Məhkəmə qərarları › İş №2-1(103)-3994/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3994/2025

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3994/2025 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işi üzrə Açar sözlər: ("Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi, bərabərlik prinsipi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X7 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, “...Təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər (Tovuz, Şəmkir, Samux rayonları və Gəncə şəhəri) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.” Birinci instansiya məhkəməsində icraat İddiaçı Məmmədov Emin Tahir oğlu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onu, müharibə veteranı adı və vəsiqəsi verilən şəxlərin siyahısına daxil edilərək, həmin siyahının Azərbyacan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adi və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İddia tələbi onunla əsaslandırılmışdır ki, o ##.##.2014-cü il tarixdə Yardımlı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Mingəçevir şəhərində yerləşən N saylı Hərbi Hissədə sıravi əsgər kimi 1 il 6 ay hərbi xidmət keçmişdir. ##.##.2015-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur, ##.##.2018-ci il tarixdə Bakı şəhəri TTM-də R hazırlığı kursuna qəbul olunmuşdur. ##.##.2018-ci il tarixdə R hazırlığı kursunu bitirib Hərbi Hava Qüvvələrində N saylı Hərbi Hissədə rabitəçi kimi xidmətini davam etdirmişdir. ##.##.2020-ci il tarixdə təyinatı Mingəçevir şəhərində yerləşən N saylı Hərbi Hissəyə verilmişdir. ##.##.2020-ci il tarixdə həmin Hərbi Hissə Komandirinin əmri ilə Tovuz rayonuna, ##.##.2020-ci il tarixdən - ##.##.2020-ci il tarixədək Respublikanın digər döyüş bölgələrinə ezam olunmuşdur. N nömrəli Hərbi Hissənin komandirinin ##.##.2020-ci il tarixli Əmri ilə “## ######## 2020-ci il tarixindən - ## ###### 2020-ci il tarixədək aparılan hərbi əməliyyatlar zamanı xidmətlərinə görə” Fəxri Fərmanla təltif olunmuşam. ##.##.2024-cü il tarixdə ərizə ilə AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət edib hərbi xidmətkeçmə müddəti barədə ətraflı arayış verilməsini xahiş etmişdir. *-N-l***-*/**** saylı, ##.##.2024-cü il tarixli məktubla ona cavab verilmişdir ki, hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən onun xidməti və təltif olunmağı barədə araşdırma aparılması mümkün deyildir. Bundan sonra, ##.##.2025-ci il tarixdə ərizə ilə AR Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət edib Azərbaycan Respublikası Müdafiə Nazirinin * saylı, ##.##.1998-ci il tarixli əmri ilə təsdiq olunmuş “Təlimat”ın tələblərinə əsasən ona "Müharibə Veteranı" adı və vəsiqəsi verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, *-**-**/*-N-***-**/**** saylı, ##.##.2025-ci il tarixli məktubla ona imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırğının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı və vəsiqəsi verilir. Əsasnamənin istinad olunan normasına görə İkinci Qarabağ müharibəsi dövründə hərbi xidmətdə olmuş hərbi qulluqçulara “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün aşağıdakı əsaslar mövcud olmalıdır. 1.2.1. Ərazi meyarı uyğun olmalıdır (yuxarıda ərazilər sadalanmışdır); 1.2.2. Döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçen ezam olunmuş şəxslərə münasibətdə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər mövcud olmalıdır. İddiaçının iştirak etdiyi (xidmətdə olduğu) ərazilər Əsasnamədə qeyd edilən ərazi siyahısına daxil deyildir. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli 3-25-14/2-N-944- **/**** nömrəli məktubundan görünür ki, iddiaçının iştirak etdiyi ərazilər Tovuz, Şəmkir, Samux rayonları və Gəncə səhəridir. Göründüyü kimi, bu ərazilər Əsasnamədə adı çəkilən ərazilərə (2020-ci il ########ın ##-dən noyabrın 10dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş əraziləri) aid deyildir. Eyni zamanda iddiaçının təqdim etdiyi mövcud is materiallarından onun dövüs əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması faktı da müəyyən olunmamışdır. Odur ki, “ərazi meyarı”nın uyğun olmaması faktoru nəzərə alınmaqla, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə dair Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın təqdim etdiyi imtina xarakterli cavab məktubu qanuni və əsaslı olmaqla, iddiaçının tələbinin rəddini şərtləndirir. Məhkəmənin həmçinin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçının N nömrəli Hərbi Hissə komandiri tərəfindən təltif olunduğu “## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək aparılan hərbi əməliyyatlar zamanı xidmətlərinə görə” Fəxri Fərman həvəsləndirmə xarakterlidir. Belə ki, bu Fərman iddiaçının döyüş əməliyyatlarında və ya yuxarıda istinad olunan Əsasnamədə qeyd olunan ərazilərdə iştirakını müəyyən etmir (Fərmanda bununla bağlı qeydiyyat yoxdur; Fərman məhz 44 günlük Vətən müharibəsi dövründə iddiaçının xidmətlərinə görə həvəsləndirmə tədbiri olaraq təqdim edilmişdir). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Bəhlul Cəlalov) iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilən şəxlərin siyahısına daxil edilərək, həmin siyahının Azərbyacan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2-1(112)- 9155/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisləndirilən məhkəmə qərarında göstərilmişdir ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə dair cavabdehin məktubu ##.##.2025-ci il tarixlidir, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi tarixi isə ##.##.2025-ci il tarixdir. Məhkəmə qeyd etmişdir ki, imtina məktubunun cavabdehə hansı tarixdə təqdim olunmasına dair sübut yoxdur. Halbuki bu sübutu əldə etmək və iddianın mümkünlük şərtlərinə əməl olunmasını araşdırmaq qanunla məhkəmənin öhdəsinə aid edilmişdir. İddiaçı Sumqayıt səhərində müvafiq ünvanda qeydiyyatda olmaqla, Bakı səhərində yerləşən Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiva”nın imtina xarakterli rəyi iddiaçıya ##.##.2025-ci il tarixli xaricolma tarixi ilə göndərilmişdir. Göründüyü kimi, cavabdeh orqanın ünvanı ilə iddiaçının ünvanı arasında məsafə çox olmamaqla, məlumdur ki, imtina rəyinin iddiaçıya təhvil verilməsi yalnız bir neçə gün çəkə bilər. Bu halda iddiaçının iddia müddətini ötürdüyü aşkardır (iddiaçı 2 aydan artıq vaxt keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün əsas olaraq qeyd edilən meyar iddiaçıya münasibətdə mövcud deyildir. İddiaçının iştirak etdiyi (xidmətdə olduğu) ərazilər Əsasnamədə qeyd edilən ərazi siyahısına daxil deyildir. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli *-**-**/*- N-***-**/**** nömrəli məktubundan görünür ki, iddiaçının iştirak etdiyi ərazilər Tovuz. Şəmkir, Samux rayonları və Gəncə səhəridir. Göründüyü kimi, bu ərazilər Əsasnamədə adı çəkilən ərazilərə (2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş əraziləri) aid deyildir. Eyni zamanda, iddiaçının təqdim etdiyi mövcud iş materiallarından onun döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması faktı da müəyyən olunmamışdır. “ərazi meyarı”nın uyğun olmaması faktoru nəzərə alınmaqla, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə dair Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın təqdim etdiyi imtina xarakterli cavab məktubu qanuni və əsaslı olmaqla, iddiaçının tələbinin rəddini şərtləndirir. İddiaçının N nömrəli Hərbi Hissə komandiri tərəfindən təltif olunduğu “## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək aparılan hərbi əməliyyatlar zamanı xidmətlərinə görə” Fəxri Fərman həvəsləndirmə xarakterlidir. Belə ki, bu Fərman iddiaçının döyüş əməliyyatlarında və ya yuxarıda istinad olunan Əsasnamədə qeyd olunan ərazilərdə iştirakını müəyyən etmir (Fərmanda bununla bağlı qeydiyyat yoxdur; Fərman məhz 44 günlük Vətən müharibəsi dövründə iddiaçının xidmətlərinə görə həvəsləndirmə tədbiri olaraq təqdim edilmişdir). Cavabdeh inzibati orqanın nümayəndəsi apellyasiya şikayətinə əlavə verərək Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2-1(112)-9155/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının xidməti öhdəliklərini nəzərə almamış, iddiaçının hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmədiyini, ona görə də Əsasnamənin həmin müddəasının iddiaçıya təmin olunmasının mümkün olmadığını nəzərə almamışdır. Belə ki, iş materiallarında olan Arayış-Məlumatdan da görünür ki, iddiaçının N nömrəli Hərbi Hissənin tərkibində ##.##.2020-##.##.2020-ci il tarixlərdə səyyar rabitə qovşağının telefon taqımının aparat rəisi olmuşdur. Azərbaycan Respublikasının ##.##.1994-cü il tarixli *** nömrəli qanunu ilə təsdiq edilən “Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsi”nin 96-cı bəndində alayın (briqadanın) rabitə rəisinin vəzifələri qismində göstərilmişdir: alayın (briqadanın) rabitə rəisi sülh və müharibə dövründə rabitənin vaxtında təşkilinə və işinə; onlardan düzgün istifadə olunmasına, həmçinin bütün texniki rabitə vasitələri ilə danışıq qayda və qanunlarına riayət edilməsinə; alay (briqadanın) şəxsi heyətinin öz ixtisası üzrə hazırlığına, şəxsi heyətin hərbi intizamına və mənəvi vəziyyətinə cavabdehdir. Göründüyü kimi,qanunvericilik rabitə rəisininin konkret öhdəliklərini müəyyən etməklə, həmin öhdəliklərə rabitənin təşkili və şəxsi heyətin hərbi intizamı ilə bağlı öhdəliklər daxildir. Bu öhdəliklərə döyüş əməliyyatlarında iştirak və əlaqədar vəzifələr daxil olmamaqla, N nömrəli Hərbi Hissənin də təqdim etdiyi Arayış-Məlumatda bunun əksi ilə bağlı və ya iddiaçının döyüşlərdə və ya hava hücumundan müdafiə əməliyyatlarında iştirakına dair hər hansı nüans qeyd edilməmiş, əksinə, göstərilmişdir ki, iddiaçı Tovuz, Şəmkir, Samux və Gəncə rayonlarında ##.##.2020-##.##.2020ci il tarixlərdə məhz bölmələrin rabitə əlaqəsi ilə təmin olunmasında fəal iştirak etmişdir. Qanunvericilikdə qevd edilən “hava hücumundan müdafiə” dedikdə, düşmən qüvvənin uçan hədəflərini məhv etmək nəzərdə tutulur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi Gülüsüm Əmirli ## #### 2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, öncəki məhkəmə iclaslarındakı çıxışlarının nəzərə alınmaqla işə baxılmasını xahiş edir (apellyasiya şikayətinin dəlilləri tərəfimizdən müdafiə olunur) və ##.##.2026-cı il tarixə təyin olunmuş məhkəmə iclasında işə iştirakları olmadan baxılmasına etiraz etmirlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; - 2.0.2-ci maddəsinə görə, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; - 2.0.3-ci maddəsinə əsasən ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinin birinci hissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. - 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən: - Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. X5 hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının ezam olunduğu ərazilərdə komanda məntəqəsinin nəzdində açılan hərbi avsiya tərkibində döyüş heyətinin tərkibində olmuş, döyüş təminatını digər növü olan rabitəçi kimi döyüş tapşırıqlarının icrasında iştirak etmişdir. Onun yerinə yetirdiyi tapşırıqlar öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmənin müvafiq sorğusuna cavabdeh tərəfindən verilmi ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli sorğusunda adları göstərilən İsmayılov Tahir Mayıl oğluna, X3, X6 və X4 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşlara “müharibə veteranı” adı verilmiş və tərəfimizdən müharibə veteranı vəsiqəsi hazırlanaraq təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı ilə eyni hərbi hissədə xidmət aparmış şəxslərə müharibə veteranı adı verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş N nömrəli Hərbi Hissə komandirinin əmrlərindən çıxarışlardan görünür ki, İsmayılov Tahir Mayıl oğlu, X6, X3 (Səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki), və X4 (Səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının telefon tağımının kompleks rabitə aparatxanasının sürücü-elektriki) ikinci Qarabağ müharibəsi zamanı N nömrəli Hərbi Hissədə xidmətdə olmuşlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı ilə eyni hərbi hissədə xidmət şəxslərə müharibə veteranı adı verilib, lakin iddiaçıya münasibətdə imtina edilməsi bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin tələblərinin pozulmasıdır. İlk növbədə “İnzibati icraat haqqında” Qanunun aşağıdakı normalarına nəzər salaq: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır... 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır... Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Qeyd etmək lazımdır ki, işdə olan “müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayışməlumatdan (i.v.34) müəyyən edilir ki, döyüş əməliyyatları aparılan zaman N nömrəli Hərbi Hissədə, R gütbəsində, Səyyar komanda məntəqəsinin Səyyar rabitə qovşağının telefon taqımının aparat rəisi vəzifəsində xidmət keçmişdir. Hərbi Hava Qüvvələrinin Komandanının ##.##.2020-ci il tarixli *** nömrəli əmri əsasında Tovuz, Şəmkir, Samux, Gəncə istiqamədində gedən döyüşlərdə iştirak etmiş, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı bölmələrin rabitə əlaqəsi ilə təmin olunmasında fəal iştirak etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının icra etdiyi vəzifə mahiyyət etibarı ilə strateji döyüş təminatıdır. Belə ki, müharibə dövründə və ya döyüş əməliyyatları gedən ərazidə rabitə qovşağının telefon taqımı düşmən üçün "legitim hərbi hədəf" sayılır və onun məhv edilmə ehtimalı (təhlükə faktoru) yüksəkdir. Başqa sözlə, döyüşlər zamanı döyüş gedən ərazilərdən kənarda yerləşən bölmələrin rabitə əlaqəsi ilə təmin olunmasında fəal iştirak döyüş təminatı üzrə tapşırığın yerinə yetirilməsi kimi qiymətləndirilir. Maddi-texniki təminata isə nəqliyyat və təchizat, silah, sursat, yanacaq və ərzaqla təminat və s. daxildir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir...”. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar