Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-399/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məktubların qanunsuz hesab edilməsi, kompensasiya ödənilməsi və sərbəst toplaşmaq hüququnun təmin edilməsi öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, X2, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 cavabdehə qarşı məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığını pozan cavabdehin xx.xx.2020-ci il tarixli Ə-S08-003 nömrəli məktubunun qanunsuz hesab edilməsini və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsini, vurulmuş mənəvi zərərin əvəzi olaraq Əhmədovlara 40.000 manat pulun tutulmasını, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 AR Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığını pozan cavabdehin müraciətə cavab verməməsinin qanunsuz hesab edilməsini və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsini, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50.000 manat pulun tutulmasını, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 AR Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığını pozan cavabdehin xx.xx.2020-ci il tarixli 1- S14-003 nömrəli məktubunun qanunsuz hesab edilməsini və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsini, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50.000 manat pulun tutulmasını, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 AR Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığını pozan cavabdehin xx.xx.2020-ci il tarixli 1- S15003 nömrəli məktubunun qanunsuz hesab edilməsini və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsini, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 40.000 manat pulun tutulmasını, İddiaçı19 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığını pozan cavabdehin xx.xx.2020-ci il tarixli İ-176-003 nömrəli məktubunun qanunsuz hesab edilməsini və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsini, İddiaçı19 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun tutulmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, “... cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, Ə-S08-003 nömrəli, İ-S14-003 nömrəli, İ-S15-003 nömrəli və xx xxxxxx 2020-ci il tarixli İ-176-003 nömrəli məktublarında “planlaşdırdığınız toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir” ifadəsi inzibati orqanın qadağanedici hərəkəti deyildir, iddiaçılarının etiraz aksiyalarının keçirilməsinin məqsədəuyğun olmaması barədə cavabdehin mövqeyidir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Göründüyü kimi qanunvericilikdə toplantıların keçirilməsi üçün toplantıları təşkil edən şəxslərin müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən toplantının keçirilməsi haqqında xəbərdarlıq etməli olması nəzərdə tutulmuşdur. Bu halda iddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən piket keçiriləcəyi barədə etdiyi xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və qadağanedici hərəkət hesab edilə bilməz. Bundan başqa iddiaçılar mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılmazdan əvvəl bu haqda cavabdehə müraciət etməsinə dair sübutu məhkəməyə təqdim etməmişlər.” Qərardadla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işin yeni baxışa qaytarılmasını xahiş etmişlər. Şikayətin dəlillərinə görə, məhdudlaşdırılma “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda nəzərdə tutulubdur. Cavabdehin məktublarının hüquqi əsası yoxdur və bu faktiki olaraq sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması deyil, qadağan edilməsidir. Məktubda COVİD-19 pandemiyası ilə bağlı ölkədə karantin rejiminin mövcud olmasına istinad edilməsi də əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələr). Şikayət mahiyyətcə əsassızdır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-34.1, ikinci cümlə), sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir. “İnzibati icraat haqqında” AR Qanununun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddiaçıların kompensasiyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə təsdiqini tapmır. Belə ki, işdə yalnız İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 müraciəti barədə poçt təşkilatının 000802 nömrəli qəbzi (qəbzdə “Qədirbəyova Səadət Rövşən q və başqaları” kimi qeyd edilmişdir) olsa da, qəbzdə “Alıcı” qarafasında “Poçt qutusu” yazıldığı üçün həmin müraciətin cavabdehə rəsmi təqdim olunması barədə məlumat yoxdur. İddianın sərbəst toplaşmaq hüququnun təmin edilməsi öhdəliyinin qoyulması tələbi də mümkün sayılmamalıdır. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” AR Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən “Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.” İddiaçılar da yeni piketin keçirilməsi, yəni bu hüququn həyata keçirilməsi (təmin edilməsi) ilə bağlı cavabdehi qabaqcadan yazılı surətdə xəbərdar etməli olduqlarından, hazırda mübahisə mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Ona görə də qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5843/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçılar İddiaçı1 və qeyrilərinin apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-399/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-399/2021
01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver