Məhkəmə qərarları › İş №2-1(103)-40/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-40/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-40/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6768/2022 nömrəli, 22 iyun 2022-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 198 saylı ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin 21 may 2003-cü il tarixli № 28 saylı əmrdən çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən, 198 saylı, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi hasara alınaraq onun istifadəsindədir. Bununla əlaqədar olaraq, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq, adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün iddiaçı ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçının ərizəsinə imtina məktubu ilə cavab verərək hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-6768/2022 nömrəli, 22 iyun 2022-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2nin 21 may 2003-cü il tarixli 28 nömrəli əmrinə əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatına əsasən sözgedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin balansında olan ərazidən, ayrıc aktından 548 metr kənarda yerləşmişdir. Həmçinin torpaq sahəsinin sənəd üzrə ölçüsü 1000 kv.m olmasına baxmayaraq, faktiki ölçüsü 981 kv.m-dir. Bundan başqa idarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, göstərilən faktiki torpaq sahəsi ölçüsü 1.765 ha olan ümumi ərazinin daxilində yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 198 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli təkrar müraciətinə baxılmışdır. Bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı X2 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. Əlavə olunmuş siyahıda sıra nömrəsi 198. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçiliksüdçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolunu nəzərə alaraq, baş plana uyğun olaraq fərdi mənzil tikinti üçün nəzərdə tutulmuş ərazidə İddiaçı 0.10 ha hesabı ilə 2.2015 nömrəli həyətyanı torpaq sahəsi ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X2) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrinə əsasən fərdi mənzil tikinti üçün nəzərdə tutulmuş ərazidə İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırda qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçının müraciəti əsasında cavabdeh tərəfindən araşdırma aparılmış və elektron kadastr məlumatına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin balansında olan ərazidən, ayrıc aktından 548 metr kənarda yerləşdiyi, torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1000 kv.m olmasına baxmayaraq, faktiki ölçüsünün 981 kv.m olduğu, göstərilən faktiki torpaq sahəsinin ölçüsü 1.765 ha olan ümumi ərazinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan halların müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilməmiş, "xxxx" MMC-nin mütəxəssis rəyinə istinad edilməklə kifayətlənilmişdir. Qeyd olunan mütəxəssis rəyində isə hansı elmi və texniki metodlardan istifadə olunması göstərilməmiş, rəy əsaslandırılmamışdır. Bu səbəbdən də istinad olunan həmin mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Hazırki iş üzrə qeyd olunan torpaq sahəsinin yeri və koordinatlarının, həmçinin faktiki ölçüsünün, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2nin balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşib-yerləşməməsinin müəyyən edilməsi, habelə digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məsələlərinin aydınlaşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin torpaq sahəsinə baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün iddiaçı tərəfindən şərait yaradılmadığından ekspertizanın keçirilməsi mümkün olmamış və xx.xx.2023-cü il və xx.xx.2024-cü tarixli məktublarla ekspertizanın aparılmasından təkrar imtina edilərək inzibati iş məhkəməyə qaytarılmışdır. Göründüyü kimi, torpaq sahəsinə baxış keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmadığı üçün ekçpertizanın keçirilməsi və müvafiq ekspert rəyinin verilməsi mümkün olmamışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə iclaslarında iştirak etməmişdir. Birinci instansiya məhkəməsində vəkili və nümayəndəsinin iştirakı qeyd olunsa da, iş materiallarında olan etibarnamədə (iş mat., səh. 27) məhkəmə iclaslarında iddiaçının təmsil edilməsi ilə əlaqədar səlahiyyətlər nəzərdə tutulmamışdır. Apellyasiya baxışı zamanı isə həm məhkəmə iclasları, həm də ekspertiza tədqiqatı ilə əlaqədar məktub və bildirişlər göstərilsə də, iddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməmiş, habelə ekspertiza tədqiqatının aparılmasına şərait yaratmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin 21 may 2003-cü il tarixdə ayrılmasına baxmayaraq, torpaq sahəsinin iddiaçının istifadəsində olması iş materialları ilə sübuta yetirilmir. İddiaçı həmin torpaş sahəsinin onun istifadəsində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində iddiaçı həmin torpaq sahəsini hasara aldığını qeyd etsə də, iş materiallarında olan fotoşəkillərdə (iş mat., səh. 49) torpaq sahəsinin hasara alınmadığı, açıq sahə olduğu görünür. Eyni zamanda, torpaq sahəsi ölçüsü 1.765 ha olan ümumi ərazinin daxilində yerləşir. Göründüyü kimi, torpaq sahəsinin yerində ölçmə işləri aparılmamış, torpaq sahəsinin yeri müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıya ayrılmış torpaq sahəsi hazırki dövrədək onun istifadəsində olmadığından, göstərilən faktiki torpaq sahəsi isə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2nin balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşdiyindən, torpaq sahəsinin yeri müəyyən edilmədiyindən və ölçüsü 1.765 ha olan ümumi ərazinin daxilində yerləşdiyindən, cavabdeh inzibati orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6768/2022 nömrəli, 22 iyun 2022-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar