Məhkəmə qərarları › İş №2-1(103)-3998/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3998/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3998/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X4 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X9, X10, X6 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb olunmaqla “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6921/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsinə dair Bakı şəhəri Cavabdeh başçısının 34 №-li, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv. metr torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə iddiaçının mərhum atası, Heydərov Zahir İsmayıl oğlu arasında bağlanmış “Stasionar xidmət obyektinin təşkili haqqında” xx.xx.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə atasının icarəsinə verilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə atasının həmin torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla torpaq sahəsinin adına rəsmiləşdirilməsi qət edilmişdir. Lakin atası həmin qətnamə əsasında 2000 kv.metr torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışı almamış vəfat etmişdir. Atası Zahir Heydərov qeyd edilən torpaq sahəsində 200.000 manat dəyərində sahəsi 277 kv. metr və 85.000 manat dəyərində sahəsi 27 kv. metr olan dəmir məmulatları istehsalı sexləri tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyatda dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yanındakı ərazidə rayon icra hakimiyyətinin rəhbərliyinin razılığı ilə əlavə olaraq sahəsi 150.000 manat dəyərində 74 kv. metr, 55.000 manat dəyərində 21 kv.metr olan dəmir məmulatları istehsal edən digər sexlər tikdirmiş və həmin sexlərdə də sahibkarlıq fəaliyyəti göstərmişdir. Atası 01 may 2015-ci ildə vəfat etmiş və iddiaçının adına vərəsəlik işi açılmışdır. Eyni zamanda, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Atasına məxsus olan yuxarıda qeyd edilən dəmir məmulatları sexlərini vəfat etdikdən sonra iddiaçı işlətmişdir. Eyni zamanda məhkəmə qərarının icrası cavabdehə göndərilsə də, cavabdeh qurum belə bir öhdəlik müəyyən edilmədiyi səbəbini əsas gətirməklə qərarın icrasından yayınmışdır. Hal-hazırda cavabdehin arayış verməməsi nəticəsində iddiaçı sözü gedən torpaq sahəsinə dair vərəsəlik hüququnu rəsmiləşdirə bilmir. Bu ərəfədə ona məlumat olmuşdur ki, qeyd edilən mübahisəli torpaq sahəsi cavabdeh qurum tərəfindən üçüncü şəxslərə ayrılmışdır ki, bunu qanunsuz hesab edir. Bakı şəhəri Cavabdeh başçısının 34 №-li, xx.xx.2018-ci il tarixli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında 21 №-li, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən X7 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolu, sağ tərəfində 0,29 ha torpaq sahəsi 49 il müddətinə icarəsinə verilmişdir (1262077 №-li çıxarış, reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il). X9: üç notarial qaydada təsdiq edilmiş hüquqların alqı-satqı müqaviləsi (xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli) əsasında adıçəkilən torpaq sahəsinin 0,223 ha hissəsinə olan icarə hüququnu X8; xx.xx.2019-cu il tarixli müqavilə əsasında qalan 0,067 ha hissəsinə olan icarə hüququnu X1. Torpağın bölgü sxemi koordinatlar göstərilməklə DƏDRX tərəfindən təsdiq edilmişdir. Məhkəmənin qərardadları ilə iş üzrə X9, X10, X6 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6921/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Zabrat 2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 A saylı evin yan tərəfindəki 2000 kv. metr torpaq sahəsinə dair Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının 34 №li, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. - 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 751211 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Heydərov Zahir İsmayıl oğlu xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 05 ayının 06 günündə 561 № ilə qeyd edilmişdir. - Stasionar xidmət obyektinin təşkili haqqında 10 iyun 2006-cı il tarixli 04 saylı müqaviləyə əsasən Bakı şəhər, Zabrat 2 qəsəbəsi, Məmmədyarov küçəsi, “4” a saylı evin yan tərəfində yerləşən 2000 kv. metr torpaq sahəsi 10 il müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Heydərov Zahir İsmayıl oğluna icarəyə verilmşdir. - Heydərov Zahir İsmayıl oğlu məhkəməyə müraciət edərək, Bakı şəhər, Zabrat - 2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 “a” saylı evin yan tərəfində yerləşən 2000 kv. metr torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 №li 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Zabrat – 2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 “a” saylı evin yan tərəfində yerləşən 2000 kv. metr torpaq sahəsinə Heydərov Zahir İsmayıl oğlunun mülkiyyət hüququnun tanınaraq, həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5514/2018 saylı, 17 may 2018ci il tarixli qətnaməsi ilə Bakı şəhər icra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qeyd olunan iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 saylı, 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Heydərov Zahir İsmayıl oğlunun cavabdeh Bakı Şəhər icra Hakimiyyətinin Yaşıllaşdırılma Təsərrüfatı birliyinə qarşı torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7518/2018 saylı 20 noyabr 2018-ci il tarixli qərarı ilə iddiaçı Heydərov Zahir ismayıl oğlunun hüquqi varisi Heydərov Murad Zahir oğlunun kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5514/2018 saylı, 17 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının “Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X7 Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolunun sağ tərəfi, Məmmədyarov küçəsində yerləşən torpaq sahəsinin ayrılması haqqında” 34 №li, xx.xx.2018-ci il tarixli sərəncamı ilə ƏMDK yanında X2 təşkili üzrə Dövlət Agentliyinin 16 yanvar 2018-ci il tarixli **********14 saylı məktubu ilə razılaşdırılmış torpaq sahəsinin yerquruluşu planında göstərilən Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolunun sağ tərəfi, Məmmədyarov küçəsində yerləşən 0,029 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədilə X5 icarə hüququ əsasında uzunmüddətli istifadəsinə verilməsi qərara alınmışdır - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq arayışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2225/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bu qərardan kassasiya şikayəti verilmiş və iş üzrə Ali Məhkəmənin yekun qərarı qəbul edilməmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə iddia tələbinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsinə dair Bakı şəhəri Cavabdeh başçısının 34 №-li, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (qərarı) ilə işin məhkəmələr tərəfindən müəyyən edimiş hallarından görünür ki, iddiaçının mərhum atasının Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin torpaq sahəsi üzərində hər hansı bir sərəncam vermək və yaxud həmin torpaq sahəsinin kiminsə mülkiyyətinə vermək hüququ olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vərəsə kimi hazırki iddianı irəli sürməyə subyektiv hüququ yaranmır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Məhkəmə kolegiyası qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6921/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar