Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3997/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı cinayət işinin başlanılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e- 2-1(112)-13507/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “cinayət işinin başlanılması” tələbinə dair iddia ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2-1(112)-13507/2025 saylı qərardadı ilə (hakim B.M.Cəlalov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı müraciətinin mahiyyəti üzrə cavablandırılması və s. tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2-1(112)-13507/2025 saylı qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə iddiaçının qeydiyyatda olduğu yer deyil, cavabdehin yerləşdiyi yer əsas götürülməlidir. İddiaçı maddi vəziyyəti ağır olduğundan və 25 ildən çoxdur ki, Bakıda yaşamağını nəzərə alaraq, məhkəmədən qərardadın ləğv edilməsini və işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsinin qərardadında prosessual hüquq pozuntularına yol verilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, inzibati mübahisələrə dair işlərə cavabdehin olduğu yer üzrə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğu Bakı şəhərinin ərazisində yerləşir. Bu səbəbdən də işə Bakı şəhərində yerləşən məhkəmə tərəfindən baxılmalıdır. Birinci instansiya məhkəninin qərardadına əsasən işə baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmişdir. Qərardad əsassızdır. Belə ki, o, Bakı şəhərində yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. ... aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçının yaşayış yeri Ağsu rayonu, Ağsu şəhəri, 3-cü məhəllə ünvanıdır. İddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Hərbi Prokurorluğunu göstərmişdir. Cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini, o cümlədən Ağsu şəhərini əhatə edir. Belə olan halda hazırkı işə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya yaşayış yerinin Bakı şəhərinə aid olduğuna dair sübutların təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş, Bakı şəhərində qeydiyyatsız yaşadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Mülki Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların Hərbiqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Belə olan halda, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbini hazırkı işə tətbiq etdikdə aydın olur ki, birinci instansiyası məhkəməsi hazırkı işə baxmağa Şəki İnzibati Məhkəməsi səlahiyyətli olması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərarın 19.2-ci bəndinə əsasən, Ağsu şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İnzibati Prosessual Məcəllənin 8.5-ci maddəsinə görə, həmin Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2-1(112)-13507/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Mirzəli Abbasov
Məhkəmə qərarları › İş №2-1(103)-3997/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3997/2025
15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver