Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-399/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarış verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5654/2021 saylı 09 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Azərelektroterm” Bağçılıq yoldaşlığının idarə heyətinin 15.05.1995-ci il tarixli iclasının protokolunun (sədr İ.İ.Məmmədov tərəfindən təsdiq edilmiş) surətindən görünür ki, X1 56 saylı bağ sahəsinin bütün tikintiləri ilə birlikdə İddiaçı adına keçirilməsi barədə ərizəsi əsasında həmin bağ sahəsinin İddiaçı adına keçirilməsinə razılıq verilməsi, bağçılıq üzvlüyünə qəbul edilməsi, İ.K.Məmmədovanın bağçılıq üzvlüyündən azad edilməsi qərara alınmışdır. 2007-ci ildə verilmiş üzvlük kitabçasından görünür ki, Bağçılıq Cəmiyyəti üzvlərinin 32 saylı 16.07.1995-ci il tarixli protokoluna əsasən İddiaçı bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş və sahəsi 500 kv.m. olan 56 saylı bağ sahəsi daimi onun istifadəsi üçün ayrılmışdır. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi olan 56 saylı bağ sahəsinə çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********36 saylı 17 mart 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Azərelektroterm” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar olunmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “56 saylı bağ sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinin 15.05.1995-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi olan 56 saylı bağ sahəsi ona ayrılmış, həmin bağ sahəsi hal-hazırda onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtina etməsi qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5654/2021 saylı 09 avqust 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda göstərilir ki, “iddiaçının istinad etdiyi “Bağçılıq üzvlük kitabçası“nın kollektiv bağçılıq – yoldaşlıq təsərrüfatına üzvlərinin siyahısına müvafiq olaraq verildiyi müəyyən edilmədiyindən, həmin üzvlük kitabçası iddiaçının iddialı olduğu 56 saylı bağ sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.” Hesab edir ki, məhkəmə tərəfindən təqdim olunmuş bu sənədə düzgün qiymət verilməmişdir. Belə ki, məhkəməyə təqdim etdiyi “ Bağçılıq üzvlük kitabçası “cavabdehin arxivində olan bağçılıqyoldaşlıq təsərrüfatını üzvlərinin siyahısına müvafiq verilə bilməzdi. Cavabdehin arxivində olan və onun tərəfindən məhkəməyə təqdim olunan siyahı 1985-ci ildə tərtib olunmuş siyahıdır. O isə bağçılıq – yoldaşlıq tərsərrüfatına 1995-ci ildə daxil olmuşdur. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra və məlum hadisələrə görə siyahıda göstərilənlərin bir çoxu Respublikanı tərk etmişdir. Belə olan halda 1995-ci ildə ona verilmiş üzvlük kitabçası 1985-ci ilin siyahısına müvafiq ola da bilməz. Bununla yanaşı təqdim etdiyi “Bağçılıq üzvlük kitabçası“nın həqiqi olması cavabdeh və məhkəmə tərəfindən mübahisələmdirilməmişdir. Belə olan halda həmin kitabça mötəbər sübut kimi qiymətləndirilməli və bu, iddianın təmin olunması üçün qanuni əsas hesab edilməli idi. Qərarda göstərilir ki, “Bağçılıq üzvlük kitabçası”nda onun Bağçılıq Cəmiyyəti Üzvlərinin 16.07.1995-ci il tarixli 32 nömrəli protokoluna əsasən üzv qəbul edildiyi göstərilsə də, protokolun nömrəsi qeyd olunmamış, iclasda iştirak edən təsərrüfat üzvləri barədə hər hansı qeyd aparılmamış, bağ sahəsinin ölçüsü göstərilmədiyindən protokol torpaq sahəsinə hüququn qeydə alınması üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Hesab edir ki, bu arqument kimi qəbul olunmalı deyil, o səbəbdən ki, Bağçılıq Cəmiyyəti Üzvləri üçün vahid protokol nümunəsi yoxdur və bu səbəbdən protokol sərbəst formada yazılmışdır. Protokolun nömrəsinin göstərilməməsi iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. 26.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 17.03.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 09.04.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin istifadəsində olduğunu qeyd edərək, onun adına verilmiş üzvlük kitabçasına və protokola istinad edərək cavabdeh inzibati orqandan dövlət reyestrindən çıxarışın verilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun adının sözügedən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmasına, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqlarının pozulmamasına və onların həyata keçirilməsinə maneə yaradılmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Hazırki işdə olan bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı 32 saylı 16 iyul 1995-ci il tarixli protokola əsasən üzvlüyə daxil edildiyi qeyd edilmişdir. Lakin iddiaçının iddia tələbinin əsasını “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfat birliyinin 15.05.1995-ci il tarixli protokolu təşkil edir. Belə ki, iddiaçının təqdim etdiyi 15.05.1995-ci il tarixli protokolun məzmununa görə SKTB-nin nəzdindəki “Elektroterm” Bağçılıqyoldaşlığının üzvü X1 56 saylı bağ sahəsini bütün tikintiləri ilə birlikdə İddiaçı adına keçirilməsi barədə ərizəsi əsasında həmin bağ sahəsinin İddiaçı adına keçirilməsinə razılıq verilməsi, onun bağçılıq üzvlüyünə qəbul edilməsi, İ.K.Məmmədovanın isə bağçılıq üzvlüyündən azad edilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçının istinad etdiyi protokolla, bağçının üzvlük kitabçasında qeyd edilmiş protokolun tarixləri arasında ziddiyyətlər mövcuddur. Həmçinin təqdim olunmuş 15.05.1995-ci il tarixli protokolda iclasda iştirak edən bağçılıq yoldaşlıq təsərrüfatı üzvləri barədə hər hansı qeyd də aparılmamış, bağ sahəsinin ölçüsü belə göstərilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 aprel 2021-ci il tarixli məktubundan görünür ki, “Azərelektroterm” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi olan 56 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28 iyul 2021-ci il tarixli məktubunda “Azərelektroterm” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və X1 adlarının aşkar olunmadığı qeyd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya baxışı zamanı məhkəmə tərəfindən “Azərelektroterm” bağçılıq-yoldaşlıq birliyinə aid sənədlər toplusunun (qovluğu), o cümlədən 15.05.1995-ci il tarixli “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının İdarə Heyətinin iclasının protokolunun təsdiq olunmuş surətini və bağçılıq-yoldaşlıq birliyinin 1995-ci ilə aid sənədlərini- üzvlərin siyahısının məhkəməyə təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 12.01.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olmuş məktubdan görünür ki, “Azərelektroterm” bağçılıq-yoldaşlıq birliyinə aid arxiv qovluğunda 15.05.1995-ci il tarixli “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının İdarə Heyətinin iclas protokolu aşkar edilməmişdir. Eyni zamanda məktuba əlavə edilmiş “Azərelektroterm” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinin siyahısında (yenə də təkrar 1985-ci ilə aid siyahılar göndərilmişdir) İddiaçı və X1 adlarına rast gəlinməmişdir. Sorğu ilə tələb olunan bağçılıq-yoldaşlıq birliyinin 1995-ci ilə aid sənədlərin- üzvlərin siyahısının təqdim olunmamasını Kollegiya həmin sənədlərin mövcud olmaması kimi qiymətləndirir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya verilmiş torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5654/2021 saylı 09 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-399/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-399/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver