Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3995/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11754/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21 may 2025-ci il tarixli imtinası qanunsuz hesab edilməsi və cavabdehin üzərinə iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mk-n, A.Məmmədov küçəsi, 119 saylı yaşayış binasının yaxınlığında yerləşən 209 kv.m. torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi rayon Bələdiyyəsinin 11 oktyabr 2007-ci il tarixli 254 saylı qərarına əsasən 9 mkr, A. Məmmədov küçəsi, 19 saylı yaşayış binasının yaxınlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Bələdiyyənin torpaq fondundakı 209 kv.m torpaq sahəsi onun mülkiyyətinə ayrılıb. Binəqədi rayon Bələdiyyəsi və iddiaçı arasında Binəqədi rayon bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 11 oktyabr 2007-ci il tarixli 156 saylı müqavilə bağlanılıb. Eyni zamanda həmin torpaq sahəsinin situasiya planı hazırlanıb. İddiaçı tərəfindən 2090 manat Bələdiyyənin hesabına köçürülüb, bu barədə kassa mədaxil orderinin qəbzi verilib. İddiaçı 28 aprel 2025-ci ildə 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edib. 1 saylı Bakı Ərazi İdarəsi 21 may 2025-ci il tarixli məktubunda göstərib ki, hüquqların dövlət qeydiyyatından imtina edilib. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuzdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün hesab edilməməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən iddiaçı tərəfindən sərhədləri şərti olaraq göstərilən sahədə hasarlama və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmiş və bu səbəbdən çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Elektron kadastr məlumatlarına əsasən sərhədləri şərti olaraq göstərilən torpaq sahəsi ümumi istifadədə yerləşməklə, dövlət mülkiyyəti torpağıdır. Həmçinin sahənin 35 kv.m hissəsi su xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Nəzə çatdırırlar ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində göstərilən eyni əsaslarla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014- cü il tarixli, 2-1(81)- 4045/2014 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, lakin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-cü il tarixli, 2- 1(103)- 2226/2017 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-4045/2014 saylı qərarı ləğv edilmiş və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 254 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyətinə verilməsi üçün ayrılmış 209 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11754/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh quruma müraciət edərək torpaq sahəsinə çıxarışın verilməsini xahiş edib. Cavabdeh onun müraciətini təmin etməyi rədd edərkən 2 əsas gətirib - X2 X3 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılmasımümkün olmayıb və Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qəraırna istinad olunnmayıb və səlahiyyətli şəxs tərəfindən imzalanmayıb. 2.İddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh iddia ərizəsinə etiraz verib. Etirazda o qeyd edib ki, eyni əsaslarla 1 saylıBakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2014- cü il tarixli qərarı ilə iddia təmin edilib, BakıApellyasiya Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilib və iddia təmin edilməyib. Cavabdeh qeyd edib ki, tərəflər eyni iddia tələbləri, eyni əsas üzrə yenidən iddia irəli sürə bilməzlər. 3.1 saylıBakı İnzibati- İqtisadi Məhkəməsi iddianı təmin edərkən belə nəticəyə gəlib ki, Binəqədi bələdiyyəsi ilə iddiaçı arasında torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə veirlməsi haqqında xx.xx.2007-ci il tarixli müqavilə bağlanıb, bələdiyyə tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinin situasiya planı təsdiq edilib. Beləliklə, iddiaçının mübahisəli torpaq sahəsi üzərində qanuni hüquqları yaranıb. Qərardan görünür ki, iddiaçı torpaq sahəsinə çıxarışın alınması üçün cavabdeh quruma müraciət edib, lakin cavabdeh müraciəti cavablandırmayıb. Yəni cavabdeh iddiaçının torpaq sahəsinə çıxarış verməkdən imtina üçün hər hansı əsas irəli sürməyib və 1 saylıBakı İnzibati İqtisadi Məhkəmə iddianı təmin edərkən torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasını əsas götürüb. 4.Bakı Apellyasiya Məhkəməsi 03 noyabr 2017-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin edərək birinci instansiya məhkəməsinin qərarını ləğv edərkən belə nəticəyə gəlib ki, bələdiyyə səlahiyyəti olmadığı halda mülkiyyətində olmayan torpaq sahəsinə dair qərar verib. 5.Göründüyü kimi, 2014-cü ildə iddiaçı ilə cavabdeh arasında olan məhkəmə çəkişməsində araşdırılan hallar hazırki işdəki hallarla eyni deyil. Tərəflərin izahatları Məhkəmə icraatının iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11754/2025, xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,hazırkı iddia tələbində iddiaçı Bakı şəhər Binəqədi rayon Bələdiyyəsinin 11 oktyabr 2007-ci il tarixli 254 saylı qərarına və həmin qərara əlavə edilmiş digər sənədlərə istinad edərək Binəqədi qəsəbəsi ərazisində ayrılmış 209 kv.m torpaq sahəsinə hüququnu qeydə alınmasını xahiş edir. Cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İcraatında olmuş digər iş materiallarından müəyyən edilir ki, iddiaçının eyni məzmunlu, eyni faktiki və hüquqi əsasa söykənən, eyni predmetli idddiası 1 saylı Bakı İnzibati Məhkəməsinə daxil olmuş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4045/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edirmiş və Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 254 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilməsi üçün ayrılmış 209 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-2226/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilməsi apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4045/2014 saylı, 25 sentyabr 2014-cü il tarixli qərarı ləğv edilərək yeni qərar çıxarılmış və iddia ətləbi rədd edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı məhkəmə aktı mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan qərar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2053/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir. Həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır. Tərəflər, o cümlədən iddiaçı məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1709/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-1775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 851/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1335/2023 nömrəli). Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin əsaslara yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Əlavə olaraq, iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi əvvəlki işlə, hazırkı işdə cavabdehin imtina dəlillərinin fərqli olması ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, hər iki işdə cavabdehin əsas imtina dəlili iddia edilən torpaq sahəsinin bələdiyyəinn mülkiyyətində deyil, dövlət mülkiyyətində olmasıdır. Göründüyü kimi eyni tərəflər arasında əvvəlki mübahisə üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı ətraflı faktiki və hüqu araşdırma aparılmaqla mahiyyət üzrə nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə Kollegiyası razılaşır ki, hazrkı işdə cavabdehin əlavə dəlillər də göstərməsi iddianın mümkünsüzlük şərtini aradan qaldırmır. Çünki hər iki işdə tərəflər eyni, mübahisə predmeti eyni, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar eynidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11754/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11754/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3995/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3995/2025
04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver