Məhkəmə qərarları › İş №2-1(103)-400/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-400/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-400/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8547/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2006-ci ildən xx.xx.2021-ci ilədək AR X5 Kombinatında işlədiyi dövrlərin əmək stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdən sifarişlərin olmaması səbəbi ilə Azərbaycan X5 Kombinatından işdən azad olunmuşdur. Bu barədə əmək kitabçasında qeyd var və möhürlə təsdiq edilib. Cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçının ümumi sığorta stajı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmət keçdiyi 2 il 1 ay 7 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək işlədiyi 2 ay 6 gün, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək işlədiyi 4 il 4 ay 29 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 6 ay 1 gün, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 3 ay 27 gün, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi 18 gün və xx.xx.1992-ci il tarixdən xx.xx.2006- cı il tarixədək işlədiyi 13 il 10 ay 6 gün müddətdir ki, ümumilikdə 21 il 5 ay 4 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyini iddia etdiyi müddətdir ki, ümumilikdə 15 il, 8 ay, 14 gün təşkil edir. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya altsistemi”ndə olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19844,01 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8547/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1982ci il tarixədək hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra, xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır, onun Azərbaycan X5 Kombinatında işlədiyi illərin xx.xx.2006-cı il tarixədək olan dövrü nəzərə alınmış, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr nəzərə alınmamış və məhkəmə də düzgün olmayaraq cavabdeh tərəfin əsassız etirazını əsas götürərək qanunun normalarına düzgün istinad etmədən iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Təqdim edilən sənədlərdən də görünür ki, o, qanunla fəaliyyət göstərən müəssisələrdə işləmişdir, iş stajı üçün tələb olunan 25 ildən də artıq müddətdə əmək fəaliyyəti olmuşdur, onun xx.xx.2022-ci il tarixdən pensiya almaq hüququnun yaranması cavabdeh tərəfdən formal olaraq qəbul edilməmiş, təqdim edilən sənədlərə qanuna müvafiq qiymət verilməmişdir. İşə baxan məhkəmə qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmiş, ətraflı araşdırma aparmamışdır və nəticədə düzgün olmayan qərar çıxarılmışdır. Məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamışdır və qanunu normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2022-ci il tarixdən-60 yaşdan sonra inzibati orqana müraciət etsə də, inzibati orqan 2006-cı ildən işlədiyi iş stajını nəzərə almamışdır. Halbuki 2006-cı il tarixdən 20021-ci il tarixədək müxtəlif heykəl və büstlərin hazırlanmasında metaləridən kimi çalışmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 10 mart 2023-cü il tarixli imtina məktubu almışdır. İddia mümkün idda olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatmalı, 2) azı 25 il sığorta stajı olmalı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, 3) stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşdən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin surətinə əsasən o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur (2 il, 1 ay, 13 gün). İddiaçıya məxsus ИТ-0616795 № li əmək kitabçasına əsasən o, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək Konteyner Təmiri üzrə X7 təmiri üzrə sexin 2-ci dərəcəli yük bağlayanı və 2-ci dərəcəli rəngsaz işində işləyib (2 ay, 7 gün). xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək Konteyner təmiri üzrə sexin 2-ci dərəcəli yük bağlayanı, qazan ustası – çilingər işində işləyib (4 il 5 ay). xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Konteyner təmiri üzrə sexdə 4-cü dərəcəli çilingər-təmirçi və 4-cü dərəcəli çilingər – qazançı işlərində işləyib (2 ay, 2 gün). xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək X10 zavodunda 3-cü dərəcəli toplayıcı – yükləyici işində işləyib (3 ay, 28 gün). xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək qarışıq yem sexində yükləyici işində işləyib (23 gün). xx.xx.1992-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Rəssamlar İttifaqı X3 sexində 1-ci dərəcəli qəlibçi işində işləyib (29 il, 6 ay, 25 gün). İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, hüququ yarandığı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iddiaçının xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sığorta ödənişlərinin öz əksini tapmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmamasına, nəticədə ümumi iş stajının 25 ildən az, (21 il, 5 ay, 4 gün) təşkil etməsinə, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtinası, müvafiq olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, iddiaçının xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasında dövr ərzində Azərbaycan X5 Kombinatında işləməsi onun əmək kitabçasında və həmin müəssisənin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir. Cavabdeh də iddiaçının həmin qurumda işləməsini müahisələndirməmiş, iddiaçının sığorta stajını hesablayarkən həmin müəsissədə işlədiyi illərin xx.xx.2006-cı il tarixədək olan dövrünü nəzərə almış, lakin fərdi hesabın sığorta hissəsində sığorta ödənişləri öz əksini tapmadığından xx.xx.2006-cı il tarixdən sonrakı dövr cavabdeh tərəfindən nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Rəssamlar X4 Kombinatının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı sexdə 1-ci dərəcəli qəlibçi işində işləyib. Sifarişlərin olduğu illərdə sulfat turşusu və metal ərimə işlərini görüb. Onun sifarişdə gördüyü işinə uyğun olaraq əmək haqqı ödənilib. Gördüyü iş zərərli iş hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Rəssamlar X4 Kombinatının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının sexdə gördüyü işlərin zərərli olduğu nəzərə alınaraq "Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının metal emalı bölməsinin 11-ci bölmə, 11.1) bəndinə əsasən əl ilə qəlibləmədə qəlibçilərin peşəsinə uyğundur. Azərbaycan X5 Kombinatından məhkəməyə təqdim edilmiş məktubdan müəyyən edilir ki, iddiaçı xx.xx.1992-ci il tarixli əmrlə Kombinatın Qavanika sexində 1-ci dərəcəli qəlibçi işində işləyib, 2005-ci ildən sifarişlərin azaldılması ilə əlaqədar iş fəaliyyəti dayandırılıb və ona görə də, iddiaçı xx.xx.2021-ci il tarixdən siyahı heyətindən çıxarılıb. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (monitorinq) altsisteminin “Sığortaolunanların reyestri" bölməsində iddiaçıya dair sığortaolunan kimi heç bir uçot məlumatı aşkar edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi yazılı məhkəmə çıxışından müəyyən edilir ki, iddiaçı həmin müəssisədə 2005-ci ilədək əmək haqqını nağd olaraq almış, bundan sonra 2021-ci ilədək müqavilə ilə işləmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Azərbaycan Rəssamlar İttifaqı X2 sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədi ilə xx.xx.1962-ci il təvəllüdlü İddiaçı əmək haqqından çıxılan MDSS ödənişləri barədə, həmçinin 2006-2021-ci illər üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna verilən hesabatların (rüblük, illik) məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Rəssamlar İttifaqı X1 sifariş əsasında işləyib, 2006-2021-ci ildə sifariş olmadığına görə heç bir əmək haqqı almayıb. Göründüyü kimi, 2005-ci ildən sonra iddiaçının əmək haqqı almaması və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi müəyyən edilir ki, bu hal iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövlərinin sosial sığorta stajına daxil edilməməsi üçün əsasdır. İddiaçı ikinci şərt olan 25 il ümumi stajı toplamamışdır. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, iddiaçının pensiya kapitalı cəmi, 19844,01 manat təşkil edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər ödənilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8547/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar