Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3997/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı Rəfail oğlunun cavabdeh İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1086/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəsinə və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi" barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı vəsatətlə (ərizə) məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1086/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, məhkəmə qərarı tam formada ona təqdim olunmamış və qərarı tam formada xx.xx.2023-cü il tarixində vergi orqanından əldə etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərədə tutulmuş 30 günlük müddət tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. İPM-in 87.2-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi nəzərə alınaraq, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin həmin qərarından şikayət vermə müddəti buraxıldığından, xx.xx.2023-cü il tarixinə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üzrə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı müddətin bərpası barədə ərizəsinin təmin olunmasını və apellyasiyanın mümkün sayılaraq baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi O.Heydərli iddiaçı tərəfindən müddətin buraxıldığını bildirərək, üzrlü səbəblərinin mövcud olmadığını və bu barədə təsdiqedici sənədlərin təqdim edilmədiyini bildirərək ərizənin təmin edilməməsini və apellyasiyanın qeyri-mümkün hesab edilməsini məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunmalı və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İş materiallarından (i.v.65) görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1086/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının surəti iddiaçıya məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə poçt vasitəsi ilə onun yaşadığı ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır (xəbərnamə indeksi: SS849987878AZ). Göründüyü kimi, iddiaçının birinci instansiya məhkəməsinin qərarını almadığını, həmin qərarı vergi orqanından əldə etdiyini mübahisələndirən dəlilləri əsassızdır. İddiaçının işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, həmin şikayət Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixində təqdim olunmuşdur. Belə olan halda, iddiaçı xx.xx.2023-cü il tarixdə aldığı qərardan, İPM-in 85.1-ci maddəsi ilə müəyyən edilən şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarixinə düşdüyü nəzərə alınmaqla, 40 gün (1 ay 10 gün) müddətində ötürmüş olur. İddiaçının isə istər müddətin bərpası barədə ərizəsində, istərsə də izahatında həmin müddətin üzrülü səbəbdən ötürməsini sübutlarla əsaslandırmamışdır. Halbuki, İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinin tələbinə görə isə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcələnin qeyd olunan tələblərindən göründüyü kimi, birincisi, məhkəmə müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı halda bərpa edilə bilər. İkincisi, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Konkret halda isə iddiaçı tərəfindən onun təqsiri olmadan müddətin buraxılmasının sübutlarla əsaslandırıldığı müəyyən olunmur. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan mövqeyindən də göründüyü kimi, üzrlülüyün şübhə altına alınmayan inkar olunmaz səbəbləri movcud olunmalıdır. Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin olunması və onun apellyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsasların mövcudluğu müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə glir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunması, onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması və geri qaytarılması barədə qərardad çıxarılmalıdır. İPM-in 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1086/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3997/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3997/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver