Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə qarşı “akkreditasiya sahəsinin təsdiq edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 3245/2022 saylı, 13 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 07 aprel 2021-ci il tarixdə cavabdehə göndərilmiş İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 7, məhəllə 3153, mənzil 10) akkreditasiya sahəsinin təsdiq edilməsi və onun öz internet səhifəsində yerləşdirilməsi vəzifəsinin qoyulması, cavabdeh tərəfindən vurulmuş ziyana görə 541.500,00 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən vəkilə ödənilmiş 1.000 manat məbləğində xidmət haqqının və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 29 yanvar 2015-ci ildə ********** vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 05 aprel 2015ci il tarixdə Cavabdehindən 3 il etibarlılıq müddəti olan akkreditasiya attestatını alaraq AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun (yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə) akkreditasiya olunmuş və attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı MMC Azərbaycanda rabitə və telekommunikasiya vasitələrinə uyğunluq sertifikatının verilməsi sahəsində Azərbaycan Respublikasında ilk yaradılmış orqandır. Növbəti dəfə iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə cavabdehə müraciət edib təkrar 05 aprel 2018-ci il tarixdə AZ 02.0299.01.18 saylı akkreditasiya attestatını alaraq AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun akkreditasiya olunmuş və attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətini davam etdirmişdir. İddiaçının fəaliyyəti dövründə 05 aprel 2015, 05 aprel 2018 və 05 aprel 2021-ci illərdə müəssisədə cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq 4 dəfə inspeksiya nəzarəti qaydasında yoxlamalar həyata keçirilmiş və həmin yoxlamalar dövründə iddiaçının fəaliyyəti ilə bağlı heç bir nöqsan aşkar edilməmişdir. İddiaçının adına verilmiş 05 aprel 2018-ci il tarixli, AZ 02.0299.01.18 saylı akkreditasiya attestatının qüvvədə olma müddətinin 05 aprel 2021-ci il tarixində bitməsini nəzərə alaraq iddiaçı iki ay əvvəldən yəni, 15 fevral 2021-ci il tarixdə təkrar akkreditasiyanın keçirilməsi məqsədilə cavabdehə müaciət etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyul 2015-ci il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın 3.2-ci bəndində qeyd edilmiş sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Həmin Qaydaların 1.4-cü bəndində akkreditasiyanın ümumi müddətinin akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla 60 iş günündən çox olmaması müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş bütün sənədlər təqdim edilsə də, cavabdeh iddiaçıdan qərarda nəzərdə tutulmayan sənədlər tələb etmişdir. Halbuki Qaydaların 3.3-cü bəndində 3.2-ci bəndində göstərilən sənədlərdən başqa sənədlərin tələb edilməsi qadağan edilmişdir. İddiaçının cavabdehə ünvanladığı 15 fevral, 03, 05, 12, 14 mart, 07 aprel, 07 may və 03, 04, 16 iyun 2021-ci il tarixli məktublarına cavabdeh inzibati orqan 01, 18, 30 mart, 08 aprel, 05 may və 11, 29 iyun 2021-ci il tarixli cavab məktubları ilə müxtəlif bəhanələr gətirmiş, iddiaçının adına akkreditasiya attestatının verilməsini qəsdən uzatmışdır. Cavabdeh inzibati orqana iddiaçı tərəfindən sonuncu dəfə 07 aprel 2021-ci il tarixli məktubla akkreditasiya sahəsinin layihəsi təqdim edilmiş, cavabdeh iddiaçı ilə 15 aprel 2021-ci il tarixli, 426 nömrəli akkreditasiya müqaviləsi bağlamış və akkreditasiyanın keçirilməsinə görə xidmət haqqının ödənilməsi üçün hesab faktura vermişdir. İddiaçı tərəfindən 16.530 manat şişirdilmiş xidmət haqqı 16 aprel 2021-ci il tarixdə cavabdehin hesabına köçürülmüşdür. Sözügedən Qaydaların 5.1-ci bəndinə əsasən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən isə akkreditasiya attestatı, uyğunluğu qiymətləndirən qurumun təsdiq edilmiş akkreditasiya sahəsi və əsasnaməsinin nüsxələri 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma təqdim edilir və ya alınmasını təsdiq edən sifarişli poçtla göndərilir. Həmin Qaydaların qeyd olunan tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən xidmət haqqı 16 aprel 2021-ci il tarixdə ödənildiyindən cavabdeh həmin gün akkreditasiya attestatını hazırlayıb imzalayaraq möhürlənməklə uyğunluğu qiymətləndirən qurumun, yəni iddiaçının akkreditasiya sahəsini və əsasnaməsini təsdiq edib 2 iş günü müddətində iddiaçıya təqdim etməli və ya alınmasını təsdiq edən sifarişli poçtla göndərməli idi. Lakin qeyd olunanların heç biri cavabdeh tərəfindən nəzərdə tutulan müddətdə həyata keçirilməmişdir. Cavabdeh 14 iyul 2021-ci il tarixdə iddiaçının müraciət etdiyi gündən 150 gün sonra “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə” qərar qəbul etmiş və İddiaçı MMC-nin Əsasnaməsini təsdiq edərək iddiaçının adına 14 iyul 2021- ci il tarixli, AZ 02.0567.01.21 saylı akkreditasiya attestatını rəsmiləşdirmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən 07 aprel 2021-ci il tarixli məktubla təqdim edilmiş 2 nüsxə olmaqla hər biri 16 vərəqdən ibarət akkreditasiya sahəsinin layihəsini qəsdən təsdiq etməmiş və onu özünün internet saytında yerləşdirməmişdir. Sözügedən Qaydaların 2.1.3-cü bəndində göstərildiyi kimi akkreditasiya sahəsini - uyğunluğu qiymətləndirən qurumun uyğunluğunu qiymətləndirə biləcəyi malın, xidmətin, işin, prosesin, idarəetmə sisteminin və işçi heyətinin təsvirinin (adı və ya digər fərqləndirici əlaməti) və həmçinin mala, xidmətə, işə, prosesə, idarəetmə sisteminə və işçi heyətə dair tələbləri, sınaq üsullarını müəyyən edən standart, texniki reqlament və digər normativ hüquqi akta dair məlumatın əks olunduğu sənədi təsdiq etməməklə cavabdeh tərəfindən iddiaçının qanunla nəzərdə tutulan hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı tərəfindən 15 və 20 sentyabr 2021-ci il tarixli məktublarla cavabdehə akkreditasiya sahəsinin layihəsinin təsdiq edilməsi ilə bağlı müraciətlər olunmuşdur. İddiaçının təkidlərindən sonra cavabdeh 30 sentyabr 2021-ci il tarixdə köhnə tarixlə təsdiq edilmiş akkreditasiya sahəsini özünün internet saytında yerləşdirmişdir. İddiaçı həmin akkreditasiya sahəsi ilə tanış olduqda cavabdeh tərəfindən ona təqdim edilən akkreditasiya sahəsinin layihəsinin təsdiq edilmədiyi, cavabdeh inzibati orqanın özündən hansısa sahələri artırdığı və çox sahələri isə ümumiyyətlə qeyd etmədiyi məlum olmuşdur. Bununla da cavabdeh qeyd olunan Qaydaların 1.3, 1.4, 3.3, 5.1 və 5.2. bəndləri ilə onun üzərinə qoyulmuş öhdəlikləri vaxtında və lazımi qaydada icra etməməklə həmin Qaydaların tələblərini kobud şəkildə pozmuşdur. Bundan əlavə iddiaçı Belarus Respublikasında olan laboratoriya ilə əməkdaşlıq edir, fəaliyyət göstərdiyi dövrdə həmişə həmin laboratoriya ilə əməkdaşlıq etmiş və bu, Azərbaycan Respublikasında qəbul edilmişdir. Bununla əlaqədar münasibətlər «Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatdlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş»lə tənzimlənir və həmin Saziş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 858 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə əsasən tərəflər, qüvvədə olan dövlət (milli) standartlaşdırma, ölçmələrin eyniliyinin təmini, akkreditasiya və sertifikatlaşdırma sistemlərini qarşılıqlı tanıyırlar. X11 6-cı maddəsində göstərilən orqanlarla müəyyən olunan, digər tərəfin sertifikatlaşdırma üzrə akkreditə olunmuş orqanlarını, sınaq laboratoriyalarını (mərkəzlərini), razılaşdırılmış qaydada qarşılıqlı göndərilən məhsullara onların verdikləri sertifikatları və uyğunluq nişanlarını tanıyırlar. Bunlarla yanaşı, cavabdehin hərəkətsizliyinin nəticəsi olaraq iddiaçının 6 il müddətində sifarişçilər qarşısında qazandığı işgüzar nüfuzuna ciddi zərbə vurulmuşdur. Belə ki, iddiaçının ən iri sifarişçisi olan "xxxx" MMC ilə iddiaçı arasında 23 avqust 2016-cı il tarixdə 5 il müddətinə bağlanmış telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına dair müqavilənin müddətinin başa çatdığı tarixə kimi cavabdeh orqan iddiaçının akkreditasiya sahəsini təsdiq etmədiyi üçün iddiaçı həmin sifarişçi ilə yeni müqavilə bağlaya bilməmişdir. Bununla da iddiaçı növbəti 5 ildə əldə edə biləcəyi cəmi 510.900,00 manat gəlirdən məhrum olmuşdur. Bundan əlavə cavabdehin hərəkətsizliyinin nəticəsi olaraq iddiaçı digər sifarişçilərinin də sifarişlərindən imtina etmək məcburiyyətində qalmış, bununla da 8 sifariş üzrə iddiaçı 13.600,00 manat gəlirdən məhrum olmuşdur. Eyni zamanda iddiaçı ona verilən bir neçə sifarişi icra etmək üçün başqa sertifikatlaşdırma orqanı kimi fəaliyyət göstərən "xxxx" MMC-yə yönəltmiş, nəticədə 10 sifariş üzrə cəmi 17.000,00 manat gəlirdən məhrum olmuşdur. Beləliklə də cavabdeh üzərinə qoyulmuş vəzifələri qanunla nəzərdə tutulmuş müddətdə icra etməyərək iddiaçının akkreditasiya sahəsini təsdiq etmədiyi üçün iddiaçıya 541.500,00 manat həcmində ziyan vurulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı ondan ibarət olmuşdur ki, akkreditasiyanın keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyul 2015-ci il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya Qaydaları”na uyğun olaraq, habelə tərəflər arasında bağlanmış 15 aprel 2021-ci il tarixli, 426 saylı akkreditasiya müqaviləsinə əsasən aparılmışdır. Belə ki, Qaydaların 3.2-ci bəndinə əsasən, tələb olunan sənəd və məlumatlar iddiaçı tərəfindən 15 fevral 2021-ci il tarixli məktubla göndərilsə də, təqdim olunan və akkreditasiya olunması istənilən akkreditasiya sahəsində göstərilən məlumatlarda forma, tərtibat baxımından uyğunsuzluq və çatışmazlıqlar müəyyən edilmişdir, məhsula dair standart, texniki reqlament və digər normativ aktlar tam göstərilməmişdir. Təqdim edilən akkreditasiya sahəsində uyğunluğu qiymətləndirilə bilinəcək mal, xidmət, iş və s. dair məlumatlar düzgün təsvir edilməmiş, həmçinin tam şəkildə göstərilməmişdir. Qaydaların 3.5-ci maddəsinə əsasən, uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya barədə müraciətinə 10 iş günündə araşdırılır. Müəyyən edilmiş çatışmazlıqlar iddiaçının diqqətinə çatdırılmış, lakin aradan qaldırılmadığında, Qaydaların elə həmin bəndinə uyğun olaraq cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş və bu barədə İddiaçıya məlumat verilmişdir. Daha sonra iddiaçının uyğunsuzluqların aradan qaldırılması ilə bağlı bir neçə dəfə müraciəti daxil olmuş, lakin müvafiq olaraq təkrarən düzəlişlərin natamam olduğu və çatışmazlıqların qalması ilə bağlı iddiaçıya cavab məktubları göndərilmişdir. Sonda iddiaçı müvafiq düzəlişləri etmiş və 07 aprel 2021-ci il tarixli məktubla sənədləri təqdim etmişdir. Buna uyğun olaraq cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının bərpa edilməsi barədə qərar qəbul edilmişdir. Müraciətə təqdim edilmiş sənədlər əsasında baxılması və uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya keçirilməsi üçün tərəflər arasında 15 aprel 2021-ci il tarixli, 426 nömrəli akkreditasiya müqaviləsi imzalanmış, xidmətin göstərilməsi üçün qarşılıqlı şəkildə razılaşdırılmış xidmət haqqı müəyyən edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən, akkreditasiyanın ümumi müddəti akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, bu Qaydaların 3.5-ci və 4.9-cu bəndlərinə uyğun olaraq təyin edilən müddətlər nəzərə alınmadan 60 iş günündən çox ola bilməz. Qaydaların 3.5-ci maddəsi müraciət edilən zaman sənədlərin araşdırılması üçün müəyyən edilmiş müddət – 10 iş günü, çatışmayan sənədlər təqdim edilmədikdə müraciətə baxılmanın müddət axımının dayandırılması qərarın müddəti - 20 iş günü, həmçinin 4.9-cu maddədə komissiya tərəfindən qiymətləndirmənin nəticəsinə dair hesabatda qeyd edilən çatışmazlıqlar və onların aradan qaldırılması üçün təyin edilmiş müddətlər 60 iş günü müddətinə daxil deyildir. Lakin iddiaçı iddia ərizəsində qanunvericiliyin bu tələbinə dair müddəasını qəsdən təhrif etmiş, həmin müəyyən edilmiş müddətə daxil olmayan müddəaları göstərməmişdir. Bundan əlavə, iddiaçının akkreditasiya tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı da uyğunsuzluqlar aşkar edilmiş, Qaydaların 4.9-cu maddəsində göstərildiyi kimi bu uyğunsuzluqlar qiymətləndirmənin nəticəsində dair komissiya tərəfindən tərtib edilmiş hesabatda qeyd edilmiş və aradan qaldırılması ilə bağlı müddət müəyyən edilmişdir. Bütün bunlar göstərir ki, cavabdehin “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə” Qərarı heç də iddia ərizəsində göstərildiyi kimi müraciətindən 150 gün sonra deyil qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmişdir. Çünki, iddiaçı müddət axımının dayandırılması, həmçinin qiymətləndirmə zamanı uyğunsuzluqların olması ilə bağlı məlumatları gizlətməyə və bundan yayınmağa çalışmışdır. Bütün bunlar bir daha sübut edir ki, iddiaçının bununla bağlı fikirləri tamamilə əsassızdır. İddiaçının qeyd etdiyi yoxlamalar aparılmamışdır. Belə ki, 2015-ci ildə Cavabdeh publik hüququ şəxsi ümumiyyətlə mövcud olmamış və cavabdeh Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli № 1234 nömrəli Fərmanı ilə yaradılmışdır. Bundan əlavə 05 aprel 2021-ci il tarixdə isə ümumiyyətlə belə bir yoxlama həyata keçirilməmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin mahiyyətini yanlış anlayır. Həmin müqavilə, eləcə də Qaydalar heç də mütləq müraciət edilən sahə ilə bağlı gözlənilən nəticənin verilməsini ehtiva etmir. Akkreditasiya orqanı tərəfindən qiymətləndirmənin başlanması və akkreditasiya komissiyasının yaradılması haqqında qərar qəbul edildikdən sonra komissiya tərəfindən uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya tələblərinə cavab verməsinin qiymətləndirməsini 2 mərhələdə həyata keçirir. Birinci mərhələdə komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün təqdim olunmuş sənədləri təhlil edir. İkinci mərhələdə komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun yerləşdiyi yerdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara) uyğunluğu qiymətləndirilir. Komissiya tərəfindən qurumun yerləşdiyi yer üzrə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid bir sıra uyğunsuzluqlar aşkar edilmiş və qeydə alınmışdır. Bununla bağlı sənəd və məlumatlar iddiaçıya göndərilmiş və aradan qaldırılması istənilmişdir. Lakin iddiaçı qeyd edilən nöqsanları aradan qaldırmamışdır. Müvafiq uyğunsuzluqlar qiymətləndirmənin nəticəsinə dair hazırlanan hesabatda göstərilmişdir. Cavabdeh tərəfindən təsdiq edilən akkreditasiya sahəsi məhz akkreditasiya aparılması zamanı aşkar edilən və aradan qaldırılmayan uyğunsuzluqlar nəzərə alınmaqla təsdiq edilmişdir. İddiaçının akkreditasiya müqaviləsi bağlaması heç də təqdim etdiyi sahəsinin mütləq qaydada təsdiq edilməsini ehtiva etmir. Qiymətləndirmənin nəticəsinə müvafiq olaraq imtina barədə də qərar qəbul edilə bilərdi. İddiaçının təqdim etdiyi akkreditasiya sahəsinin həmin forma və məzmunda təsdiq edilməsinin qeyrimümkün olması barədə digər bir hal isə həmin sahədə göstərilmiş uyğunsuzluqlar, Avropa direktivləri, texniki reqlamentlərin, xarici dövlətlərin texniki şərtlərinin göstərilməsidir. Belə ki, bununla bağlı standartlaşdırma üzrə normativ sənədlərin Azərbaycan Respublikası ərazisində tətbiqi ilə bağlı məlumatın əldə edilməsi məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” X7 müvafiq olaraq 09 mart 2021-ci il tarixli və 30 sentyabr 2021-ci il tarixli məktublarla müraciət edilmişdir. Cavab olaraq göndərilən məktublarda iddiaçının da təqdim etdiyi akkreditasiya sahəsində göstərdiyi Avropa direktivlərinin, texniki reqlament, xarici dövlətlərin texnik şərtlərinin ölkə ərazisində qüvvədə olmadığı bildirilmişdir. Eyni zamanda iddiaçının təqdim etdiyi akkreditasiya sahəsinin təsdiq edilməsi üçün iddiaçının xüsusi laboratoriyası olmalıdır. Lakin iddiaçı belə bir laboratoriyaya malik deyildir. Bundan əlavə akkreditasiya attestatının qüvvədə olma müddəti 3 ildir. İddiaçının hər hansı şirkətlə müddətsiz də müqavilə bağlaya bilər. Bu heç də demək deyil ki, iddiaçı müqavilə bağladığı zaman qüvvədə olan akkreditasiya attestatına əsasən öz üzərinə götürdüyü öhdəliklərini icra etməsi üçün cavabdeh tərəfindən ona attestat verilməli və akkreditasiya sahəsi mütləq qaydada təsdiq edilməlidir. Bu, qəbuledilməzdir. Belə ki, iddiaçı ilkin olaraq akkreditasiya attestatının qüvvədə olma müddətini nəzərə almalı və buna uyğun olaraq müqavilə bağlamalı idi. Bundan əlavə iddiaçının təkrarən "xxxx" MMC ilə müqavilə bağlaya bilməməsinin səbəbi kimi cavabdeh tərəfindən təsdiq edilmiş akkreditasiya sahəsini göstərməsi heç də anlaşılan deyil. İddiaçının “akkreditasiya attestatı və mübahisəli akkreditasiya sahəsi daha əvvəl verilmiş və hazırda da verilməlidir, çünki daha əvvəl mənə verilib” düşüncəsi ilə yanaşması məntiqə sığmır. İddiaçının bununla bağlı dəymiş maddi ziyanı müqavilənin tarixi kimi göstərdiyi 5 illik müddətə hesablaması bir daha göstərir ki, iddiaçı akkreditasiya attestatının 3 illik müddətə verildiyini unutmuşdur. Bundan əlavə, müqavilənin olması, müddətinin bitməsi heç də yeni müqavilənin bağlanılacağı və ya müqavilənin məhz akkreditasiya sahəsinin iddiaçının istədiyi kimi verilməməsi səbəbindən imzalanmadığı mənasına gəlmir. Bununla bağlı hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə ki, "xxxx" MMC-nin müqavilə bağlanması ilə bağlı müraciəti və ya tərəflərin hər hansı formada yazışması və iddiaçının müqavilənin bağlana bilməməsinin izahı kimi akkreditasiya sahəsinin tam olaraq verilməməsi ilə bağlı heç bir sənəd və ya məlumatlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının bir sıra şirkətlərdən daxil olmuş 8 ədəd sifarişi icra edə bilməməsi ilə bağlı iddiası tamamilə absurddur. Sadəcə bir məsələni qeyd etmək kifayət edir ki, iddiaçıda attestatın və akkreditasiya sahəsinin ona veriləcəyi ilə bağlı əminliyin olması və sifarişləri qəbul etməsi anlaşılan deyil. İddiaçının təqdim etdiyi məlumatlardan da görünür ki, sifarişlər 16,17,19, 27, 29 aprel, 04 və 24 may aralığında daxil olmuşdur. İddiaçıya da məlumdur ki, həmin tarixlərdə cavabdeh tərəfindən uyğunluğun qiymətləndirilməsi ilə bağlı işlər həyata keçirilmiş və uyğunsuzluqları barədə qarşı tərəfə sənədlər göndərilmişdir. Həmin dövrdə iddiaçının sifarişləri hansı əsasla qəbul etməsi, sanki ona hansı akkreditasiya sahələrinin qabaqcadan veriləcəyini bilməsi təəssüratı yaradır. Məhz uyğunsuzluqları aşkar edilən sahələr üzrə akkreditasiya sahəsi ona verilməmişdir. İddiaçının qüvvədə olan akkreditasiya attestatı olmadan sifarişləri qəbul etməsi öz günahıdır. Həmin sahələrin ona verilməyə biləcəyini bildiyi halda, iddiaçı sifarişləri qəbul etməkdən ehtiyat etməmişdir. İddiaçının qeyd etdiyi kimi 10 ədəd sifarişin "xxxx" MMC-yə verilməsi ilə bağlı iddia isə ümumiyyətlə anlaşılan deyildir. İddiaçının bu tələbi sadəcə iddianın həcminin şişirdilməsi məqsədi daşıyır və heç bir hüquqi əsasa söykənmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir . Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 3245/2022 saylı, 13 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Cavabdehə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 iyul 2015-ci il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya Qaydaları”-ın 3.2. bəndində nəzərdə tutulmuş bütün sənədlər bunun üçün nəzərdə tutulmuş müddətdə təqdim edilsə də, cavabdehin onlardan qərarda nəzərdə tutulmayan digər sənədlərin sənədlər tələb etməsinə nədənsə birinci instansiya məhkəməsi hüquqi qiymət verməmişdir. Halbuki, Qaydaların 3.3. maddəsində 3.2. bəndində göstərilən sənədlərdən başqa sənədlərin tələb edilməsi qadağan edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 iyul 2015-ci il tarixli, 252 nömrəli qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya Qaydaları”-nın 1.3. bəndi uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının mərhələlərini və 1.4. bəndi isə onların yerinə yetirilmə müddətlərini müəyyən edilməsi və həmin qaydaların 1.4. bəndində akkreditasiyanın ümumi müddətinin akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla 60 (altmış) iş günündən çox olmaması müəyyən edilməsi, bu prinsipə zidd olaraq cavabdeh “Azərbaycan Akkerditisiya Mərkəzi” X14 tərəfindən 14 iyul 2021-ci il tarixində, ona müraciət etdikləri gündən 150 (bir yüz əlli) gün sonra özünün “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar № 0688-21UQQA”-nı qəbul etməsi və İddiaçı “Əsasnamə”-sini təsdiq edərək müəssisənin adına 14 iyul 2021-ci il tarixli, № AZ 02.0567.01.21 saylı“Akkreditasiya Attestatı”-nı rəsmiləşdirməsi və bu günə kimi “Akkreditasiya Sahəsi”-nin bu günə kimi müəssisəyə rəsmi qaydada çatdırmaması da məhkəmə qaydasında araşdırılmamışdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə akkreditasiya sahəsinin təsdiq edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati iş materiallarından görünür ki, iddiaçının müraciəti nəticəsində xx.xx.2021-ci il tarixdə Uyğunluğu qiymətləndirilən qurumun akkreditasiyası barədə qərar qəbul edilmiş və müraciətdə qeyd edilən bəzi istiqamətlər təsdiq edilməmişdir. Hazirki iş üzrə iddiaçı məhz müraciətdə qeyd etdiyi sahələrin təsdiqi barədə qərarın qəbul edilməsini xahiş edir. Hansı ki, xx.xx.2021-ci il tarixli qərarın qəbulundan sonra iddiaçıya məlum olmuş və bununla bağlı xx.xx.2021-ci il tarixdə məhkəmədə iddia qaldırılmışdır.Həmin qərarın da iddiaçıya təqdim edilmə vaxtı barədə cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Belə olan halda iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPMin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatında baxılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir. 1.0.2-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra - akkreditasiya) - qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. 1.0.3-cü maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir. 1.0.4-cü maddəsinə əsasən akkreditasiya tələbləri - akkreditasiyanın yerinə yetirilməsi üçün texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblərdir. 1.0.5-ci maddəsinə əsasən akkreditasiya orqanı - akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumdur. 1.0.6-cı maddəsinə əsasən akkreditasiya attestatı - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəddir. 5.1-ci maddəsinə əsasən akkreditasiya, bu qanunun tələbləri nəzərə alınmaqla, akkreditasiya qaydaları əsasında aparılır. 5.2-ci maddəsinə əsasən akkreditasiya aşağıdakı mərhələləri əhatə edir: 5.2.1. uyğunluğu qiymətləndirən qurumun müraciəti; 5.2.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi; 5.2.3. akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi. 5.6. Akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə müraciətini 10 iş günündən çox olmayan müddətdə araşdırır. Bu qanunun 5.3-cü maddəsinə uyğun olaraq, akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər və ya məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunmadıqda, akkreditasiya orqanı həmin sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edir. 5.7. Bu qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş halda əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 iş günündən çox olmamalıdır. 5.10. Çatışmazlıqlar və onların aradan qaldırılmasına dair düzəliş tədbirləri daxil olmaqla, qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edildiyi gündən 5 iş günü müddətində ərizəçiyə təqdim edilir. Qiymətləndirmə hesabatında düzəliş tədbirləri üçün müddət aşkarlanan çatışmazlığın mahiyyətindən asılı olaraq təyin edilir. 5.13. Düzəliş tədbirlərinin təmin edilməməsi uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərarın qəbulu üçün əsasdır. 5.14. Bu qanunda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir. 5.15. Akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, akkreditasiyanın ümumi müddəti, bu qanunun 5.7-ci və 5.10-cu maddələrinə uyğun olaraq təyin edilən müddət nəzərə alınmadan, 60 iş günündən çox ola bilməz 6.1-ci maddəsinə əsasən akkreditasiya barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir. 6.2-ci maddəsinə əsasən akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır. 8.1-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir. 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. 8.3-cü maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində bu qanunun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmalıdır. 10.1-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət akkreditasiya orqanı tərəfindən ildə bir dəfə, habelə qurumun fəaliyyəti barədə şikayət daxil olduğu hallarda həyata keçirilir. 10.2-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). 10.3-cü maddəsinə əsasən nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş «Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları»nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən bu Qaydalar uyğunluğu qiymətləndirən aşağıdakı qurumlara şamil olunur: 1.2.1. sınaq laboratoriyaları; 1.2.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar; 1.2.3. idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar; 1.2.4. işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar; 1.2.5. inspeksiya orqanları; 1.2.6. etalon material istehsalçıları; 1.2.7. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumlar. 4.1-ci bəndinə əsasən bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunduqda, sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkar edilmədikdə, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinə başlanılması və akkreditasiya komissiyasının (bundan sonra komissiya) yaradılması haqqında qərar qəbul edilir. 4.5-ci bəndinə əsasən komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir. 4.6-cı bəndinə əsasən birinci mərhələdə komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün bu Qaydaların 3.2-ci bəndinə uyğun təqdim olunmuş sənədləri təhlil edir. 4.7-ci bəndinə əsasən qiymətləndirmənin ikinci mərhələsində komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun yerləşdiyi yerdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara) uyğunluğu qiymətləndirilir. 4.8-ci bəndinə əsasən akkreditasiya üçün müraciət etmiş şəxs komissiyanın fəaliyyət sahəsinə daxil olması və qiymətləndirmənin aparılması üçün zəruri şərait yaratmalıdır. 5.1-ci bəndinə əsasən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 (iki) gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir. 5.3-cü bəndinə əsasən akkreditasiya attestatı verildiyi tarixdən 3 (üç) il müddətində etibarlıdır. 5.5-ci bəndinə əsasən aşağıdakı hallarda uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərar qəbul edilir: 5.5.1. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş müddətdə çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumat verilmədikdə; 5.5.2. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumatın komissiya tərəfindən yoxlanılması zamanı bütün çatışmazlıqların aradan qaldırılmaması və düzəliş tədbirlərinin yerinə yetirilməməsi müəyyən edildikdə; 5.5.3. bu Qaydaların 4.8-ci bəndinə uyğun qiymətləndirilmənin aparılmasını təmin etmədikdə. 6.2-ci bəndinə əsasən akkreditasiya attestatının qüvvədə olma müddəti başa çatdıqda akkreditasiya attestatının etibarlılıq müddətinin uzadılması barədə uyğunluğu qiymətləndirən qurumun müraciətinə bu Qaydalara uyğun baxılır və qiymətləndirmənin müsbət nəticələri əsasında yeni akkreditasiya attestatı verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə kollegiyası iş materiallarındakı sənədləri nəzərdən keçirir: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır, VÖEN **********, qanuni təmsilçi X2r. -İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir, VÖEN **********. -İş materiallarında olan Sifarişçi İddiaçı MMC ilə Akkreditasiya orqanı Cavabdehi arasında bağlanmış xx.xx.2021- ci il tarixli, 426 nömrəli akkreditasiya müqaviləsinin surətindən görünür ki, müqavilənin 2.2.2-ci bəndinə əsasən Sifarişçi İddiaçı MMC akkreditasiya dövründə akkreditasiya tələblərinə uyğunluğuna riayət olunmasının illik qiymətləndirilməsi üçün xidmət haqqının məbləğini müəyyən edilmiş müddət ərzində tam olaraq ödəməyi, akkreditasiya dövründə akkreditasiya tələblərinə uyğunluğuna riayət olunmasının illik qiymətləndirilməsinin, şikayət olduğu halda isə plandankənar qiymətləndirmənin aparılması üçün Akkreditasiya orqanı ilə zəruri əməkdaşlıq etməyi və akkreditasiya fəaliyyətinə aid Akkreditasiya orqanı tərəfindən tələb olunan bütün sənəd və məlumatları Akkreditasiya orqanına təqdim etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5.9-cu bəndinə görə Akkreditasiya orqanı akkreditasiya barədə qərar qəbul edildikdən sonra qanunvericiliklə müəyyən edilmiş şərtlər və müddət ərzində sifarişçinin akkreditasiya attestatını, akkreditasiya sahəsini və əsasnaməsini təsdiqləməyi və sifarişçiyə təqdim etməyi öhdəsinə götürür. -İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehi tərəfindən xx.xx.2021-ci il tarixli, AAM-617/11/21 saylı məktubla məhkəməyə təqdim edilmiş Cavabdehin Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə 0688-21 UQQA nömrəli, xx.xx.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının bu qərara əlavədə qeyd edilmiş istiqamətlər üzrə akkreditasiya edilməsi, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının hazırlanması, akkreditasiya sahəsi və əsasnaməsinin təsdiq edilməsi, İddiaçı MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının akkreditasiya attestatının qüvvədə olduğu müddət ərzində onun statusunda və fəaliyyətində baş verən və akkreditasiya fəaliyyəti ilə əlaqədar olan hər hansı dəyişikliklə bağlı Azərbaycan Akkreditasiya Mərkəzinə məlumat verməsi, “AZSERTCENTER" MMCnin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965- İVQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən ildə bir dəfə akkreditasiya tələblərinə uyğunluğunun qiymətləndirilməsinin həyata keçirilməsi qərara alınmışdır (həmin qərarın surəti iddiaçı tərəfindən də məhkəməyə təqdim edilmişdir). -Həmin məktuba əlavə edilmiş Cavabdehi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ 02.0567.01.21 nömrəli Akkreditasiya attestatının təsdiq edilmiş surətindən görünür ki, bu attestat Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu, 9 ünvanında fəaliyyət göstərən İddiaçı MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər" standartına uyğun akkreditasiya olunduğunu və bu attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malik olduğunu təsdiq edir. Attestat akkreditasiya sahəsi ilə birlikdə etibarlıdır. -Həmin məktuba əlavə edilmiş İddiaçı MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın Cavabdehi tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli Əsasnaməsinin təsdiq edilmiş surətindən görünür ki, bu əsasnamə AZS Milli sertifikatlaşdırma sistemində İddiaçı Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın (sonradan-Sertifikatlaşdırma üzrə orqan) fəaliyyətinə şamil edilir. Sənəd sertifikatlaşdırma üzrə orqan haqqında ümumi müddəaları, onun akkreditasiya sahəsini, strukturunu, funksiyalarını, hüquqlarını, vəzifələrini, məsuliyyətini, maliyyə fəaliyyətini və sertifikatlaşdırma işlərində bilavasitə və ya dolayı ilə iştirak edən digər orqan, təşkilat və müəssisələr ilə qarşılıqlı əlaqələrini müəyyənləşdirir. Əsasnamənin 1.1-ci bəndinə əsasən yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı Milli sertifikatlaşdırma sisteminin funksional strukturudur və Azərbaycan Respublikasında keyfiyyətli məhsulların idxalında və satışında Dövlət siyasətinin həyata keçirilməsində iştirak edir. Əsasnamənin 1.3-cü bəndinə əsasən sertifikatlaşdırma üzrə orqan istehlak məhsullarının (yüngül sənaye məhsulları, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları, ağac emalı materialları, müxtəlif tip boru kəmərləri armaturları, avtomobillər, o cümlədən xüsusi təyinatlı nəqliyyat vasitələri, ehtiyat hissələri və avtomobil ləvazimatları, generatorlar, stabilizatorlar, mühərriklər, neft kimya məhsulları lilllər və qaldırıcı ınexanizmlər, tibbi təyinatlı məhsullar, tikinti materialları və avadanlıqları, butün növ və tip informasiya texnologiyaları avadanlıqları və digər akkreditasiya sahəsi ilə müəyyən edilmiş məhsullar), proseslərin, xidmətlərin öz akkreditasiya sahəsinə müvafiq olaraq, sertifikatlaşdırılmasını keçirmək məqsədi ilə AZS Milli Sertifikatlaşdırma sistemində akkreditasiya olunur. Əsasnamənin 3.1-ci bəndinə əsasən sertifikatlaşdırma üzrə orqan istehlak məhsullarının (yüngül sənaye məhsulları, məişət avadanlıqları, rabitə vasitələri telekommunikasiya avadanlıqları, elektron avadanlıqları, ağac emalı materialları, müxtəlif tip boru kəmərləri armaturları, avtomobillər, o cümlədən xüsusi təyinatlı nəqliyyat vasitələri, ehtiyat hissələri və avtomobil ləvazimatları, generatorlar, stabilizatorlar, mühərriklər, neft-kimya məhsulları, liltlər və qaldırıcı mexanizmlər, tibbi təyinatlı məhsullar, tikinti materialları və avadanlıqları, bütün növ və tip informasiya texnologiyaları avadanlıqları və digər akkreditasiya sahəsi ilə müəyyən edilmiş məhsullar), proseslərin, xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın akkreditasiya sahəsinin təsdiq edilməsi və onun internet səhifəsində yerləşdirilməsinə nail olmaqdan ibarətdir. Yəni iddiaçı müraciəti nəticəsində qəbul edilmiş Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərarı ilə ona müvafiq istiqamətlərin təsdiq edilmədiyini iddia edərək müraciətdəki sahələrin təsdiqini xahiş edir. İddiaçının iddia tələbi iki hissədən ibarətdir. 1) Yuxarıda qeyd edildiyi kimi yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın akkreditasiya sahəsinin təsdiq edilməsi və onun öz internet səhifəsində yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından; 2) cavabdeh tərəfindən vurulmuş ziyana görə kompensasiyanın iddiaçıya ödənilməsindən ibarətdir. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı MMC sonuncu müraciətindən əvvəl iki dəfə 29 yanvar 2015-ci il və 05 aprel 2018-ci il tarixlərində akkreditasiya olunmuş və 3 il etibarlılıq müddəti olan akkreditasiya attestatını alaraq attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Sonuncu 05 aprel 2018-ci il tarixli akkreditasiya attestatının qüvvədə olma müddəti bitdiyi üçün iddiaçı növbəti dəfə təkrar akkreditasiyanın keçirilməsi məqsədilə cavabdehə müaciət etmişdir. Bundan sonra İddiaçı MMC ilə Akkreditasiya orqanı Cavabdehi arasında akkreditasiya müqaviləsi imzalanmış, Cavabdehin Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərarına əsasən İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı bu qərara əlavədə qeyd edilmiş istiqamətlər üzrə akkreditasiya edilmiş, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatı hazırlanaraq təqdim edilmiş, akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilmişdir. Lakin iddiaçı 07 aprel 2021-ci il tarixdə cavabdehə göndərilmiş İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın akkreditasiya sahəsinin tam təsdiq edilməsini tələb edir. İddiaçı iddia tələbində cavabdeh qurum tərəfindən həm prosedur qaydaların pozulduğunu, həm də qiymətləndirmənin düzgün aparılmadığını iddia edir. Belə ki, iddiaçı cavabdeh quruma müraciət etdiyi tarixdən 60 iş günü ərzində müvafiq qərarın qəbul edilməli olmasına baxmayaraq, qanunvericiliklə müyyən edilmiş müddət pozularaq 150 gün sonra qərarın verilməsini və hətta qərar verilən zamanı da müraciətdə göstərilən sahələrin təsdiq edilməməsini əsas gətirərək iddia tələbinin tam təminini xahiş edir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, inzibati icraatda inzibati orqanın mülahizəsi iki mərhələdə fərqləndirilməlidir. Birinci olaraq inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyən edilməsinə münasibətdə mülahizəsi, yəni inzibati orqanın öz qiymətləndirməsinə əsasən hərəkəti, ikinci olaraq isə hüquqi nəticəyə münasibətdə mülahizəsi, yəni inzibati orqanın diskresion səlahiyyətlərinə əsasən seçim hüququnun olması fərqləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi üzrə inzibati orqan qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməzdir. Başqa sözlə, cavabdeh orqanın uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsi ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilir. Elmi ədəbiyyatda qəbul olunan yanaşma ondan ibarətdir ki, inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə tərəfindən inzibati aktın yoxlanılması demək olar ki, inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul edilmiş inzibati aktın yoxlanılması qaydası ilə eynilik təşkil edir. Bu zaman inzibati orqan mövcud qanunvericlik normalarının müəyyən prinsip və tələblərinə əməl etməlidir. İşin məhkəmələr tərəfindən araşdırılması zamanı cavabdeh tərəfin gətirdiyi arqument ondan ibarət olmuşdur ki, ilk növbədə qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmiş və ən əsası isə qiymətləndirmə azadlığına malik qurum tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid bir sıra uyğunsuzluqlar aşkar edilmiş və qeydə alınmış, bununla bağlı sənəd və məlumatlar iddiaçıya göndərilmiş və aradan qaldırılması istənilmişdir. Lakin iddiaçı qeyd edilən nöqsanları aradan qaldırmamışdır. Aşkar edilmiş nöqsan və uyğunsuzluqların aradan qaldırılmadığı sahələr üzrə akkreditasiya sahəsi təsdiq edilməmişdir. Belə ki, akkreditasiyanın keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyul 2015-ci il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya Qaydaları”na uyğun olaraq, habelə tərəflər arasında bağlanmış 15 aprel 2021-ci il tarixli, 426 saylı akkreditasiya müqaviləsinə əsasən aparılmışdır. Qaydaların 3.2-ci bəndinə əsasən, tələb olunan sənəd və məlumatlar iddiaçı tərəfindən 15 fevral 2021-ci il tarixli məktubla göndərilsə də, təqdim olunan və akkreditasiya olunması istənilən akkreditasiya sahəsində göstərilən məlumatlarda forma, tərtibat baxımından uyğunsuzluq və çatışmazlıqlar müəyyən edilmişdir, məhsula dair standart, texniki reqlament və digər normativ aktlar tam göstərilməmişdir. Təqdim edilən akkreditasiya sahəsində uyğunluğu qiymətləndirilə bilinəcək mal, xidmət, iş və s. dair məlumatlar düzgün təsvir edilməmiş, həmçinin tam şəkildə göstərilməmişdir. Qaydaların 3.5-ci maddəsinə əsasən, uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya barədə müraciəti 10 iş günündə araşdırılır. Müəyyən edilmiş çatışmazlıqlar iddiaçının diqqətinə çatdırılmış, lakin aradan qaldırılmadığından Qaydaların elə həmin bəndinə uyğun olaraq cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. Daha sonra iddiaçının uyğunsuzluqların aradan qaldırılması ilə bağlı bir neçə dəfə müraciəti daxil olmuş, lakin müvafiq olaraq təkrarən düzəlişlərin natamam olduğu və çatışmazlıqların qalması ilə bağlı iddiaçıya cavab məktubları göndərilmişdir. Sonda iddiaçı müvafiq düzəlişləri etmiş və 07 aprel 2021-ci il tarixli məktubla sənədləri təqdim etmişdir. Buna uyğun olaraq cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının bərpa edilməsi barədə qərar qəbul edilmişdir. Müraciətə təqdim edilmiş sənədlər əsasında baxılması və uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya keçirilməsi üçün tərəflər arasında 15 aprel 2021-ci il tarixli, 426 nömrəli akkreditasiya müqaviləsi imzalanmış, xidmətin göstərilməsi üçün qarşılıqlı şəkildə razılaşdırılmış xidmət haqqı müəyyən edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən, akkreditasiyanın ümumi müddəti akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, bu Qaydaların 3.5-ci və 4.9-cu bəndlərinə uyğun olaraq təyin edilən müddətlər nəzərə alınmadan 60 iş günündən çox ola bilməz. Qaydaların 3.5-ci maddəsi müraciət edilən zaman sənədlərin araşdırılması üçün müəyyən edilmiş müddət – 10 iş günü, çatışmayan sənədlər təqdim edilmədikdə müraciətə baxılmanın müddət axımının dayandırılması qərarın müddəti - 20 iş günü, həmçinin 4.9-cu maddədə komissiya tərəfindən qiymətləndirmənin nəticəsinə dair hesabatda qeyd edilən çatışmazlıqlar və onların aradan qaldırılması üçün təyin edilmiş müddətlər 60 iş günü müddətinə daxil deyildir. Apellyasiya araşdırması zamanı iddiaçı təsdiq edilməyən sahələrlə bağlı hər hansı bir sənədin, halın tələb edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını iddia edərək, əsassız olaraq cavabdeh qurum tərəfindən qanunla nəzərdə tutulmayan tələblər irəli sürüldüyünü iddia etmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdeh qurumun mübahisə ilə bağlı malik olduğu qiymətləndirmə azadlığının mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilibkeçirilməməsi, həmçinin qiymətləndirmə azadlığının məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı araşdırılmışdır. Bununla bağlı məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda sadalanan Qaydalardan da aydın olduğu kimi müraciət nəticəsində orqan qiymətləndirmə aparır və bır sıra hallarda müraciətə imtina edir. Bu hallara daxildir: qiymətləndirmə hesabatında nəzərdə tutulmuş müddətdə çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumat verilmədikdə; qiymətləndirmə hesabatında nəzərdə tutulmuş çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumatın komissiya tərəfindən yoxlanılması zamanı bütün çatışmazlıqların aradan qaldırılmaması və düzəliş tədbirlərinin yerinə yetirilməməsi müəyyən edildikdə; bu Qaydaların 4.8-ci bəndinə uyğun qiymətləndirilmənin aparılmasını təmin etmədikdə. Göründüyü kimi, müraciət edən qurum müvafiq tələblərə yəni akkreditasiya tələblərinə cavab verməlidir. Akkreditasiya tələbləri isə akkreditasiyanın yerinə yetirilməsi üçün texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblərdir. Belə olan halda qiymətləndirmə azadlığına malik olan qurum akkreditasiya tələblərini yoxlamaq səlahiyyətindədir və yalnız bundan sonra müvafiq çatışmamazlıqlar müəyyən olunsa müraciət edənin diqqətinə çatdırılmalıdır. Hazırki mübahisə üzrə də ilkin müraciətdən sonra qeyd edilən bır sıra çatışmamazlıqlar, müvafiq sahələr üzrə texniki şəraitin, resursların olmaması müraciət edənin diqqətinə çatdırılmışdır. Məhkəmə araşdırmaları zamanı iddiaçı indiki müraciətində göstərilən sahələr üzrə daha əvvəl iki dəfə 29 yanvar 2015-ci il və 05 aprel 2018-ci il tarixlərində akkreditasiya olunduğunu və 3 il etibarlılıq müddəti olan akkreditasiya attestatını əldə etdiyini diqqətə çatdırıraq sonuncu dəfə etimad hüququnun da pozulmasına istinad edir. Lakin məhkəmə kollegiyası onu diqqətə çatdırır ki, iddiaçının müvafiq sahələr üzrə daha əvvəl akkreditasiya olunması sonuncu müraciəti zamanı da həmin sahələr üzrə mütləq akkreditasiya olunmalıdır anlamına gəlməməlidir. Qanunvericilikdə bir mənalı olaraq qeyd edilmişdir ki, hər bir müraciət zamanı qurum tərəfindən qiymətləndirmə aparılmalı və müvafiq tələblərə cavab verən sahə üzrə akkreditasiya attestatı verilməlidir. Əks halda qanun 3 illik etibarlılıq müddəti müəyyən etməzdi, həmçinin daha əvvəl akkreditasiya olunmuş şəxslərə üstünlük müəyyən edərdi. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddianın birinci hissəsi uğurlu olmadığından dəymiş ziyanla bağlı tələb də əsassızdır. Həmçinin, iddiaçı cavabdeh tərəfindən ona ziyanın vurulmasını təsdiq edən sübutları, ümumiyyətlə iddia tələbinin həmin hissəsi ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçıda attestatın və akkreditasiya sahəsinin ona veriləcəyi ilə bağlı əminliyin olması və sifarişləri qəbul etməsi onun məsuliyyət sferasına aiddir. İddiaçının təqdim etdiyi məlumatlardan da görünür ki, sifarişlər 16,17,19, 27, 29 aprel, 04 və 24 may aralığında daxil olmuşdur. İddiaçıya da məlumdur ki, həmin tarixlərdə cavabdeh tərəfindən uyğunluğun qiymətləndirilməsi ilə bağlı işlər həyata keçirilmiş və uyğunsuzluqları barədə qarşı tərəfə sənədlər göndərilmişdir. Həmin dövrdə iddiaçının sifarişləri hansı əsasla qəbul etməsi, sanki ona hansı akkreditasiya sahələrinin qabaqcadan veriləcəyini bilməsi təəssüratı yaradır. Məhz uyğunsuzluqları aşkar edilən sahələr üzrə akkreditasiya sahəsi ona verilməmişdir. Beləliklə, iddiaçının qüvvədə olan akkreditasiya attestatı olmadan sifarişləri qəbul etməsi öz məsuliyyət sferasına aiddir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi, akkreditasiya sahəsinin təsdiq edilməsi ilə əlaqədar iddiaçının müraciətinə baxılarkən cavabdeh tərəfindən nöqsan və uyğunsuzluqlar aşkar edilmiş, bu barədə iddiaçıya məlumat verilsə də, nöqsan və uyğunsuzluqlar aradan qaldırılmamışdır. Cavabdeh tərəfindən təsdiq edilən akkreditasiya sahəsi məhz akkreditasiya aparılması zamanı aşkar edilən və aradan qaldırılmayan uyğunsuzluqlar nəzərə alınmaqla təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM- 87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 3245/2022 saylı, 13 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-4/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver