədən tələb etmişdir. Ən azından, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsi nəzərədə tutur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında qanunvericilik isə xx.xx.2011-ci il tarixdən yaranmış münasibətləri tənzimlədiyi nəzərə alınmaqla, konkret halda, mübahisələndirilən sərəncamın qəbul olunduğu vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə, iddiaçı tərəfindən iddia müddətini buraxıldığı halda, cavabdehin həmin sərəncamının etibarsızılığının tanınması barədə hazırkı iddiası, İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən həmin Məcəllənin 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmamsı barədə qərardadı işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda iddiaçının apellyasiya şikayətinin qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9095/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9095/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar