Məhkəmə qərarları › İş №2-1(103)-400/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-400/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-400/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndələri X3 və X4 iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası X1rşı “01.09.2020-ci il tarixli 084/İSN saylı qərarın qanunsuz hesab olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2067/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası X1rşı qərarın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin 05 avqust 2020-ci il tarixli 0828 saylı qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsinin 01 sentyabr 2020-ci il tarixli 084/İSN saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı-İddiaçı MMC yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsinin 01 sentyabr 2020-ci il tarixli 084/İSN saylı qərarının qismən, yəni İddiaçı MMC tərəfindən 24 iyul 2020-ci il tarixli QT 2082/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilməsi hissəsində qanunsuz hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı MMC (bundan sonra Şirkət) Azərbaycan Respublikasının X2 (bundan sonra AQTA) Bakı Regional bölməsinə Rusiya Federasiyasından idxal olunan “Lays” əmtəə nişanlı paprika çipsi məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 24.07.2020-ci il tarixli QT 20823/20 nömrəli müraciət etmişdir. AQTA Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasından nümunələr götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasının 1 saylı filialına təqdim edilmişdir. Nəticədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referans Laboratoriyasının 1 saylı filialı 05 avqust 2020-ci il tarixli 0828 saylı “Tədqiq (sınaq) nəticələrinə dair protokol”a əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən “Bağırsaq çöpləri qrupu bakteriyaları - BÇQB” aşkar olunduğu iddia edilmişdir. Milli Referans Laboratoriyasının təqdim etdiyi “Tədqiq (sınaq) nəticələrinə dair protokol”a əsasən nəzərə alaraq AQTA Bakı Regional Bölməsi adı çəkilən məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina etmişdir. Nəticədə Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsinin Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında 01 sentyabr 2020-ci il tarixli 084/İSN saylı qərarına əsasən "xxxx" Azərbaycan MMC tərəfindən Azərbaycan Respublikasının ərazisinə idxal olunmuş və AQTA-nın laborator analizlərinin nəticəsində bağırsaq çöpü çıxmış Lay’s əmtəə nişanlı çipsləri məhv olunmalıdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq, şirkətin adından bildirilmişdir ki, qeyd edilən mallar Azərbaycan Respublikasına gəlməmişdən öncə istehsalatda laborator analizlərdən keçirilir və qida təhlükəsizliyi normalarına uyğun olmayan məhsulların ixracından imtina olunur. İddiaçı tərəfindən hər bir idxal olunan mal partiyası üzrə AQTA-ya məhsulların təhlükəsizliyi barədə sertifikatlar təqdim olunur. Şirkət qeyd edilən malları artıq 4(dörd) ildir ki idxal edir və AQTA tərəfindən mütəmadi olaraq keçirilən laborator sınaqların nəticəsində bu müddət ərzində idxal etdiyi məhsullarda keyfiyyətə dair heç bir uyğunsuzluq aşkar olunmayıb. Eyni zamanda bildirilmişdir ki, şirkət aşkar olunan problemlə bağlı AQTA tərəfindən sınaq nəticələrinə dair məlumatı əldə edəndən dərhal sonra istehsalçıya müraciət etmişdir və istehsalçı həmin məhsulun partiyasının istehsalçının anbarında saxlanılan nümunələrinin təkrar analizi keçirilmişdir. İstehsalçı zavod nümunələri Rusiyada akkreditasiya olunmuş laboratoriyaya analizlər üçün təqdim etmişdir. Laborator sınaqlar nəticəsində məhsulda heç bir uyğunsuzluq aşkar edilməmişdir (“Bağırsaq çöpləri qrupu bakteriyaları - BÇQB” da daxil olmaqla). Rusiya Federasiyasında keçirilən laborator analizlərin nəticələrinə əsasən məhsulda heç bir keyfiyyətə dair uyğunsuzluq aşkar edilməmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddia ərizəsində mübahisələndirilən məsələlər barəsində hüquqi tənzimlənmə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 nömrəli Qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 2017-ci il tarixli 542 nömrəli Qərarına əsasən aparılır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən, Agentlik qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qıda məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.16-cı yarımbəndinə əsasən, qıda təhlükəsizliyi ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan, bu Əsasnamənin 3.0.9-cu yarımbəndində nəzərdə tutulan (qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək)) yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul etmək, tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün göstərişlər vermək və qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək Agentliyin vəzifələrinə aid edilmişdir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydalar”na əsasən, yeyinti (qida) məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir. Ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir. Ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. Yeyinti məhsullarından götürülmüş nümunələr “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq ekoloji, sanitariya, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilir. İddiaçı MMC barəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasının 1 saylı filialı tərəfindən tərtib edilmiş 5 avqust 2020-ci il tarixli 0828 saylı “Tədqiq (sınaq) nəticələrinə dair protokola əsasən, laboratoriyaya təqdim edilmiş nümunələrdə “Bağırsaq çöpləri qrupu bakteriyaları – BÇQB” aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə dair gigiyenik tələblər”ə əsasən, təqdim edilmiş nümunələrdə bu tipli bakteriyaların aşkarlanması qida məhsulu ilə bağlı sanitar-gigiyenik qaydaların və normativlərin tələblərinə əməl edilmədiyini və qida üçün yararsız olduğunu göstərir. Qida məhsullarının ekspertizanın aparılması və ya müəyyən olunmuş nümunələrin götürülməsi və digər tədbirlər ölkə qanunvericiliyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydalarına əsasən aparılır. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən, ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. Beləliklə İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi mübahisə predmeti olan məhsulların Rusiya Federasiyasının hər hansı sınaq laboratoriyasının götürdüyü nümunələr əsasında aparılmış analiz nəticələri üzrə sınaq protokollarında və digər sənədlərdə göstərilənlər ölkə qanunvericiliyinə uyğun olaraq hüquqi əhəmiyyət kəsb etmir və bu nəticələr üzrə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı verilə bilməz. Məhsul partiyaları üzrə götürülən nümunələr əsasında qanunvericiliyə uyğun şəkildə aparılmış analiz nəticələri və təkrar analizlərin nəticələri üzrə sınaq protokollarında və digər sənədlərdə göstərilənlər məhsulların mikrobioloji göstəriciləri hazırkı qanunvericiliyin tələblərinə zidd olduğu üçün ya məhv edilməli ya da geri göndərilməlidir. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir. Belə ki, 16-cı maddənin 1-ci hissəsinə əsasən, istifadəyə yararsız, yararlılıq müddəti qurtarmış yeyinti məhsulları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada götürülür, zərərsizləşdirilir və ya məhv edilir. Həmin maddənin 4-cü hissəsinə əsasən, istifadəyə yararsız yeyinti məhsulunun götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq ekspertizadan və laboratoriya müayinəsindən sonra verilə bilər. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 2017-ci il tarixli 542 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nın 5-ci hissəsinə əsasən, birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsız olduğu müəyyən edilmiş malların məhv edilməsi yoxlayıcı orqanın həmin malların satışının qadağan edilməsi və ya dövriyyədən çıxarılması barədə qərarı əsasında həyata keçirilir. Yoxlayıcı orqan tərəfindən nəzarət tədbirləri həyata keçirilən hüquqi və ya fiziki şəxsdən götürülmüş və istifadəyə yararsızlığı sübuta yetirilmiş mallar barədə qəbul olunmuş qərar dövriyyədə olan həmin mal partiyası üçün şamil edilir. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin Bakı Regional Bölməsinin “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” 1 sentyabr 2020-ci il tarixli 084/İSN saylı Qərarının qüvvədə saxlanılmasını və İddiaçı MMC-nin iş üzrə iddia tələbinin (iddia ərizəsi üzrə) rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2067/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsinin 01 sentyabr 2020-ci il tarixli 084/İSN saylı qərarının qismən, yəni İddiaçı tərəfindən 24 iyul 2020-ci il tarixli QT 2082/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq. olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilməsi hissəsində qanunsuz hesab olunması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən 240 (iki yüz qırx) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” X8 hesabına (VÖEN: ********** "xxxx" ASC Mərkəzi filialı Kod: 20026 H/h AZ 48AİİB******************** M/h AZ37NABZO**********000001944 Bankın VÖEN: ********** SWİFT: AİİBAZ 2X) köçürülməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 2067/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanı iddiaçı cəmiyyət tərəfindən 24 iyul 2020-ci il tarixli QT 2082/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq. olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilməsinin qanuni və əsaslı olmasını sübuta yetirə bilməmişdir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçı hazırki iddia ilə “Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsinin 01 sentyabr 2020-ci il tarixli 084/İSN saylı qərarını qismən, İddiaçı MMC tərəfindən 24 iyul 2020-ci il tarixli QT 2082/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilməsi hissəsində mübahisələndirir. Təsis sənədlərinin surətlərindən görünür ki, "xxxx" Azərbaycan MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 10.12.2015-ci il tarixdə ********** VÖEN-lə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən tərtib edilən 05 avqust 2020-ci il tarixli 0828 saylı “Tədqiq (sınaq) nəticələrinə dair protokol”a əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən “Bağırsaq çöpləri qrupu bakteriyaları-BÇQB” aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya epidemioloji qaydalar və normativlərə cavab vermir. AQTA-nın Bakı Regional Bölməsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış “İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina haqqında” 11 avqust 2020-ci il tarixli 19/1/İSN-4083 №li məktubda göstərilmişdir ki, ölkəyə idxal olunmuş çipsi məhsulunun sertifikatlaşdırılması barədə 24.07.2020-ci il tarixli (daxilolma nömrəsi QT20823/20) müraciətə Bölmədə baxılmış, idxal olunmuş çipsi məhsulunun sertifikatlaşdırlması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələr yoxlanılan təhlükəsizlik göstəricilərindən “Bağırsaq çöpləri qrupu bakteriyaları-BÇQB” aşkar edilməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya epidemioloji qaydalar və normativlərə cavab vermir. Qeyd olunanlar nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarının 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilmişdir Cavabdeh AQTA-nın Bakı Regional Bölməsinin “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” 01.09.2020-ci il tarixli 084/İSN saylı qərarından görünür ki, İddiaçı MMC tərəfindən 24.07.2020-ci il tarixli QT 20823/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin olunmasından imtina edilmiş; sözügedən mal partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsi və ya geri göndərilməsi; qərarın 15 gün ərzində icra olunması və bununla bağlı tərtib edilmiş zəruri sənədlərin (məhvetmə aktı, təhvil-təslim aktı və s.) Agentliyin Bakı Regional Bölməsinə təqdim edilməsi qərara alınmışdır. Qeyd olunan qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası X2 Bakı regional bölməsinin əməkdaşları “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasından nümunələr götürmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referens Laboratoriyasının 1 saylı filialına təqdim etmişlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən, Agentlik qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.16-cı yarımbəndinə əsasən, qida təhlükəsizliyi ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan, bu Əsasnamənin 3.0.9-cu yarımbəndində nəzərdə tutulan (qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək)) yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul etmək, tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün göstərişlər vermək və qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək Agentliyin vəzifələrinə aid edilmişdir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır, idxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində göstərilmişdir ki, istifadəyə yararsız yeyinti məhsulunun götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq ekspertizadan və laboratoriya müayinəsindən sonra verilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 saylı qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”-nın: 2.1 -ci bəndinə əsasən ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. 2.9-cu bəndinə əsasən yeyinti (qida) məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir. 2.10-cu bəndinə əsasən ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir. 2.11-ci bəndinə əsasən ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. 2.12-ci bəndinə əsasən yeyinti məhsullarından götürülmüş nümunələr “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq ekoloji, sanitariya, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilir. Həmin Qaydaların 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadığından qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilir. İddiaçı MMC barəsində Azərbaycan Qida Təhlükəsizliyi institutu Milli Referans Laboratoriyasının 1 saylı filialı tərəfindən tərtib edilmiş 5 avqust 2020-ci il tarixli 0828 saylı “Tədqiq (sınaq) nəticələrinə dair protokol”a əsasən, laboratoriyaya təqdim edilmiş nümunələrdə “Bağırsaq çöpləri qrupu bakteriyaları - BÇQB” aşkar edilmişdir. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə dair gigiyenik tələblər”ə əsasən, təqdim edilmiş nümunələrdə bu tipli bakteriyaların aşkarlanması qida məhsulu ilə bağlı sanitar-gigiyenik qaydaların və normativlərin tələblərinə əməl edilmədiyini və qida üçün yararsız olduğunu göstərir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin olunmuş “Yeyinti məhsullarının gigiyenik ekspertizası”nın nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” X9 (AZSTAND) tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli 01/2021 №li ekspert rəyinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “Azərbaycan Standartlaşdırma İnstitutu” X9 tərəfindən verilmiş 2021-ci il 1 iyun tarixli 01/2021 saylı ekspert rəyində sınaq protokollarının ləğv edildiyi və yenidən ekspertiza aparılması zərurətinin istisna olunmadığı məsələsi vurğulanmışdır. Həmin sınaq protokolları barədə “Azərbaycan Standartlaşdırma İnstitutu” X8in Agentliyə ünvanladığı 2021-ci il 19 mart tarixli **********25 nömrəli məktubuna əsasən, sözügedən sınaq protokolları etibarsız hesab edilmişdir. Buna görə də həmin sınaq protokollarına istinad edilərək verilən ekspertiza rəyi mötəbər sübut qismində qəbul edilməməlidir. İddiaçı mübahisələndirdiyi qərarın əsassız olması ilə bağlı hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Əksinə cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi qəbul etdiyi 01.09.2020-ci il tarixli 084/İSN saylı qərarın qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Bununla yanaşı, kollegiya qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsinin 01 sentyabr 2020-ci il tarixli 084/İSN saylı qərarının qismən, yəni İddiaçı MMC tərəfindən 24 iyul 2020-ci il tarixli QT 2082/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, xalis çəkisi 4343,04 kq olan, istehsal tarixi 15.07.2020-ci il, son istifadə tarixi 02.12.2020-ci il, seriya nömrəsi ********** olan “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilməsi hissəsində qanunsuz hesab olunmasını xahiş etmiş, lakin iş materiallaından göründüyü kimi Azərbaycan Respublikasının X2 qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina etdiyi “Lays” əmtəə nişanlı paprika çipsi məhsul partiyasının son istifadə tarixi artıq 02.12.2020-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2067/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2067/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar