Məhkəmə qərarları › İş №2-1(103)-398/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-398/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-398/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı Bakı Şəhəri İddiaçı nümayəndəsi X3 iştirakı ilə iddiaçı Yasamal RİH-in cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi, iddiaçılar Cavabdeh1 və X1 cavabdeh Yasamal RİH-ə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-348/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qərarından Yasamal RİH-in, Cavabdeh1 və Q.Mehdiyevin apellyasiya şikayətlərinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Yasamal RİH cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Q.Mehdiyev) məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə sahibliyin alan orqan Yasamal RİH tərəfindən “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və həmin ünvanda yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 48.281 manat məbləğdə kompensasiya ödənilərək mənzilin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1966/2017 nömrəli iş üzrə 19.04.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1209/2019 nömrəli iş üzrə 02.07.2019-cu il tarixli qərardadları ilə Q.Mehdiyev üçüncü şəxs qismində işə cəlb olunmuş, Cavabdeh1 və üçüncü şəxs Q.Mehdiyev tərəfindən verilmiş şikayət təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2017-ci il tarixli qərarı ləğv edilmişdir. İddiaçılar Cavabdeh1 və Q.Mehdiyev cavabdeh Yasamal RİH-ə qarşı məhkəməyə təqdim etdikləri iddia ərizəsi ilə ünvan 3 evin sökülməsi nəticəsində 177.615 manat dəymiş ziyanın tutulması, həmin evin sökülməsi və ev əşyalarının məhv edilməsi nəticəsində hər birinə daşınar əmlakın dəymiş ziyanı olaraq 5.000 manat vəsaitin, ödənilmiş 30 manat dövlət rüsumunun, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq tutulacaq məbləğin 20% artımı nəzərə alınaraq cavabdeh Yasamal RİH-dən xeyirlərinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-757 nömrəli iş üzrə 11.12.2019-cu il tarixli qərardadı ilə 2-1(81)-757/2019 nömrəli və 2-1(81)-4284/2019 nömərli inzibati işlər 2- 1(81)-4284/2019 nömrə altında bir icraatda birləşdirilmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.09.2016-cı il tarixli qərarı ilə Yasamal RİH-in iddiası təmin edilməmiş, iddiaçılar Cavabdeh1 və Q.Mehdiyevin cavabdeh Yasamal RİH-ə qarşı iddiası qismən təmin edilmiş, ünvan 3 ünvanda yerləşən, sahəsi 65,41 kv.m. olan yaşayış evinin sökülməsi nəticəsində 98.115 manat dəymiş ziyanın cavabdehdən tutularaq iddiaçılara ödənilməsi qərara alınmışdır. Qərarla razılaşmayan Yasamal RİH, Cavabdeh1 və Q.Mehdiyev ondan apellyasiya şikayətləri verərək, Yasamal RİH iddiası təmin edilməyən, digər iddia təmin edilən hissələrdə ləğv edilib, öz iddiasının təmin edilməsini, digər iddia təmin edilməyən hissədə dəyişdirilmədən saxlanmasını, Cavabdeh1 və Q.Mehdiyev qismən ləğv edilib, iddialarının tam həcmdə təmin edilməsini xahiş etmişlər. Yasamal RİH-in apellyasiya şikayətinin dəlillərinə görə, mübahisə predmeti olan əmlaka dair qiymətləndirmə aktından görünür ki, daşınmaz əmlakın faktiki mövcud olan sahəsi müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən həmin əmlakın 2015-ci il dekabr ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq, müəyyən edilmişdir. Sözügedən qiymətləndirmə aktına əsasən daşınmaz əmlak dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cəmi 48.281 manat məbləğdə (əsas sahə 18,45 kv.m x 1.500 manat = 27.675 manat, köməkçi sahə 11,3 kv.m x 1.500 manat = 16.950 manat, bağlı eyvan 3,32 kv.m x 800 manat = 2.656 manat, 2 aylıq kirayə haqqı 1.000 manat) qiymətləndirilmişdir. Həmin qiymətləndirmə aktından görünür ki, Cavabdeh1 faktiki istifadəsində ümumi 33,07 kv.m. sahə olmuşdur. Bundan başqa, Yasamal RİH Mənzil Kommunal Təsərrüfat Birliyi 61 saylı Mənzil Kommunal İstismar Sahəsinin 25.08.2015-ci il tarixli 219 saylı arayışına əsasən X4, X5, X7, X8 ünvan 4 ünvanda daimi qeydiyyatda olmuşlar. Həmin şəxslərin faktiki istifadəsində ümumi 26,16 kv.m. sahə olmuşdur. Həmin şəxslər sözügedən evdə yaşayış yeri üzrə qeydiyyatda olduqları və həmin sahədən faktiki istifadə etdikləri səbəbindən R.Atayev ilə Yasamal RİH arasında 26.08.2015-ci il tarixli müqavilə bağlanaraq, ona 39.778 manat məbləğdə kompensasiya ödənilmişdir. R.Atayev notarial qaydada təsdiq etdiyi ərizədə Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi ünvanda yerləşən 67 saylı yaşayış evinin ona məxsus olan hissəsinə dair yaranan bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin DƏDRX Bakı şəhər ərazi idarəsi tərəfindən tərtib edilmiş **********71-10301 reyestr nömrəli 05.09.2013-cü il tarixli Texniki pasportunda ümumi sahəsi 65,41 kv.m. göstərilsə də, evin faktiki sahəsi 59,23 kv.m. (Cavabdeh1 istifadəsində 33,07 kv.m. və R.Atayevin istifadəsində 26,16 kv.m) sahə olmuşdur. Artıq evin 26,16 kv.m. sahəsinə görə kompensasiya məbləği alınmanın təsirinə məruz qalmış şəxs hesab edilən R.Atayevə ödənilmişdir. Məhkəməyə təqdim edilən 61 saylı MKİS-in 16.01.2017-ci il tarixli arayışına əsasən mübahisəli evin Cavabdeh1 payına düşən hissəsində Cavabdeh2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 yaşayış yeri üzrə qeydiyyatda olmuşlar. Cavabdeh1 və Q.Mehdiyevin apellyasiya şikayətinin dəlillərinə görə, həmin ərazidə yaşayış evinin kv.m. qiyməti 3.000 manat təşkil edir və həmin məbləğ torpaq sahəsinə də şamil olunmalıdır. Cavabdeh1 2/3 payına uyğun yaşayış evinə görə, 42,94 kv.m. x 3.000 manat = 128.082, torpaq sahəsinə görə 70,08 kv.m. x 3.000 = 210.024, ümumilikdə 338.106 . Q.Mehdiyevə münasibətdə, 21,47 kv.m. x 3.000 manat = 64.041, torpaq sahəsinə görə 35,04 kv.m. x 3.000 = 105.012, ümumilikdə 169.053 manat. İddiaçıya verilməli olan pul məbləği üzrə kompensasiya daşınmaz əmlakın bazar qiyməti ilə hesablanmalıdır. Daşınmaz əmlakın texniki pasportu və çıxarışına əsasən evin yaşayış sahəsi 66,41 kv.m, evin torpaq sahəsi 105,12 kv.m. (66,41 kv.m. tikinti altında olan sahə + 38,71 kv.m. həyətyanı sahə) təşkil edir. Həmin məbləğə 20 faiz əlavə olunmalıdır. Əlavə olaraq evdə olan əşyaların məhv edilməsinə görə 10.000 manat pul tutulmalıdır. Eyni zamanda, məcburi kirayə haqqı, hər iki iddiaçıya ayrı ayrılıqda 18.000 manat təşkil edir (36 ay x 500 manata). Mənəvi zərər qismində də cavabdehdən hər iki iddiaçıya ayrı-ayrılıqda 50 min manat pul tutulmalıdır. Bu daşınmaz əmlakın özbaşına sökülməsi nəticəsində keçirdiyi sarsıntılar və kompensasiyanı könüllü ödəməkdən imtina etməyə görədir. İşə apellyasiya qaydasında baxılarkən Yasamal RİH-in nümayəndəsi öz apellyasiya şikayətlərini müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-cimaddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərnin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayətlər mahiyyətcə əsassızdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. AR Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 11.11.2015-ci il tarixli 358 nömrəli Qərar qəbul etmişdir. Həmin Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, X12, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175 ədəd, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 ədəd və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 ədəd, ümumilikdə sayı 1093 olan, vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi iddiaçı müəyyən edilmişdir. Qərarla iddiaçıya tapşırılmışdır ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə AR Nazirlər Kabinetinə təkliflər təqdim etsin. Qərarın icrası məqsədi ilə iddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədilə müstəqil qiymətləndirici cəlb etmişdir. İşin mübahisəsiz hallarına görə, ünvan 1 ünvan AR Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli 358 nömrəli qərarının təsiri altına düşür, Cavabdeh1, Cavabdeh2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanda daimi pasport qeydiyyatındadırlar (61 saylı MKİS-in 16.01.2017-ci il tarixli 06 saylı arayışı), ünvan 1 ünvanda yerləşən iki mərtəbəli ümumi sahəsi 65,41 kv.m. (yaşayış sahəsi 44,88 kv.m, yardımçı sahəsi 20,53 kv.m.) olan fərdi yaşayış evinin 2/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə Q.Mehdiyevin xüsusi paylı mülkiyyətindədir (DƏDRX Bakı ŞƏİ-nin RX ******* nömrəli 05.09.2013-cü il tarixli çıxarışı), Yasamal RİH tərəfindən cəlb edilən müstəqil qiymətləndirici "xxxx" MMC əmlakın 2015-ci il dekabr ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cəmi 48.281 manat məbləğdə (əsas sahə 18,45 kv.m. x 1.500 manat = 27.675 manat, köməkçi sahə 11,3 kv.m. x 1.500 manat = 16.950 manat, bağlı eyvan 3,32 kv.m. x 800 manat = 2.656 manat, 2 aylıq kirayə haqqı 1.000 manat) qiymətləndirmişdir (25.05.2016 və 18.04.2017-ci il tarixli qiymətləndirmə aktları), 39.778 manat məbləğdə kompensasiya Yasamal RİH tərəfindən R.Atayevə ödənilmişdir (26.08.2015-ci il tarixli müqavilə), Cavabdeh1 və Q.Mehdiyev Yasamal RİH-ə rəsmi müraciət etsələr də, onlara kompensasiya ödənilməmişdir, mübahisəli əmlak birinci instansiya məhkəməsində hazırkı iş üzrə qərar qəbul edilənədək sökülmüşdür (Yasamal RİH-in 16.09.2020-ci il tarixli 1689/d nömrəli məktubu). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 246.1-ci maddəsinə görə, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir; 248.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. 248.2-ci maddəsinə görə, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun: 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; 6.1-ci maddəsinə görə, torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir; 19.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər; 19.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır; 20.1-ci maddəsinə əsasən, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.1. həmin torpaq alınan torpaq kimi tanınır; 20.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir; 20.1.3. alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır; 20.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır; 20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır; 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; 20.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır; 22.1-ci maddəsinə görə, alınma prosesini həyata keçirmək məqsədilə alan orqan müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin də daxil olduğu tərkibdə torpağın alınması qrupunu (qruplarını) təşkil edir; 24.1-ci maddəsinə əsasən, müstəqil qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir; 30.1-ci maddəsinə görə, alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alqı-satqı) yolu ilə əldə edə bilər; 31.1-ci maddəsinə əsasən, torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1- 7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir; 52.1-ci maddəsinə görə, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər; 52.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin; 53-cü maddəsinə görə, alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində icra haqqında qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, yaşayış evi birinci instansiya məhkəməsinin qərarı qəbul olunan tarixə artıq sökülmüş olduğundan Yasamal RİH-in kompensasiya ödənilməklə evin boşaldılması tələblərinə dair iddiası düzgün olaraq həmin məhkəmə tərəfindən təmin edilməmiş, Cavabdeh1 və Q.Mehdiyevin iddiaları isə, mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat pul bütün kompensasiya növlərini, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”Qanun və “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26.12.2007ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edən kompensasiya məbləği olduğu üçün, doğru olaraq 65,41 kv.m. x 1.500 manat = 98.115 manat hissədə qismən təmin olunmuş, qalan hissədə isə rədd olunmuşdur. Bu mənada məhkəmə kollegiyası Yasamal RİH-in apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, alan orqan qismində çıxış edən Yasamal RİH 39.778 manat məbləğdə kompensasiyanı hətta öz iddia ərizəsində cavabdeh kimi göstərmədiyi R.Atayev adlı şəxsə ödəmişdir və onun bu qaydada hərəkət etməsi Cavabdeh1 və Q.Mehdiyevin dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarına xitam vermir. Cavabdeh1 və Q.Mehdiyevin apellyasiya şikayəti də əsassızdır. Belə ki, hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növlərini ehtiva edir, Cavabdeh1 və Q.Mehdiyev evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına malik deyillər, evin sökülməsi və ev əşyalarının məhv edilməsi nəticəsində hər birinə dəymiş 5.000 manat zərər hissədə də heç bir mötəbər sübut təqdim edilməmişdir, şikayətin digər dəlilləri isə iddia ərizəsində göstərilməyən yeni tələblərlə bağlı olduğu üçün əsassızdır. “Sporrong və Lönnroth İsveçə qarşı” işi ilə bağlı İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, ictimai marağın nə olduğunun müəyyən edilməsində milli hakimiyyət orqanları beynəlxalq hakimdən daha yaxşı mövqedədirlər, çünki onlar öz cəmiyyətlərini və onun ehtiyaclarını daha yaxşı bilirlər. ... İctimai maraq doğuran problemin olub-olmadığını və alınacaq tədbirlərin nə olduğunu müəyyən etmək milli hakimiyyət orqanlarının işidir. ... Bu işdə də onlar konkret mülahizə sərbəstliyindən istifadə edirlər. “X2rşı” işi üzrə isə eyni Məhkəmənin qərarında göstərilmişdir ki, “kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır.” “Axverdiyev Azərbaycana qarşı” işi üzrə üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə iş üzrə bu nəticəyə gəlmişdir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. Beləliklə də, Yasamal RİH tərəfdən mübahisəli əmlaka müdaxilə qanuni və evin əldə olunması “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olmuşdur, əmlakın müzakirə edilən qaydada, yəni 98.115 manat məbləğdə əvəzi ödənilərkən cəmiyyətin maraqları ilə şəxsin maraqları arasında lazımi tarazlıq gözlənilmiş, alınan əmlakın əvəzinə Cavabdeh1 və Q.Mehdiyevə son illərin formalaşmış məhkəmə təcrübəsinə uyğun ağlabatan məbləğdə ədalətli kompensasiya təklif olunmuş olur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bu səbəbdən şikayətlər təmin olumamamlı, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-348/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Bakı Şəhəri İddiaçı, Cavabdeh1 və X1 apellyasiya şikayətləri təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar