Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-400/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4293/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X3 komandanının (N №-li hərbi hissə) xx.xx.2021-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N №-li hərbi hissədə hərbi hissə komandirinin müavini vəzifəsində xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X3 komandanının (N №-li hərbi hissə) xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçının dövlətə ziyan vurması əsası ilə 2500 manat pul tutulmuşdur. Daha sonra o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə, N №-li hərbi hissə komandirinə, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna müraciət etmişdir. Müraciəti yalnız Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu tərəfindən cavablandırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməsi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4293/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: H.Ağalarov) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişlər ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halı (30 günlük iddia müddətinin ötürülməsini) iddiaçının diqqətinə çatdırmaqla kifayətlənmiş, iddiaçıya prosessual müddətin bərpa olunması üçün İPM-nin 24-cü maddəsində müəyyən olunmuş hüquqi müdafiə vasitələrindən istifadə etməyi təklif etməmiş, müddətin bərpası barədə ərizə vermək üçün lazımı şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmişdir. Həmçinin məhkəmə mübahisələndirilən inzibati aktın əslini və yaxud təsdiq edilmiş surətini cavabdehdən tələb edərək iş materiallarına əlavə etməmişdir. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, o, xx.xx.2021-ci il tarixdə mübahisələndirilən inzibati aktla tanış olmuş (imzalandığı vaxtdan 16 gün sonra) və xx.xx.2021-ci il tarixdə (inzibati akt ona elan edildikdən 10 gün sonra xidmət etdiyi N №-li hərbi hissə komandirinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsi ilə mübahisələndirilən inzibati aktın ləğv olunması xahişi ilə müraciət etmişdir. Ona hərbi hissə komandanlığı tərəfindən xahişinə yaxın vaxtlarda baxılaraq həll olunacağı bildirilmişdir. Lakin müraciəti uzun müddət cavablandırılmamışdır. Səlahiyyətli nümayəndəsi vasitəsi ilə N №-li hərbi hissə komandirinə ünvanladığı xx.xx.2021-ci il tarixli şikayət ərizəsinin cavablandırılmamasını görərək mən yenidən eyni məzmunlu xahişlə-şikayət ərizəsi ilə xx.xx.2021-ci il tarixdə yuxarı instansiyalara - N №-li hərbi hissə komandirinə (X1 Ordu komandanına) və cavabdeh AR Müdafiə Nazirliyinə müraciət etmişdir. Yalnız cavabdehə etdiyi xx.xx.2021-ci il tarixli müraciətlərimə cavab almadıqdan sonra o, xx.xx.2021-ci il tarixdə (67 gün sonra) məhkəməyə müraciət etmişdir. O, onu da bildirmək istəyir ki, N №-li hərbi hissə komandirinin müvafiq əmrin ləğv olunması tələbi ilə birbaşa məhkəməyə müraciət edə bilməzdi. Hesab edir ki, etdiyi müraciətlər və həmin müraciətlərinin cavablandırdmaması ona gözləmə hüququ vermiş və iddia müddətinin axımı dayandırılmışdır. Və onun tərəfindən iddia müddəti buraxılmamışdır. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X3 komandanının (N №-li hərbi hissə) xx.xx.2021-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X3 komandanının xx.xx.2021-ci il tarixli 070 əmri aidiyyəti üzrə çatıdırılmış, iddiaçı xx.xx.2021-ci il tarixdə imza edərək əmrlə tanış olduğunu qeyd etmişdir (bu fakt məhkəmə iclasında iddiaçı tərəfindən bir daha təsdiq edilmişdir). Nəzərə alınmalıdır ki, qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə həmin iddia müddətini xx.xx.2021-ci il tarixdə iddia verməklə 6 aydan artıq vaxt ötürmüşdür. Məhkəmə bir daha vurğulamışdır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. İddiaçı müddətin ötürülməməsini qeyd etməklə həmin vaxt ərzində müxtəlif qurumlara müraciət etməsini bildirmişdir. İddiaçının bu barədə bildirdikləri ilə bağlı qeyd edilməlidir ki, həmin hal iddia müddətinin axımının dayandırılması və ya kəsilməsinin əsası kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən, ...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddiaçının hazırkı iddiası İnzibati Prosessual Məcəllənin 2.2.1 və 32.1-ci maddələrində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli 070 əmri iddiaçı qeyd etdiyi kimi əmrlə onun imzalandığı vaxtdan 16 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə imza etməklə tanış olmuşdur. Mübahisələndirilən əmrin ləğv olunması barədə iddiaçının iddia ərizəsi isə xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız əmrin qəbul edildiyi və ona məlum olduğu vaxtdan sonra məhkəməyə müraciət edərək, mübahisələndirilən əmrin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyekti əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4293/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-400/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-400/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver