Məhkəmə qərarları › İş №2-1(103)-4000/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4000/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4000/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əhəd oğlunun sədrliyi və məruzəsilə, X1 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair işə baxılması üçün ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi ilə bağlı mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması öhdəliyinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-3247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair e-2-1(114)- 3247/2024 nömrəli işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13666/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair 2-1(112)- 13666/2024 nömrəli iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərintərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Göygöl rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (bənd 16.8). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Lakin inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğu hallarda, belə iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə İnzibati Məhkəməsi tərəfindən ərazi aidiyyətinin müəyyən edilməsi üçün İPM-in 8-ci maddəsinə istinad olunsa da, hazırki işin cavabdeh inzibati orqanın yerləşdiyi ərazi üzrə baxılmalı olması ilə bağlı gəldiyi qənaəti doğru olmamışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin “İqtisadiyyat nazirinin 28 dekabr 2021-ci il tarixli F-177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1-F-131/2023 nömrəli əmrlərində dəyişlik edilməsi haqqında” 3-21/3-1-F-187/2023 №li 23 dekabr 2023cü il tarixli əmri ilə müəyyən edilmişdir ki; 2.1. bu əmrin, o cümlədən 2.5-ci bəndinin tələbləri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mövcud əsasnamədə təsbit edilmiş olunan səlahiyyətlərlə yanaşı, eyni zamanda Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi, 8 saylı Ərazi Vergilər İdarəsi, 13 saylı Ərazi Vergilər İdarəsi, Qarabağ Ərazi Vergilər Baş İdarəsi və Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsində vergi uçotunda olan vergi ödəyicilərində səyyar və kameral vergi yoxlamalarını həyata keçirmək (o cümlədən 5, 8, 13 saylı ərazi vergilər idarələri və 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən başlanan, lakin başa çatmayan səyyar və kameral vergi yoxlamalarını başa çatdırmaq), eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 üzrə Baş İdarəsi və ləğv edilmiş rayon vergilər şöbələri tərəfindən başlanmış, lakin başa çatmamış kameral vergi yoxlamalarını başa şatdırmaq səlahiyyətinə malikdir. Həmçinin, həmin əmrin 1.5-ci bəndinə uyğun olaraq yaradılan Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayon vergilər şöbələrinin, Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon vergilər şöbələrinin hüquqi varisləridir, həmin rayon vergilər şöbələrinin hüquq və öhdəlikləri müvafiq olaraq Baş İdarə və İdarəyə keçir. Göründüyü kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasını əhatə edir. Bu halda da ona qarşı mübahisələndirmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialara da hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1998-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır (Ş/V AA 5993433, xx.xx.2024, ASAN 3, FİN: xxxxxxx), iddia tələbi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı yönəlmişdir, iddia isə öhdəliyin icrası haqqında iddia növünə aiddir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Belə olan halda Göygöl rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğu üçün hazırki iddia tələbinə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Göygöl rayonunda yaşayış yeri üzrə qeydiyyatda olduğundan, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, cavabdeh orqan səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, iddiaçı yaşayış yeri üzrə Göygöl rayonu ərazisində qeydiyyata alındığından, Göygöl rayonu ərazi üzrə Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına daxil olduğundan hazırki iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar