Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4000/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6550/2025 saylı, 29 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmiş prosessual müddətin bərpası ilə bağlı ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsinə dair sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6550/2025 saylı, 29 may 2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlil İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyinin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6550/2025 saylı, 29 may 2025-ci il tarixli qərarından narazı qalan iş üzrə cavabdeh inzibati orqan tərəfindən apelyasiya şikayəti, eyni zamanda apelyasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatət verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin verilmə müddəti ötürüldüyündən, prosessual müddətin bərpası ilə bağlı ərizənin təmin edilməyərək şikayətin qeyri-mümkün hesab edilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmə kollegiyasıdan xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6550/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2025-ci il tarixdə başa çatmış, cavabdehin apellyasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” vəsatətinə hüquqi qiymət verərək ilk öncə qeyd edir ki, cavabdeh vəsatətində qeyd olunanlarla bağlı hər hansı sübut təqdim etməmiş, yalnız vəsatətdə elektron məhkəmə sistemində yaranmış nöqsanlar səbəbindən apellyasiya şikayətinin imzalanmasında problem olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici birinci instansiya məhkəməsinin qərarından 30 gün şikayət vermə müddəti müəyyən etmişdir. Şikayətin verilməsini sonuncu günə saxlayıb, sonda vaxtında verilməmə səbəbini “e-məhkəmə” sistemində yaranmış nasazlıqla əsaslandırması, həmçinin nasazlığn bir aya yaxın müddətdə davam etməsi ağlabatan deyildir. Bundan başqa, apelyasiya şikayəti vermək üçün “e-məhkəmə” sistemində nasazlıq olmuş olsa belə, bu apelyasiya şikayətinin verilməsi üçün son vasitə deyildir. Belə ki, apelyasiya şikayəti poçta verilməklə, eyni zamanda birbaşa birinci instansiya məhkəməsinə (Bakı İnzibati Məhkəməsinə) təqdim olunmaqla verilə bilərdi. Qeyd olunanlardan görünür ki, cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən lazımı diqqət göstərilməməsi ucbatından apelyasiya şikayəti vaxtında verilməmişdir. Apelyasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix də daxil olmaqla olan müddətdə məhkəməyə apelyasiya şikayəti vermək hüququnun həyata keçirilməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Həmçinin, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6550/2025 saylı, 29 may 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmiş prosessual müddətin bərpası ilə bağlı ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6550/2025 saylı, 29 may 2025-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmayaraq geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-4000/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4000/2025
30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver