Məhkəmə qərarları › İş №2-1(103)-398/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-398/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-398/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 (“Xəzər Konsaltinq” Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 24804 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2- 1(112)-2111/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 13.10.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 24804 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində 24804 manat artıq ödəmə məbləği yaranmışdır. Maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq, iddiaçı 13.08.2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ərizəyə baxılmadığından və bu barədə cavab məktubu iddiaçı tərəfindən alınmadığı üçün iddiaçı 30.09.2020-ci il tarixində təkrar müraciət edərək, 13.08.2020-ci il tarixli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizəyə baxılmamasının və rəy verilməməsinin səbəbləri barədə məlumat verilməsini xahiş etmişdir. Qeyd olunan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə iddiaçı 2019cu ildə vergi orqanına müraciət etmişdir. Ərizə vergi orqanı tərəfindən təmin olunmadığı üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2848/2019 saylı qərarı ilə iddia tələbi təmin edildi. Lakin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2020-ci il tarixli, 2-1(103)-563/2020 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2848/2019 saylı qərarı ləğv edildi və iddia tələbi mümkün sayılmadı. Həmin qərarda məhkəmə kollegiyası izah etmişdir ki, iddiaçı ərizəsində yol verdiyi texniki nöqsanları aradan qaldırmaqla, yeni ərizə ilə müraciət etdikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı irəli sürə biləcəyi mümkün iddia tələbi büdcədən artıq ödəmənin qaytarılması barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq rəyin verilməsi öhdəliyinin qoyulması barədə ola bilər. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2020-ci il tarixli 2-1(102)-1555/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı qüvvədə saxlanıldı. Bundan sonra iddiaçı iki dəfə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Lakin müraciətlər nəticəsiz qaldı. Cavabdeh 13.08.2020-ci il tarixli müraciətinə baxılması barədə cavab məktubu göndərərək, bildirmişdir ki, sizin artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmış, müraciət ətraflı araşdırılması üçün, bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə) əməliyyatlar barədə müvafiq sorğu olunmuş, qanunvericilikdə müəyyən edilən müddətdə sorğuya cavab alındıqdan sonra yenidən müraciət nəticəsində icraya baxılacaqdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə müraciət edilməsinə baxmayaraq, hazırkı vəziyyətdə vergi orqanı heç bir tədbir görməmişdir. 13.08.2020-ci il tarixindən 35 gündən artıq vaxt keçməsinə baxmayaraq, vergi orqanı tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilməmişdir. 29.06.2021-ci il tarixində iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuş, ərizədə şəxsi hesab vərəqəsində yaranmış 24804 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə Rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-2111/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 24804 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə Rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 14.10.2021-ci il tarixdə qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki , Vergi ödəyicisi təkrar olaraq 14.08.2020-ci il tarixli **********916600 nömrəli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət edərək 24804 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunan müraciət 07.09.2020-ci il tarixli, 2019021J26447500 nömrəli məktubla cavablandırılmış və müraciətin ətraflı araşdırılması üçün vergi ödəyicisinin bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə) əməliyyatlar barədə müvafiq sorğunun olunması, qanunvericilikdə müəyyən edilən müddətdə sorğuya cavab alındıqdan sonra yenidən müraciət nəticəsində icraya baxılacağı bildirilmişdir. Qeyd edilənlərlə əlaqədar 09.09.2020-ci il tarixdə **********397300, **********398000 və **********396600 nömrəli bildiriş məktubu ilə vergi ödəyicisinin "xxxx" QSC, "xxxx" ASC və "xxxx" ASC (Ləğv prosesindədir) bank hesablarına müvafiq sorğular göndərilmiş, lakin "xxxx" QSC və "xxxx" ASC (Ləğv prosesindədir) tərəfindən sorğularla bağlı cavabın daxil olmaması səbəbi ilə ödəyicinin 30.09.2020-ci il tarixli **********984100 nömrəli məktubuna cavab olaraq "Accessbank” QSC-də və “Texnikabank" ASC-də olan bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə) əməliyyatlar barədə məlumatların təqdim edilməsi tələb edilmişdir. Qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra dürüstləşdirilmiş ərizə forması ilə müraciət ediləcəyi təqdirdə artıq ödəmənin qaytarılması məsələsinə qanunamüvafiq qaydada baxılacağı vergi ödəyicisinə bildirilmişdir. Yəni hazırkı vəziyyətdə, iddiaçı tərəfindən bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə) əməliyyatlar barədə məlumatların təqdim edilməməsi səbəbindən vergi orqanı tərəfindən müvafiq qaydalarda müəyyən edilmiş prosedurların həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3.-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2- 1(112)-2111/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1964-cü il təvəllüdlü iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı ünvanladığı “13.06.2019-cu il tarixli müraciətə baxılması barədə” məktubuna əsasən, iddiaçının artıq ödəmənin qaytarılması barədə müraciətinə baxılmış, müraciətinə baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma səbəbinin düzgün qeyd olunmadığı müəyyən edilmiş, qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır - İddaçı İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 13.08.2020-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı tərəfindən elektron qaydada artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi orqanına müraciət olunmuşdur. - 30.09.2020-ci il tarixli şikayət ərizəsindən görünür ki, iddiaçı cavabdehə müraciət edərək bildirmişdir ki, 13.08.2020-ci il tarixli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizəyə rəy verilməmiş, rəy verilməməsinin səbəbləri barədə məlumat verməsini cavabdehdən xahiş etmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanladığı “13.08.2020-ci il tarixli müraciətə baxılması barədə” məktubuna əsasən, iddiaçının artıq ödəmənin qaytarılması barədə müraciətinə baxılmış, müraciətin ətraflı araşdırılması üçün bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövr üzrə) əməliyyatlar barədə müvafiq sorğu olunmuş, qanunvericilikdə müəyyən edilən müddətdə sorğuya cavab alındıqdan sonra yenidən müraciət nəticəsində icraya baxılacaqdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanladığı “30.09.2020-ci il tarixli müraciətə baxılması barədə” məktubuna əsasən, iddiaçının artıq ödəmənin qaytarılması barədə müraciətinə baxılmış, müraciətin ətraflı araşdırılması üçün "xxxx" QSC-də və "xxxx" ASC-də olan bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövr üzrə) əməliyyatlar barədə məlumatarının təqdim edilməsi iddiaçıdan tələb edilmiş; qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra dürüstləşdirilmiş ərizə forması ilə müraciət ediləcəyi təqdirdə artıq ödəmənin qaytarılması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09.09.2020-ci il tarixli, **********398000 və **********397300 nömrəli bildirişlərindən görünür ki, "xxxx" QSC-nin “Babək” filialına və "xxxx"ASC-yə (ləğv prosessində) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 76-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının göstərilən hər bir hesab üzrə 01.01.2017-ci il tarixindən 07.09.2020-ci il tarixədək aparılmış əməliyyatlar barədə məlumatlar bildirişə əlavə edilmiş reyestr formasında, hesablar üzrə əməliyyatların aparılmasını təsdiq edən ilkin sənədlərin surəti əlavə edilməklə vergi orqanına təqdim edilməsi bildirilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 65.9-cu maddəsinə uyğun olaraq, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə görə, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Tərəflərin arasında yaranmış mübahisə ilə bağlı məsələ Vergi Məcəlləsinin 87-ci maddəsi ilə, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinə uyğun olaraq, bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı Şəxsi hesab vərəqəsinə əsasən o, “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisidir. İddiaçı 13.06.2019-cu il tarixli, “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” barədə ərizəsinin surətinə əsasən, iddiaçı tərəfindən elektron qaydada artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi orqanına müraciət etmişdir. iddiaçının 19.04.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə vergilər üzrə dövlət büdcəsinə 24804 manat artıq ödəmə məbləği yaranmışdır, iddiaçı tərəfindən artıq ödənilmiş verginin qaytarılması ilə bağlı cavabdehə dəfələrlə yazılı müraciət edilmiş, lakin iddiaçının dövlət büdcəsinə artıq ödənilmiş pul vəsaiti qaytarılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçının 19.04.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə vergilər üzrə dövlət büdcəsinə artıq ödəmələr olduğu halda, həmin məbləğlərin qaytarılması barədə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmiş iddiaçının ərizəsi cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 87, 87.3-cü maddələrinin tələbləri pozularaq təmin edilməmiş, qanunla nəzərdə tutulmuş rəyin tərtib edilməsindən imtina edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən vergi qanunvericiliyin müvafiq müddəaları pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müraciət etdiyi tarixinə şəxsi hesab vərəqəsinə əsasən 24.902,97 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, əsassız səbəblərdən məsələ iddiaçının xeyrinə həll edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-2111/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-2111/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar