Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Səbail Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair 1 saylı İnzibati-İqtisadi Məhkəməinin 2-1(81)- 54/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyəmüraciət edərək, 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar ölçüsü olan 10756D saylı torpaq sahəsinə görə 150.000 (yüz əlli min) manat məbləğində maddi ziyanın cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra hakimiyyətindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar ölçüsü olan 10756D saylı torpaq sahəsinə görə 132.000 (yüz otuz iki min) manat məbləğində kompensasiya məbləğinin cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X1 arasında 30 yanvar 2004-cü il tarixdə 14 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 4Ə-1/8 saylı müqaviləyə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Həmin torpaq sahəsi hasara alınmışdır. Lakin 2012-ci ildə iddiaçıya məlumat gəlib ki, mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparılır. Həmin yerə gələndə özünü Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər bu ərazidə məktəb və bağça tikintisinin həyata keçiriləcəyini bildirmişlər. İddiaçı onlara bu torpaq sahəsinin onun mülkiyyətində olduğunu, razılığı olmadan burada tikinti işlərinin aparılmasının qanunsuz olduğunu bildirmiş, lakin buna məhəl qoyulmamışdır. Bundan sonra Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinə müraciət etmiş, orada həmin əraziyə yaxın yerdə alternativ torpaq sahəsi veriləcəyini bildirsələr də bugünkü günə kimi həmin torpaq sahəsini verməyiblər. İddiaçının mülkiyyətində olan torpaq sahəsində isə artıq məktəb və bağça kompleksi tikilib və istifadəyə verilib. Bildirmək istəyir ki, Bakı şəhər İcra Hakimiyyətinin 24 iyun 2011-ci il tarixli, 283 saylı sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1,1280 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir.Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsində onun razılığı olmadan və bazar dəyərinə uyğun kompensasiya verilmədən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən məktəb və bağça kompleksi inşa edilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin üzərində 329 nömrəli orta məktəb fəaliyyət göstərir. İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar ölçüsü olan 10756D saylı torpaq sahəsinə görə 150.000 (yüz əlli min) manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı 27 sentyabr 2017-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və 26 sentyabr 2017-ci il tarixdə digər cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə müraciət etsə də cavab verilməmişdir. Azərbaycan Respublikasında əmlak bazarının araşdırılmasını həyata keçirən, yaydığı və yaxud sorğu əsasında təqdim etdiyi informasiyalar müxtəlif dövlət və özəl qurumlar üçün əsasverici, etibarlı mənbə kimi istifadə olunan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilmiş 25 sentyabr 2017-ci il tarixli 219/009-17/A-02 saylı “torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə” Arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən (329 nömrəli məktəbin yeri) torpaq sahəsinin 1 sotunun bazar dəyəri 25 sentyabr 2017-ci il tarixə 22.000 (iyirmi iki min)-25.000 (iyirmi beş min) manat təşkil edir. 1 saylı İnzibati-İqtisadi Məhkəməinin 2-1(81)-54/2019 nömrəli, xx.xx.2019-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsinə görə 60.000 (altmış min) manat kompensasiya cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətindən və Səbail Rayon İcra Hakimiyyətindən müştərək qaydada İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti və iddiaçı apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş dəlil və sübutlar hərtərəfli araşdırılmadan, iddiaçının əsassız tələbi təmin olunmuşdur. İşdə olan JN-10756D kod 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə kordinat göstəriciləri olmaması səbəbindən sözügedən torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 283 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmiş (ayrıc aktında göstərilmiş) 11280 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının apellyasiya şikayəti: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi onun cavabdehlər tərəfindən mülkiyyət hüququnun pozulduğu faktını qəbul etmiş, lakin ödəniləcək kompensasiyanın məbləğini heç bir əsas olmadan 60.000 (altmış min) manat müəyyən etmişdir. Məhkəmə bu mövqeyini məhkəmənin icraatında olmuş hazırki işlə analoji olan 2- 1 (81 )-l523/2016 saylı işə baxan zaman Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məktuba əsasən topraq sahəsinin 1 kv.m üçün 100 manat olduğu müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmənin bu mövqeyi tamamilə əsassız və qanunsuzdur. Belə ki, hazırki iş üzrə də həmin ərazidə torpaq sahəsinin 1 kv.m-nin qiymətinin müəyyən edilməsi barədə sorğu göndərilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 19 avqust 2019-cu il tarixli məktubda göstərilmişdir ki, qeyd olunan ərazidə torpaq sahələri ilə əlaqədar, habelə həmin əraziyə yaxın olan yelərdə dövlət büdcəsi hesabına kompensasiya ödənişi ilə bağlı obyektlərin söküntüsünün həyata keçirilməsi ilə barədə xidmətdə hər-hansı bir məlumatın olmadığı göstərilmişdir. Göründüyü kimi hazırki iş üzrə Maliyyə Nazirliyinin həmin torpaq sahəsinin qiyməti ilə bağlı məlumatı yoxdur. Bu işə analoji olan başqa bir iş üzrə Maliyyə Nazirliyinin verdiyi məktubu isə mötəbər sübut kimi qəbul etmək olmaz. Bundan əlavə hesab edirik ki, torpağın qiyməti hazırki iş üzrə tərəf olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2016-cı il tarixdə verdiyi məktuba əsasən deyil, əmtəəşünaslıq eksperti və mütəxsəssilərinin rəyləri ilə müəyyən edilməlidir. Belə ki, hazırki işə baxılarkən tərəfimizdən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivində yerləşən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı "X7 və Hüquq Şirkəti" MMC-yə və "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinə müraciət edilmişdir. "X7 və Hüquq şirkəti" MMC-nin verdiyi 05 sentyabr 2019-cu il tarixli, 45 saylı ekspert rəyindən görünür ki, JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində (329 nömrəli məktəbin yanı) yerləşən İddiaçı mülkiyyətində olan 6 sot torpaq sahəsinin hazırki orta bazar dəyəri 120.000 (yüz iyirmi min) manat təşkil edir. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə X1 arasında 30 yanvar 2004-cü il tarixdə 14 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 4Ə-1/8 saylı müqaviləyə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinə iddiaçı mülkiyyət hüququ əldə etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 24 iyun 2011-ci il tarixli, 283 saylı sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1,1280 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir. İddiaçının məlumatına əsasən, ona məxsus torpaq sahəsində artıq məktəb və bağça kompleksi tikilib və istifadəyə verilmiş və onun mülkiyyət hüquqları pozulmuşdur. Bundan sonra iddiaçı kompensasiya tələbi ilə cavabdehlərə müraciət etmiş, tələbi təmin olunmadıqdan sonra isə hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi yekun mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... İddiaçıya məxsus olmuş torpaq sahəsinin yerləşdiyi ərazi iddiaçının mənafeyi və mülkiyyət hüquqları nəzərə alınmadan yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinə ayrılmış, sonuncu isə öz növbəsində həmin sərəncamla ayrılmış torpaq sahəsində iddiaçının mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasının qarşısının alınması istiqamətində tədbir görməmiş, torpaq sahəsinin dəyərini ödəmədən orada tikinti işləri aparmışdır” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır Mülki Məcəlləyə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarda qeyd edilən hüquq normalarının hazırkı işə tətbiqi o halda əsaslı sayıla bilər ki, cavabdehlərin iddiaçının mülkiyyət hüququnu pozması öz təsdiqini tapsın. Lakin, Kollegiya tərəfindən aparılan uzunmüddətli araşdırma nəticəsində, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququna toxunan hər hansı müdaxilənin olduğu müəyyən edilməmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə iddiaçıya rəsmi məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2144/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 19 fevral 2004-cü il tarixli JN-10756D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə iddiaçıya rəsmi məlumatın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Ərizəçi Bakı şəhər İcra Hakimiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin həmin iş üzrə üçüncü şəxs qismində tanınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2144/2017 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan Bakı şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)- 1627/2020 saylı qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)- 2144/2017 qərardadı ləğv olunmuş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4, X2 və "xxxx" ASC) “torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və s.” tələbinə dair işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 2144/2017 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2144/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyəti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və həmin işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə, yenidən iddia tələbi təmin edilmiş və 19 fevral 2004-cü il tarixli JN- 10756D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə İddiaçı rəsmi məlumatın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bundan sonra işin obyektiv, hərtərəfli araşdırılması məqsədi ilə Bakı İnzibati Məhkəməsinə sorğu verilərək qeyd edilən qərarın icra vəziyyəti barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli sorğuya cavab olaraq verilmiş cavab məktubu xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilmədiyindən qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış, icra edilməsi üçün xx.xx.2022-ci il tarixli məktubla cavabdehə göndərilmiş və cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli məktubla qərarın icra olunması barədə məlumat daxil olmuşdur. Həmin məktuba qoşma kimi əlavə edilmiş qərarın icra olunması barədə məktubda qeyd edilmişdir ki, ləğv edilmiş DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən 19 fevral 2004-cü il tarixində İddiaçı adına verilmiş JN-10756 nömrəli mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsinin Səbail rayonu İcra hakimiyyəti tərəfindən verilmiş ilkin yerləşmə cizgisinə nəzərən araşdırma aparılmışdır. Qeyd olunan cizgidə torpaq sahəsinin coğrafi yerləşməsini bildirən istinad məlumatları, məsafə ölçüləri göstərilməyib. Cizgidə ayrılmış torpaq sahəsinin əsas məhəllə yoluna nisbətdə cərgə üzrə birinci sahə olduğu qeyd işarələnmişdir. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən faktiki cərgədəki birinci sahə **********37-10302 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına xüsusi mülkiyyət üzrə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra Məhkəmə tərəfindən **********37-10302 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin mülkiyyətçilərinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin Məhkəməyə təqdim edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, sorğuya cavab olaraq müvafiq sənədlər Məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia edilən sahədə 1458.40 kv.m olan fərdi yaşayış evi mövcuddur və xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən qeyd edilən fərdi yaşayış evinin 1416.2 kv.m-i paylı mülkiyyət hüququ üzrə X3 məxsus olmuşdur. İş materiallarında olan alqı-satqı, bağışlama müqavilələrindən isə görünür ki, X5 ona məxsus olan payın müəyyən hissələrini müxtəlif şəxslərin mülkiyyətinə vermişdir. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin 24 iyun 2011-ci il tarixli, 283 saylı sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsində inşa edilən məktəb və baxça, iddiaçıya aid torpaq sahəsində tikilməmişdir. Belə olan halda iddiacının cavabdehlərdən kompensasiya tələb etməsi əsassızdır. Əlavə olaraq Kollegiya bildirir ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməinin 2-1(81)- 54/2019 nömrəli, xx.xx.2019-ci il tarixli qərarından cavabdehlərdən yalnız biri apellyasiya şikayəti versə də, həmin məhkəmə qərarı ilə müəyyən edilən kompensasiya məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi qərara alındığı üçün, cavabdehlərdən birinin apellyasiya şikayəti təmin edildikdə, sözügedən qərar hər iki cavabdehə münasibətdə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin : Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. AR İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, cavabdehin apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinnin apellyasiya şikayəti təmin edilsin. 1 saylı İnzibati-İqtisadi Məhkəməinin 2-1(81)-54/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-4/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver